Azərbaycan iri infrastruktur layihələrin reallaşdırılmasında dünyada zəngin təcrübəsi olan dövlətdir

 

Uğurlu iqtisadi islahatların aparılması ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu getdikcə artırır

 

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə yanvarın 14-də Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkəmizin əsas inkişaf istiqamətləri geniş müzakirə olunmuşdur. İclasda çıxış edən möhtərəm Prezidentimiz yola saldığımız ildə qazanılan uğurlardan sözbət açmış, qarşıda duran vəzifələrin 2011-ci ildə layiqincə yerinə yetirilməsi üçün öz tövsiyələrini vermişdir.

 

Tarixdə qlobal maliyyə və iqtisadi böhran illəri kimi qalan 2009 və 2010-cu illərdə ölkəmizdə aparılan düşünülmüş düzgün iqtisadi-siyasi islahatlar Azərbaycanın beynəlxalq aləmdəki mövqelərini daha da möhkəmləndirmiş, əlaqələrini genişləndirmişdir. 2010-cu ilin yekunları bütün sahələr üzrə qənaətbəxş hesab edilmişdir. İqtisadi yüksəlişin nəticəsi olaraq yoxsulluğun səviyyəsi daha da aşağı düşmüş, minimum əməkhaqqı və pensiyaların baza hissəsi 75 manatdan 85 manata qaldırılmışdır. 550 min nəfərə ünvanlı sosial yardım verilmişdir. Ötən il ölkə iqtisadiyyatına 15,5 milyard dollar vəsait qoyulmuşdur. Bu qədər vəsaitin 9,3 milyard dolları qeyri-neft sektoruna qoyulan vəsaitdir.

Ötən ilin yekunları göstərdi ki, Azərbaycanda aparılan islahatlar artıq öz müsbət nəticələrini göstərir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan iqtisadi strategiyanın uğurlu davamı nəzərdə tutulmuş iri infrastruktur layihələrin reallaşdırılmasında müstəsna rol oynayır.

1993-cü ilin ikinci yarısından başlayaraq Azərbaycanda aparılan ardıcıl və məqsədyönlü siyasət ictimai-siyasi sabitliyin təmin olunmasında və digər sahələrdə sürətli inkişafın əsasını qoydu. Ulu öndər Heydər Əliyevin uzaqgörənliyi və dövlət idarəçiliyindəki zəngin təcrübəsi iqtisadiyyatdakı tənəzzülü tədricən aradan qaldırdı. Azərbaycanın inkişafında mahiyyətcə yeni mərhələnin təməli qoyuldu. Sənayedə və digər sahələrdə iqtisadi göstəricilərin artımı, həyata keçirilən geniş miqyaslı iqtisadi islahatların ilkin nəticələri aparılan siyasətin düzgünlüyünü və Azərbaycanın sürətli inkişaf yoluna qədəm qoymasından xəbər verirdi.

Ümummilli lider Heydər Əliyev iri şirkətlərin Azərbaycana sərmayə qoymasını və bu yolla ölkə iqtisadiyyatını dirçəltmək üçün ilk növbədə davamlı ictimai-siyasi sabitliyə nail olmağı prioritet vəzifə hesab edirdi. 1994-cü il sentyabrın 20-də imzalanmış "Əsrin müqaviləsi"nin də əsas qayəsini məhz bu təşkil edirdi. Bu müqavilənin iqtisadiyyatın inkişafı ilə yanaşı siyasi mənası da var idi. Həmin dövrdə Azərbaycan haqqında dünyada təsəvvür çox az idi.

Azərbaycan üçün həyati əhəmiyyətə malik olan bu müqavilə həm respublikanın daxilində sabitliyin bərqərar olunması, həm də xarici siyasətdə uğurların əldə edilməsində böyük rol oynadı. Ulu öndər dünyanın iri şirkətlərini Azərbaycana cəlb etməklə ölkəmizin beynəlxalq aləmdəki mövqelərini möhkəmləndirdi. Azərbaycanın təbii sərvətlərinin Avropaya və dünya bazarlarına çıxarılmasının iqtisadi və siyasi mənada böyük əhəmiyyət daşıdığını bildirən Heydər Əliyev dövlətlərarası böyük neft və qaz kəmərlərinin çəkilişi barədə düşünürdü. Nəhayət, 1999-cu ilin noyabrında ATƏT-in İstanbul zirvə toplantısı çərçivəsində Azərbaycan, Gürcüstan və Türkiyə prezidentləri ABŞ-ın dövlət başçısının iştirakı ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin inşa edilməsinə dair hökumətlərarası saziş imzaladılar. Bu, həmin dövrdə çox böyük bir layihə idi. Çoxlarına elə gəlirdi ki, bu layihənin reallaşdırılması mümkün olmayacaq və bu kəmər layihə olaraq xəyallarda qalacaq. Digər tərəfdən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin inşası bir sıra dövlətlərdə qısqanclıq yaratmışdı. Ona görə də bütün vasitələrlə kəmərin çəkilməsi yolunda süni problemlər yaradılırdı. Belə bir vaxtda "Şahdəniz" yatağından hasil olunan təbii qazın Bakı-Tbilisi-Ərzrum marşrutu üzrə Türkiyəyə nəql olunması üçün qaz boru kəmərinin də inşasını həyata keçirmək haqqında qərar verildi. Bu layihələrin həyata keçirilməsi Azərbaycan və Türkiyənin sosial-iqtisadi inkişafında, regional təhlükəsizliyin möhkəmlənməsində, qarşılıqlı əlaqələrin güclənməsində və müstəqil dövlətimizin dünya birliyinə hərtərəfli inteqrasiyasında yeni bir səhifə açdı.

Avropa ilə şərq ölkələri arasında nəqliyyat-kommunikasiya əlaqələrinin yaradılması sahəsində mühüm əhəmiyyət kəsb edən "Böyük İpək yolu"nun bərpası və digər iri layihələrin gerçəkləşməsi, o cümlədən Xəzərin enerji resurslarının dünya bazarlarına nəql olunması sahəsində aparılan işlər Azərbaycanın beynəlxalq aləmdəki mövqelərini xeyli möhkəmləndirdi. Dünyanın tanınmış ictimai-siyasi xadimləri ölkəmizin başçısı Heydər Əliyevin bu qətiyyətli addımlarını çox yüksək qiymətləndirirdilər. bp-nin o vaxtkı prezidenti lord Con Braunun Heydər Əliyevlə görüşü zamanı səsləndirdiyi fikri xatırlatmaq yerinə düşərdi. C.Braun demişdir: "Həqiqətən, sizin qətiyyətiniz, əzminiz nəticəsində bir vaxtlar yuxu kimi, yalnız arzu kimi görünən məsələlər indi həqiqətə çevrilmək üzrədir. Sizin neft və qaz strategiyanız, siyasətiniz uğurla həyata keçir və dünyada əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan neft kəməri artıq reallığa çevrilir. Hazırda işlər gedir və bu işlərin hamısı bir vaxtlar sizin əkdiyiniz toxumlardır ki, indi cücərməyə başlayır. Bütün bu işlərin hamısına sizin qətiyyətiniz sayəsində müvəffəq olmuşuq".

Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin inşasına mane olmaq istəyən qüvvələr ümummilli lider Heydər Əliyevin siyasi iradəsi və uzaqgörənliyi qarşısında aciz qaldılar. Bu layihənin gerçəkləşməsi reallığa çevrildi və 2003-cü ildə kəmərin tikintisinə başlanıldı.

Ulu öndərin siyasi kursunu və yarımçıq qalmış işlərini böyük müvəffəqiyyətlə davam etdirən Prezident İlham Əliyev Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft və Bakı-Tbilisi-Ərzrum qaz kəmərlərinin inşasının uğurla davam etdirilməsinə nail oldu. Ardınca Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi ətrafında müzakirələr başlandı. Möhtərəm Prezidentimizin iqtisadiyyatın daha da inkişaf etdirilməsi istiqamətində yeritdiyi siyasət Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft və Bakı-Tbilisi-Ərzrum qaz kəmərlərinin həyata vəsiqə alması ilə reallaşdı. Bu iri infrastruktur layihələrin gerçəkləşdirilməsindən sonra Azərbaycan dünya miqyasında həmin sahədə böyük təcrübəsi olan dövlət kimi tanındı. Hazırda ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Hollandiya, Belçika, Türkiyə, Yaponiya, Norveç, Almaniya, Çin və digər inkişaf etmiş dövlətlər Azərbaycanla neft və qeyri-neft sahəsində mühüm iqtisadi layihələrdə iştirak edirlər. Belə layihələrin reallaşdırılması Azərbaycanı inkişaf etmiş dövlətlər cərgəsinə qoşub və ölkəmizin beynəlxalq inteqrasiyasına hərtərəfli dəstək verir. Hazırda Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi davam etdirilir. İri layihələrin reallaşdırılmasında böyük təcrübə qazanmış Azərbaycan bu layihənin də həyata vəsiqə alması istiqamətində işləri sürətləndirib.

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında da dövlətimizin başçısı iri infrastruktur layihələrin həyata keçirilməsini yüksək qiymətləndirdi və gələcəkdə də bu işin diqqət mərkəzində saxlanılacağını diqqətə çatdıraraq dedi: "2011-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi davam etdiriləcəkdir. Bu layihəyə biz böyük əhəmiyyət veririk. Demək olar ki, bu layihənin icrasına başlanması təşəbbüsü Azərbaycan tərəfindən irəli sürülmüşdür və indi üç ölkənin birgə səyləri nəticəsində bu layihəni uğurla icra edirik. Qarşıdakı illərdə bütün işlər başa çatdırılmalıdır və bu, bizim növbəti böyük uğurumuz olacaqdır".

Təbii ki, iri infrastruktur layihələrin gerçəkləşdirilməsi heç də asan məsələ deyil. Belə layihələrin həyata keçirilməsi üçün hər şeydən əvvəl iqtisadi gücə, qüdrətə malik olmaq lazımdır. Azərbaycanın iqtisadi qüdrətinin ildən-ilə artması göz qabağındadır. Hazırda ölkəmiz iqtisadi inkişaf tempinə görə dünyada lider dövlətlərdəndir. Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti, ölkənin iqtisadi potensialını və perspektiv imkanlarını düzgün qiymətləndirməsi qazanılmış uğurların əsasını təşkil edir. Bu günlərdə daha bir iri layihənin gerçəkləşdirilməsi də düzgün müəyyənləşdirilmiş iqtisadi strategiyanın bəhrəsidir. Haqqında bəhs etdiyimiz Oğuz-Qəbələ- Bakı su kəməri Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft və Bakı-Tbilisi-Ərzrum qaz kəmərlərindən sonra həyata vəsiqə almış daha bir iri infrastruktur layihədir. Bu nəhəng layihənin həyata keçirilməsi böyük tarixi hadisə kimi yaddaşlara həkk olundu. Azərbaycan Prezidenti İlham Əliyev həmin məsələyə münasibət bildirərkən dedi: "Bu, doğrudan da, böyük və tarixi hadisədir. Bildiyiniz kimi, Oğuz-Qəbələ zonasında təmiz su mənbələrinin mövcudluğu haqqında hələ bir neçə onillik bundan əvvəl məsələ qaldırılmış və o bölgədən Bakıya suyun gətirilməsi üçün təkliflər irəli sürülmüşdü. Ancaq o illərdə bu layihəni reallaşdırmaq mümkün olmamışdı. Biz bu gün müstəqil Azərbaycanda şəhərimiz, ölkəmiz üçün çox böyük əhəmiyyət kəsb edən bu layihəni həyata keçirdik. Bu, böyük nailiyyətdir, böyük qələbədir. Bu onu göstərir ki, Azərbaycan dövləti, müstəqil Azərbaycan hər şeyə qadirdir. Biz ölkəmizi gücləndirmək, ölkəmizdə iqtisadi islahatların uğurla aparılması üçün tədbirləri görürük, insanların sağlamlığı, rifah halının yaxşılaşdırılması üçün əlimizdən gələni edirik".

Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişi Azərbaycanın güclü maliyyə resurslarının, uğurlu iqtisadi siyasətin hesabına reallaşdı. Ümumiyyətlə, Bakı şəhər əhalisinin içməli su ilə təmin olunması həmişə dövlətin diqqət mərkəzində saxladığı prioritet məsələlərdən olub. Ulu öndər birinci dəfə Azərbaycana rəhbərlik etdiyi dövrdə də bu məsələyə daim xüsusi diqqət yetirib. 1970-ci illərdə Bakı şəhərinin içməli suya artan tələbatını zəruri məsələ kimi nəzərdə saxlayan müdrik şəxsiyyətin göstərişi və rəhbərliyi ilə bu problem Kür və Ceyranbatan su kəmərlərinin tikintisi hesabına həll edildi. Lakin ölkəmizin sürətli inkişafı, paytaxtın getdikcə genişlənməsi, əhalinin artması, yeni su kəmərlərinin çəkilməsinə zəruri ehtiyac yaradırdı. Ulu öndər bu məsələni yenidən gündəmə gətirərək 2002-ci ilin dekabr ayında keçirdiyi geniş müşavirədə Bakı şəhərinə yüksək keyfiyyətli, saf, təmiz bulaq suyunun gətirilməsinin vacib olduğunu bildirmiş, bu ehtiyacın aradan qaldırılması üçün Oğuz-Qəbələ zonasının yeraltı sularından istifadə olunması barədə müvafiq orqanlara göstəriş vermişdi. Lakin belə bir iri infrastruktur layihənin tikintisi üçün tələb olunan böyük məbləğdə vəsait yox idi. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft və Bakı-Tbilisi-Ərzrum qaz kəmərləri istifadəyə verildikdən sonra Azərbaycan öz təbii sərvətlərini dünya bazarlarına heç bir dövlətin vasitəçiliyi olmadan çıxara bildi. Bu da ölkəmizin iqtisadi qüdrətinin, maliyyə resurslarının artmasına böyük təkan verdi. Hətta dünyanı bürüyən qlobal maliyyə və iqtisadi böhran da Azərbaycanın sürətli iqtisadi inkişafının qarşısını ala bilmədi. 2005-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilən geniş müşavirədə Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi ilə bağlı layihənin müxtəlif parametrləri müzakirə edildi. 2007-ci ilin martında isə Oğuz rayonunun Sincan kəndində bu layihənin təməli qoyuldu. Uzunluğu 262 kilometrdən çox olan su kəmərinin tikintisinə başlanıldı.

Azərbaycan Prezidenti Nazirlər Kabinetinin 2011-ci il yanvarın 14-də keçirilən iclasında da bu layihənin əhəmiyyətindən söhbət açaraq dedi: "Keçən ilin sonunda Oğuz-Qəbələ-Bakı su kəməri istismara verilibdir. Yaxın vaxtlarda yəqin ki, bir-iki aydan sonra bu kəmər tam gücü ilə işləyəcək və beləliklə, Bakının təmiz, keyfiyyətli içməli su ilə təmin olunması üçün əlavə böyük imkanlar yaranacaqdır. Kəmərin tikintisi sırf sosial xarakter daşıyır. Bu, kommersiya layihəsi deyil, lakin ona böyük vəsait qoyulubdur. Ancaq biz bunu etməliydik. Çünki Azərbaycan vətəndaşları ən yüksək şəraitdə yaşamalıdırlar. Azərbaycanda ən qabaqcıl texnologiyalar tətbiq olunmalıdır".

Çoxlarına elə gəlirdi ki, Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisini başa çatdırmaq mümkün olmayacaq. Ancaq bu fikrə düşən bədxahlar unudurdular ki, artıq Azərbaycan iri infrastruktur layihələrin reallaşdırılmasında böyük təcrübəyə malikdir. Dünyanın inkişaf etmiş dövlətləri belə layihələrin reallaşdırılmasında bizim ölkəmizin təcrübəsindən bəhrələnir, bəzi hallarda isə məsləhətləşmələr aparırlar. Dünya dövlətlərinə də bəllidir ki, Azərbaycanın xarici ölkələrdən, maliyyə bazarlarından vəsait cəlb etmək üçün geniş imkanları var. Ancaq ölkəmizin getdikcə artan iqtisadi qüdrəti Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisini digər ölkələrdən kredit almadan başa çatdırılmasına imkan yaratdı. Təbii ki, bu iri layihənin də reallaşdırılması əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən düşünülmüş şəkildə davam etdirilən neft strategiyasının uğurlarından biridir. Bu kəmərin əhəmiyyətindən biri odur ki, Azərbaycan dövləti bir daha təsdiqlədi ki, qarşıya qoyulan məqsədə nail ola bilər və iri infrastruktur layihələrin həyata vəsiqə alması yolundakı hər hansı bir maneəni aradan qaldırmağa qadirdir. Bundan ötrü ölkəmizin kifayət qədər gücü, maliyyə imkanları var.

Azərbaycan Prezidenti İlham Əliyevin düşünülmüş daxili və xarici siyasəti daha bir uğura imza atdı. Dünya dövlətlərinə bir daha bəlli oldu ki, Azərbaycan iri infrastruktur layihələrin həyata keçirilməsində böyük təcrübəyə malikdir. Bununla yanaşı ölkəmizin getdikcə artan maliyyə resursları və iqtisadi gücü də belə layihələrin reallaşdırılmasında mühüm rol oynayır.

Dövlət başçımız Nazirlər Kabinetinin iclasında yekun nitqində də 2011-ci ildə nəzərdə tutulmuş proqramların uğurla yerinə yetiriləcəyini əminliklə ifadə edərək dedi: "2011-ci il başlayıb, mən gələcəyə çox böyük nikbinliklə baxıram. Tam əminəm ki, 2011-ci il də ölkəmizin hərtərəfli inkişafı üçün uğurlu il olacaqdır. Buna nail olmaq üçün hamımız yaxşı işləməliyik, fəal işləməliyik ki, ölkəmizi daha da gücləndirək, Azərbaycanı inamla irəliyə aparaq".

 

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2011.- 18 yanvar.- S. 6.