Avropa Komissiyasının sədri Xose Manuel Barrozu: Azərbaycanın iqtisadiyyatı yüksək sürətlə inkişaf edir

 

Avropa Komissiyasının prezidenti Xose Manuel Barrozunun yanvarın 13-də Azərbaycana səfəri bu qurumun prezidenti kimi ölkəmizə ilk səfəridir. Səfər ötən ilin iyun ayında gözlənilsə də, Aİ-də islahatlarla əlaqədar 2011-ci ilə keçirilmişdi.

 

Xatırladaq ki, Aİ ilə Azərbaycanın münasibətləri 1990-cı ildə Avropa Komissiyasının MDB ölkələrinə TASIS proqramı çərçivəsində göstərdiyi dəstəklə başlayıbdır. Aİ və Azərbaycan arasında 1999-cu ildə qüvvəyə minmiş tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş qüvvədədir, eləcə də 2003-cü ildən fəaliyyət göstərən "Avropa mehriban qonşuluq siyasəti" çərçivəsində əməkdaşlıq həyata keçirilir. 2009-cu ilin mayında Azərbaycan və Aİ arasında münasibətlər "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində yeni tərəfdaşlıq mərhələsinə daxil olubdur.

Altı postsovet ölkəsi - Azərbaycan, Gürcüstan, Ermənistan, Belarus, Moldova və Ukraynanı əhatə edən "Şərq Tərəfdaşlığı"nın gerçəkləşməsi üçün 600 milyon avro vəsait ayrılıbdır. "Şərq Tərəfdaşlığı" proqramı Aİ-yə üzvlüyi nəzərdə tutmur, viza rejiminin asanlaşdırılması və təşkilatla proqrama daxil olan ölkələr arasında siyasi və iqtisadi yaxınlaşmanı təmin etmək məqsədi daşıyır.

Yanvarın 13-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşündə dövlət başçımız demişdir ki, əminəm ki, bu ilin yaxşı başlanğıcı bütün məqsədlərimizin həyata keçirilməsinə zəmin yaradacaqdır. Bu baxımdan enerji təhlükəsizliyi, siyasi və iqtisadi islahatlar kimi məsələlər nəzərdə tutulubdur... Bu səfər münasibətlərimizi irəliyə doğru aparacaq və gələcəkdə biz bir çox müsbət nəticələrin şahidi olacağıq.

Avropa Komissiyasının sədri Xose Manuel Barrozu isə vurğulamışdır ki, bu səfər Azərbaycanla Avropa İttifaqı arasında yüksək səviyyədə olan münasibətlərin daha da genişləndirilməsi üçün fürsətdir. Azərbaycan bizim bu regiondakı etibarlı tərəfdaşımızdır. Biz bunu əvvəllər də bəyan etmişdik, indi isə bir daha bunu əyani şəkildə görürük. 2008-ci ildə ölkənizdə nümayəndəliyimizi, indi isə səfirliyimizi açmışıq. Azərbaycanın iqtisadiyyatı yüksək sürətlə inkişaf edir, artım tempiniz çox yüksəkdir. Deyərdim ki, bu, dünyada ən yüksək tempdir.

Prezident İlham Əliyev bəyanatında demişdir: "Hazırda Azərbaycanın da üzvü olduğu "Şərq tərəfdaşlığı" proqramı var. Bu da bizim əməkdaşlığımız üçün yeni üfüqlər açır. Bizim ikitərəfli münasibətlərimizə aid geniş gündəliyimiz mövcuddur və burada bir çox sahələr əhatə olunmuşdur.

Bu gün apardığımız müzakirələr, səmimi və çox mehriban söhbət zamanı biz, demək olar ki, ikitərəfli əlaqələrimizin hər bir aspektini nəzərdən keçirdik. Biz iqtisadi inkişafa, iqtisadi əməkdaşlığa aid olan məsələləri, siyasi islahatları müzakirə etdik, Azərbaycanda aparılan islahatları, demokratikləşmə prosesini nəzərdən keçirdik, regional vəziyyət və təhlükəsizliklə bağlı olan vəziyyət haqqında fikir mübadiləsi etdik. Enerji daşıyıcılarının nəqlinin şaxələndirilməsi məsələlərindən də danışdıq və eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini də müzakirə etdik..."

Dövlət başçımız enerji sahəsində əməkdaşlıq barədə danışarkən bildirmişdir ki, Azərbaycan etibarlı tərəfdaşdır və Azərbaycanın neft əməliyyatlarının uzun tarixi var. Dünyada ilk dəfə Azərbaycanda neft hasil edilmiş, o cümlədən sənaye üsulu ilə dənizdə neft hasilatı dünyada ilk dəfə məhz Azərbaycanda baş vermişdir. Müstəqil ölkə olaraq biz öz enerji siyasətimizi 1990-cı illərin ortalarından bu günə qədər aparırıq və bu baxımdan Azərbaycanın siyasəti çox açıq, səmimi, şəffaf olmuşdur. Biz milyardlarla dollar xarici sərmayə cəlb edə bildik və bu gün artıq bizim müxtəlif marşrutlarımız vardır. Bizim 7 boru kəmərimiz mövcuddur. Bu infrastruktur neft və qaz yataqlarımızdan enerji resurslarımızı müxtəlif istiqamətlərdə nəql etməyə imkan yaradır. Biz çoxlu maliyyə resursları əldə etmişik və bu, bizim enerji siyasətimiz nəticəsində mümkün olmuşdur. Bu gün isə biz enerji inkişafımızın yeni bir mərhələsindəyik və Avropa təsisatları ilə münasibətlərimiz bizim üçün çox əhəmiyyətlidir. Enerji təhlükəsizliyi məsələsi, enerji təchizatının şaxələndirilməsi hasilatçılar, istehlakçılar, tranzit ölkələr üçün eyni dərəcədə vacibdir...

Prezident İlham Əliyev "Cənub enerji dəhlizi" layihəsi ilə bağlı göstərmişdir ki, bu, elə Azərbaycanın başladığı layihəyə yönəlir: Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz boru kəmərləri - məhz bunlar bu istiqamətdə həyata keçirilən ilk təşəbbüs olmuşdur. Bundan sonra isə biz nəql dəhlizləri üzərində işləməyə başladıq, çünki bilirik ki, bu dəhlizlər bizim prioritetlərimizdən biridir və bu istiqamətdə apardığımız ciddi bir işdir...

Avropa Komissiyasının sədri Xose Manuel Barrozu isə bəyanatında bildirmişdir ki,Avropa İttifaqı Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatları dəstəkləyir... Azərbaycanla münasibətləri gücləndirməkdə məqsəd strateji əlaqələri daha da dərinləşdirmək və Azərbaycanı Avropa İttifaqının bazarına daha da yaxın etməkdir. Eyni zamanda, vizanın asanlaşdırılması sazişi üzərində də danışıqlara başlanılacaqdır. Bu da yaxın gələcəkdə baş verəcək, Azərbaycan vətəndaşlarının Avropa İttifaqı ölkələrinə səfərlərini daha da asanlaşdıracaqdır...

Avropa Komissiyasının sədri enerji siyasətindən danışarkən demişdir ki, Azərbaycan həm hasilatçı, həm tranzit ölkə kimi çox mühüm rol oynayır. Əslində, Azərbaycan şaxələndirmə məsələsinə ilk yol açan bir ölkə rolunu oynayır. Çünki biz bilirik ki, hələ Azərbaycan 1990-cı illərin ortalarında Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsinin həyata keçirilməsi təşəbbüsü ilə çıxış etmişdi. İndi isə artıq növbə qazındır. Elə buna görə də biz bu gün "Cənub qaz dəhlizi" ilə bağlı Birgə bəyannaməni imzaladıq. Bu da Avropa İttifaqının Azərbaycan qazını birbaşa almasına imkan yaradacaqdır. Bu dəhlizin yaradılması bizim müştərək strateji marağımızdan irəli gəlir. Avropa Komissiyasının sədri bəyanatında maraqlı bir məqama da toxunmuşdur: "...Azərbaycan istəyir ki, öz ixracını daha da şaxələndirsin və Avropa İttifaqına idxala öz töhfəsini verir. Məhz Cənub dəhlizi sayəsində Azərbaycan çox etibarlı bir çıxış olacaqdır. Bu da bizim inkişafımız üçün uzunmüddətli perspektiv açır. Eyni zamanda, biz çox istəyirik ki, "Şahdəniz" qaz yatağı da yaxın vaxtlarda işlənilsin. Ümidvaram, bu, bizə elə bir imkan verəcək bəyan edək ki, Azərbaycan XXI əsrdə bu sahədə ən ilkin addımlar atan bir ölkə olacaqdır".

Cənub qaz dəhlizinin strateji əhəmiyyətindən danışan Prezident İlham Əliyev demişdir: "Uzun illər ərzində Azərbaycan fəal surətdə çalışır ki, öz enerji resurslarını dünya bazarlarına çatdırsın. Biz neft hasilatından başladıq və beləliklə, neft kəmərini tikdik. Hazırda bizim şaxələndirilmiş nəqletmə marşrutlarımız var. İndi 3 neft kəməri var ki, bizim neftimizi Qara dənizə və Aralıq dənizinə çıxarır. Təbii ki, neft və qaz məsələsi vacib məsələdir. Amma əsas məsələ o idi ki, biz gərək bazar tapaq, bunun üçün bazar olsun. Bu yataqların ehtiyatlarına uyğun olaraq, həmin bazar müəyyən edilsin. Bu gün artıq bizim təsdiqlənmiş qaz ehtiyatlarımız 2,2 trilyon kubmetr həcmindədir və əminəm ki, potensial ehtiyatlar hətta bundan da artıqdır. Onda bizə nə lazımdır?! Bizə proqnozlaşdırılmış, uzunmüddətli, qanunvericiliklə tənzimlənən rəqabətcil bir bazar lazımdır ki, bacardığımız qədər qaz hasil edə bilək. Buna görə də "Cənub qaz dəhlizi" bizim üçün strateji əhəmiyyət daşıyır, bu, qaz potensialımızı realizə etməkdə bizə yardımçı olacaqdır.

Demək istəyirəm ki, biz uzun illər ərzində bu layihələr üzərində işləmişik, çalışmışıq. 1996-cı ildə "Şahdəniz" qaz yatağı haqqında saziş imzalananda biz bilmirdik ki, oradan nə qədər qaz çıxarılacaq. Amma indi çox məmnunluq hissi ilə demək istəyirik ki, "Şahdəniz" dünyada ən böyük qaz yataqlarından biridir. İlkin olaraq, ehtiyatlar 1,2 trilyon kubmetr deyilmişdi. Amma daha sonra isə biz yeni yataqlar aşkar etdik. Bildiyiniz kimi, ötən ilin sonunda yeni yataq kəşf etdik. Bu, gələn illər üçün nəinki bizim təchizat potensialımızı, həm də proqnozlaşdırma imkanımızı daha da artırır. Hazırda bizim 4 qaz boru kəmərimiz vardır. Biz artıq 3 ölkəyə qaz nəql edirik. Bugünkü hasilatın həcminə uyğun olaraq, ixracımızın şaxələndirilməsinə bir növ nail olmuşuq. Amma "Şahdəniz-2" əlavə qaz hasilatını təmin edəcəkdir. Təbii ki, yeni kəşf etdiyimiz qaz yataqlarının işlənilməsinə də başlanacaqdır. Ona görə yeni bazarların tapılması, müəyyən edilməsi bizim üçün vacibdir..."

Xatırladaq ki, Avropa Komissiyasının sədri görüşlərində Nabukko, Türkiyə-Yunanıstan-İtaliya, AGRİ kimi layihələrə də münasibətini bildirmiş, Azərbaycanın uğurlu enerji siyasəti həyata keçirdiyini diqqətə çatdırmışdır.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2011.- 16 yanvar.- S. 3.