Naxçıvanda görkəmli bəstəkar Tofiq Bakıxanovun 80 illik yubileyi qeyd olunmuşdur

 

Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında "Şöhrət" ordenli bəstəkar, Azərbaycan Respublikasının xalq artisti, professor Tofiq Bakıxanovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.

 

Yubiley tədbirində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov çıxış edərək musiqi mədəniyyətimizin inkişafında xüsusi xidmətləri olan görkəmli bəstəkar Tofiq Bakıxanovu 80 illiyi münasibəti ilə təbrik edərək demişdir: "Tofiq Bakıxanov milli tariximizə onlarla ali rütbəli hərbçi, ictimai və mədəniyyət xadimləri bəxş etmiş nəslin ənənələrini ləyaqətlə davam etdirərək Azərbaycan mədəniyyətinə əvəzsiz töhfələr vermişdir. Onun 60 illik yaradıcılıq yolu bəstəkar, yaradıcı ziyalı kimi xalqa sədaqət, ifaçı kimi sənətə fədakarcasına bağlılıq nümunəsidir.

Bəstəkarın təkrarsız yaradıcılığının məhsulu olan musiqili komediyalar, baletlər, simfoniya və simfonik poemalar, simfonik muğamlar, mahnı və romanslar Azərbaycan musiqi xəzinəsini zənginləşdirən dəyərli sənət nümunələridir. Tofiq Bakıxanov təkcə ifaçı və bəstəkar kimi deyil, pedaqoq kimi də hörmətə malikdir. Skripka və kamera ansamblı ixtisası üzrə musiqiçilər nəsli məhz "Bakıxanov məktəbi"nin davamçıları kimi nüfuz qazanmışlar. O, mənalı ömür yaşamış gözəl insan, mənsub olduğu xalqa şərəf və başucalığı gətirmiş böyük sənətkardır".

Ali Məclisin sədri Tofiq Bakıxanova professional musiqimizin inkişafında bundan sonra da məhsuldar fəaliyyətində uğurlar arzulamış, ona Naxçıvan Muxtar Respublikasının 85 illiyi münasibətilə buraxılmış xatirə qızıl medalını təqdim etmişdir.

Xalq artisti Tofiq Bakıxanov yaradıcılığına muxtar respublikada yüksək qiymət verildiyini, 75 illik yubileyinin də Naxçıvanda qeyd olunduğunu vurğulamış, ona göstərilən diqqət və qayğıya görə dərin minnətdarlığını bildirmişdir.

Sonra görkəmli bəstəkarın 80 illik yubileyi münasibəti ilə konsert olmuşdur.

Konsert proqramında bəstəkarın ümummilli lider Heydər Əliyevə həsr olunmuş "Həmişə bizimləsən" simfonik poemasının videoyazısı nümayiş etdirilmişdir.

Azərbaycan Respublikasının əməkdar artisti Zakir Mirzəyev bəstəkarın "Sevgilim", "Segahsayağı" musiqilərini, "Xəzər balladası" baletindən "Neft fəvvarəsi rəqsi"ni qarmonda ifa etmişdir.

Beynəlxalq müsabiqə laureatı Sahib Paşazadə Tofiq Bakıxanovun tar üçün yazdığı "Görüş yerimiz", Əhməd Bakıxanova həsr olunmuş "Xatirə konsert" əsərlərini, "Xeyir və şər" baletindən rəqsi böyük ustalıqla ifa etmişdir.

Azərbaycan Televiziyası və Radiosunun xalq çalğı alətləri ansamblının müşayiəti ilə Azərbaycan Respublikasının əməkdar artisti Nuriyyə Hüseynovanın, müğənnilərdən Ruzə İbişovanın, Cavid Hüseynin ifa etdikləri "Azərbaycan gölləri", "Yadıma düşdü", "Gözəlliklər məskəni", "Sevməyir, qoy sevməsin", "Sevən könül", "Min bir kəlam", "Abşeron bağlarında", "Naxçıvanım" mahnıları tamaşaçılara xoş əhval-ruhiyyə bəxş etmiş, alqışlarla qarşılanmışdır.

Konsert proqramından sonra səhnə arxasına keçən Ali Məclisin sədri Vasif Talıbov ifaçıları və ansamblın kollektivini uğurlu konsertə görə təbrik edərək demişdir: "Tofiq Bakıxanovun yaradıcılığı o qədər geniş, mənalıdır ki, onun əsərlərinin - simfoniyalarının, lirik və tərənnüm mahnılarının hər birinin öz yeri, öz gözəlliyi vardır. Rəssam insanı nə qədər dərindən tanısa, onun xarakterini bilsə, həmin əsər o qədər gözəl alınar. Bəstəkarın Vətəninə bağlılığı, Azərbaycana dərindən bələd olması mahnılarından görünür. Azərbaycanı tanımayanlar Tofiq Bakıxanovun Vətənimizi tərənnüm edən mahnılarını dinləyib ölkəmizi tanıya, sevə bilərlər. Onun simfonik orkestr üçün "Həmişə bizimləsən" əsəri ümummilli liderimizin unudulmaz xatirəsinə tükənməz məhəbbətin ifadəsidir".

Ansamblın kollektivinin və ifaçıların bəstəkarın əsərlərini, mahnılarını çox gözəl ifa etdiklərini bildirən Ali Məclisin sədri ümummilli liderimiz Heydər Əliyevin "Bizim hamımızın bir Vətəni var - bu, Azərbaycandır" kəlamını xatırladaraq demişdir: "Azərbaycanın hər qarışı bizim üçün müqəddəs yer, bütün sənətkarlar, mədəniyyət xadimləri bizim üçün əzizdir. Ona görə də Tofiq Bakıxanovun yubileyi Naxçıvanda da qeyd olunmalı idi".

Ali Məclisin sədri yaradıcılığında Naxçıvan mövzusuna yer verdiyi üçün bəstəkara təşəkkürünü bildirmiş, onu bir daha 80 illik yubiley münasibəti ilə təbrik etmişdir.

Tofiq Bakıxanov muxtar respublikada həyata keçirilən tədbirlərin, mədəniyyətin inkişafına göstərilən diqqət və qayğının burada ulu öndər Heydər Əliyevin yolunun uğurla davam etdirilməsinin nəticəsi olduğunu vurğulamış, 80 illik yubileyinin Naxçıvanda yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirmiş, 4 diskdən ibarət mahnı və əsərlərini, Bakıxanovlar nəslinin görkəmli nümayəndələrinə həsr olunmuş "Bakıxanovların ekran təcəssümü", "Bakıxanovlarla nurlanan ekran" kitablarını Ali Məclisin sədri Vasif Talıbova təqdim etmişdir.

 

 

Xalq qəzeti.- 2011.- 19 yanvar.- S. 5.