Şəhidlərin
xatirəsinə sonsuz ehtiram
Masallı
Qanlı yanvar hadisələrinin 21-ci ildönümü Masallı rayonunda bir sıra tədbirlərlə əlamətdar olmuşdur. Yanvarın 20-də Şəhidlər kompleksində anım mərasimi matəm musiqisi sədaları altında bir neçə saat davam etmişdir. Rayon rəhbərliyinin adından əbədi məşəl önünə əklil qoyulmuşdur. Hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların çoxsaylı nümayəndələri faciə qurbanlarının abidəsi önündən keçərək şəhidlərin xatirəsinə sonsuz ehtiramlarını ifadə etmişlər. Abidənin qarşısına tər çiçək dəstələri düzülmüşdür. Mərasimdə şəhidlərin ruhuna dualar oxunmuşdur.
Minlərlə Masallı sakininin qatıldığı anım mərasimi 20 Yanvar faciəsini və xalqımızın qəhrəmanlıq tarixini əks etdirən, hər kəsə vətənpərvərlik duyğuları aşılayan ədəbi-bədii kompozisiya ilə davam etdirilmişdir.
İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin sərəncamına əsasən, rayon ərazisində bayraqlar endirilmiş, məktəblərdə 20 yanvar faciəsinə aid dərslər keçirilmiş, anım günündə saat 12-də isə ölkəmizin hər yerində olduğu kimi, Masallıda da şəhidlər sükutla yad edilmişlər.
Yanvar faciəsinin ildönümü ilə əlaqədar
rayonun idarə, müəssisə və təşkilatlarında
da tədbirlər keçirilmiş, xalqımızın
azadlıq mübarizəsinin şanlı səhifələri
qədirbilənliklə xatırlanmışdır.
Cəlilabad
Cəlilabad rayonu ictimaiyyətinin nümayəndələri 20 Yanvar faciəsinin ildönümünü layiqincə qeyd etmişlər. Əvvəlcə Şəhidlər kompleksində abidə önünə rayon rəhbərliyinin adından əklil qoyulmuşdur. Rayonun bütün idarə, təşkilat və müəssisələrinin kollektivləri abidə önündən keçərək çiçək şəhidlərin xatirəsinə baş əymişlər.
Sonra anım tədbirləri "Tut bağı" istirahət mərkəzində davam etmişdir. Orada rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək, həmin "qanlı şənbə" gecəsi vəhşiləşmiş Sovet qoşunlarının qarşısına əliyalın çıxan qəhrəman soydaşlarımızın müqəddəs şəhidlik zirvəsinə ucalmalarını tariximizin şanlı səhifəsi kimi dəyərləndirmiş və gənclərin vətənpərvərlik tərbiyəsində çox böyük örnək olduğunu söyləmişdir. Mərasimdə ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.
Anım günündə şəhid ailələri
üzvlərindən, Qarabağ əlillərindən və
qayğıya ehtiyacı olan rayon sakinlərindən ibarət
260 nəfərə rayon rəhbərliyi tərəfindən
maddi yardım paylanmışdır. 20 Yanvar Şəhidləri
Cəmiyyəti rayon şöbəsinin sədri Mirsalam
Mürsəlova isə "Oka" markalı minik avtomobili
verilmişdir.
Lerik
Azərbaycan
xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil
olmuş 1990-cı il 20 Yanvar hadisələrində həlak
olanların xatirəsinin ehtiramla yad edilməsi, Azərbaycan
Respublikası Prezidenti Administrasiyası rəhbərinin
"20 Yanvar faciəsinin iyirmi birinci ildönümünün
keçirilməsinə dair tədbirlər planı
haqqında" 2010-cu il 20 dekabr tarixli sərəncamının
Lerik rayonunda icrasını təmin etmək məqsədi ilə
hazırlanmış tədbirlər planına uyğun olaraq
"Şəhidlər" abidə kompleksi ərazisində təmizlik
və abadlıq işləri aparılmış, rayonun
bütün idarə və müəssisələrində, ərazi
icra nümayəndəliklərində ildönümü ilə
əlaqədar tədbirlərin keçirilməsi təmin
edilmişdir.
Təhsil ocaqlarında 20 Yanvar gününün Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizənin rəmzi kimi qeyd edilməsi ilə bağlı tədbirlər keçirilmiş, məktəblilərin ifasında kompozisiyalar nümayiş etdirilmişdir. Rayon mərkəzi xəstəxanasında, təhsil şöbəsində, mərkəzi kitabxanada anım mərasimləri təşkil olunmuş, kitabların, qəzet və jurnal materiallarının sərgisi təşkil edilmişdir.
Anım günündə isə rayon ictimaiyyətinin nümayəndələri "Şəhidlər" abidə kompleksini ziyarət etmişlər. Abidənin önünə çiçək dəstələri düzülmüşdür. Rayon mədəniyyət və turizm şöbəsi tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiyada 20 Yanvar faciəsi təkcə hüzn, kədər kimi deyil, eyni zamanda, qəhrəmanlıq səhifəsi kimi təqdim edilmişdir.
Yardımlı
Azadlıq uğrunda mərd mübarizlər olan 20 Yanvar şəhidlərinin anım mərasimləri Yardımlı rayonunda da hər kəsə yaddaqalan təsir bağışlamışdır.
Rayon icra hakimiyyətinin başçısı Xəzər Aslanov, hüquq-mühafizə orqanlarının rəhbərləri, ayrı-ayrı kollektivlərin çoxsaylı nümayəndələri "Şəhidlər" abidə kompleksini ziyarət etmiş, gül dəstələri qoymuşlar.
Yardımlı Rayon İcra Hakimiyyətində
təşkil olunan "dəyirmi masa" tədbirini Xəzər
Aslanov açmışdır. İctimai təşkilatlar və
syasi partiyalarla iş şöbəsinin müdiri Şakir Kərimov
"Xalqımızın qəhrəmanlıq tarixinin parlaq səhifəsi"
mövzusunda məruzə etmişdir. Sonra
çıxışlar olmuşdur. Qeyd edilmişdir ki, onilliklər,
əsrlər ötsə də, 20 Yanvar faciəsi
qurbanlarının xatirəsi daim anılacaq, qəhrəmanlıq
nümunəsi kimi nəsildən-nəslə
ötürüləcəkdir.
Neftçala
Sovet qoşunlarının 1990-cı ilin yanvarında törətdiyi qanlı hadisələr Neftçaladan da yan keçməmişdir. Buraya silahlı təcavüz edən "şanlı" ordu hissələri neçə-neçə Neftçala vətənpərvərini qətlə yetirmişlər.
Şəhidlərin ölməz xatirəsi rayonda daim ehtiramla anılır. Yanvarın 20-də rayon ictimaiyyətinin nümayəndələri "Şəhidlər" abidə kompleksinin önünə gələrək gül dəstələri qoymuş, şəhid məzarlarını ziyarət etmişlər. Rayon icra hakimiyyətinin başçısı Taleh Qaraşov şəhid ailələrinin üzvləri və əlillərlə görüşmüş, onların qayğıları ilə maraqlanmışdır. Həmin gün şəhid ailələrinə və əlillərə maddi yardımlar göstərilmişdir.
Neftçalanın bütün məktəblərində "Şəhidlər ölməzdir" dərsləri keçirilmiş, mədəniyyət və turizm şöbəsinin qalereyasında isə 20 Yanvar mövzusunda kitabların, qəzet materiallarının və uşaqların rəsm əsərlərinin sərgisi təşkil olunmuşdur.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2011.- 22 yanvar.- S. 7.