Prezident İlham Əliyev:
Azərbaycanda sosial ədalət prinsipi həmişə
yüksək səviyyədə tətbiq olunur
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi
ilə keçirilmiş Nazirlər Kabinetinin 2010-cu ilin
sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə
qarşıda duran vəzifələrə həsr olunan
iclasında ölkə həyatının bütün sahələrində
görülən işlər ətraflı təhlil
edilmiş, qazanılan nailiyyətlərlə yanaşı,
buraxılan nöqsanlar, çatışmazlıqlar da
göstərilmişdir. Dövlətimizin rəhbəri
iclası açarkən qeyd etmişdir ki, keçən ilin
yekunlarına nəzər salsaq görərik ki, nəinki
iqtisadiyyatımız 5 faiz artmışdır, makroiqtisadi vəziyyət
də sabit olaraq qalmışdır.
Azərbaycanda
əvvəlki illərdə olduğu kimi ötən il də
makroiqtisadi sabitlik qorundu, inflyasiya cəmi 5,7 faiz təşkil
etdi, əhalinin pul gəlirləri isə 12,3 faiz artdı. Bu
onu göstərir ki, gəlirlər inflyasiyanı üstələyir.
2010-cu ilin yekunlarına görə, yoxsulluğun səviyyəsi
daha da aşağı düşmüşdür və
artıq Azərbaycanda yoxsulluq şəraitində yaşayanlar
9,1 faizdir. Bu, ölkəmiz üçün böyük
nailiyyətdir. Yeddi il ərzində Azərbaycanda yoxsulluq 4-5 dəfə
aşağı düşmüşdür. Bu, bir daha onu
göstərir ki, dövlətin apardığı islahatlar və
iqtisadi artım, ilk növbədə, Azərbaycan vətəndaşlarının
rifah halının yaxşılaşdırılmasına
yönəldilibdir. Bundan əlavə bu, onu da göstərir
ki, Azərbaycanda enerji sektorunda aparılan işlər nəticəsində
ölkə büdcəsinə daxil olan vəsait ədalətli
bölünür və beləliklə, Azərbaycanda sosial ədalət
prinsipi həmişə yüksək səviyyədə tətbiq
olunur.
2010-cu il
Azərbaycanda "Ekologiya ili" elan edilmişdi.
"Ekologiya ili" çərçivəsində həm
dövlət tərəfindən böyük işlər
görüldü, həm də özəl sektor bu məsələyə
qoşuldu. Ən sevindirici hal isə ondan ibarətdir ki,
ölkə əhalisi də bu təşəbbüsə
qoşularaq, ekoloji vəziyyətin
yaxşılaşdırılmasına öz dəyərli
töhfələrini vermiş, 6 milyondan artıq ağac əkilmişdir.
Dövlət başçısı xüsusi olaraq
vurğuladı ki, həmin proses bu il də davam etdiriləcəkdir.
Ekoloji vəziyyətin yaxşılaşdırılması
ölkəmizin uğurlu inkişafı üçün, əhalinin
sağlamlığı üçün çox böyük
əhəmiyyət daşıyır.
Ekoloji tədbirlər
ancaq ağac əkməklə məhdudlaşmır.
Çaylar boyunca yerləşən kəndlərdə təmizləyici
qurğuların istifadəyə verilməsi nəticəsində
artıq 300 min Azərbaycan vətəndaşı Dünya Səhiyyə
Təşkilatının standartlarına uyğun içməli
su ilə təmin edilibdir. Keçən ilin sonunda Oğuz-Qəbələ-Bakı
su kəməri istismara verilibdir. Bir-iki aydan sonra bu kəmər
tam gücü ilə işləyəcək və
Bakının təmiz, keyfiyyətli içməli su ilə təmin
olunması üçün əlavə böyük imkanlar
yaranacaqdır. Kəmərin tikintisi sırf sosial xarakter
daşıyır. Ölkə rəhbərinin təbirincə
desək, bu kommersiya layihəsi deyil, lakin ona böyük vəsait
qoyulubdur. Dövlət bunu ona görə edibdir ki, Azərbaycan
vətəndaşları ən yüksək şəraitdə
yaşasınlar. Azərbaycanda ən qabaqcıl texnologiyalar tətbiq
olunur, görülən işlər məhz bu səviyyədə
aparılır. Azərbaycanda istifadəyə verilmiş səhiyyə
ocaqlarında ən qabaqcıl avadanlıqlar
quraşdırılır, dünyanın aparıcı,
inkişaf etmiş ölkələrindəki ən qabaqcıl
klinikalarında olan avadanlıqlar, aparatlar gətirilir. Ölkəmiz
müasirləşdirilir. Buna görə də dünyada gedən
texnoloji tərəqqiyə həmişə diqqətlə
yanaşılmalıdır. Gərək ölkəmizə ən
qabaqcıl texnologiyalar gətirilsin ki, Azərbaycanda
bütün işlər yüksək səviyyədə
görülsün. Keçən il görülən işlər
nəticəsində həm insanlar üçün
yaxşı şərait yaradılmış, həm də
ölkə daha da güclənmişdir.
2010-cu ildə
bütün başqa istiqamətlərdə də
böyük nailiyyətlər əldə edilmişdir.
Baxmayaraq ki, təbiət də bizi sınağa çəkdi.
2010-cu ildə sellər və daşqınlar nəticəsində
on minlərlə hektar torpaqlarımızda subasma halları
baş vermişdi, 70 min hektardan çox ərazini su
basmış, minlərlə ev uçmuş, yararsız vəziyyətə
düşmüşdü. Ancaq görülən operativ və
çevik tədbirlər nəticəsində dövlətimiz
ona nail ola bildi ki, bir nəfər də həlak olmadı.
Bütün insanlar vaxtında təhlükəsiz yerlərə
köçürüldülər. Onların müvəqqəti
məskunlaşdığı yerlərdə bütün
lazımi şərait yaradıldı. Tezliklə, hava şəraiti
imkan verən kimi təmir-bərpa işlərinə
başlanıldı. Demək olar ki, 4-5 ay ərzində minlərlə
ev tikildi, təmir olundu. İlin yekununa olan məlumata görə,
3 mindən artıq ev təmir edilmiş, 1500 ev yenidən
tikilmişdir, təxminən 700-800 evin tikintisi isə davam
edir. Bu, onu göstərir ki, Azərbaycan hökuməti
bütün çətin hallara hazırdır. Bunun
üçün ölkəmizdə həm texniki imkanlar, həm
peşəkar kadrlar, həm də maliyyə vəsaiti var. Onu
da demək olar ki, bütün bu işləri Azərbaycan
öz hesabına görür, heç kimdən yardım istəmir.
Yəni biz özümüzə arxalanırıq.
Bütün
dünyanı ciddi sınağa çəkən təbii fəlakətlər
Azərbaycandan da yan keçməmişdir. Ötən il
Kür-Araz ovalığında, respublikanın başqa yerlərində
subasma, torpaq sürüşməsi və başqa təbii
kataklizmlər nəticəsində böyük
dağıntılar olmuşdur. Yığıncaqda bunu
xatırladan iqtisadi inkişaf naziri Şahin Mustafayev dedi:
-
Daşqınlar nəticəsində baş vermiş fəlakətin
qarşısının alınması, əhaliyə
qayğı və diqqət yetirilməsinin ölkə
Prezidenti üçün nə qədər vacib olduğunu
bir daha göstərdi.
Sosial
infrastruktur obyektləri, o cümlədən 45 səhiyyə
müəssisəsi, 70-dən çox məktəb binası
tikilmiş və təmir edilmişdir. Əhalinin içməli
su ilə təmin edilməsi üçün iri infrastruktur
layihəsi - Oğuz-Qəbələ-Bakı su kəmərinin
tikintisi başa çatdırılmışdır.
Sosial sahələrin
inkişafında Heydər Əliyev Fondu tərəfindən təhsil,
mədəniyyət, səhiyyə və digər sahələrdə
həyata keçirilən proqram və layihələr müstəsna
əhəmiyyət kəsb edir.
Bu nəticələr beynəlxalq qurumlar tərəfindən də müsbət qiymətləndirilmişdir. BMT-nin İnkişaf Proqramının əhalinin rifah səviyyəsini əks etdirən İnsan İnkişafı Hesabatına əsasən, Azərbaycan son beş ildə 34 pillə irəliləyərək 169 ölkə arasında 2005-ci ildə tutduğu 101-ci yerdən 2010-cu ildə 67-ci yerə yüksəlmişdir. 2000-2010-cu illər üzrə ölkəmiz insan inkişafı indeksinin orta illik artım tempinə görə MDB məkanında birinci yerə layiq görülmüş və "Orta insan inkişafı" ölkələri qrupundan "Yüksək insan inkişafı" qrupuna keçmişdir.
Yığıncaqda çıxış edən gənclər və idman naziri Azad Rəhimov isə dedi:
- 2010-cu il ərzində daha 5 Olimpiya-İdman Kompleksi istismara verilmiş, bununla da indiyədək tikilib istifadəyə verilmiş Olimpiya komplekslərinin sayı 28-ə çatmışdır. Hazırda daha 11 kompleksin tikintisi davam etdirilir. 2011-ci ildə isə 6 kompleksin istismara verilməsi planlaşdırılmışdır.
Mingəçevir şəhərində "Kür" Olimpiya Tədris İdman Mərkəzi tikilib istifadəyə verilmişdir. Mərkəzdə MDB məkanında bənzəri olmayan avarçəkmə bazası yaradılmışdır. Bu baza nəinki idman bazası kimi, eyni zamanda, turizm obyekti kimi də yüksək səviyyəli xidmətlər göstərmək imkanına malikdir.
Son zamanlar idman komplekslərinin dünya və Olimpiya oyunlarının keçirilməsi üçün ən müasir texnoloji imkanlara malik olmasına xüsusi diqqət yetirilir. Bu tələblərə cavab verən Gimnastika Kompleksinin tikintisi davam etdirilir, Respublika İdman Tibb Mərkəzinin tikintisinə başlanılmışdır, Bakı şəhərində hovuz kompleksinin layihə-smeta sənədləri hazırlanır və tikintiyə hazırlıq işləri gedir, Şahmat Sarayının, Olimpiya Hərəkatı və İdman Muzeyinin tikintisi planlaşdırılır. Qeyd etmək istəyirəm ki, müvafiq federasiyalarla birlikdə boks, cüdo, güləş və karate idman mərkəzlərinin layihə-smeta sənədləri hazırlanır və tikintiyə hazırlıq işlərinə başlanılmışdır.
İclası yekunlaşdıran Prezident İlham Əliyev qarşıda duran vəzifələrdən danışdı, tapşırıq və tövsiyələrini verdi. Sonda böyük inamla bildirdi ki, 2011-ci il başlayıb, mən gələcəyə çox böyük nikbinliklə baxıram. Tam əminəm ki, 2011-ci il də ölkəmizin hərtərəfli inkişafı üçün uğurlu il olacaqdır. Buna nail olmaq üçün hamımız yaxşı işləməliyik, fəal işləməliyik ki, ölkəmizi daha da gücləndirək, Azərbaycanı inamla irəliyə aparaq.
Telman ƏLİYEV
Xalq qəzeti.- 2011.- 19 yanvar.- S. 6.