"Azərbaycanın
sevinci Türkiyənin sevinci, kədəri Türkiyənin kədəridir"
Böyük
Atatürkün bu kəlamı 1990-cı ilin yanvar hadisələrində
bir daha öz təsdiqini tapdı
1990-cı il
yanvarın 20-də toplu-tüfəngli sovet ordusu gecənin bir
vədəsində heç bir xəbərdarlıq etmədən
əli silahsız dinc əhalinin üstünə
yürüdü, qırğın törətdi. Nəticədə,
bir gecədə 130-dan artıq adam həlak oldu, 700-dək
insan yaralandı, onlarla azərbaycanlı itkin
düşdü. Həmin dəhşətli gecədən
sonra bütün Azərbaycan yasa qərq oldu. Xatırlayanlar bilir
ki, 20 Yanvardan sonra çoxları bu hadisənin heç kəs
tərəfindən qınanmayacağını, bizim tək və
köməksiz olduğumuzu deyirdilər. Ancaq belə
olmadı. Ulu öndər Heydər Əliyevin heç bir təhdidə
məhəl qoymadan Moskvada mətbuat konfransı keçirərək
faciə barədə dünya ictimaiyyətini məlumatlandırması
və öz vətəndaşlarını qətlə
yetirdiyinə görə Sovet hakimiyyətini qınaması
qardaş Türkiyəni ayağa qaldırdı. Türkiyə
xalqı canı bir, qanı bir qardaşlarının kütləvi
şəkildə qətlə yetirilməsinə etiraz əlaməti
olaraq küçələrə, meydanlara axışır, rəsmi
Ankaradan Azərbaycana hərbi kömək göndərilməsini,
bu mümkün deyilsə, sərhədləri açıb
könüllülərin oraya getməsinə şərait
yaratmasını tələb edirdi. Biz o zaman bir daha anladıq
ki, Azərbaycan xalqının ən böyük dayağı
ulu öndər Heydər Əliyev və türk
xalqıdır.
Azərbaycanda baş verən faciə Türkiyə ictimaiyyətini yumruq kimi birləşməyə vadar etmişdi. Deyilənlərə görə, ölkədə sağ və sol partiyaların nümayəndələri heç vaxt bu şəkildə bir araya gələrək birgə aksiya keçirməmişdilər. Mitinqlərə gələnləri birləşdirən yeganə amil isə ictimaiyyətin Azərbaycana, Azərbaycan xalqına olan dərin məhəbbəti idi. Həmin vaxt Türkiyə xalqı Azərbaycanda törədilən qətllərdən dəhşətə gəlmişdi. Ölkə hər an partlamağa hazır bombaya bənzəyirdi. Heç bir tədbir görə bilmədiyi üçün günahlandırılan Türkiyənin həmin dövrdəki hökumətini istefaya çağıranların sayı gündən-günə artırdı.
1990-cı ilin yanvarında Türkiyənin Azərbaycanla sərhəd bölgələrində vəziyyət daha da gərginləşmişdi. 1990-cı illərdə İğdır hələ vilayət statusu almadığına görə Qars vilayətinin tərkibində idi. Həm Qarsda, həm də İğdırda əhali kütləvi şəkildə küçələrə axışır, hər gün mitinqlər keçirilirdi. Həmsöhbətim Osman Gezeker həmin dövrdə Qars vilayətinin əmniyyət müdiri, yəni polis rəisi olub. Osman bəy vilayətdə ictimai asayişin qorunmasına cavabdeh olan şəxs kimi, əslində, icazəsiz mitinqləri dağıtmalı və bu istiqamətdə lazımi tədbirlər görməliydi. Lakin...
Gerisini Osman Gezekerin öz dilindən eşidək:
- 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Bakını işğal etməsi və orada dəhşətli qətllər törətməsi barədə türk dünyasının böyük oğlu Heydər Əliyevin Moskvada verdiyi bəyanat və kütləvi informasiya vasitələrində gedən məlumatlar ildırım sürəti ilə bütün Türkiyəyə yayıldı. Bu xəbəri eşidənlər qeyri-ixtiyari küçələrə, meydanlara axışırdı. Vəziyyət barədə məlumatlandırdığımız mərkəzdən isə bizə belə bir təlimat gəlmişdi ki, durumun nəzarətdən çıxmasının qarşısını alaq. Çünki terrorçular və cinayətkar quruplar, təxribatçılar fürsətdən istifadə edə və nəticədə vətəndaşlar təhlükə qarşısında qala bilərdi. Amma bütün Qars vilayətinin əhalisi hamılıqla ayağa qalxdığı üçün mən görürdüm ki, mitinqlərin, yürüşlərin qarşısını almaq mümkün deyil.
Əslində isə, imperiyanın Bakıda törətdiyi dəhşətli qırğınlar türk millətinin övladları olaraq, biz polis işçilərinin də ürəyini ağrıtmışdı. Ona görə də qaniçən orduya qarşı çıxışlar edən, Azərbaycanın dərdinə şərik çıxan bütün həmyerlilərimizi ürəyimizdə alqışlayır, "halal olsun sizə!" - deyirdik. Azərbaycanlı qardaşlarımızın adı gələndə isə bəzən polis olduğumuzu da unudur, etiraz aksiyasının yüzlərlə iştirakçısına qoşularaq biz də yüksək səslə "Azərbaycan, can Azərbaycan!", "Sovet Ordusuna ölüm!", "Qardaşlarımıza qıyanlara biz də qıyarız!", "Rusiya, Azərbaycandan əlini çək!" və sair şüarlar səsləndirir, göz yaşlarımızı saxlaya bilmirdik. Bunu təbii hesab edirəm, çünki türk polisi həmişə xalqla birlikdə olub və Azərbaycan kimi həssas bir məsələdə də təbii ki, xalqın yanında olmalıydı.
Mitinqlərdə alovlu çıxışlar edən qarslılar Azərbaycandakı dəhşətli hadisələr barədə danışır, azərbaycanlı qardaşlarımızın dərdinə şərik olduqlarını bildirirdilər. Həmin vaxt hava buludlu idi, qar yağırdı. Sanki, buludlar da Azərbaycanda baş verən faciəyə yas saxlayırdı. Havanın soyuq və yağıntılı olmasına baxmayaraq heç kəs meydandan getmək fikrində deyildi. Məni heyrətə gətirən isə o idi ki, bu aksiyalarda ölkəmizin sağ və sol partiyalarının nümayəndələri birlikdə iştirak edirdilər. Halbuki Türkiyədə yaşayan hər kəs bilir ki, bu partiyaların nümayəndələrinin birgə aksiyada iştirak etməsi həmin vaxtlar sensasiya idi. Ancaq Azərbaycanın dərdi ürəklərimizi elə yandırmışdı ki, heç buna fikir verən də yox idi. Hamının məqsədi, məramı Azərbaycanda törədilən faciəyə etiraz etmək, nə yolla olursa-olsun, qan qardaşlarımıza kömək etməyə çalışmaqdı. Düzdür, əlimiz heç yerə çatmırdı. Elə bizi yandıran da bu idi.
İnsanlar arasında elə bir əhval-ruhiyyə var idi ki, inanın, əgər bir nəfər sərhədi keçərək Azərbaycana getmək barədə təklif irəli sürsəydi, hamı bunu qəbul edərdi və həmin an bu təklifi yerinə yetirməyə çalışardı. Hər kəs Azərbaycan uğrunda ölümə getməyə hazır idi. Və gözlədiyimiz baş verdi. Mitinqçilər etiraz əlaməti olaraq Türkiyənin Naxçıvanla sərhədinə doğru yürüş etmək barədə çıxışlar etməyə başladılar. Bu təklif alqışlarla qarşılandı. Bu, bizi çox narahat etdi. Vətəndaşlarımız sərhədə yürüş etsələr və Naxçıvana keçməyə çalışsalar, Bakıda soydaşlarımızı qətlə yetirən sovet əsgərləri tərəfindən gülləbaran edilə bilərdilər. Ancaq qardaş sevgisinin, qardaş yanğısının ürəklərə hakim olduğu yerdə hamı ölümü, təhlükəni unutmuşdu.
Yaxşı xatırlayıram, Qarsdan, İğdırdan gələn mitinqçilər bir neçə dəfə sərhədi keçməyə cəhd göstərdilər. Amma biz vətəndaşlarımızın təhlükəsizliyi naminə bunların qarşısını aldıq. İnsanlara başa salmağa çalışdıq ki, bu hərəkətlər heç bir fayda verməyəcək. Əgər bunun hər hansı bir faydası olsaydı, biz polislər onlardan əvvəl sərhədi keçər, qardaşlarımızın köməyinə yetişərdik.
Tükiyənin böyük şəhərlərində də mitinqlər keçirilirdi. Ankarada, İstanbulda, İzmirdə, Ərzurumda... Ölkəmizin ən böyük şəhəri olan İstanbuldan gələn məlumatlara görə, Taksim meydanında keçirilən etiraz aksiyasına o qədər adam gəlmişdi ki, yer qalmadığı üçün insanlar məcbur qalıb İstiqlal prospektinə də toplaşmalı olmuşdular. Həmin mitinqdə 30 metrədək üçrəngli möhtəşəm Azərbaycan bayrağı alqış sədaları və şüarlarla meydana gətirilib. Yeri gəlmişkən, Azərbaycan bayrağı ilə bağlı maraqlı bir hadisə də İğdırın Naxçıvan sərhədinə yaxın Aralıq kəndində baş vermişdi. Həmin dövrdəki bələdiyyə sədri Yıldırım Turan sərhəddə keşik çəkən sovet əsgərlərinin müşahidə edə biləcəyi bir yerdə hündür bir dirəyin üzərinə böyük Azərbaycan bayrağı sancmışdı. Doğrusu, biz üçrəngli bayrağı görəndə ürəyimiz riqqətə gəldi. İnsanlarımız bu yolla "Odlar yurdu"nun dərdinə şərik çıxdığını ifadə edir, Azərbaycana sonsuz sevgi bəslədiyini göstərməyə çalışırdılar .
Osman Gezeker həmin günləri ən kədərli, ən narahat, eyni zamanda, ən şərəfli anlar hesab edir. Çünki həmin günlər, həqiqətən də, iki xalqın birlikdə olduğunu bir daha sübuta yetirdi. Bakıda baş verən faciədən sonra Azərbaycanla birlikdə Türkiyə də yasa büründü. Bütün bunlar bizə böyük öndər Mustafa Kamal Atatürkün "Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir!" və əbədi lider Heydər Əliyevin "Biz bir millət, iki dövlətik" - müdrik kəlamlarını xatırladır.
Bəli, 1990-cı il yanvarın son günləri XX əsrdə iki türk yurdunu-Türkiyəni və Azərbaycanı xilas etmiş iki böyük türk oğlunun kəlamlarının təsdiqini tapdığı hadisələrlə zəngin olmuşdur.
Söhbəti qələmə
aldı: Rauf ƏLİYEV
Xalq qəzeti.- 2011.- 20 yanvar.- S. 3.