Xalqın hünər
salnaməsi
Yanvarın 19-da
Azərbaycan Turizm İnstitutunda
20 Yanvar faciəsinin
21-ci ildönümü münasibətilə
"Qanlı-şanlı tariximiz"
mövzusunda tədbir
keçirildi.
Milli
marş səsləndikdən və 1 dəqiqəlik
sükutdan sonra tədbiri ATİ-nin rektoru, tarix elmləri
doktoru, professor Cəfər Cəfərov açaraq dedi:
"Hər bir xalqın, millətin tarixində bir
dönüş nöqtəsi, özünüdərk anı
olur. Bizlər bu böyük həqiqəti 21 il əvvəl
yenidən gerçəkləşdirdik. İmperiyanın
şər maşını bizləri islamçı qüvvələr,
yad ünsürlər kimi dövlət çevrilişinə
cəhddə suçlayıb gecənin qaranlığında
amansızlıqla cəzalandırdı. Dünyanı
inandırmağa çalışırdılar ki, əgər
sovet ordusu Bakıya çağrılmasaydı, Azərbaycanda
etnik zəmində qarşıdırma kəskin şəkil
ala bilərdi. "Azadlıq" radiosu vasitəsilə sovet
ordusunun və muzdlu erməni başkəsənlərinin dinc
soydaşlarımıza qarşı vəhşilikləri barədə
xəbərlər yayılırdı. Kim idi islamçı,-
məktəbli Larisa? Kim idi narkoman- məktəbli İlqar? BDU-nun
aspirantı Yusif, yoxsa gənc Ülvi? Şəhid və yaralılardan,
itkin düşənlərdən hansılar?.. Cavabsız
suallar çoxdur... Bizim vəzifəmiz tarixin bu
ağrılı səhifəsini hərtərəfli
araşdırmaq, gələcək nəsillərə
çatdırmaq, onları xəbərdar etməkdir".
ATİ-nin
kafedra müdiri, tarix elmləri namizədi İbrahim Əliyev
Vətən tarixində 1990-cı ilin 20 Yanvarının şərəf
günü olduğunu xüsusi qeyd etdi. İgidlik, Vətənə
bağlılıq, torpaq sevgisi və qeyrəti anlamını
20 Yanvar şəhidləri ölməzlikləri ilə
sübut etdilər.
İnstitutun
kafedra müdiri, tarix elmləri namizədi Bahadur Bilalov fikrini
belə ifadə etdi: "Bizim nəsil rus-alman müharibəsini
görməyib. Amma Azərbaycanda Bakı müharibə dəhşətini
gördü. 1941-45-ci illər müharibəsinin qələbə
ilə başa çatmasında əhəmiyyətli rol
oynayan neft Bakısı o gecə qadağan olunmuş silahlardan
açılan atəşlə qan gölünə
çevrildi. Rus tanklarının lüləsinə qərənfil
taxan körpələrimizə, ana-bacılarımıza o
silahlardan atəş açıldı. Bu atəş
bütün Azərbaycanımızın ürəyinə dəydi."
Hüquqşünas
Şəmsəddin Əliyev 20 Yanvarın beynəlxalq
hüquqa və insanlığa zidd cinayət əməli
olduğunu faktlarla isbatladı. O günlər Bakıda
qırğına rəhbərlik edən SSRİ-nin güc
nazirlərinin cinayətkar əməllərinə görə
cavabdeh olduqlarını bildirdi.
Anım
mərasiminin sonunda ATİ-nin rektoru C.Cəfərov tədbirə
toplaşanlara müraciət edərək dedi: "Bizim hər
birimizin borcu 20 Yanvar faciəsini, ondan sonra baş verənləri
unutmamaq, tarixin daş yaddaşına həkk etməkdir. Tarix
unutqanlığı sevmir".
Zərifə BƏŞİRQIZI
Xalq qəzeti.- 2011.- 20 yanvar.- S. 4.