Binəqədililər azadlıq mübarizələrini ehtiramla yad etdilər

 

Binəqədi Rayon İcra Hakimiyyəti aparatında insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olan 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar tədbir keçirilmişdir. Şəhidlərin ölməz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

 

Rayon icra hakimiyyətinin başçısı Alı Qocayev çıxışında bildirmişdir ki, 1990-cı ilin 20 yanvar günündə Azərbaycan xalqının üzləşdiyi qanlı faciə misilsiz vəhşilik nümunəsi kimi sovet imperiyasının bədnam tarixinə düşmüş, bəşər tarixinə isə dövlətin öz vətəndaşlarına qarşı törətdiyi ən qatı cinayətlərdən biri kimi həkk olunmuşdur.

O müdhiş hadisələr zamanı öz torpaqlarının müdafiəsi, müstəqillik və suverenlik uğrunda mübarizəyə qalxmış yüzlərlə silahsız insan, o cümlədən yaşlılar, qadınlar və uşaqlar qətlə yetirilmiş, yaralanmış, itkin düşmüş, inzibati binalara, yaşayış evlərinə, nəqliyyat vasitələrinə ciddi zərər vurulmuşdur.

Natiq qeyd etmişdir ki, insanlığa qarşı yönəlmiş bu qanlı aksiya sovet rejiminin qəddarlığını, artıq dağıldığını, iflasa uğradığını bütün dünyaya bəyan etmiş, xalqımızın mübarizlik əzminin möhkəmlənməsinə güclü təkan vermişdir. Azərbaycanda öz hökmranlığını təsdiqləmək üçün qırğın törədən imperiya əks-nəticə ilə üzləşmişdir.

Həmin faciəyə siyasi-hüquqi qiyməti ilk olaraq ulu öndərimiz Heydər Əliyev vermişdir. Dahi şəxsiyyət hələ 1990-cı ilin yanvarın 21-də Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək, bu dəhşətli hadisəyə münasibətini bildirən bəyanatla çıxış etmişdir. Bakıda törədilən qırğınlara siyasi qiymət verilməsini, günahkarların cəzalandırılmasını tələb edən ulu öndər şəhidlərin xatirəsini əbədiləşdirmək üçün həmin tarixi Milli Matəm Günü elan etmişdir.

Natiq daha sonra demişdir ki, Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq Milli Məclis tərəfindən bu hadisəyə rəsmi siyasi və hüquqi qiymət verilmiş, həmin faciənin xalqımızın azadlıq və müstəqillik mübarizəsinə divan tutmaq üçün törədildiyi bəyan edilmişdir.

Mərasimdə çıxış edən 20 Yanvar Cəmiyyəti Binəqədi rayon şöbəsinin sədri Ağarza Xankişiyev, 20 Yanvar şəhid ailələri adından Elmira Mehdiyeva, 20 Yanvar əlili Ramilə İbayeva və digər natiqlər vurğulamışlar ki, Azərbaycanın hər yerində şəhidlərin xatirəsinə möhtəşəm abidələr ucaldılmış, onların uyuduğu torpaq soydaşlarımız üçün and yerinə çevrilmişdir. Qanlı hadisədə şəhid olanların ailə üzvlərinə, fiziki sağlamlığını itirənlərə daim qayğı və diqqət göstərilir.

Mərasimdə rayon rəhbərliyi şəhid ailələri və 20 Yanvar əlillərinin məişət qayğıları və problemləri ilə maraqlanmış, onlara maddi yardım və ərzaq bağlaması verilmişdir.

Tədbirdə həmçinin Binəqədi Gənclər və İdman İdarəsinin rayon məktəbləri arasında keçirdiyi "20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir" mövzusunda inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılmışdır.

Sonra mərasim Biləcəri qəsəbəsində "Ana fəryadı" abidəsi önündə davam etdirilmiş, rayondakı 26 saylı uşaq-gənclər yaradıcılıq mərkəzinin şagirdləri tərəfindən hazırlanan ədəbi-bədii kompozisiya göstərilmişdir.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2011.- 20 yanvar.- S. 6