Qəhrəmanlıq
tariximizin 20 Yanvar səhifəsi
Xalqın ittiham
etməyə haqqı var
İyirmi bir il bundan əvvəl,
yanvar ayının 19-dan 20-nə keçən gecə Sovet
ordusunun hərbi hissələri heç bir xəbərdarlıq
etmədən Azərbaycan xalqına qarşı tarixdə
misli görünməmiş cinayət törətdi. Öz
ata-baba torpaqlarına Ermənistan Respubilkası tərəfindən
edilən təcavüzə görə ayağa qalxan, ərazi
bütövlüyünü qoruyan azərbaycanlıların
mübarizə əzmi ermənipərəst siyasət
yürüdən Moskvanın xoşüna gəlməmişdi.
Buna görə də, mərkəz ermənilərin kompakt
yaşadıqları Krasnodar, Stavropol, Rostov şəhərlərindən
və başqa yerlərdən ehtiyatda olan hərbçilərdən
ibarət xüsusi cəza dəstələri yaradaraq
Bakıya göndərdi.
Həmin
gün Azərbaycan tam informasiya blokadasına
alınmışdı. Hərbçilərin təxribatı
nəticəsində televiziyanın enerji bloku
partladılmışdı, radio, telefon işləmirdi,
işıqlar söndürülmüşdü. Haqq, ədalət
tələb edən xalqa qarşı gecəyarı
başlanan hərbi təcavüz nəticəsində əliyalın
günahsız insanlar qəddarlıqla
öldürüldü, yüzlərlə yaralı xəstəxanalara
yerləşdirildi, qəfildən, namərdcəsinə edilən
hücum zamanı Bakı şəhərində böyük
dağıntılar törədildi, ölkədə fövqəladə
vəziyyət, komendant saatı tətbiq olundu. Bütün
bunlar barədə ətraflı məlumat verən bir
informasiya orqanı tapılmadı. Yalnız, "Azadlıq"
radiosunun Almaniyada yerləşən Azərbaycan bürosunun əməkdaşı
Mirzə Xəzərin fədakarlığı sayəsində
Bakıda baş vermiş faciə haqqında dünya ictimaiyyəti
az-çox məlumatlandırıldı. Bunun da
qarşısını almaq üçün Sovet
İttifaqı hətta Amerika Birləşmiş
Ştatlarına bəyanat göndərdi.
Bütöv
bir xalqa qarşı törədilən bu qanlı cinayəti
ört-basdır etmək üçün Sovet
İttifaqının və Azərbaycan Respublikasının o
vaxtkı rəhbərləri çox üsullara əl
atdılar. Gözdən pərdə asmaq xatirinə guya 20
Yanvar hadisələrinin başvermə səbəblərini
araşdırıb günahkarları müəyyən etmək
üçün həm Moskvada, həm də Bakıda
deputat-istintaq komissiyaları yaradıldı. Lakin buna baxmayaraq,
istər Moskvada SSRİ Ali Sovetinin, istərsə də
Bakıda Azərbaycan SSR Ali Sovetinin sessiyalarında bu məsələdən
danışanların ağzından vurdular, sözlərini
yarımçıq kəsdilər. Amma təkcə bir nəfərin
- ümummilli liderimiz Heydər Əliyevin qətiyyəti
qarşısında ölkə rəhbərliyi aciz qaldı.
20 Yanvar
faciəsinin dördüncü ildönümü ilə
bağlı tədbirlərin hazırlanması və
keçirilməsi üzrə Dövlət
Komissiyasının 12 yanvar 1994-cü il tarixli iclasında
çıxış edərkən ulu öndərimiz Heydər
Əliyev demişdir: "Bu faciənin üstünün
örtülüb basdırılması fikri bütün
kütləvi informasiya vasitələrində də öz əksini
tapmalıdır. Mən o vaxt Ali Sovetin sessiyasında
çıxış edəndə də demişəm və
bu gün də deyə bilərəm. Əgər bu
qoşunları Azərbaycan rəhbərlərinin
razılığı olmadan Sovet İttifaqının rəhbərləri
yeritmişdilərsə, Azərbaycan rəhbərləri həmin
qoşunları dərhal çıxara bilərdilər.
İki il ondan sonra, 1992-ci ilin 19 yanvarında qərar qəbul
olundu ki, qoşunların buradan çıxarması
üçün lazımi tədbirlər görülsün.
Onda artıq Sovet İttifaqı dağılmışdı.
Bundan sonra hansı qoşunlar çıxacaqdı ki?
Bakı
şəhəri, Azərbaycanın bir neçə rayonu iki
il fövqəladə vəziyyət şəraitində
yaşadı. Təkcə 20 Yanvar faciəsinə görəmi?
Yox, o vaxt bu məsələnin üstünü örtüb
basdırmaq, xalqı əzmək üçün Azərbaycanın
paytaxtında iki il fövqəladə vəziyyət şəraiti
saxlanıldı. Buna heç bir əsas yox idi. Fövqəladə
vəziyyət də həmin bu 19 yanvar qərarı ilə
götürüldü...
Azərbaycan
xalqına qarşı təcavüz edilibdir. Təcavüzü
də edən Sovet İttifaqının rəhbərliyi və
Azərbaycanın rəhbərliyi olubdur. Bu, mənim qəti
fikrimdir. Burada "Rusiyanın qoşunları", "rus
qoşunları" kəlmələrini işlətmək
lazım deyildir. Mən buna etiraz edirəm. O vaxtlar Sovet
İttifaqı vardı, onun rəhbərliyi vardı. Sovet
İttifaqının başında Qorbaçov və onun ətrafında
olan adamlar dururdular. Azərbaycan Kommunist Partiyasının
başında Vəzirov, Mütəllibov və onların ətrafındakı
adamlar dururdular. Məhz bunlardır. Burada millətin təqsiri
yoxdur. İstər rus olsun, istərsə də azərəbaycanlı.
Bəli, o vaxtkı sovet kommunist rejiminin rəhbərliyi Azərbaycan
xalqına qarşı birlikdə təcavüz ediblər: Bu,
mənim qəti fikrimdir...
Burada bəziləri
dedilər ki, bu barədə fikir söyləmək qadağan
idi. Arif Məlikov dedi ki, nə qədər
çalışırdımsa, nəinki ittifaq mətbuatında,
hətta respublika mətbuatında bir şey dərc etdirə
bilmirdim. İndi hər şey dərc etdirə bilərsiniz.
İndi tam azadlıq var, nə istəyirsiniz dərc etdirin.
Heç vaxt qorxmayın. Hər şeyi öz adı ilə
demək lazımdır".
Ümummilli
liderimiz Heydər Əliyevin bu tarixi
çıxışından sonra, dünya şöhrətli
bəstəkarımız Arif Məlikovun illərlə, aylarla
nəşriyyatda yatıb qalan və 20 Yanvar faciəsindən
bəhs edən "Mən ittiham edirəm..." adlı
kitabı işıq üzü gördü. Sırf rəsmi
sənədlər əsasında yazılmış bu kitab
Sovet İttifaqının və Azərbaycan
Respublikasının o vaxtkı rəhbərlərinin iç
üzünü açır, onların
razılığı ilə xalqımızın
başına gətirilən müsibəti bütün
çılpaqlığı ilə göstərir. Kitabda
toplanmış rəsmi sənədlər təkcə Arif Məlikovun
deyil, bütün Azərbaycan xalqının o vaxtkı rejimə
qəti ittihamı kimi səslənir.
206 səhifəlik
kitabda 20 Yanvar faciəsinin mənzərəsini, onun fəsadlarını
göstərən konkret faktlar və təcavüz iştirakçılarının
vəhşiliyini, qəddarlığını əks etdirən
fotoşəkillər vardır. Faciə baş verəndən
sonra Bakıya müxtəlif yerlərdən və təşkilatlardan
insan hüquqlarını qoruyan mütəxəssislər,
ekspertlər gəlmişdilər. Onlardan biri də Dmitri
Nokolayeviç Leonov idi. O, 1990-cı il yanvarın 26-dan
fevralın 6-na kimi paytaxtımızda olmuş, Moskvada fəaliyyət
göstərən insan haqlarını qoruyan "Memorial"
cəmiyyətinin nümayəndəsi kimi Amerika - Helsinki
qrupunun metodu ilə sorğu aparmışdır. D.N.Leonov
yazır ki, onun tərəfindən 30 nəfər azərbaycanlıdan
ifadə alınmışdır. Rəyi öyrənilənlərin
hamısı təcavüzkarların
amansızlığını, hədsiz qəddarlığını
və vəhşiliyini xüsusi vurğulayırdı.
İnsan
haqlarını qoruyan moskvalı müşahidəçinin
topladığı materiallar SSRİ Ali Sovetinin
yaratdığı deputat-istintaq komissiyasına təqdim
edilmişdir. SSRİ Ali Sovetinin deputatı Arif Məlikov həmin
materialları kitabına salmaqla əsərin real faktlar əsasında
yazıldığını bir daha təsdiq etmişdir.
Üstündən on illər keçsə də rusiyalı
hüquqşünas D.N.Leonovun isti izlərlə Bakıda
topladığı materiallar SSRİ-nin və Azərbaycan
Respublikasının o vaxtkı rəhbərlərinə
qarşı bu gün də ciddi ittiham kimi səslənir, təcavüzkarın
Azərbaycan xalqına qarşı məqsədyönlü
siyasət apardığına şübhə yeri qoymur. Həmin
ittihamlardan bir neçəsini oxucularn nəzərinə
çatdırırıq.
Rafiq Kərim
oğlu Məmmədov - ali təhsilli hərbiçi, ehtiyatda
olan 2-ci dərəcəli kapitan: "Yanvarın 19-da axşam
Kuybışev şəhərindən gələn oğlumu
qarşılamaq üçün aeroporta getmişdim. Binə
qəsəbəsinə çatanda, yolun kənarında
söhbət edən bir qrup adam gördüm. Gecə saat 12-yə
yaxın işıqsaçan güllələr səmada
şaqqıldamağa başladı. 10 dəqiqə keçməmiş
aeroportun tibb məntəqəsinə iki nəfər yaralı
gətirdilər. Kalaşnikov avtomatından atılmış
güllələr dağıdıcı idi. Böyründən
yaralanan adam elə oradaca öldü. Kürəyindən
yaralanmış Rəhman adlı gəncə ilk tibbi
yardım göstərib, xəstəxanaya yola saldılar. Rəhman
xahiş etdi ki, gülləyə tuş gəldiyi yerdəki
başqa yaralılara da kömək olunsun.
Binə qəsəbəsinə
getdik. Qarşıda tonqal şölələnirdi. Tanklarda
olan əskərlər (onlara əskər demək olmazdı,
hündürboylu, 30-35 yaşlarında, uzun saçlı,
saqqalı vəhşilər idi) heç bir xəbərdarlıq
etmədən adamları güllələyirdilər.
Toplaşanların əlində heç bir silah, hətta adi
taxta parçası yox idi. Xalqın qanına susamış
yırtıcılar güllənənləri tankların
tırtılları ilə əzişdirib kanala
atırdılar. Gördüm ki, bir nəfəri avtomat atəşinə
tutublar. Hələ nəfəsi kəsilməmiş adamın
baş nahiyəsinə lopatka ilə vuraraq suya tulladılar.
Öz yolu ilə irəliləyən "Jiquli"ni
tankın altına salıb yerlə-yeksan etdilər.
Dönüb qaçmaq istəyən başqa bir
"Jiquli"ni də eyni kökə saldılar.
Aeroporta
qayıtdım, oğlumu qarşıladım. Səhər saat
8-ə kimi bizi aeroportda tutub saxladılar (komendant saatı
qurtaranadək). Keçmiş hərbçi kimi əskərlərə
verdiyim suallara heç kim cavab vermirdi. Yüksək çinli
zabitlər - polkovnik və mayor isə ikrahedici təbəssümlə
üzlərini yana çevirdilər. Adamları yoxlayarkən
alçaldırdılar, nəinki kişiləri, hətta
qadınları belə kobudluqla, çəkmələri ilə
vuraraq ayaqlarını aralayırdılar. Fövqəladə
vəziyyət barədə xəbərimiz yox idi.
Aeroportdakı hərbçilər də bizə bunu deməmişdilər.
Evə qayıdarkən yolda əzilmiş, kabinələri
güllələnmiş çox sayda maşın
gördük".
Abbas
Abbasov - Binə qəsəbəsinin sakini: "Yanvarın
19-da axşam evə qayıdırdım. Yolda adamlar
toplaşmışdı. Yaxınlaşıb kəndlilərimlə
görüşdüm, söhbət etdim. Elə bu vaxt Qala qəsəbəsi
tərəfindən tanklar üstümüzə yeridi.
Heç bir xəbərdarlıq edilmədən sakit
dayanıb söhbət edənlərə avtomatlardan atəş
açdılar. Ayağımdan yaralandım. Kömək
üçün sovet əskərinə müraciət edəndə
o məni üzü torpağa yıxaraq kötəkləyə-kötəkləyə
üst-başımı yoxlamağa başladı. İki dəfə
infarkt keçirdiyimi deyəndə, söyərək daha da
qızışdı, çəkmələri ilə
yaralı ayağıma vurmağa başladı. Huşumu
itirdim".
Vaqif Quliyev
- Mərdəkan qəsəbəsi, 20 saylı xəstəxana:
"Axşam saat 10-11 radələrində Qala kəndindəki
yanacaqdoldurma məntəqəsində dayanmışdım.
Zirə qəsəbəsi tərəfdən tankların şəhərə
doğru irəlilədiyini gördüm. Qəfil atəş
açmağa başladılar. Zirehli maşınların
arxasında gizlənmiş yekəpər, uzunsaçlı,
qarasaqqallı soldatlar küçə söyüşü ilə
çığır-bağır salaraq yanacaqdoldurma məntəqəsinə
hücum çəkdilər. Məntəqədəki
adamların hamısı yerə sərildi. Orduda qulluq etdiyim
üçün hərbi hissələri ayırd edə
bilirdim. Hücum edənlər hərbi hissələrin əskərlərinə
oxşamırdılar. Onlar cəza dəstəsinin
quldurları idi. "Siz türkləri qırmaq
lazımdır" - deyərək bağıran vəhşilər
heç kimə aman vermirdilər. Mən özümü
ölülüyə vurdum. Yaxınlıqda zarıldayan
yaralıya yaxınlaşan quldur süngünü onun düz
ürəyinə sancdı. Yanındakı başqa bir quldura
dedi ki, şahid qoymaq olmaz, yaralırarın hamısını
öldürmək lazımdır".
Nadir Əliyev
- Buzovna qəsəbəsinin sakini: "Əmim oğlu ilə
yanvarın 19-da aeroporta gedirdik. Yolda gördük ki, şəhərə
doğru gedən tanklar qarşılarına çıxan maneələri
dağıdır, qaçan adamları arxadan güllələyirdilər.
Maşınımızın işığı hücum edənləri
aydın göstərirdi. Hündür boylu, uzun
saçlı, bığlı-saqqallı kişilər idi.
Açdıqları atəş maşınımızı dəlik-deşik
etdi. Dörd güllə yarası aldım. Onlardan
üçü qaraciyərimə dəymişdi. Reanimasiyada
yatan Fuad adlı gənc çoxsaylı süngü yarası
aldığından vəfat etdi".
Faciə
günü sovet qoşunları Bakıya müxtəlif yerlərdən
hücum etmişdilər. Ən çox tələfat,
dağıntı aeroport ərazisində və Tbilisi pospektində
olmuşdu. Moskvalı hüquq müdafiəçisi D.N.Leonov
qeyd edir ki, fövqəladə vəziyyət şəraitində
qarşıya qoyulan vəzifəni - həqiqəti üzə
çıxarmaq asan məsələ deyildi. Ona görə ki,
şəhəri işğal etmiş əskərlərlə
ünsiyyət yaratmaq çətin idi. Sağ olsun, yerli
könüllüləri, onların köməyi olmasaydı,
mən 30-dan çox şahidin ifadəsini əldə edə
bilməzdim. İfadələri alınanların hamısı
bir nəfər kimi, baş verən faciədə Sovet
İttifaqının rəhbərliyini günahkar
sayırdı. Deyirdilər ki, Kremldə əyləşənlər
Azərbaycanda baş verənləri hərtərəfli
araşdırıb öyrənmədən, bütöv bir
xalqa qarşı cinayət törətmişlər. Erməni
separatçılarına qarşı mübarizə aparan Azərbaycan
xalqı Moskvanı Dağlıq Qarabağ məsələsində
ədalətsiz mövqe tutduğuna və günahsız
insanların qanının axıdılımasına görə
ittiham etməkdə haqlıdır.
Telman ƏLİYEV
Xalq qəzeti.- 2011.- 19 yanvar.- S. 7.