Kürdəmir:
burada torpaq qışda da əməklə isinir
Son illər ərzaq təhlükəsizliyi
ilə bağlı ölkəmizdə xeyli işlər
görülmüşdür. Məlum olduğu kimi, dövlət
başçısı bu məsələyə xüsusi
önəm verir. Bu mənada, yola saldığımız
2010-cu ildə Kürdəmir rayonunun əldə etdiyi nəticələri,
qazandığı nailiyyətləri təqdirəlayiq saymaq
olar. Qeyd etmək lazımdır ki, aramsız
yağışların yağmasına, havaların əlverişsiz
keçməsinə baxmayaraq əsasən aqrar rayon kimi
tanınan Kürdəmirdə ötən il bütün
istiqamətlərdə həyata keçirilən tədbirlər
öz bəhrəsini vermişdir. 2010-cu
ilin məhsulu üçün 35000 hektar sahədə əkin
aparılmışdır. Kür çayında suyun səviyyəsinin
artması və qrunt sularının xeyli ərazini basması
nəticəsində 12000 hektardan çox taxıl zəmisi məhv
olmuşdur. Bunun da təsiri özünü məhsul
yığımının nəticələrində göstərmişdir:
əvvəlki illə, yəni 2009-cu illə müqayisədə
16000 ton az - 51000 ton taxıl istehsal olunmuşdur.
2011-ci ilin məhsulu üçün
35000 hektardan çox sahədə taxıl əkilmişdir ki,
bunun da 20000 hektardan çoxunu arpa, 15000 hektarını
buğda təşkil edir. Havaların quraq keçməsi ilə
əlaqədar olaraq hazırda əkin sahələrində
kütləvi suvarma işləri aparılır. Demək olar
ki, əkin sahələrinin səksən faizdən çoxu
suvarılmışdır. Bundan başqa, 7000 hektardan çox
əkin sahəsinə mineral gübrə verilmiş, 5000
hektardan çox sahədə isə ziyanvericilərə
qarşı mübarizə aparılmışdır.
Rayon icra hakimiyyəti
başçısı aparatından verilən məlumata əsasən
sahələrə yüksək reproduksiyalı toxumların səpilməsinə
xüsusi diqqətlə yanaşılmışdır. Rayonda
fəaliyyət göstərən səkkiz özəl
toxumçuluq təsərrüfatı 4000 tondan çox
yüksək reproduksiyalı toxum istehsal edərək fermerlərə
satmışdır. Əlavə olaraq, Yevlax rayonunda yerləşən
"Azərtoxum" ASC-dən, İsmayıllı rayonunun
İvanovka təsərrüfatından və Qax rayonundan
keyfiyyətli və məhsuldar taxıl toxumu alınaraq əkin
sahələrinə səpmək üçün əhaliyə
verilmişdir.
Kürdəmirdə iki suvarma sistemləri
idarəsi fəaliyyət göstərir. Mollakənd mexaniki
suvarma idarəsi 36 nasos stansiyası vasitəsilə mexaniki
üsulla Kür çayından 30000 hektardan çox əkin
sahəsini suvarır. Kürdəmir suvarma sistemləri idarəsi
isə Baş Şirvan kanalı ilə 30000 hektar sahənin
suvarılmasını təmin edir.
Yeri gəlmişkən, 2010-cu ildə
rayonda 10000 tondan çox kartof, 18000 ton tərəvəz, 42000
ton bostan məhsulu 5000 tona qədər üzüm istehsal
olunmuşdur. Son beş-altı il ərzində 600 hektardan
çox sahədə yeni üzüm plantasiyalarının
salınması da rayonda kənd təsərrüfatının
hərtərəfli inkişafından xəbər verir. Bu
faktı da xüsusi qeyd etmək yerinə düşər ki,
rayondakı 670 hekatrdan çox üzüm sahəsinin bir hissəsini
Fransadan və Gürcüstandan alınma süfrə
sortları təşkli edir. Həmçinin 60 hektar sahədə
dünya şöhrətli "Şirvanşah" sortu əkilmişdir.
Bu üzüm sortunun əsas xüsusiyyəti odur ki, yalnız
Kürdəmirdə yetişir və 34 faizədək şəkərliliyi
olur.
2010-cu ildə suvarma sistemlərinin
yaxşılaşdırılması istiqamətində də
müəyyən işlər görülmüşdür.
3000 hektar sahəni suvarmaq gücündə olan 11,5 kilometrlik Fətixanlı
kanalı məhz 2010-cu ildə istifadəyə verilmişdir.
Altı kəndin və 6000 hektar sahənin
suvarılmasını təmin edəcək 17 kilometrlik
Axtaçı-Ərəbqubalı beton kanalının da 8
kilometri artıq hazırdır. İki kilometri hazır olan 33
kilometrlik Çərtiyəz - Muradxan beton kanalının da
tikintisi sürətlə davam edir. Əlbəttə, son illər
suvarma sistemlərində bu cür geniş miqyaslı işlərin
aparılması maddi-texniki bazanın gücləndirilməsi
və müasir texnikalarla təmin olunması sayəsində
mümkün olmuşdur.
Son illər rayonda mal-qaranın
sayı 10000 baş artaraq 62000 başa çatmış,
qoyun-keçinin baş sayı isə 132000-i
keçmişdir. Heyvandarlığın cins tərkibini və
məhsuldarlığını daha da
yaxşılaşadırmaq üçün doqquz süni
mayalandırma texniki hazırlanmışdır. Onlar süni
mayalandırma avadanlıqları və nəqliyyat vasitələri
ilə təmin olunmuşlar. Ümumilikdə 2010-cu ildə
süni mayalandırılmış 1000 başadək
iribuynuzlu mal-qaradan, 900 başadək məhsuldar cins bala
alınmışdır. Həmçinin lizinq yolu ilə
Almaniyadan gətirilmiş 17 baş düyədən də
bala alınması gələcəkdə nəticələrin
daha da uğurlu olacağını indidən şərtləndirir.
Kürdəmirdə süd emalı
zavodunun tikilməsi də əlamətdar hadisədir. Yanvar
ayının axırınadək tamamlanması nəzərdə
tutulan zavodun istehsal gücü saatda 5 ton olacaq. Sözsüz
ki, yeni emal zavodunun istifadəyə verilməsi rayonda yeni
iş yerlərinin açılmasına səbəb olacaq və
yerli əhalinin kənd təsərrüfatı məhsullarının
istehsalına marağını daha da artıracaq və bu sahədə
canlanmanın artmasına səbəb olacaq.
Bundan başqa, "Azərsun"
holdinq zavodunun yaxınlığında Hollandiya texnikası ilə
tikilən fermada lizinq yolu ilə Almaniyadan alınacaq 200
baş düyənin saxlanılması və yerli şəraitə
uyğunlaşdırılması nəzərdə
tutulmuşdur.
Xarakterik isti hava şəraiti ilə
seçilən Kürdəmir narçılıq
üçün də əlverişlidir. Son 4-5 il ərzində
rayonda 5000 hektardan çox sahədə nar plantasiyaları
salınıb və bu istiqamətdə işlər davam
etdirilir.
Sözsüz ki, Kürdəmirdə
aqrar sahənin inkişafını şərtləndirən əsas
amillərdən biri də, son illər rayonda sağlam
işgüzar mühitin formalaşmasıdır. Dövlət
Proqramında nəzərdə tutulan məsələlərin
ardıcıllıqla və uğurla həyata keçirilməsi,
rayon rəhbərliyinin prinsipial mövqeyi sözün əsil
mənasında münbit ab-hava yaratmışdır. Həmişə
işgüzarlığı ilə seçilən kürdəmirlilərə
isə yalnız bundan düzgün istifadə etmək
qalır. Elə 2010-cu ildə rayonda aqrar sahənin inkişafını
sürətləndirən də məhz bu amil olmuşdur.
Rayon icra hakimiyyətinin
başçısı Fəxrəddin Məlikov söhbət
əsnasında kürdəmirlilərin torpağa, kənd təsərrüfatına
bağlılığını xüsusi vurğulayaraq qeyd
etdi ki, təbiətin səxavətini əsirgədiyi bu
torpağın sakinləri sanki bu boşluğu öz zəhmətləri
ilə doldurmaq, insan əməllərinin nəyə qadir
olduğunu sübuta yetirmək üçün yaranıblar.
Kürdəmirlilər, doğrudan da, torpaqla canlı ünsiyyət
qurmağı və ondan istədiklərini almağı
bacarırlar. Bu da icra başçısının haqlı
olaraq dediyi kimi, qabarlı əllərdən və alın tərinin
torpağa qarışmasından keçir.
Səməd
HÜSEYNOĞLU
Xalq qəzeti.- 2011.- 16 yanvar.- S. 4.