Azərbaycan
xalqının mübarizə əzmi imperiyanı qorxuya
salmışdı
Azərbaycan xalqının tarixinə
Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20
Yanvarından 21 il keçir. Keçmiş sovet dövlətinin
hərbi birləşmələrinin həmin gün Azərbaycan
xalqına qarşı həyata keçirdiyi amansız
divantutma aksiyası tarixdə insanlığa qarşı
törədilmiş ən ağır cinayətlərdən
biri kimi qalacaqdır. Milli azadlıq, istiqlaliyyət, ərazi
bütövlüyü uğrunda mübarizəyə
qalxmış dinc əhaliyə amansız divan tutulması,
kütləvi terror nəticəsində yüzlərlə
günahsız insanın qətlə yetirilməsi və
ömürlük şikəst olması totalitar sovet rejiminin
süqutu ərəfəsində onun cinayətkar mahiyyətini
bütün dünyaya bir daha nümayiş etdirdi.
Sovet
ordusunun böyük kontingentinin, xüsusi təyinatlı
bölmələrin və daxili qoşunların Bakıya
yeridilməsi xüsusi qəddarlıq və görünməmiş
vəhşiliklə müşayiət edildi. Kommunist
diktaturası Çexoslovakiyaya, Macarıstana, Əfqanıstana
qarşı həyata keçirdiyi hərbi müdaxiləni,
Sovet İttifaqının müttəfiq respublikalarından
biri olan Azərbaycanda da təkrarladı. Həmin vaxt Azərbaycan
qonşu Ermənistanın da təcavüzünə məruz
qalmışdı. Azərbaycana yeridilən ordu hissələrinin
tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə
alınan erməni əsgər və zabitləri, sovet hərbi
hissələrində xidmət edən ermənilər, hətta
erməni kursantlar da daxil edilmişdi. Bakıya yeridilmiş
qoşun kontingentinə "döyüş
tapşırığını" yerinə yetirmək
üçün möhkəm psixoloji hazırlıq
keçmişdilər. Onlara bildirmişdilər ki, sizi
Bakıya rusları müdafiə etmək üçün gətiriblər,
yerli əhali onları vəhşicəsinə məhv edir,
ekstremistlər Bakıda əsas hərbi qarnizonun yerləşdiyi
Salyan kazarmasının ətrafındakı evlərin
damlarında snayperlər yerləşdiriblər, təkcə
bu ərazidə 110 atəş nöqtəsi var. Binalar, mənzillər
Azərbaycan Xalq Cəbhəsinin silahlıları ilə
doludur, onlar sizi güclü avtomat-pulemyot atəşinə
tutacaqlar.
Mixail
Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi
Bakıda "rus və erməni kartından" məharətlə
istifadə etdi. Guya Bakıya qoşun, hərbi
qulluqçuların ailələrini qorumaq, "millətçi
ekstremistlər" tərəfindən hakimiyyətin
zorakılıqla ələ keçirilməsinin
qarşısını almaq üçün yeridilmişdi. Əslində
isə bu, açıq riyakarlıq, ağ yalan idi. Sovet rəhbərliyinin
"dəlilləri" hətta həqiqətə yaxın
olsaydı belə, Bakıya təpədən-dırnağadək
silahlandırılmış qoşun göndərməyə
ehtiyac yox idi. Ona görə ki, həmin vaxt burada daxili
qoşunların 11,5 min əsgəri, Müdafiə Nazirliyinə
tabe olan Bakı qarnizonunun çoxsaylı hərbi hissələri,
hava hücumundan müdafiə qüvvələri var idi.
4-cü ordunun komandanlığı da Bakıda yerləşirdi.
Bütün bunlara baxmayaraq, 1990-cı il yanvarın 19-da Mixail
Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan
SSR Konstitusiyanın 71-ci maddələrini kobud şəkildə
pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət
elan edilməsi haqqında fərman imzaladı.SSRİ
DTK-nın "Alfa" qrupu isə yanvarın 19-da saat 19.27-də
Azərbaycan televiziyasının enerji blokunu partlatdı,
respublikada televiziya verilişləri dayandırıldı. Gecə
isə qoşun fövqəladə vəziyyət elan edilməsindən
xəbərsiz olan şəhərə daxil oldu və əhaliyə
divan tutmağa başladı. Qorbaçovun fərmanı
qüvvəyə minənədək - yanvarın 20-də saat
00-dək artıq 9 nəfər
öldürülmüşdü. Bakıda fövqəladə
vəziyyətin elan olunması haqqında məlumat əhaliyə
yalnız yanvarın 20-də səhər saat 7-də respublika
radiosu ilə çatdırıldı. Həmin vaxt
öldürülənlərin sayı 100 nəfərə
çatmışdı. Tanklar və BTR-lər Bakı
küçələrində qarşılarına
çıxan hər şeyi əzir, hərbçilər hər
yanı amansız atəşə tuturdular. İnsanlar nəinki
küçələrdə, hətta avtobusda gedərkən,
öz mənzillərində oturduqları yerdə güllələrə
tuş gəlirdilər. Bir neçə gün ərzində
137 nəfər öldürüldü, 700-dək insan
yaralandı, 800-dən çox adam qanunsuz həbs edildi.
Həlak
olanlar arasında yetkinlik yaşına çatmayanlar,
qadınlar, qocalar, şikəstlər də var idi. Qorbaçovun
və ətrafındakıların "millətçi
ekstremistlər" adlandırdıqları bunlar idimi?
Yanvarın 20-də artıq bütün dünya Bakıda
törədilmiş dəhşətli qırğından xəbər
tutdu. Amma görün, o vaxtkı sovet imperiyasının
ideoloji ruporu olan "Pravda" qəzeti 22 yanvar tarixli nömrəsində
nə yazırdı: "Fövqəladə vəziyyət
elan edilməsi üçün görülmüş tədbirlər
nəticəsində guya qadınlar və uşaqların tələf
olması barədə bəyanatlar aşkar fitnəkar xarakter
daşıyır. Bir daha təkrar etmək lazımdır ki,
bu, qərəzli yalandır! Ondan məqsəd əhalini sovet
ordusuna və hüquq mühafizə orqanlarına qarşı
qaldırmaqdır"...
20
Yanvar və Azərbaycan tarixində ondan əvvəlki faciəli
hadisələr XX əsr boyu xalqımıza qarşı
yeridilən düşünülmüş siyasətin
növbəti təzahürü idi. Azərbaycan xalqına
qarşı soyqırımı, sovet hakimiyyəti illərində
Azərbaycan ərazilərinin tədricən zəbt
olunması, nəticədə ölkənin ərazisinin 125
min kvadratkilometrdən 87 min kvadratkilometrədək azalması,
sovet rəhbərliyinin havadarlığı ilə başlayan
Dağlıq Qarabağ hadisələri, azərbaycanlıların
Ermənistan ərazisindəki əzəli torpaqlarından
qovulması bu siyasətin mərhələləridir.
1990-cı ilin yanvar
qırğını nə qədər faciəli olsa da, Azərbaycan
xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə
əzmini qıra bilmədi. Həmin müdhiş gecədə
həlak olan vətən oğulları Azərbaycanın
tarixinə parlaq səhifə yazdılar, xalqın milli
azadlığı, müstəqilliyi üçün yol
açdılar... 20 Yanvar hadisəsi xalqımızın
milli-azadlıq hisslərinin güclü olduğunu, Azərbaycanda
müstəqil dövlət quruculuğu üçün
sosial əsasların olduğunu, bizim müstəqil yaşamaq
və mövcud olmaq maraqlarımızı, xalqın qəhrəmanlığını
göstərdi. Həmçinin, o zaman Azərbaycana rəhbərlik
edənlərin gücsüzlüyünü nümayiş
etdirdi, eləcə də xalq hərəkatına
başçılıq edənlərin hərəkatı idarə
etmək iqtidarında olmadığını ortaya qoydu. Bu
hadisə xalqın müstəqil dövlət qurmaq uğrunda
mübarizəsinə mərkəzi hakimiyyətin gözlənilməz
və kifayət qədər sərt reaksiyası idi. Təəssüf
ki, bu mübarizəyə rəhbərlik edərək onu
istiqamətləndirən lider yox idi.
20 Yanvar istiqlal mübarizəmizin zirvələrindən
biridir. 20 Yanvar hadisələrində ayağa qalxan
xalqımızın yeganə tələbi
torpaqlarımızın əldən verilməməsi idi. Bu
hadisə göstərdi ki, çar Rusiyasının siyasətini
bu dəfə sovet imperiyası davam etdirir. Yenə də milli
ayrıseçkilik aparılır, ermənilər müdafiə
olunur, imperiya Dağlıq Qarabağı Ermənistana vermək
istəyir. Qarabağ uğrunda hərəkat milli azadlıq
mübarizəsi idi.
Azərbaycanda baş verən milli
azadlıq hərəkatı sovet dövlətinin
dağılmasında güclü rol oynadı. Bu hadisə
Sovet imperiyasının idarəçilik üsul-idarəsinə
güclü zərbə vurdu.
O zaman Moskvada güclü nəzarət
altında yaşayan ulu öndər Heydər Əliyev Azərbaycan
nümayəndəliyinə gələrək 20 Yanvar faciəsinin
ertəsi günü sovet rejiminin xalqımıza qarşı
törətdiyi cinayəti bütün dünyaya bəyan etdi.
Bu bəyanatın böyük tarixi əhəmiyyəti var
idi.
Ulu öndərimizin bəyanatı Azərbaycanın
müstəqillik tarixinin ən böyük aktlarından
biridir. 1990-cı illərin əvvəlində baş verən
hadisələr bir daha göstərdi ki, Heydər Əliyev
sözün həqiqi mənasında siyasi liderdir.
Azərbaycan dövlət müstəqilliyini
əldə etdikdən sonrakı ilk illərdə
başları hakimiyyət uğrunda mübarizəyə
qarışmış respublika rəhbərləri 20 Yanvar
qırğınına siyasi-hüquqi qiymət verilməsi və
cinayətkarların müəyyən edilməsi istiqamətində
məqsədyönlü iş aparmadılar. Yalnız
1994-cü ildə Heydər Əliyevin səyi sayəsində
Qanlı Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət
verildi, faciənin günahkarlarının adları
açıq şəkildə bəyan edildi...
Bundan əvvəl Naxçıvan
Muxtar Respublikasının Ali Məclisi 1990-cı il noyabrın
21-də bu məsələni geniş müzakirə edərək
qanlı hadisəyə siyasi-hüquqi qiymət vermişdi. Həmin
vaxt qəbul edilmiş qərarda qeyd edilmişdi ki, SSRİ Ali
Soveti Rəyasət Heyətinin sədri M.S.Qorbaçov,
Sov.İKP MK-nın katibi A.V.Girenko, SSRİ müdafiə naziri
D.Yazov, SSRİ daxili işlər naziri V.Bakatin, Sov.İKP
MK-nın məsul işçisi A.Mixaylov, Azərbaycan KP
MK-nın birinci katibi Ə.Vəzirov, Nazirlər Sovetinin sədri
A.Mütəllibov, Azərbaycan KP MK-nın büro üzvləri
V.Polyaniçko, M.Məmmədov, V.Hüseynov xalqımıza
qarşı törədilən bu qətliam üçün
birbaşa məsuliyyət daşıyırlar.
Yeri gəlmişkən qeyd edək ki,
Azərbaycan Xalq Cəbhəsinin bir sıra fəalları
Bakıda qan töküləcəyindən xəbərdar idilər.
Hakimiyyəti ələ keçirmək üçün dəridən-qabıqdan
çıxan bu adamlar əhalini vaxtında xəbərdar etmək
əvəzinə gəncləri meydanlarda sona qədər
dayanmağa çağırır, guya indicə silah gətirilib
paylanılacağı barədə yalan məlumatlar verirdilər.
İstiqlaliyyət, müstəqillik, suverenlik istəyi ilə
küçə və meydanlara toplaşanlar belə "liderlərə"
inanıb silah-sursat gözlədilər. Sonda isə...
küçə və meydanlar insan qanına boyandı. Azərbaycanın
130-dan çox mərd oğul və qızı
torpaqlarımızın azadlığı, ərazi
bütövlüyümüz, müstəqillik, istiqlaliyyət
uğrunda şəhidlik zirvəsinə yüksəldi.
Həmin hadisələr nümayiş
etdirdi ki, Azərbaycan xalqı istiqlaliyyət, ərazi
bütövlüyü, müstəqillik, haqq işi, ədalət
uğrunda mübarizəyə qalxmaq, pozulmuş
hüquqlarının, suverenliyinin bərpa olunması
uğrunda savaşmaq əzminə malikdir. 1990-cı ilin 20
Yanvarı Azərbaycanın istiqlaliyyət yolunun ilk şəhidlik
zirvəsi idi. Bu mənada ulu öndər Heydər Əliyevin
20 Yanvar şəhidlərinin ailələrinin və bu
qanlı faciədə yaralananların sosial müdafiəsinin
gücləndirilməsi istiqamətində görülən
işlər xalqımızın ürəyindən
olmuşdur.
Bu gün Azərbaycanda Heydər Əliyev
yolu, siyasi kursu uğurla davam etdirilir. Möhtərəm
Prezidentimiz İlham Əliyev torpaqlarımızın müdafiəsi
uğrunda canlarını qurban vermiş şəhidlərimizin
ailələrinə və sağlamlıqlarını itirənlərə
xüsusi diqqət və qayğı göstərir. 20 Yanvar
şəhidlərinin ailələrinə verilən dövlət
yardımı artırılıb. Onların sosial müdafiəsinin
gücləndirilməsi ilə əlaqədar müxtəlif tədbirlər
həyata keçirilir. Bakının ən uca zirvəsində
hamının müqəddəs ziyarətgah hesab etdiyi Şəhidlər
Xiyabanında əsaslı yenidənqurma və abadlıq
işləri aparılmışdır. Dövlət
başçımızın göstərişi ilə şəhid
ailələrinə və Vətənimizin müdafiəsi
uğrunda əlil olanlara pulsuz mənzil və maşın
verilir. İldən-ilə artan iqtisadi qüdrətimiz belə
nəcib insanların həyat səviyyəsinin getdikcə
yüksəlməsinə zəmin yaradır.
Bütün bunlar göstərir ki,
torpaqlarımız uğrunda döyüşənlərin
heç biri unudulmur, onların xatirəsi xalqın qəlbində
əbədi yaşayır.
Rüstəm XƏLİLOV,
Milli Məclisin deputatı
Xalq qəzeti.- 2011.- 18 yanvar.- S. 5.