Xalqımızın azadlıq mübarizəsinin qanlı səhifəsi

 

1990-cı ilin 20 yanvarında Bakı şəhərində və Azərbaycanın bir sıra rayonlarında başda Mixail Qorbaçov olmaqla Sovet imperiyasının həyata keçirdiyi amansız qırğını xalqımız heç vaxt unutmayacaq. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə başdan-ayağa ən müasir silahlarla silahlanmış sovet ordusu Azərbaycan xalqına qarşı misli görünməmiş cinayət törətdi. Qabaqcadan planlaşdırılmış və düşünülmüş bu hərbi müdaxilə nəticəsində yüzlərlə günahsız insan öldürüldü, ağır bədən xəsarəti aldı və həbs olundu. SSRİ adlı dövlət öz vətəndaşlarına - əliyalın mülki əhaliyə, o cümlədən uşaqlara, qadınlara, qocalara silah qaldırdı. İstiqlaliyyət, azadlıq, müstəqillik arzusu ilə öz haqq səsini qaldıran, Vətənin ərazi bütövlüyü uğrunda mübarizə aparan, millətlər arasında ayrı-seçkiliyə son qoyulması tələbi ilə küçə və meydanlara çıxan insanlar gülləbaran edildi.

 

...1987-ci ildə Heydər Əliyev hiylə və məkrlə SSRİ-nin rəhbərliyindən uzaqlaşdırıldıqdan sonra Azərbaycana qarşı torpaq iddiasında olan erməni şovinistləri xeyli fəallaşdılar. Sən demə, onlar tarixi şəxsiyyət Heydər Əliyevin nüfuzu, ad-sanı, müdrikliyi qarşısında aciz imiş və xəbis niyyətlərini həyata keçirməyə cürətləri çatmırmış. 1988-ci ildən başlayaraq, Azərbaycana qarşı ərazi iddialarını açıq şəkildə büruzə verən erməni şovinistləri öz niyyətlərini gerçəkləşdirmək üçün SSRİ-nin o vaxtkı rəhbəri M.Qorbaçovla da qabaqcadan sövdələşmə aparıblarmış. Onlar Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün min oyundan çıxır, guya bu ərazilərin tarixən onlara mənsub olması barədə hər cür yalana, böhtana, saxtakarlığa əl atırdılar.

Millətlər arasında ayrı-seçkilik, ədavət toxumu səpən M.Qorbaçov ermənilərə havadarlıq edir, Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalına şərait yaradırdı. Vəziyyətin getdikcə daha kəskin xarakter aldığını görən, Azərbaycanın o vaxtkı rəhbərliyinin xəyanətkar siyasət yeritdiyini və cəsarətsizlik, qorxaqlıq nümayiş etdirdiyini hiss edən xalqın qəzəbi, hiddəti aşıb-daşırdı. Vətənin bir qarış torpağını nankor qonşularımıza qıymayan xalq bu ədalətsizliyə, haqsızlığa dözməyərək "Torpaqdan pay olmaz" - deyərək öz haqq səsini qaldırdı. Konstitusiya hüquqlarının kobud şəkildə pozulmasına ciddi narazılığını bildirən insanların etiraz dalğası getdikcə daha geniş vüsət alırdı. Bu etiraz səsi, nəhayət, Kremli silkələdi və M.Qorbaçov vəziyyətdən çıxış yolunu əliyalın xalqın üstünə 35 minlik ordu yeritməkdə tapdı.

M.Qorbaçov Azərbaycan xalqına divan tutmaq, onun haqq səsini zorla, silah gücünə boğmaq üçün SSRİ Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Komitəsinin, həmçinin, "ALFA" və SSRİ DTK-nın "A" təxribat qruplarının xüsusi hazırlıq keçmiş qoşunlarından istifadə etdi. Bu dəhşətli hərbi cinayəti həyata keçirmək üçün DTK"təxribat maşını" işə salındı. Bakıda hərbi xidmətdə olan rus zabitlərinin ailələri qabaqcadan ölkədən çıxarıldı və süni surətdə "rus qaçqınları" problemi yaradıldı.

Sovet imperiyasının hər bir tapşırığını can-başla yerinə yetirən Azərbaycanın o vaxtkı rəhbərliyi xalqı aldadaraq deyirdi ki, Bakıya heç bir ordu hissələri yeridilməyəcək. Özlərini milli azadlıq hərəkatının liderləri adlandıran Rəhim Qazıyev, Etibar Məmmədov, İsa Qəmbər, Nemət Pənahlı bu məsələdən qabaqcadan xəbərdar olsalar da, küçə və meydanlarda etiraz səsini qaldıran insanları bu barədə məlumatlandırmadılar.

Bu barədə sonradan Azərbaycan Xalq Cəbhəsinin fəallarından biri Zərdüşt Əlizadə açıqlama yaymışdır. O, həmfikirlərinin gözləmə mövqeyində olduqlarını bildirmişdi. Xalqın küçə və meydanlardan dağılmasına hər vasitə ilə mane olan, onlara yalan məlumatlar verən milli azadlıq hərəkatının "liderləri" yanvarın 19-dan 20-nə keçən gecə qaçıb aradan çıxdılar.

M.Qorbaçovun bilavasitə göstərişi ilə güc nazirləri Yazov, Bakatin və Kryuçkovun başçılıq etdikləri sovet ordusunun kontingenti 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə heç bir xəbərdarlıq edilmədən qəflətən Bakıya yeridildi. Kommunist diktaturası 1956-cı ildə Macarıstana, 1968-ci ildə Çexoslovakiyaya və 1979-cu ildə Əfqanıstana qarşı cinayətkar hərbi təcavüzü 1990-cı ildə Azərbaycan xalqına qarşı törətdi. Bu cinayət öz qəddarlığına görə əvvəlkilərdən tamamilə fərqlənirdi. Çünki Azərbaycana göndərilən qəddar və peşəkar cəza dəstələrinin tərkibində erməni əsgər və zabitləri çoxluq təşkil edirdilər. Stavropol, Krasnodar, Rostov və digər yerlərdən səfərbərliyə alınan, hətta Azərbaycandakı sovet hərbi hissələrində xidmət edən erməni əsgər və zabitlərinin əliyalın xalqın üzərinə göndərilməsi qabaqcadan planlaşdırılmışdı. Sovet imperiyasının milli münaqişələri silah gücünə "tənzimləməkdə" "böyük təcrübə" qazanmış ordusu öz qəddarlığını Azərbaycan xalqından da "əsirgəmədi".

Yanvarın 19-dan 20-nə keçən gecə səhərədək Bakı küçələrində ağır texnikanın, tankların, zirehli maşınların, iri çaplı pulemyotların, avtomatların səsi kəsilmədi. Həmin gecə qəflətən işıqlar söndürüldü və öz dövlətindən qəddarlıq, amansız rəftar, gülləbaran gözləməyən əhali projektorların gur işıqları altında çaş-baş qaldılar və xüsusi amansızlıqla qətlə yetirildilər. Maskalanmış quduz imperiya əsgər və zabitləri beynəlxalq hüquq normalarına belə əhəmiyyət vermədən qadınları, uşaqları, qocaları, hətta yaralıların köməyinə gələn tibb işçilərini, təcili tibbi yardım maşınlarını da gülləbaran edirdilər. Bir anın içərisində küçə və meydanlar günahsız insanların qanına boyandı. Qanlı cinayət başa çatdıqdan sonra azğınlaşmış ordu hissələri tələm-tələsik şəhəri tərk etmiş, fövqəladə vəziyyət barədə fərman elan olunmuş və Bakıda "qayda-qanunu bərpa etmək" adı ilə yeni nizami ordu hissələri şəhərə yeridilmişdi. Bu qanlı cinayətin üstünü ört-basdır etmək məqsədi ilə yanvarın 20-də əhaliyə küçəyə çıxmaq qadağan olunmuşdu.

Azərbaycanda törədilmiş dəhşətli faciənin ört-basdır edilməsi, beynəlxalq ictimaiyyətə ətraflı məlumat verilməməsi üçün bütün vasitələrə əl atan sovet rejimi kütləvi informasiya vasitələrini də susdurmuşdu. Hərbi cinayətdən bir gün qabaq televiziyanın enerji blokunun partladılmasında da əsas məqsəd sonra törədiləcək qanlı hadisə barəsində məlumat yayılmasının qarşısını almaq olmuşdur.

Həmişə çətin məqamlarda xalqının köməyinə çatan, ürəyi millətinin, Vətənin yanında olan müdrik siyasi xadim, türk dünyasının lideri Heydər Əliyev bu dəfə də xalqın səsinə səs verdi. O vaxtlar Moskvada ciddi nəzarət altında olan, ağır vəziyyətdə yaşayan ulu öndər Heydər Əliyev 1990-cı il yanvarın 21-də Azərbaycan nümayəndəliyinə gələrək bu dəhşətli faciə ilə əlaqədar dünya ictimaiyyətinə məlumat verdi. Azərbaycan xalqına başsağlığı verdi. Azərbaycanda baş vermiş hadisələrin hüquqa, demokratiyaya yabançı, humanizmə və ölkəmizdə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab etdiyini qətiyyətlə bildirdi. Ulu öndər həmin tarixi çıxışında dedi: "Hesab edirəm ki, Azərbaycandakı vəziyyəti öz axarına salmaq, siyasi həyatdakı qeyri-sabitliyi nizamlamaq üçün kifayət qədər imkan olmuşdur. Təəssüf ki, Azərbaycan rəhbərliyi,həmçinin ölkənin ali siyasi rəhbərliyi bu imkanlardan istifadə edə bilməmişdir. Sərhədlərə edilən təcavüzü vaxtında aradan qaldırmaq mümkün idi. Axı, camaat sərhəd zolağı ilə bağlı tələblərini üç ay əvvəl irəli sürmüşdü. Fəqət, heç kəs onlarla görüşmək, izahat işi aparmaq və lazımi ölçü götürmək istəməmişdir. Təkrar edirəm: camaatı sakitləşdirmək üçün də imkanlar tükənməmişdi. İki-üç ay əvvəl Azərbaycan partiya rəhbərliyinin möhkəmləndirilməsi məsələsi həll edilsə idi, vəziyyət gərginləşməz, ordu yeridilməsinə zərurət yaranmazdı. Bütün vəziyyətlərdə hesab edirəm ki, məsələni siyasi cəhətdən tənzimləmək, xalqla mükaliməyə girmək üçün əlverişli imkanlar olmuşdur. Lakin onlardan səmərəli istifadə edilməmişdir. Nəhayət, yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun, SSRİ Daxili İşlər Nazirliyinin böyük kontingenti Bakı şəhərinə yeridilmişdir. Nəticəsi göz qabağındadır. Bunun törətdiyi faciələr hamımıza məlumdur".

1993-cü ildə xalqın çoxsaylı müraciətindən sonra yenidən Azərbaycana rəhbərlik edən ulu öndər Heydər Əliyev ilk növbədə ölkədə yaranmış anarxiya və özbaşınalığın qarşısını aldı. Tədricən ölkədə nizam-intizam yaradıldı, ictimai-siyasi sabitlik təmin edildi. Xalqın gələcəyə olan inamı, ümidi getdikcə artdı. Heydər Əliyevə qədər Azərbaycana rəhbərlik edənlərin heç biri 1990-cı il yanvarın 20-də xalqımızın başına gətirilmiş bu dəhşətli faciəyə hüquqi-siyasi qiymət verilməsi, qanlı olayın törədilməsinin əsl səbəbləri, günahkarların adının açıqlanması barədə düşünən olmamışdı. Həmin dövrdə ölkəyə rəhbərlik edən Ə.Vəzirov, A.Mütəllibov və AXC-Müsavat cütlüyü yanvar hadisələrinin törədilməsində həqiqi günahkarların aşkar edilməsinin, bu barədə xalqa məlumat verilməsinin üstündən sükutla keçmişlər.Bütün bunlar ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra reallaşdı. İlk dəfə Heydər Əliyev 1994-cü il yanvarın 5-də 20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında fərman imzaladı. Bu fərmanın 2-ci bəndində Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunurdu ki, 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət versin və bu məqsədlə Milli Məclisin xüsusi sessiyasının keçirilməsi məsələsinə baxsın.

1994-cü il martın 29-da 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr Milli Məclisdə geniş müzakirə edilmiş və 9 bənddən ibarət qərar qəbul olunmuşdur. Həmin qərarda göstərilir ki, sovet qoşunlarının Azərbaycana qanunsuz yeridilməsi nəticəsində Bakıda və respublikanın rayonlarında 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Bu hərbi təcavüz nəticəsində Azərbaycan SSR Konstitusiyası, Azərbaycan Respublikasının suveren hüquqları pozulmuşdur.

Qərarın 2-ci bəndində yazılır: "İşğalçılıq siyasəti ilə Azərbaycanın suverenliyinə qəsd etmiş, xalq hərəkatını boğmaq üçün bədnam kommunist ideologiyası libasında köhnə imperiya iddialarını həyata keçirmək məqsədilə 20 Yanvar faciəsini təşkil etmiş Sovet İttifaqı Kommunist Partiyası, sovet dövləti və hökuməti rəhbərliyinin, şəxsən Mixail Qorbaçovun Azərbaycan xalqına qarşı ağır cinayət törətdiyi qeyd olunsun".

Bununla yanaşı, xalqın azadlıq hərəkatını boğmaq məqsədilə sovet qoşunlarının Azərbaycana çağırılmasına və xalqa qarşı yönəldilməsinə razılıq verən, vətəndaşların əmin- amanlığını təmin etməyən, hakim mövqelərini qorumaq naminə öz xalqının qanının axıdılmasına yol verən Əbdürrəhman Vəzirovun təcavüzün birbaşa təşkilatçısı və iştirakçısı olduğu, Ayaz Mütəllibovun, Viktor Polyaniçkonun, Vaqif Hüseynovun bilavasitə bu cinayətdə iştirak etmələri, bununla da Azərbaycan xalqına xəyanət etdikləri qərarda öz əksini tapıb.

Ulu öndər Heydər Əliyev 20 Yanvar faciəsində şəhid olanların ailələrinin, yaralananların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm əhəmiyyətli fərmanlar imzalamışdır.

Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev Vətən uğrunda şəhid olan, əmək qabiliyyətini itirən insanlara dövlət tərəfindən təyin edilmiş sosial müavinətlərin artırılması barədə qərarlar qəbul etmiş, onların həyat tərzinin daha da yaxşılaşdırılması ilə əlaqədar mühüm əhəmiyyət kəsb edən tədbirlər həyata keçirmişdir. Belə nəcib və kövrək insanları daim diqqət mərkəzində saxlayan ölkə Prezidenti canlarını Vətən yolunda qurban vermiş insanların, 20 Yanvar şəhidlərinin heç vaxt unudulmayacağını xüsusi vurğulayaraq demişdir: "Azərbaycan xalqı bu günü heç vaxt yaddan çıxarmayacaq və gələcəkdə də hər il bu gün qeyd olunmalıdır. Azadlıq, müstəqillik uğrunda,Vətən uğrunda özlərini qurban verən şəhidlərimizin hamısının xatirəsini həmişə qəlbimizdə yaşatmalıyıq. Hesab edirəm ki, bugünkü müstəqil, qüdrətli Azərbaycan xalqımızın ən böyük sərvətidir. Şəhidlərimizin, canlarını qurban vermiş insanların bu işdə böyük xidməti olubdur. Bu da heç vaxt yaddan çıxarılmamalıdır".

 

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2011.- 20 yanvar.- S. 1; 4.