Suraxanıda
silsilə tədbirlər
"20 Yanvar faciəsinin 21-ci
ildönümü ilə bağlı Suraxanı Rayon İcra
Hakimiyyəti rayonda silsilə tədbirlər
keçirmişdir. Tədbirlər planına müvafiq olaraq
rayonun bütün ərazisində 20 Yanvar şəhidlərinin
xatirəsi ilə bağlı ərazilərdə abadlıq və
təmizlik işləri görülmüşdür.
"Suraxanı rayonu Heydər Əliyev Mərkəzi"nin elektron auditoriyalarında "20 Yanvar faciəsi haqqında film nümayiş olunmuşdur. Filmdə bəşər tarixinin dəhşətli cinayət hadisəsi şagirdlərin diqqətinə çatdırılmışdır.
Rayon ərazisində yerləşən bütün sənaye, təhsil, səhiyyə, mədəniyyət müəssisələrində "20 Yanvar faciəsi Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzidir" mövzusunda xatirə tədbirləri təşkil olunmuşdur. Eyni zamanda, rayon ərazisində yerləşən orta ümumtəhsil məktəblərində 20 Yanvar faciəsinə həsr olunmuş xüsusi dərslər keçirilmiş, şagirdlərin çəkdikləri rəsmlər nümayiş etdirilmişdir.
Rayonun qəsəbələrindəki şəhid məzarları və onların xatirəsinə ucaldılmış abidələr rayon ictimaiyyəti tərəfindən ziyarət olunmuş, 20 Yanvar şəhidlərinin ailələrinə və əlillərinə ərzaq yardımı paylanmışdır.
Əmircan qəsəbəsində yeləşən mədəniyyət evində 79 saylı və 3 saylı musiqi məktəblərinin şagirdlərinin hazırladıqları ədəbi -bədii kompozisiya nümayiş etdirilmiş, 318 saylı məktəbin akt zalında isə 20 Yanvar faciəsinə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir.Tədbirdə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının fəalları, ictimai təşkilatların nümayəndələri iştirak etmişlər. Natiqlər çıxışlarında bildirmişlər ki, 1990-cı ilin 20 Yanvar hadisələri Azərbaycan xalqının tək faciəsi yox, həm də tarixinin ən şərəfli səhifələrindən biridir. Özümüzü bir millət kimi tanıyan və dərk edən gündür. 1990-cı il 20 Yanvar hadisələri Azərbaycan xalqının milli bütövlüyünü təsdiqləyən ən mühüm hadisələrdən biri kimi tarixin yaddaşına əbədi həkk edilmişdir. Bu faciə xalqı yumruq kimi birləşdirdi və bütün dünya azərbaycanlılarının gücünü göstərdi.
1990-cı ilin yanvarından sonra hakimiyyətdə olan qüvvələrin bu məsələdə ilk vəzifəsi faciəni təhlil etmək, günahkarları üzə çıxarmaq və dövlət səviyyəsində siyasi-hüquqi qiymət vermək olsa da, respublika əhalisinin təkidli tələblərinə baxmayaraq, bununla bağlı heç bir tədbir görülmədi. Yalnız 1990-cı ilin iyulunda Moskvadan vətənə qayıdan Heydər Əliyevin təşəbbüsü ilə həmin il noyabr ayının 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən sənəd qəbul edildi. Beləliklə də 20 Yanvar faciəsi məhz ümummilli lider Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz hüquqi-siyasi qiymətini aldı.
Çıxışçılar xüsusi vurğuladılar ki, Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi diqqət göstərir, hər il yanvarın 20-də Şəhidlər Xiyabanını ziyarət edərək "Əbədi məşəl" abidə kompleksinin önünə əklil qoyur. Prezident İlham Əliyev 1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün mühüm sənədlər imzalamışdır. Cənab Prezidentin təşəbbüsü ilə Şəhidlər Xiyabanında əsaslı təmir və yenidənqurma işləri aparılmışdır.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2011.- 20 yanvar.- S. 6.