Şəhidlər unudulmur

 

Bəşər tarixinin insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olan "20 yanvar" faciəsinin 21-ci ildönümü ilə əlaqədar Zaqatala rayonunda tədbir keçirilmişdir.

Zaqatala rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, hüquq-mühafizə orqanlarının rəhbərləri,şəhid ailələrinin üzvləri və rayon ictimaiyyətinin nümayəndələri xatirə kompleksinə gələrək şəhidlərin ölməz xatirəsini ehtiramla yad etmiş, abidənin önünə gül-çiçək düzmüşlər.

Daha sonra rayon mədəniyyət evində elmi-praktik konfrans keçirilmişdir. Konfransda rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə məruzə ilə çıxış etmişdir. O, ümummilli liderimiz Heydər Əliyevin 1990-cı il yanvarın 21-də sovet imperiyasının bütün qadağalarına baxmayaraq Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək xalqımıza qarşı törədilmiş bu qanlı cinayətlərin təşkilatçılarını və iştirakçılarını pisləyərək bəyanat verdiyini və bu bəyanatın xalqımızın haqq səsini müdafiə edən cəsarətli bir addım olduğunu bildirmişdir.

Natiq qeyd etmişdir ki, məhz ulu öndərimiz yenidən hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilmiş, qanlı faciənin bütün dünyaya tanıdılması üçün xeyli iş görülmüşdür. Məruzədə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin adlarının əbədiləşdirilməsi, şəhid ailələrinə diqqət və qayğının artırılması sahəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyətinin xalqımız tərəfindən yüksək qiymətləndirildiyi və 20 Yanvarın faciəli tərəfləri ilə birlikdə Azərbaycan tarixinə milli azadlıq, dövlət müstəqilliyi uğrunda mübarizə kimi daxil olduğu vurğulanmışdır.

20 Yanvar faciəsinə həsr olunmuş sənədli film nümayiş etdirilmişdir, ədəbi-bədii kompozisiyalar göstərilmişdir.

Rayondakı bütün şəhid ailələrinə yardım göstərilmiş, ehsan süfrələri təşkil olunmuş və şəhidlərin ruhuna dualar oxunmuşdur.

 

 

İlqar HƏSƏNOV

 

Xalq qəzeti.- 2011.- 20 yanvar.- S. 6.