İSİM - də anım mərasimi

 

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990 - cı il 20 Yanvar hadisəsinin iyirmi birinci ildönümü münasibətilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində tədbir keçirilmişdir.

 

Tədbirdə mərkəzin direktoru Ceyhun Məmmədov çıxış edərək bildirmişdir ki, 1990 - cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. Həmin gecə sovet ordusunun qoşun birləşmələri Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin ermənilərə havadarlığından hiddətlənən, küçə və meydanlara çıxaraq buna etirazını bildirən soydaşlarımıza qarşı qəddar hərbi aksiyaya başladı. Doğma Vətəninin azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan qəhrəman Azərbaycan övladları həmin müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucalmışlar.

Lakin bu cinayət xalqımızın iradəsini qıra bilmədi. Azərbaycan xalqı qanı bahasına da olsa müqəddəs istəyinə azadlıq və müstəqilliyinə nail oldu.

Bu qanlı hadisəyə ümummilli liderimiz Heydər Əliyevin ölkə rəhbərliyinə yenidən qayıdışından sonra siyasi - hüquqi qiymət verildi və cinayəti törədənlərin adları ictimaiyyətə çatdırıldı.

Sonra İSİM - in əməkdaşı Sənan Kərimov, hüquqşünas Nərgiz Müslümzadə, şöbə müdiri Aris Rüstəmov və Yeni Azərbaycan Partiyası İSİM təşkilatının sədri Yeganə Vəliyeva çıxış etmişlər.

Natiqlər bildirdilər ki, 20 Yanvar xalqımızın qəhrəmanlıq salnaməsi, onun qan yaddaşına əbədi həkk olunmuş şərəf günüdür. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən oğul və qızlarımızın əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır.

Sonra 20 Yanvar hadisələri ilə bağlı film nümayiş etdirilmişdir.

 

 

Ayaz HƏMİDOĞLU

 

Xalq qəzeti.- 2011.- 20 yanvar.- S. 7.