20 Yanvar şəhidlərinin xatirəsi anıldı

 

Lənkəran Dövlət Universitetində Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda həlak olmuş 20 Yanvar şəhidlərinin xatirəsi dərin ehtiramla yad edildi.

 

20 Yanvar Ümumxalq Hüzn Günü ilə əlaqədar keçirilmiş tədbiri universitetin rektoru, fizika-riyaziyyat elmləri doktoru, əməkdar elm xadimi, professor Asəf İsgəndərov açdı. Sonra müstəqilliyimiz, torpaqlarımızın toxunulmazlığı uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Rektor şəhidlərin xatirəsinin həmişə əziz tutulduğunu bildirdi və "20 Yanvar faciəsinin 21-ci ildönümünün keçirilməsi haqqında" Azərbaycan Respublikası PrezidentininRespublika Təhsil Nazirliyinin müvafiq sərəncamlarına və əmrlərinə uyğun olaraq universitetdə həyata keçirilən tədbirlərdən danışdı.

Universitetin tarix və fəlsəfə kafedrasının dosenti, tarix elmləri namizədi Əliağa Baxşıyev "20 Yanvar günü Azərbaycanın suverenliyi, isqtiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzidir" mövzusunda məruzə ilə çıxış etdi.

Universitet YAP ərazi təşkilatının sədri, iqtisad elmləri namizədi Tofiq Paşayev, kimya-biologiya kafedrasının dosenti Məlahət Ağayeva, tarix və fəlsəfə kafedrasının baş müəllimi Qabil Əmənullayev, Heydər Əliyev muzeyinin rəhbəri Vaqif Abdullayev, tələbələrdən Seymur Murtuzayev, Əşrəf İzzətov və başqaları çıxış edərək, 20 Yanvar hadisələrinə münasibətlərini bildirdilər. O tarixi faciənin ibrət dərslərindən, qəhrəman xalqımızın mətin iradəsindən danışdılar.

Prezident təqaüdçüsü, filologiya elmləri namizədi, dosent Hacı Mirhaşım Talışlı Yanvar şəhidlərinə həsr etdiyi şeirlərini oxudu.

Tədbirdə 1990-cı il yanvarın 26-da Lənkəranda müstəqilliyimiz uğrunda canlarını qurban vermiş şəhidlərin də xatirəsi yad edildi. Qeyd edildi ki, həmin gün Lənkəranın İstisu qəsəbəsində rus desantçıları ilə atışmada 5 nəfər günahsız dinc sakin həlak olmuşdur. Çıxış edənlər bildirdilər ki, Vətən, xalq uğrunda sinəsini sipər edən, müqəddəs torpaq uğrunda şəhid olanlar unudulmur, əbədiyyətə qovuşurlar.

Tədbirdə 20 Yanvar faciəsini əks etdirən kitab sərgisi təşkil olundu. Almanax, qəzetlər və fotostendlər nümayiş etdirildi.

Ümumxalq hüzün günü ilə əlaqədar universitetin professor-müəllim və tələbə kollektivinin Lənkəran Şəhidlər kompleksinə və xatirə yerlərinə ziyarətləri təşkil edildi, kompleksin önünə və şəhidlərin məzarları üstünə gül-çiçək dəstələri düzüldü.

Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin rəhbər işçiləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.

 

 

İ.ƏMƏNULLAYEV

 

Xalq qəzeti.- 2011.- 20 yanvar.- S. 7.