Azərbaycan şəhidlərin xatirəsini ehtiramla yad edir

 

Müstəqilliyə gedən şanlı yolun qanlı gecəsi

 

Ən ağır sınaqlara sinə gərmək əzmini bütün dünyaya nümayiş etdirən Azərbaycan övladları 1990-cı il yanvarın 20-də xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Xəzərin qoynunda, küləklər şəhəri Bakının qucağında gecə-gündüz bir məşəl alovlanır. Onun işığında isə yüzlərlə oğul və qız uyuyur. Düz 21 il öncə onların məzarlarına düzülən qərənfillər bu insanları şəhidlik mənzilində salamladı: "Şəhidliyin mübarək"-deyib ölkənin azadlığı və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş soydaşlarımızın mübarizliyinə şahid oldu. O gecə sovet tanklarının qarşısına əliyalın çıxan xalq qorxmazlıq, qəhrəmanlıq göstərdi. Bu gün onların fədakarlığını,tarixə çevrilmiş günü xatırlayan hər kəs Şəhidlər Xiyabanını ziyarət edir, and yerinə çevrilmiş bu müqəddəs məkanı uca tutur.

 

1990-cı il 20 Yanvar gecəsi sovet ordusu hissələri həm quru, həm dəniz yolu ilə Bakı şəhərini əhatəyə aldı, şəhərə zirehli texnika ilə daxil olan sovet əsgərləri 100-dən artıq insanı qətlə yetirdi. Həmin gün sovet hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi terror aktı ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhalinin susdurulmasına xidmət edirdi. Ancaq bu qanlı hadisə xalqın milli azadlıq duyğularını, müstəqilliyə olan inamını qırmadı, əksinə totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.

Kommunist diktaturası Çexoslovakiyaya, Macarıstana, Əfqanıstana qarşı həyata keçirdiyi hərbi müdaxiləni hətta o zamankı Sovet İttifaqının müttəfiq respublikalarından biri olan Azərbaycanda da təkrarlamaqdan çəkinmədi. Həmin vaxt Ermənistan sərhəd kəndlərimizə hücum edir, evləri yandırırdı. Belə şəraitdə sovet rəhbərliyi nəinki münaqişənin qarşısını almaq üçün qəti tədbirlər görmədi, əksinə, Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitlər, sovet hərbi hissələrində xidmət edən ermənilər daxil edilmişdi. Bakıya yeridilmiş qoşun kontingentinə "döyüş tapşırığını" yerinə yetirmək üçün möhkəm psixoloji hazırlıq keçilmişdi. Bu barədə "Şit" təşkilatı müstəqil hərbi ekspertlərinin hazırladığı hesabatda qeyd edilirdi ki, guya Bakıdakı "ekstremist qüvvələr" silahla təchiz edilib, istənilən adamı "pulemyot" atəşinə tutmağa hazırdır.

1990-cı il yanvarın 19-da Mixail Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı. Lakin SSRİ DTK-nın "Alfa" qrupu yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziyasının enerji blokunu partlatdı, bununla da respublikada televiziya yayımı dayandırıldı. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və əliyalın dinc əhaliyə divan tutmağa başladı. M.Qorbaçovun fərmanı qüvvəyə minənədək - yanvarın 20-də saat 00-dək artıq 9 nəfər öldürülmüşdü. Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də dövlət radiosu ilə çatdırıldı. Həmin vaxt öldürülənlərin sayı 100 nəfərə çatmışdı. Ancaq Qorbaçovun Azərbaycana ezam etdiyi yüksək vəzifəli emissarlar əvvəlki günlərdə həyasızcasına bəyan edirdilər ki, Bakıda fövqəladə vəziyyət elan olunmayacaq.

Tanklar və ZTR-lər Bakı küçələrində qarşılarına çıxan hər şeyi əzir, hərbçilər hər yanı atəşə tuturdular. İnsanlar nəinki küçələrdə, hətta avtobusda gedərkən, öz mənzillərində oturduqları yerdə də gülləyə tuş gəlirdilər. Yaralıları aparmağa gələn "təcili yardım" maşınları və tibb işçiləri də atəşə tutulurdu. Bir neçə gün ərzində 130-dan çox adam öldürüldü, 700-dək insan yaralandı, 800-dən çox adam qanunsuz həbs edildi.

"Şit" təşkilatı ekspertlərinin hesabatında ölkədə baş verən qətliam bu cür təsvir edilirdi : "Adamları xüsusi qəddarlıqla və yaxın məsafədən güllələmişlər. Məsələn, Y.Meyeroviçə 21, D.Xanməmmədova 10-dan çox, R.Rüstəmova 23 güllə vurulub; xəstəxanalar, "təcili yardım" maşınları atəşə tutulmuş, həkimlər öldürülmüşdür, adamlar süngü-bıçaqla qətlə yetirilmişdir. "

Bu qanlı hadisəyə ilk olaraq öz münasibətini bildirən şəxs ümummilli lider Heydər Əliyev olmuşdur. O, 21 yanvar 1990-cı il tarixdə qətliamla əlaqədar Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlmiş, keçirilən yığıncaqda Sovet qoşunlarının dinc əhalini qətlə yetirməsinin hüquqa, demokratiyaya yad, humanizmə zidd olduğunu dünyaya bəyan etmişdi. Onun operativ bəyanatı 20 Yanvar hadisələrinə verilən ilk siyasi qiymət idi.

Ölkə informasiya blokadası şəraitində olduğundan baş vermiş dəhşətli olay barədə xəbər dünyaya "Azadlıq" radiosunun dalğaları ilə yayıldı. Qətliam dünyanın nüfuzlu nəşrlərinin diqqətindən də yayınmadı. İngiltərənin "Guardian" qəzeti 22 yanvar 1990-cı il tarixli sayında baş verənləri terror adlandıraraq yazırdı: "Bu " hərbi əməliyyatı" əsassız qorxu və səksəkənin nəticəsi kimi izah etmək olar. Ordunun şəhərə hücumu zamanı günahsız adamların vəhşicəsinə güllələnməsi, tankların özlərini onların altına atan gəncləri basıb keçməsi, tonqallar ətrafında qızınan azərbaycanlıların üzərinə hücuma keçərək cəsədlərin tanınmaz hala salınması bütün dünya ictimaiyyəti tərəfindən pislənməlidir".

ABŞ-ın nüfuzlu "Wall Street Journal" nəşri sovet rəhbərini azadlıq axtaran Azərbaycana zorakılıq tətbiq etməkdə günahlandırır, qanlı hadisəni pisləyirdi.

Xalqımızın milli istiqlaliyyətə olan inamı və bu yolda mübarizəsindən bəhs edən "Nyu York Tayms" qəzeti 1990-cı il 18 fevral tarixli sayında Sovet Qoşunlarının törətdiyi qırğının insanların təfəkküründə imperiyaya nifrət yaratdığını qeyd edirdi: " Bakının işğalından sonra xalqını sevən hər bir azərbaycanlıda Moskvaya və Qorbaçova nifrət hissi oyanmışdır. Vaxtilə üzüyola müstəmləkə olan Azərbaycan indi öz suveren, demokratik hüquqlarını tələb edir. Bakıda adi satıcıdan tutmuş hakimiyyət nümayəndələrinə qədər hamı inanır ki, Moskva Azərbaycanın suveren hüquqlarını tələb etməsinin qarşısını almaq üçün Bakıya qoşun göndərdi."

Baş verənlər qardaş Türkiyədə də kədərlə qarşılandı. O günlərdə Türkiyə Dini İşlər Nazirliyi rəhbərliyi yaydığı bəyanatda Azərbaycandakı bacı və qardaşlarının kədərlərini bölüşdüyünü, bu faciədən sarsıldıqlarını bildirmişdi.

Hadisəni öz gözləri ilə görüb tanış olmaq üçün Bakıya müxtəlif əcnəbi jurnalistlər axışırdı. Düzdür, o zaman ölkəyə gəlmək çətin olsa da, bunu bacaran müxbirlər Bakıda baş verən qanlı olayı işıqlandırır, gördükləri mənzərədən dəhşətə gəldiklərini etiraf edirdilər. Onlardan biri iranlı fotoqraf Rza xatirələrində Fransa televiziya kanalında çalışan əslən türk olan müxbir Əhməd Sellə Bakıda necə çəkilişlər aparmasını, kadr və fotoları Fransaya qayıdandan sonra Avropa mediasına ötürdüklərini ürəkağrısı ilə yazır: " Televiziyada saat 8-də xəbərlər blokunun efirə getməsi barədə anons verildi. Gözlərimdən qeyri-ixtiyari yaş gəldi. Bu, o demək idi ki, Əhmədin çəkdiyi kadrlara heç nə olmayıb, salamatdır. Çünki bir neçə müddət öncə fransız jurnalistlərin Qazaxıstandan çəkilişdən qayıdarkən kadrların yanmasının şahidi olmuşduq. Gecə xəbərlər verilişi ilk olaraq, Bakıda baş vermiş faciəli hadisə ilə başladı. Efirə 5-6 dəqiqəlik material verdilər. Çəkdiyim şəkillərin surətini çıxararaq, dünyanın nüfuzlu 2000 qəzet və jurnalına yaya bilən informasiya agentliyinə verdim. Evə qayıdandan 24 saat sonra Qara Yanvar faciəsi xəbəri bütün dünyaya yayılmışdı. "

Yanvar qətliamı nə qədər faciəli olsa da, xalqımızın milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan Vətən oğulları xalqın müstəqilliyi üçün yol açdılar. Bunun nəticəsidir ki, bu gün nüfuzlu tədbirlərdə, yarışlarda şəhidlərin al qırmızı qanına boyanmış üçrəngli Azərbaycan bayrağı qürurla dalğalanır... İllər keçəcək, nəsillər dəyişəcək, 20 Yanvar qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların uyuduğu Şəhidlər Xiyabanı daim xalqımızın and yeri olaraq qalacaq. Ordakı məşəl də onların nurlu xatirəsinə daim işıq salacaq.

 

 

Əfsanə BAYRAMQIZI

 

Xalq qəzeti.- 2011.- 20 yanvar.- S. 3.