Balakəndə silsilə tədbirlər keçirilib

 

Xalqımızın xatirəsinə qəhrəmanlıq tarixi kimi həkk olunmuş 20 Yanvar faciəsindən 21 il ötür. Bu gün hər il hörmət və ehtiramla yad edilir.

 

Faciənin 21-ci ildönümünün keçirilməsi idə bağlı Balakən Rayon İcra Hakimiyyətində xüsusi tədbirlər planı hazırlanmışdır. Tədbirlər planına uyğun olaraq yanvar ayının 13-dən rayondakı Heydər Əliyev Muzeyində, Mərkəzi Kitabxanada Tarix-Diyarşünaslıq Muzeyində, Gənclər və İdman İdarəsində və başqa müəssislərdə silsilə tədbirlər keçirilmişdir.

Rayonun Mərkəzi Kitabxanasında "Qanlı Yanvar" mövzusunda ədəbi-bədii kompozisiya keçirilmiş, "Tarixdə tarix tək qaldı o gecə" başlığı altında sərgi seminar iştirakçılarına nümayiş etdirilmişdir.

Tarix-Diyarşünaslıq Muzeyində "Onlar Azərbaycanın istiqlalı uğrunda həlak olmuşlar", Gənclər və İdman İdarəsində "Tariximizin qan yaddaşı" Heydər Əliyev muzeyində "20 Yanvar faciə günümüz, qürur günümüzdür" mövzusunda dəyirmi masalar keçirilmişdir.

Eyni zamanda, gənclər idman idarəsi tərəfindən şəhidlərin xatirəsinə həsr olunmuş voleybol turniri keçirilmişdir. Olimpiya İdman kompleksində keçirilən turnirdə 32 komanda iştirak etmiş, qalib gələnlər mükafatlandırılmışlar.

Dünən minlərlə insan "Şəhidlər Xiyabanı"na gəlmiş və 21 illik şanlı tariximizin qəhrəmanlarının əziz xatirəsini yüksək ehtiramla yad etmişlər. Rayon icra hakimiyyətinin başçısı Asif Məmmədov, hüquq mühafizə orqanlarının rəhbərləri, xiyabana gələrək "Şəhidlər Kompleksi" önünə tər qərənfillər qoymuşlar.

Sonra rayonun ayrı-ayrı əmək kollektivləri, məktəb kollektivləri, Qarabağ müharibəsi veteranları, ictimaiyyət nümayəndləri abidə önünə qərənfil və tər çiçək dəstələri düzməklə şəhidlərimizin əziz xatirəsinə öz ehtiramlarını bildirdilər.

 

 

İlqar MUSAOĞLU

 

Xalq qəzeti.- 2011.- 20 yanvar.- S. 7.