Görkəmli tarixçi alim və elm təşkilatçısı
Akademik İsmayıl Hacıyev - 60
Azərbaycan tarix elminin görkəmli
nümayəndəsi, bacarıqlı elm və təhsil təşkilatçısı,
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, AMEA
Naxçıvan Bölməsinin sədri, Azərbaycan MEA-nın
həqiqi üzvü, əməkdar elm xadimi, tarix elmləri
doktoru, professor İsmayıl Muxtar oğlu Hacıyevin 60
yaşı tamam olur.
İsmayıl
Muxtar oğlu Hacıyev 1951-ci il yanvar ayının 21-də
Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Xanağa
(indiki Xanəgah) kəndində müəllim ailəsində
anadan olmuşdur. 1974-cü ildə Azərbaycan Dövlət
Pedaqoji İnstitutunu fərqlənmə diplomu ilə
bitirmişdir. Tələbəlik illərində elmi-tədqiqat
işinə böyük həvəs göstərmiş, tələbə
elmi konfranslarında çıxış etmişdir. Görkəmli
alim, nəcib insan İsmayıl Hacıyev gərgin əməyi
və zəhməti hesabına sıravi kənd müəllimindən
professorluğa, akademikliyə, AMEA Naxçıvan Bölməsinin
sədrliyinə, Milli Məclisin deputatlığına qədər
yüksəlmiş, şərəfli bir yol keçmişdir.
İsmayıl
Hacıyev 1974- 1977-ci illərdə təyinatla göndərildiyi
Naxçıvan MR Culfa rayonunun Xoşkeşin kəndində
müəllim işləmişdir. Həmin dövrdə hələ
gənc tarix müəllimi ikən topladığı
materiallar əsasında yazdığı maraqlı elmi məqalələri
respublikanın elmi jurnallarında dərc etdirmişdir. 1978-ci ildən
fəaliyyətini Naxçıvan Dövlət Pedaqoji
İnstitutu ilə bağlamış və bu təhsil müəssisəsində
assistentlikdən professorluğa qədər şərəfli
yol keçmişdir. Ali məktəb illərində və
pedaqoji fəaliyyət dövründə əldə etdiyi zəngin
təcrübə İsmayıl Hacıyevin Naxçıvan
Dövlət Universitetində müəllim, dosent, dekan
müavini, elmi işlər üzrə prorektor (1996-1997) və
tədris işləri üzrə prorektor (1997-2003) vəzifələrində
uğurla çalışmasına zəmin
yaratmışdır. Dərin və hərtərəfli
hazırlıqlı və saf mənəviyyatlı müəllim
kimi tələbələrinin böyük hörmətini
qazanan İsmayıl Hacıyev prorektor vəzifəsindəki səmərəli
fəaliyyəti ilə özünün həm də yüksək
təşkilatçılıq bacarığı olduğunu
göstərmişdir.
Universitetdə
işlədiyi dövr- də yüksək pedaqoji təşkilatçılıq
bacarığı, insanlarla ünsiyyət yaratmaq qabiliyyəti,
diqqət və qayğıkeşliyi İsmayıl müəllimi
tələbələrin sevimlisinə çevirmişdir. İsmayıl
müəllim bilavasitə tədris prosesində də
yaxından iştirak etmiş, Azərbaycan tarixinə, onun
tarixi coğrafiyasına aid dərin məzmunlu mühazirələr
oxumuş, gənc nəslin ardıcıl vətənpərvərlər
kimi yetişməsində, yüksək ixtisaslı kadrlar kimi
formalaşmasında mühüm rol oynamışdır.
Akademik
İsmayıl Hacıyev Naxçıvan Dövlət
Universitetinin "Azərbaycan tarixi" kafedrasının
professoru kimi öz şərəfli müəllimlik fəaliyyətini
davam etdirir.
Akademik
İsmayıl Hacıyev tariximizin müxtəlif problemləri
ilə bağlı uğurlu və ciddi tədqiqatların
müəllifi olan görkəmli alimdir. O, 1941- 1945-ci illər
müharibəsi dövründə Azərbaycan
qadınlarının arxa cəbhədəki fəaliyyətinə
həsr olunmuş dissertasiyasını 1992-ci ildə müdafiə
etmişdir. Sonrakı tədqiqatlarında Azərbaycan, o
cümlədən, Naxçıvan tarixinin, xüsusilə,
müstəqillik dövrü tariximizin müxtəlif problemlərinin
tədqiqinə böyük diqqət yetirmişdir. Onun
Naxçıvan Muxtar Respublikasının yaradılması, fəaliyyəti,
qorunub saxlanması, bölgənin ərazi taleyi,
Naxçıvanın muxtariyyət statusunun qarantı olan
Moskva və Qars müqavilələri haqqında
yazdığı qiymətli kitabı, digər
çoxsaylı tədqiqatları aktual olmaqla yanaşı, həm
də tarix elmimizin mühüm nailiyyətləridir.
İsmayıl
Hacıyev 1999-cu ildə "Naxçıvan Muxtar
Respublikası Azərbaycanın milli dövlətçilik
tarixində" adlı doktorluq dissertasiyasını müdafiə
etmişdir. O, bu əsəri ilə bir daha sübut etdi ki, nəinki
bütövlükdə Azərbaycan, eyni zamanda, onun
ayrılmaz tərkib hissəsi olan Naxçıvan
diyarının qədim dövlətçilik ənənələri
olmuşdur. İsmayıl Hacıyev tutarlı tarixi faktlara əsaslanaraq
bu əsəri ilə sübut etdi ki, əlverişli təbii-coğrafi
mövqedə, mühüm tranzit ticarət yollarının
üzərində yerləşən Naxçıvan
diyarı Azərbaycan dövlətçilik tarixində
özünəməxsus yer tutmuşdur.
2003-cü
ildə AMEA-nın həqiqi üzvü və AMEA-nın
Naxçıvan Bölməsinin sədri vəzifəsinə
seçilən İsmayıl Hacıyev Azərbaycan elminin daha
dərindən inkişaf etdirilməsi sahəsində
mühüm uğurlar qazanmışdır. Tanınmış
alim, bacarıqlı elm təşkilatçısı olan
akademik İsmayıl Hacıyev Azərbaycan tarix elmini xarici
ölkələrdə layiqincə təmsil edir. O,
dünyanın bir çox ölkələrində
keçirilən (Türkiyə, Rusiya, İran, Misir, Tunis,
Qazaxıstan, Türkmənistan və s.) beynəlxalq konfrans və
simpoziumlarda dərin məzmunlu məruzələrlə
çıxış etmişdir. Tanınmış alim bir
sıra elmi qurumların və nüfuzlu xarici jurnalların
redaksiya heyətinin üzvü seçilmişdir. O, 2001-ci ildə
ABŞ-ın Bioqrafiya İnstitutu tərəfindən
"İlin adamı" adına layiq görülmüş,
2002-ci ildə Nyu-York Elmlər Akademiyasına, 2006-cı ildə
"Dialoq Avrasiya Platforması"na üzv seçilmiş,
2010-cu ildə isə ABŞ-ın Bioqrafiya İnstitutunun
Qızıl medalı ilə təltif olunmuşdur.
Akademik
İsmayıl Hacıyev AMEA Naxçıvan bölməsinin
"Xəbərlər" jurnalının baş redaktoru,
"AMEA-nın məruzələri", "AMEA-nın xəbərləri
(tarix, fəlsəfə, hüquq seriyası)" və onlarla
başqa jurnalların redaksiya heyətlərinin üzvü
kimi həmin nəşrlərin yüksək elmi səviyyədə
hazırlanmasında yaxından iştirak edir.
Tarixçi
alim kimi akademik İsmayıl Hacıyevin elmi fəaliyyətində
Azərbaycan dövlətçilik tarixinin tədqiq edilməsi
mühüm yer tutur. Akademikin elmi araşdırmalarında
xalqımızın ümummilli lideri Heydər Əliyevin həyatının
və siyasi fəaliyyətinin, zəngin nəzəri irsinin tədqiqi
və elmi ümumiləşdirilməsi xüsusi yer tutur. Onun
tədqiqatlarında Heydər Əliyev dünyanın nadir
siyasi şəxsiyyətlərindən biri, müstəqil Azərbaycan
dövlətinin banisi, Naxçıvan Muxtar
Respublikasının xilaskarı kimi yüksək qiymətləndirilir.
Otuza
yaxın kitab və monoqrafiyanın, 220-yə yaxın elmi məqalənin
müəllifi olan İsmayıl Hacıyevin tədqiqatlarında
Azərbaycan Xalq Cümhuriyyətinin regionlarla əlaqəsi,
1941-1945-ci illər müharibəsində Azərbaycan
qadınlarının arxa cəbhədəki fəaliyyəti,
Azərbaycanın milli dövlətçilik tarixində
Naxçıvanın yeri, Naxçıvan bölgələrinin
ərazi taleyi, sosial-iqtisadi inkişafı, tarixi və mədəniyyət
abidələri, görkəmli yetirmələrinin həyat və
fəaliyyəti kimi mühüm mövzular əsas yer tutur.
Tarixçi
elmi kadrların hazırlanması sahəsində mühüm
xidmətləri olan İsmayıl Hacıyev AMEA-nın
Naxçıvan Bölməsində üç ixtisas üzrə
(Vətən tarixi, arxeologiya, iqtisadiyyat) fəaliyyət
göstərən Dissertasiya Şurasının sədridir. Onun
rəhbərliyi və elmi məsləhətçiliyi ilə
16 nəfər fəlsəfə doktoru və elmlər doktoru
dissertasiyası müdafiə etmişdi. O, hazırda 6
doktorantın elmi rəhbəridir. Dünyanın müxtəlif
ölkələrində keçirilən 35-ə yaxın
nüfuzlu beynəlxalq simpozium və konqreslərdə Azərbaycan
elmini layiqincə təmsil etmişdir.
AMEA
Naxçıvan Bölməsinə rəhbərlik etdiyi doqquz
ilə yaxın bir dövrdə İsmayıl Hacıyev bu elm
mərkəzinin fəaliyyətinin qurulmasında, maddi-texniki
bazasının möhkəmləndirilməsində, yüksək
ixtisaslı kadrlarla təmin edilməsində, xarici ölkələrin
elm və təhsil müəssisələri ilə əlaqələrin
qurulmasında faydalı işlər görmüşdür. AMEA
Naxçıvan Bölməsi akademik İsmayıl
Hacıyevin rəhbərliyi ilə böyük inkişaf yolu
keçmiş, Naxçıvanda elmi mühitin tərəqqisində
mühüm rol oynamışdır.
2003-cü
ildə fəaliyyətə başlayan AMEA-nın Naxçıvan
Bölməsi, yüksək dövlət qayğısı,
bölmənin sədri akademik İsmayıl Hacıyevin məqsədyönlü
fəaliyyəti və ardıcıl səyləri nəticəsində
Azərbaycanın mühüm elm ocağına
çevrilmişdir. Olduqca sadə və təvazökar insan
olmasına baxmayaraq elmdə çox tələbkar olan və
güzəştə getməyən akademik İsmayıl
Hacıyev gənc tarixçi kadrların hazırlanması sahəsində
çox səmərəli iş aparır, xeyirxah əməlləri
ilə onlara yardımçı olur. Çoxlu doktorant və
dissertanta uğurla elmi rəhbərlik edən və etməkdə
olan alim özünü bacarıqlı elm təşkilatçısı
kimi göstərmişdir.
Respublikanın
təhsil və elmi ictimaiyyəti onu böyük alim,
nüfuzlu tədqiqatçı, bacarıqlı təşkilatçı,
Vətən tarixinin, Heydər Əliyev ideyalarının
daşıyıcısı və fədakar təbliğatçısı
kimi tanıyır.
135
işçi, o cümlədən 50 elmi işçi, bir elmlər
doktoru (İ.Hacıyevin özü) və 12 nəfər elmlər
namizədi ilə fəaliyyətə başlayan
Naxçıvan Bölməsində hazırda 278 nəfər
işçi, eləcə də 100 nəfər elmi
işçi çalışır. Bu illərdə Bölmədə
elmi dərəcəli işçilərin sayı artıb.
Hazırda bölmədə 2 akademik, 4 müxbir üzv, 7 elmlər
doktoru və 45 nəfər elmlər namizədi (fəlsəfə
doktoru) çalışır. 6 elmi-tədqiqat institutu
üçün binalar ayrılmış, onlar yenidən
qurulmuş, yüksək səviyyədə təmir
olunmuş və müasir avadanlıqlarla təmin
edilmişdir. Bütün elmi işçilər kompyuter
texnologiyası ilə təmin olunmuş, internet sistemi
qurulmuş, bəzilərində isə simsiz internetdən
istifadə üçün şərait
yaradılmışdır. Bölmədə doktorantura
şöbəsi, nəşriyyat, fəaliyyət göstərir.
"Elmi" xəbərlər" buraxılır.
Naxçıvan Bölməsinin 2010- cu il elmi hesabatından aydın olur ki, elmi işçilərin 700-dən artıq əsəri (o cümlədən, 140 elmi əsər xaricdə) çap olunmuşdur. Bunlardan 22-si kitab və monoqrafiyadır.
Akademik İsmayıl Hacıyevin rəhbərliyi altında AMEA-nın Naxçıvan Bölməsinin səkkizillik fəaliyyəti dövründə Batabat Astrofizika Rəsədxanası üçün yeni inzibati bina tikilmiş və teleskop qurulmuşdur. Ordubad rayonunun Aşağı Əylis kəndində "Biokimyəvi tədqiqatlar laboratoriyası" üçün 3 mərtəbəli bina inşa edilmiş və yeni cihaz və avadanlıqlar alınmışdır. Nəbatat bağı (13,5 hektar) abadlaşdırılaraq yenidən qurulmuş və 2 mərətəbəli inzibati bina tikilmişdir. Bütövlükdə, elmi işçilərin normal fəaliyyət göstərmələri üçün hər cür şərait yaradılmışdır.
Naxçıvan Bölməsində fəaliyyət göstərən "Zooloji tədqiqatlar", "Meyvə, tərəvəz və üzüm", "Dənli, taxıl, paxlalı və texniki bitkilər", "Torpaq ehtiyatları", "Biokimyəvi tədqiqatlar", "Sorbsiya prosesləri", "Mineral xammalın kimyası və texnologiyası", "Fiziki tədqiqatlar" laboratoriyaları son model cihaz və avadanlıqlarla təchiz olunmuşdur.
Akademik İsmayıl Hacıyevin rəhbərliyi altında AMEA Naxçıvan Bölməsinin elmi əməkdaşlarının yaxından iştirakı ilə bir sıra ümumiləşdirici əsərlər yazılmışdır. İkicildlik "Naxçıvan ensiklopediyası", "Naxçıvan abidələri ensiklopediyası" (Azərbaycan və ingilis dillərində), "Naxçıvan tarixi atlası", "Naxçıvan folklor antologiyası", "Naxçıvanın qırmızı kitabı" (I və II cildlər, flora və faunaya aid) və başqa əsərlər bu qəbildəndir.
Naxçıvan Bölməsi fəaliyyət göstərdiyi səkkiz il ərzində öz işlərini bir sıra elm və təhsil müəssisələri ilə sıx qarşılıqlı əlaqədə qurmuşdur. Akademik İsmayıl Hacıyev tarixi tədqiqatlar sahəsində AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu ilə əlaqələrə xüsusi önəm verir. Belə ki, AMEA-nın Naxçıvan bölməsinin və Tarix İnstitutunun əməkdaşlarının yaxından iştirakı ilə "Naxçıvan: tarixi gerçəklik, müasir durum, inkişaf perspektivləri" (9-10 iyun 2006, Naxçıvan), "Naxçıvan bu gün: islahatlar, perspektivlər" (5-6 oktyabr 2007, Naxçıvan), "Nuh peyğəmbər, dünya tufanı və Naxçıvan" (24-25 aprel 2009, Naxçıvan) və başqa beynəlxalq simpoziumlar keçirilmiş və materiallar çap edilmişdir. Bundan başqa, fundamental bir araşdırma olan "Naxçıvan: tarixi və abidələri" kitabı (Azərbaycan və ingilis dillərində, müəllifləri Y.Mahmudov, K.Şükürov) A.A.Bakıxanov adına Tarix İnstitutunun Elmi Şurası və AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin birgə qərarı ilə çap olunmuşdur. Hazırda isə Tarix İnstitutu və Naxçıvan Bölməsinin birgə tədqiqatı olan iki cildlik "Naxçıvan tarixi" əsəri tamamlanmış və çapa hazırlanır. Bu əsərin hazırlanmasında Naxçıvan bölməsinin alimlərindən 5 nəfəri yaxından iştirak edirlər.
Akademik İsmayıl Hacıyevin uğurla rəhbərlik etdiyi AMEA-nın Naxçıvan Bölməsinin alimləri Tarix İnstitutu ilə digər müştərək əsərlər üzərində də işləyir, ölkəmiz üçün yüksək ixtisaslı kadrlar hazırlanmasında səmərəli əməkdaşlıq edirlər.
Akademik İsmayıl Hacıyev ölkə miqyasında fəal ictimai iş aparır. İctimai-siyasi xadim kimi Naxçıvan Muxtar Respublikasının, bütövlükdə, Azərbaycanın ictimai-siyasi və elmi-mədəni həyatında fəal iştirak edən akademik İsmayıl Hacıyev bir sıra mötəbər məclislərin, o cümlədən üzvü olduğu Yeni Azərbaycan Partiyasının, Dünya Azərbaycanlılarının, X Türk Dünyası dövlət və cəmiyyətlərinin, XI Türk dövlətləri və müəllimlər xalqlarının və müstəqillik dövründə keçirilən qurultaylarının iştirakçısı olmuşdur.
İctimai-siyasi, elmi və pedaqoji fəaliyyəti ilə Naxçıvan Muxtar Respublikasında və bütün Azərbaycanda böyük nüfuz və hörmət qazanan, məhz bütün bunlara görə xalqın etimadı ilə II çağırış Naxçıvan MR Ali Məclisinin, III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilən akademik İsmayıl Hacıyevin xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. Elm sahəsində qazandığı uğurlara görə o 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdür. Azərbaycan elmi qarşısında xidmətlərinə görə 2007-ci ildə akademik Yusif Məmmədəliyev adına mükafatla və medalla təltif olunmuşdur.
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsində, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gedən böyük quruculuq-abadlıq işlərində Naxçıvan Muxtar Respublikasında aparılan islahatlarda alim-vətəndaş kimi fəal iştirak etmək akademik İsmayıl Hacıyevin həyat kredosuna çevrilmişdir.
Ömrünün kamillik dövrünü yaşayan İsmayıl müəllimi 60 illik yubileyi münasibəti ilə təbrik edir, ona möhkəm can sağlığı, gələcək elmi fəaliyyətində və şəxsi həyatında daha böyük uğurlar arzulayırıq.
Yaqub MAHMUDOV,
AMEA Tarix İnstitutunun direktoru,
AMEA-nın müxbir üzvü, əməkdar elm
xadimi, Milli Məclisin
deputatı
Xalq qəzeti.- 2011.- 20 yanvar.- S. 5.