Radikal dini ekstremist qrupların sabitliyin
pozulmasına yönəlmiş
qanunsuz əməllərinin
qarşısı qətiyyətlə
alınmalıdır
Heç bir qüvvə Azərbaycanı
sivil, demokratik inkişaf yolundan döndərə bilməz
Azərbaycan ikinci dəfə
müstəqillik əldə etdikdən sonra bütün sahələrdə
olduğu kimi, fikir, söz və düşüncə
azadlıqlarına geniş meydan verildi. Ümummilli lider Heydər
Əliyevin təşəbbüsü və rəhbərliyi
ilə beynəlxalq standartlar səviyyəsində
hazırlanan və ümumxalq səsverməsi (referendum) yolu ilə
qəbul edilən Konstitusiyada da insan hüquq və əsas
azadlıqlarının qorunması öz əksini tapıb. Müstəqil
dövlətimizin Əsas Qanununda insanların dini etiqad
azadlıqları ayrı maddə ilə təsbit olunub. Konstitusiyanın
18-ci maddəsi "Din və dövlət" adlanır. Həmin
maddədə deyilir: "1. Azərbaycan Respublikasında din
dövlətdən ayrıdır. Bütün dini etiqadlar
qanun qarşısında bərabərdir. 2. İnsan ləyaqətini
alçaldan və ya insanpərvərlik prinsiplərinə
zidd olan dinlərin yayılması və təbliği
qadağandır". Göründüyü kimi, insanların
hər hansı bir dinə etiqad göstərmələrində
qadağalar yoxdur. O cümlədən, Azərbaycanda
yaşayan müxtəlif xalqların nümayəndələri
dini etiqad azadlığına malikdir.
Azərbaycanda
bütün dinlərin nümayəndələri sərbəst
fəalliyyət göstərir və mehriban şəraitdə
yaşayırlar. Bu ənənələr getdikcə möhkəmlənir.
Çünki ölkəmizdə demokratik prinsiplərin
inkişafına xüsusi önəm verilir. Bu da deməyə
əsas verir ki, növbəti illərdə də Azərbaycanda
dini münasibətlər yüksək səviyyədə təşkil
olunacaq. Son illər Bakıda dini mövzuda keçirilən
beynəlxalq tədbirlər də bunu təsdiqləyir. Ötən
ilin aprelində Bakıda dünya dini liderlərinin sammitinin
keçirilməsi, noyabrda isə "Dinlərarası dialoq:
qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa
doğru" mövzusunda tədbirin yüksək səviyyədə
təşkili Azərbaycan dövlətinin və onun
başçısı İlham Əliyevin ölkədə
dini tolerantlığa xüsus önəm verməsindən irəli
gəlir. Belə tədbirlər bir daha təsdiqləyir ki,
bütün insanların və cəmiyyətlərin dialoq
şəraitində yaşaması çox vacibdir. Eyni zamanda,
dinlərarası dialoq ölkələr arasında baş
vermiş münaqişələrin sülh şəraitində
nizamlanmasına müsbət təsir edir. Məlum olduğu
kimi. Ermənistan silahlı qüvvələri tərəfindən
Azərbaycan ərazilərinin 20 faizi işğal olunmuş,
bir milyondan artıq soydaşımız qaçqın və məcburi
köçkün vəziyyətinə düşümüşdür.
Ölkəmizdə dini mövzularla əlaqədar keçirilən
beynəlxalq tədbirlərdə iştirak edən din xadimlərinin
bu faktları bilməsi vacibdir. Diqqətə çatdıraq
ki, Bakıda keçirilən dünya dini liderlərinin
sammitində 33 ölkədən ənənəvi dünya
dinlərini təmsil edən 200-dən çox yüksək səviyyəli
nümayəndə iştirak edirdi. Həmçinin bu mötəbər
tədbirə 14 nüfuzlu beynəlxalq təşkilatın, eləcə
də Rusiya Federasiyasının 11 subyektinin dini rəhbərləri
və nümayəndələri də qatılmışlar. Bu
qədər nüfuzlu din xadimlərinin Azərbaycanda
keçirilən tədbirlərə qatılmaları tarixi
hadisədir. Bu, həm də Azərbaycanda dinlərarası
dialoqun, dini dözümlülüyün və
tolerantlığın yüksək səviyyədə
olmasından xəbər verir.
Azərbaycanda
əsrlər boyu müxtəlif millətlərin, dinlərin
nümayəndələri arasında isti münasibətlər
olub. Ümumiyyətlə, Bakıda dünya dini liderlərinin
görüşlərinin keçirilməsi artıq ənənəvi
xarakter alıb. Bütün dinlərin rəhbərlərinin
ölkəmizə gələrək Bakıda keçirilən
tədbirlərə qatılması Azərbaycanda dinlərarası
münasibətlərin yüksək səviyyədə
qurulmasından xəbər verir. Belə görüşlər
həmişə böyük əhəmiyyət kəsb edir və
gözəl nəticələr verir. Bakının dinlərarası
dialoqun mərkəzinə çevrilməsi də xüsusi əhəmiyyətə
malikdir. Zaman-zaman Azərbaycan dinlərarası dialoqun
inkişafına öz töhfəsini verib. Artıq 20 ilə
yaxındır ki, Azərbaycan İslam Konfransı Təşkilatının,
10 ildir ki, Avropa Şurasının üzvüdür. İki
il əvvəl Bakı İslam mədəniyyətinin
paytaxtı seçilmişdir. Ölkəmizin sürətli
inkişaf yoluna qədəm qoyması, müxtəlif
xalqların nümayəndələrinin mehriban şəraitdə
yaşamasına yaradılan şərait və dinlərarası
dialoqun inkişafına xüsusi diqqət yetirilməsi,
yaxın gələcəkdə Bakını Avropa mədəniyyətinin
də paytaxtına çevirəcək. Qeyd edək ki,
hazırda ölkəmizdə bütün sahələrdə
sərbəstlik, azadlıq olduğu kimi, dini azadlıqlar da təmin
olunub. Fakt üçün diqqətə çatdıraq ki,
Azərbaycanda yüzdən artıq məscid, 11 kilsə, 6
sinaqoq fəaliyyət göstərir.
Dinlərarası
dialoqun inkişafına yüksək diqqət və
qayğının nəticəsidir ki, dünyanın ən
nüfuzlu dini liderləri Azərbaycana sərbəst gəlib
həmin tədbirdə iştirak edir. Çünki ölkəmizdə
çox davamlı ictimai-siyasi sabitlik təmin olunub. Hətta
bizə düşmən kəsilən,
torpaqlarımızın 20 faizini işğal edən Ermənistanın
baş patriarxı katolikos II Qaregin də Bakıya gələrək
həmin sammitdə iştirak etdi. II Qaregin etnik munaqişələrin
mövcudluğunun bir çox dini dəyərləri də təhlükə
altına saldığını dedi. O, dinlərarası
dialoqun bəşər mədəniyyətinin xilasına xidmət
etdiyini və dinc həyata doğru getməyin vacib olduğunu
etiraf etdi. Erməni katolikosu bu mesajı əslində öz
ölkəsinin prezidentinə istiqamətləndirmişdi.
Çünki Ermənistan silahlı qüvvələrinin
işğalçılıq siyasəti hazırda dünya
miqyasında da pislənilir. Bakıda keçirilən belə
bir mötəbər tədbirlərdə düyanın dini
liderlərinin münaqişə regionlarında sülhün bərqərar
olmasına çalışmalarının vacib olduğunu
diqqətə çatdırmaları, görünür, erməni
katolikosunu da öz ölkəsinin prezidentinə artıq dinc həyata
doğru getməyin vacib olduğunu xatırladır.
Azərbaycanda
dinlərarası münasibətlərin yüksək səviyyədə
olması və dövlət başçısı İlham Əliyevin
bu məsələyə xüsusi diqqət yetirməsi
dünyanın dini liderləri tərəfindən
alqışlanır. Məsələn, Bakıda keçirilən
sammitdə iştirak edən YUNESKO-nun nümayəndəsi
Bendefv Badarç, Papa Şurasının dinlərarası dialoq
üzrə nümayəndəsi, kardinal Jan Lui Taran, Ayətullah
Məhəmməd Əli Təsxiri, İslam Konfransı təşkilatının
nümayəndəsi səfir Sadəddin Tasib, Çexiya və
Slovakiya patriarxı Xristofor , Avropa Ravvinləri
Konfransının nümayəndəsi Pinxas Qoldşmit,
İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman Əl-Tüveyciri
və digərləri ölkəmizdə olarkən Azərbaycanda
tolerantlığın olmasını heyranlıqla
bildirmişlər. Onlar bütün bunlara görə Azərbaycan
Prezidenti İlham Əliyevə öz minnətdarlıqlarını
bildirmişlər.
Göründüyü
kimi, Azərbaycan digər sahələrdə olduğu kimi,
dini münasibətlərin inkişafında da beynəlxalq aləmdə
yüksək nüfuza malikdir. Hər bir azərbaycanlı
ölkəmizin getdikcə artan nüfuzundan fərəhlənməli
və qürur hissi keçirməlidir. Təəssüf ki,
bu gün qazanılan uğurlardan paxıllıq hissi
keçirən azərbaycanlılara hələ də (əgər
onlara azərbaycanlı demək mümkündürsə) rast
gəlirik. Belələri arasında "din xadimlərinin"
olması isə adamda ikrah hissi oyadır. Əlbəttə,
biz din xadimlərinə, ibadət əhli olanlara böyük
hörmət və ehtiramla yanaşırıq. Ancaq
yaradılmış əlverişli demokratik şəraitdən
sui-istifadə edərək xarici havadarlarının təhriki
ilə ölkəmizdə ictimai-siyasi sabitliyi pozmağa cəhd
göstərən, rəsmi dövlət qeydiyyatı olmayan
İslam Partiyasının radikal üzvlərinə hansı
hörmət və ehtiramla yanaşmaq olar?
Ölkənin
dinlərarası ziddiyətlər meydanına çevirmək
istəyən, dini sabitliyi pozmağa cəhd edən başda
partiyanın sədri Mövsüm Səmədov olmaqla bəzi
islamçıların Azərbaycanın inkişafını
görməməsi, demokratik dəyərlərə qərəzli
yanaşmaları, dövlətə və dövlətçiliyə
böhtan yağdırmaları heç bir dini dəyərə
uyğun gəlmir. Onların bu hərəkəti Azərbaycanda
yaşayan din xadimlərini və ali dini qurum olan Qafqaz Müsəlmanları
İdarəsinin də hiddətinə səbəb olub. Çünki
böhtan və yalan dinin düşmənidir. Vətəndaş
həmrəyliyinə xələl gətirmək, insanlar
arasında iğtişaşlar törətmək din xadiminə
yaraşan xüsusiyyət deyil. Qafqaz Müsəlmanları
İdarəsinin bu il yanvarın 8-də yaydığı bəyanatda
da həmin fikirlər öz əksini tapır. Bəyanatda
deyilir: "Dünya şahiddir ki, bu gün dövlətimizin
başçısının səyləri sayəsində Azərbaycan
uğurlu inkişaf yolu ilə irəliləyir, həyatın
bütün sahələrində böyük nailiyyətlər
qazanır. Möhtərəm Prezidentimiz hər bir Azərbaycan
vətəndaşının Prezidenti olaraq, hər birimizin,
din, vicdan azadlığının etibarlı qarantıdır.
Din-dövlət münasibətlərində yüksək səviyyənin
təmini, milli-mənəvi dəyərlərə və
tarixi dini abidələrə dövlət qayğısı
istər ulu öndərin, istərsə də cənab
İlham Əliyevin prezidentlik dövrlərini səciyyələndirən
cəhətlərdəndir". Bəyanatda həmçinin
qarşıdurma yaratmaq cəhdləri də kəskin pislənilir
və bu fikirdə olanlar qınaq obyektinə çevrilir:
"Vətəndaş həmrəyliyinə xələl gətirmək
niyyətində olanlar unutmamalıdırlar ki, demokratiya və
vicdan azadlığı insan hüquqularının
qorunmasına xidmət edir və cəmiyyətdə zərərli
meyillərə, parçalanma və qarşıdurma cəhdlərinə
qətiyyən haqq qazandırmır".
İslam
Partiyası üzvlərinin ölkədə siyasi sabitliyi
pozmağa hazırlaşmaları onların silah-sursat
toplamaları ilə də təsdiqlənir. Bu gün Azərbaycanın
müharibə şəraitində yaşadığı və
ermənilərin atəşkəsi tez-tez pozduqları bir
vaxtda bəzi islamçılar silah toplayaraq daxili
qarşıdurma yaratmağa hazırlaşırmışlar. Onlar
bu məqsədlə dini ekstremizm fəaliyyətini gücləndirərək
açıq radikal çıxışlar edir və bu yolla
özlərinə tərəfdar toplamağa
çalışırlar. Təəssüf ki, qloballaşma əsrində
elm və texnikanın inkişaf etdiyi, Azərbaycanın Avropa
və dünya birliyinə sürətli inteqrasiyası
dövründə bəzi yerli və xarici qüvvələr
müxtəlif vasitələrdən istifadə edərək
ölkəmizə çamur atmağa cəhd göstərirlər.
Belələri hətta din amilindən də istifadə etməklə
ölkəmizi dini cəhalətə sürükləməyə
çalışırlar. Bu yolun yolçusunun xarici
araqarışdıranlar tərəfindən
islamçıların seçilməsi cəmiyyətdə
ikrahla qarşılanır. Çünki İslam dəyərləri
hər bir müsəlman üçün pak və müqəddəsdir.
İslam Partiyasının rəhbərliyi bu dəyərlərdən
özlərinin və xarici havadarlarının çirkin
siyasi məqsədləri naminə sui-istfadə edirlər. Bu
da dindarların hiddətinə səbəb olmuşdur.
Hüquq-mühafizə
orqanları tərəfindən aparılmış əməliyyat-axtarış
tədbirləri nəticəsində İslam
Partiyasının regionlardakı şöbələrində
çoxlu sayda silah-sursatın aşkar edilməsi, xalqın bu
partiyaya nifrətini daha da artırmışdır. Gözləmək
olardı ki, dövlətimizin başçısının Azərbaycan
İslam Partiyasının sabiq sədrinə qarşı
göstərdiyi yüksək humanistlik digərləri
üçün də ibrət dərsi olacaq. Hər şey
isə gözlənilənin əksinə oldu. İslam
Partiyası öz antimilli mövqeyindən əl çəkmədi
və öz xislətini açıb ortaya qoydu. Onların bu əməlləri
cəmiyyət tərəfindən kəskin pislənilir.
Qafqaz Müsəlmanları İdarəsinin bəyanatında
da cəmiyyətin ümumi mövqeyi öz əksini tapıb.
Bəyanatda deyilir: "Bir daha bəyan edirik ki, Azərbaycan
dindarları, inşallah, heç bir zaman fitnələrə
uymayacaq və öz dövlətçiliyinin qorunması
yolunda bütün maneələri dəf edəcəklər".
Əliqismət BƏDƏLOV,
Rauf ƏLİYEV
Xalq qəzeti.- 2011.- 19 yanvar.- S. 6.