Tolerantlıq Azərbaycan xalqının və dövlətinin həqiqi milli-mənəvi dəyəridir

 

Radikal elementlər və onların xarici havadarlarının təxribat xarakterli əməlləri bu dəyərlərə xələl gətirə bilməz

 

Çoxmillətli və çoxkonfessiyalı Azərbaycan Respublikasının şərəfli bir tarixi vardır. Bu tarixin böyük mərhələsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər ictimai-siyasi həyatın bütün sahələrində, o cümlədən dövlət-din münasibətlərinin tənzimlənməsində, dini etiqad azadlığının təminatında, dini mənəvi dəyərlərin qorunmasında müstəsna xidmətlər göstərmişdir. Qüdrətli şəxsiyyət bu sahədə özündən sonra böyük siyasi və dövlətçilik təcrübəsini miras qoymuşdur. Ümummilli liderin siyasi xəttini uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev bu gün Azərbaycanın iqtisadi qüdrətinin, mədəni intibahının və beynəlxalq aləmdə nüfuzunun daha da möhkəmlənməsi üçün böyük işlər görür. Eyni zamanda, tarixi mədəniyyət abidələrinin, xristian, yəhudi və digər dinlərə məxsus məbədlərin bərpası və təmiri, dilindən və dinindən asılı olmayaraq, ölkənin bütün vətəndaşlarının etiqad azadlığının qorunması və dini ehtiyaclarının təmin olunması - bütün bunlar Azərbaycanın dini mənəvi mühitini əks etdirən real göstəricilərdir.

 

Azərbaycan müasirləşən, Avropa və dünya birliyinə sürətlə inteqrasiya edən ölkədir. Təbii ki, müasir dünyada sürətlə davam edən qloballaşma prosesləri bizim də ölkədən yan keçməyib. Buna baxmayaraq, qloballaşma adı altında öz milli dəyərlərimizi unutmamalı və bu dəyərlərə sadiq olmalıyıq. Hər bir ölkə və xalq üçün onun milli dəyərləri hər şeydən üstün tutulmalı və digər xalqların dəyərləri ilə ziddiyyət təşkil etməməlidir. Bu baxımdan biz qloballaşma deyəndə Azərbaycanda beynəlxalq əməkdaşlığı, xoş münasibətləri, səmimi dostluğu nəzərdə tuturuq. Biz hər zaman qloballaşma adı altında digər xalqların adət-ənənələrinə zidd olan, milli mentalitetə xas olmayan dəyərlərə qarşı mübarizə aparmalıyıq. Təbii ki, bu mübarizədə milli mənliyimizi qorumaq ən vacib şərtlərdəndir.

Bu gün öz tarixinin silinməz möhtəşəm səhifələrindən birini yazan müstəqil Azərbaycan hər zaman müxtəlif xalqların, millətlərin və din xadimlərinin birgə yaşadığı, mədəniyyətlərin qovuşduğu müqəddəs məkan olmuşdur. Məhz bunun nəticəsidir ki, müxtəlif dinlərin rəhbərləri və təmsilçiləri əldə etdiyimiz böyük nailiyyətləri - tolerantlığımızı, din-dövlət münasibətlərində qazanılmış dəyərləri və qlobal problemlərin həlli yollarında bizimlə birgə əməkdaşlıq nümayiş etdirmək üçün Bakıda keçirilən beynəlxalq miqyaslı mötəbər tədbirlərdə yaxından iştirak edirlər. Belə nüfuzlu tədbirlər bəşəriyyətin ümumi maraqları və qlobal problemlərin - terrorizmin, dini fanatizmin, ekstremizmin və separatizmin aradan qaldırılması naminə dinlərərarası və mədəniyyətlərarası münasibətlərin inkişafına güclü təkan verən bir amildir. Tolerantlıq Azərbaycanda çox möhkəm təməllər üzərində qurulmuşdur. Təkcə dövlət başçımız deyil, Heydər Əliyev Fondu da bu sahədə çox böyük fəaliyyət göstərir. Fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva tarixi-dini, mədəni abidələrin qorunmasını və bərpasını daim diqqət mərkəzində saxlayır. Fondun maliyyə dəstəyi ilə Bakıdakı Pravoslav və Müqəddəs Məryəm kilsələrində təmir-bərpa işləri aparılmış, yəhudi uşaqları üçün təhsil və mədəniyyət mərkəzinin tikintisinə dəstək verilmişdir. Göründüyü kimi, Heydər Əliyev Fondu təkcə İslam dininə aid tarixi-dini abidələrin bərpasına deyil, eləcə də digər dinlərə məxsus abidələrin də bərpasına qayğı ilə yanaşır. Bunun növbəti əyani sübutu olaraq Bakıda dinlərarası sivilizasiyaların dialoqunun keçirilməsi, eyni zamanda Azərbaycan xalqının yüzilliklər boyu formalaşmış tolerantlıq ənənəsinin yüksək səviyyədə olmasının göstəricisidir. Bununla yanaşı fondun Fransanın Versal sarayında nümayiş etdirilən iki abidənin bərpasına maliyyə yardımı göstərməsi yüksək qiymətləndirilib. Strasburq şəhərinin meri Rolan Ris Heydər Əliyev Fondunun beynəlxalq miqyasda böyük layihələr həyata keçirməsini humanizm və mədəniyyətlərarası dialoq baxımından böyük rolunu qeyd edib. O, bildirib ki, fondun Strasburq Kafedral kilsəsinin şüşələrinin təmirinə ayırdığı maliyyə yardımını səxavətli bir jest və Azərbaycanın Avropaya, onun mədəni irsinə verdiyi layiqli töhfədir. R.Ris deyib: "Azərbaycan Avropa Şurasının üzvüdür. Azərbaycan öz mədəni irsinə diqqət göstərməklə yanaşı, Avropa mədəni irsinə də diqqət və qayğı göstərir. Orta əsrlərdə xristianlığın ən yüksək kilsəsi olan Strasburq Kafedral kilsəsi də Avropa mədəni irsinin bir parçasıdır. Mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafında fəal iştirak edən Heydər Əliyev Fondu beynəlxalq arenada Azərbaycanın müsbət imicinin formalaşması və təşviqinə böyük diqqət göstərir ".

Azərbaycanda müqəddəs ziyarətgahların və məscidlərin əsaslı təmiri və yenidən qurulması möhtərəm Prezidentimizin diqqət mərkəzində saxladığı prioritet vəzifələrdən biridir. Məhz dövlət başçımızın göstərişi və maliyyə dəstəyi ilə Bibiheybət məscidi, Gəncə şəhərindəki İmamzadə, Mir Möhsüm ağa ziyarətgahı, Şamaxı məscidi, Əshabu-Kəhf ziyarətgahı və digər dini etiqad mərkəzləri əsaslı təmir olunaraq yenidən qurulmuşdur. Azərbaycanın din xadimləri və ibadət əhli Prezident İlham Əliyevin bu nəcib və xeyirxah əməlini yüksək dəyərləndirərək Allah-Təaladan ona cansağlığı diləyirlər.

Bu gün ölkəmizdə yaranmış davamlı ictimai-siyasi sabitlik, dinlərarası xoş münasibət müstəqil dövlətimizin həyata keçirdiyi məqsədyönlü siyasətin və Azərbaycanda fəaliyyət göstərən dini qurumların faydalı işinin nəticəsidir. Bu təkcə ölkəmizdə deyil, beynəlxalq aləmdə də yüksək qiymətləndirilir. Görünür, buna görə də müstəqil dövlətimizin qazandığı uğurlar Azərbaycanın gündən-günə inkişafını gözü götürməyən müəyyən daxili və xarici şər qüvvələrin ciddi narahatlığına səbəb olub. Təəssüf ki, Azərbaycanda hələ də bəzi daxili qüvvələr ölkəmizin inkişafı üçün yox, xaosun, anarxiyanın yenidən meydana çıxması üçün səy göstərirlər. Belə qüvvələr son vaxtlar xarici havadarlarının çirkli pulları hesabına bəd niyyətlərini həyata keçirməyə çalışırlar.

Dini tolerantlığın yüksək səviyyədə olduğu ölkəmizdə müxtəlif dini baxışları olan insanların vahid bir ailə kimi sülh və əmin-amanlıq içində yaşamaları nədənsə, Azərbaycan İslam Partiyasının sədri və onun ətrafının qısqanclığına səbəb olub. Halbuki, adını azərbaycanlı qoyan belələri müstəqil dövlətimizin beynəlxalq aləmdə nüfuzunun artmasına sevinməlidilər. Təəssüf ki, İslam Partiyasının üzvləri müxtəlif yollarla çoxlu sayda silah-sursat toplayaraq Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa və ölkəni dinlərarası ziddiyyətlər meydanına çevirmək istəyirlər. Belələri planetimizin müxtəlif guşələrində - Fələstində, Əfqanıstanda, Pakistanda, İraqda və digər ölkələrdə törədilmiş terror aktlarından sanki zövq alırlarmış kimi öz çirkin niyyətlərini Azərbaycanda da həyata keçirməyə çalışırlar. Onlar unudurlar ki, heç bir din terror, zor və təcavüzə haqq qazandırmır. Dini şüarlardan günahsız dinc əhalinin qətlə yetirilməsi, terror, vandalizm və iğtişaşlar törədilməsi üçün istifadə edən din xadimləri vahid Yaradanımız qarşısında ağır günah işlətmiş olduqlarını bilmirlərmi? Görəsən, islamçılar niyə unudurlar ki, uca Yaradanın göndərdiyi dinlər insan həyatına qəsdi və iğtişaşları bütün insanlığa qarşı qəsd kimi dəyərləndirir? Bu partiyanın üzvləri silah-sursat toplamaqla hansı niyyətlərini həyata keçirməyi planlaşdırırmışlar?

Hələ də rəsmi dövlət qeydiyyatından keçməyən Azərbaycan İslam Partiyasının regionlardakı şöbələri dini etiqad mərkəzlərindən çox silah-sursat anbarlarını xatırladır. Biz bundan əvvəl İslam Partiyası sədrinin Quba rayonundakı yaxın qohumlarının mənzillərindən və iş yerlərindən hüquq-mühafizə orqanları tərəfindən aşkar edilən silah-sursat barədə məlumat vermişdik. Bu günlərdə İslam Partiyası Gəncə şöbəsinin sədri Yusif Ələkbərovun yaşadığı mənzildən tapılan silah-sursat isə belə deməyə əsas verir ki, bura sanki böyük bir silah anbarı imiş. Onun evinə baxış zamanı bir ədəd "AKSU", bir ədəd nömrəsi silinmiş və qundağı kəsilmiş "AK-74", bir ədəd qundağı kəsilmiş "AK-74", bir ədəd "AKM", bir ədəd nömrəsi silinmiş "AKM", bir ədəd əldədüzətmə "UZİ" silahı, iki ədəd mərmi, iki ədəd qumbara, iki trotil şaşkası, bir ədəd fitil, 1191 ədəd müxtəlif çaplı güllə, 6 ədəd güllə darağı, bir ədəd qılınc, 3 ədəd biçaq, bir ədəd portativ səsgücləndirici və ona aid 4 ədəd mikrofon, 38 ədəd dini məzmunlu plakat, dini ektremizmi təbliğ edən 17 ədəd kitab və 20 ədəd disk aşkar edilərək götürülüb. Görəsən, din xadiminin evində bu qədər silah-sursat saxlamaq ibadət üçün lazımdır, yoxsa iğtişaşlar törətmək üçün? İndi İslam Partiyasının üzvləri desin görək, Allah belə "din xadimlərini" bağışlayarmı?

Bu gün artıq iç üzləri və bəd niyyətləri hamıya bəlli olan İslam Partiyasının üzvləri özlərinə haqq qazandırmaq üçün yersiz şaiyələrə və dedi-qodulara əl atır, onları çirkli pulları hesabına alətə çevirmiş xarici himayədarlarına kömək üçün müraciət edirlər. Havadarları isə guya, Azərbaycanda dini etiqadın yasaqlandığı barədə məlumatlar yayır, bu yolla ölkəmizi beynəlxalq aləmdə nüfuzdan salmağa çalışırlar. Halbuki, bir qədər əvvəl Bakıda "Fatimeyi-Zəhra" məscidinin sökülməsinin qarşısının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən alınması din xadimləri tərəfindən yüksək dəyərləndirilmiş, hətta İranın Qum şəhərində yaşayan dinşünas alim ayətullah Cəfər Sübhani dinə göstərdiyi yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirmişdir. Nədənsə, bu fakt da İslam Partiyası fəallarının "gözünə görünməyib". Hadisələrin gedişi göstərir ki, onların "gözünə görünən" isə dinlərarası münasibətləri pozmaq və dini iğtişaşlar yaratmaqdır.

İslam Partiyasının radikal üzvləri birdəfəlik yadda saxlamalıdırlar ki, dövlətlərin ərazi bütövlüyünə və təhlükəsizliyinə zidd olan ekstremist, radikal və separatçı qüvvələr hər zaman nifrətə layiqdirlər. Din xadimləri və həqiqi ibadət əhli belə qüvvələrə qarşı həmişə vahid mövqedə olmalıdırlar. Zaman təsdiqləyir ki, fiziki və mənəvi təcavüz planlarının qarşısını yalnız dövlətlərin, ictimai və dini birliklərin birgə fəaliyyəti sayəsində almaq olar. Necə ki, İslam Partiyasının radikal üzvlərinin xəbis niyyətlərinin qarşısı alındı.

Azərbaycan hüquqi, demokratik inkişaf yolu ilə sürətlə irəliləyən ölkədir və hər hansı dini qrupların, onların xarici havadarlarının sabitliyi pozmaq, əhali arasında çaxnaşma yaratmaq, din adından istifadə edib öz bəd niyyətlərini həyata keçirmək cəhdləri heç bir səmərə verməyəcək.

 

 

Əliqismət BƏDƏLOV,

 

Rauf ƏLİYEV

 

Xalq qəzeti.- 2011.- 18 yanvar.- S. 5.