Ölüm hökmünü
ləğv etməklə Azərbaycan dövləti humanizm prinsiplərinə sadiqliyini
bir daha təsdiqlədi
XX əsrin
sonunda dünyada baş verən qlobal siyasi proseslərin tərkib hissəsi kimi sovet dövlətinin süqutu Azərbaycanın öz
müstəqilliyini elan etməsinə, həmçinin
beynəlxalq birliyin bərabərhüquqlu
subyekti kimi dünya birliyinə qoşulmasına imkan verdi. Müstəqilliyimizin
yenidən bərpasının ilk illərində
bir tərəfdən Ermənistanın Azərbaycana
qarşı ərazi iddiası, işğalçılıq
siyasətinin genişlənməsi, digər tərəfdən
respublikamızda hakimiyyəti ələ keçirmiş
səriştəsiz, dövlət idarəçiliyində təcrübəsi
olmayan şəxslərin
naşılığı, habelə siyasi
səbatsızlığı ölkədə xaos
və anarxiyanı getdikcə dərinləşdirirdi. Yeni dövrün tələblərinə
cavab verən qanunların olmaması, iqtisadi tənəzzül, vətəndaş
qarşıdurması, hakimiyyətə olan
inamsızlıq vəziyyəti getdikcə daha
da ağırlaşdırırdı.
1993-cü
ildə vətəndaş qarşıdurması, siyasi
böhran və anarxiya kulminasiya nöqtəsinə
çatdı. Yalnız xalqın təkidli tələbi ilə
ulu öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə
qayıdışından sonra ölkədə ictimai-siyasi
sabitliyin və qanunçuluğun bərpası mümkün
oldu. Ümummilli liderin zəngin idarəçilik təcrübəsi,
siyasi uzaqgörənliyi və düşünülmüş
islahatları sayəsində hüquqi, demokratik dövlət
quruculuğu istiqamətində qətiyyətli qərarlar qəbul
olundu. Ölkədə vətəndaş sülhünün və
siyasi sabitliyin təmin olunması məqsədi ilə
genişmiqyaslı islahatların həyata keçirilməsi
getdikcə öz müsbət təsirini göstərirdi. Ulu
öndər insan hüquq və azadlıqlarının
qorunmasını, azad sözün, müstəqil mətbuatın
inkişafını daim diqqətdə saxlayırdı. Azərbaycanın
beynəlxalq aləmdə demokratik ölkə kimi
tanınması üçün bütün imkanlardan istifadə
edən Heydər Əliyev respublikada ictimai-siyasi sabitliyin,
qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi,
insan hüquq və azadlıqlarının yüksək səviyyədə
təmin olunması üçün nüfuzlu beynəlxalq təşkilatlara
üzvlük istiqamətində real addımlar
atılmasında qətiyyətlik nümayiş etdirirdi.
İnsan
hüquq və azadlıqlarının müdafiəsi, Azərbaycan
vətəndaşlarının şərəf və ləyaqətinin
qorunması, demokratik prinsiplərin inkişafı, əhalinin
həyat səviyyəsinin yüksəldilməsi, onların
öz fikirlərini sərbəst ifadə etmələri
üçün həyata keçirilən tədbirlər
ölkəmizi beynəlxalq aləmə daha sürətlə
inteqrasiya edirdi. Ulu öndər insanların
hüquqlarının qorunmasını prioritet vəzifə
hesab edirdi. Bu sahədə riskli və prinsipial addımlar
atmaqdan da çəkinmirdi. Bu baxımdan 1993-cü ildən
ölüm hökmü cəzası üzərində
moratoriumun qoyulmasını, 1998-ci ildə isə bu cəzanın
tam ləğv edilməsini xüsusi qeyd etmək
lazımdır. Ölüm cəzasının ləğv
edilməsi həm də nüfuzlu beynəlxalq təşkilatların,
əsasən də Avropa Şurasının bu quruma üzv
dövlətlər qarşısında müəyyənləşdirdiyi
başlıca tələblərdən idi. Avropa
Şurasının 1983-cü ildə qəbul etdiyi İnsan
Hüquqlarına dair Konvensiyanın 6 saylı protokolunda
ölüm hökmünün yolverilməzliyi birmənalı
əksini tapmışdır. Ölüm hökmünün ləğvi
tələbi, şübhəsiz, təşkilatın insan
hüquq və azadlıqlarına, insanın yaşamaq
hüququna necə yüksək dəyər verdiyinin əyani
təzahürüdür. Bu məsələ müstəqil Azərbaycanın
Konstitusiyasında da təsbit olunub. Müdrik şəxsiyyət
Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi
ilə hazırlanaraq 1995-ci ildə ümumxalq səsverməsi
(referendum) yolu ilə qəbul edilmiş Konstitusiyada
ölüm hökmü cəzası tam ləğv edilənədək
yalnız dövlətə, insan həyatına və
sağlamlığına qarşı xüsusilə
ağır cinayətlərə görə müstəsna cəza
tədbiri kimi göstərilmiş və daimi cəza
növü kimi nəzərdə tutulmamışdır. Bundan
başqa, 1996-cı ilin mayında Milli Məclis Azərbaycan
Prezidentinin qanunvericilik təşəbbüsünü dəstəkləyərək
yaşı 65-dən çox olanların ölüm cəzasından
azad olunması ilə bağlı qərar qəbul etmiş,
eyni zamanda, ölüm cəzasının tətbiqini nəzərdə
tutan cinayətlərin sayı qanunvericilikdə 33-dən 12-yə
endirilmişdir. Ölüm hökmü tam ləğv
olunmazdan əvvəl bu məsələ cəmiyyətdə
geniş ictimai müzakirəyə
çıxarılmış, beynəlxalq təşkilatlarla,
xüsusilə də Avropa Şurası ilə geniş məsləhətləşmələr
aparılmışdır.
Ulu
öndər Heydər Əliyev 1998-ci il yanvarın 22-də
ölüm hökmünün ləğv olunması
haqqında təşəbbüslə çıxış
edib. Bununla bağlı Milli Məclisə müraciətində
cinayət-hüquq siyasətini hərtərəfli təhlil
edərək ədalət, azadlıq, humanizm və insanpərvərlik
kimi yüksək idealları rəhbər tutmaqla ölkədə
ölüm cəzasının ləğv edilməsi qənaətinə
gəldiyini bildirmiş, bu tarixi bəyanatın zəruriliyini əsaslandırmışdır.
Milli Məclis dövlət başçısının
ölüm hökmü ilə əlaqədar təklifini dəstəkləmiş,
1998-ci il fevralın 10-da belə bir tarixi qərar qəbul
etmişdir. Ölüm hökmünün ləğvi ilə
Azərbaycanın adı Şərqdə ilk olaraq bu cəzanı
ləğv edən ölkə kimi tarixə düşdü.
Yüksək bəşəri dəyərlərə, humanizm
və insanpərvərlik prinsiplərinə əsaslanan bu qərar
sivil dəyərləri əxz etmək niyyətindən irəli
gəlmişdir. Ümumiyyətlə, insan hüquq və
azadlıqlarının qorunması daim ulu öndərin diqqət
mərkəzində saxladığı zəruri məsələlərdən
olub. Humanizm prinsiplərinə əsaslanan ulu öndər Heydər
Əliyev hələ 1995-ci ildə Azərbaycanda əfv və
amnistiya institutunu təsis etdi. Cəmiyyətin ən müxtəlif
təbəqələrini əhatə edən əfv sərəncamlarının
və amnistiya haqqında fərmanların verilməsi qısa
zaman kəsiyində yararlı, qanunların aliliyi prinsipini tərəddüdsüz
qəbul edən vətəndaşların reabilitasiyasına
fundamental töhfələr verdi. Heydər Əliyev
böyük humanistlik göstərərək
imzaladığı əfv fərmanları ilə 1994-1995- ci
illərdə dövlət çevrilişi cəhdlərində
iştirak edən insanların bir qismini
bağışladı. Ümumiyyətlə, 1995-2003-cü
illərdə 7 amnistiya aktı və 32 əfv fərmanı qəbul
edilib. Bu amnistiya aktı 77 mindən çox insana şamil
edilib. Bunlardan 21325 nəfəri cəzasının çəkilməmiş
hissəsindən azad olunub. Ulu öndər tərəfindən
imzalanan əfv fərmanı ilə 3 mindən artıq şəxs
bağışlanaraq cəzadan azad edilib.
Müdrik
şəxsiyyət Heydər Əliyev tərəfindən əsası
qoyulan humanizm ənənələri onun layiqli
davamçısı Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilmişdir. Səhvindən səmimi
peşmançılıq duyan, dövlət
başçısına bağışlanılması ilə
bağlı müraciət edən və ictimai asayişə
bütövlükdə təhlükə təşkil etməyən
cinayətkarların və məhkumların
bağışlanması ilə bağlı Prezident İlham Əliyev
bu günədək 16 əfv fərmanı imzalayıb. Yeri gəlmişkən
qeyd edək ki, 2010-cu il dekabrın 29-da Prezident İlham Əliyev
məhkum olunmuş bir sıra şəxslərin əfv edilməsi
barədə sərəncam imzalamışdır. Bu sərəncam
bütövlükdə 92 nəfərə şamil edilib. Azərbaycan
Prezidentinin imzaladığı əfv fərmanları ilə
2500-dən çox məhkum cəzasının çəkilməmiş
hissəsindən tam və yaxud qismən azad edilib. Əlbəttə,
bu çox yüksək göstəricidir. Bu fakt bir daha Azərbaycanda
insan hüquqlarının etibarlı təminatına və
demokratikləşməyə xidmət edən strateji siyasi
kursun layiqincə davam etdirildiyini göstərir.
Dünyanın tanınmış beynəlxalq təşkilatları,
həmçinin nüfuzlu beynəlxalq hüquq müdafiəçiləri
də Prezident İlham Əliyevi humanist və insanpərvər
dövlət başçısı hesab edərək onun əfv
fərmanları imzalamasını çox yüksək qiymətləndirmişlər.
Ümummilli
lider Heydər Əliyevin humanist prinsiplərinin davam etdirilməsindən
söhbət açanda Heydər Əliyev Fondunun prezidenti,
YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevanın bu sahədəki fəaliyyəti
mütləq qeyd olunmalıdır. Mehriban xanım Əliyevanın
təşəbbüsü ilə 2007-ci il mayın 8-də
Milli Məclis "Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş
amnistiya haqqında" qərar qəbul etdi. Ulu öndərin
anadan olmasının 84 illiyi ilə əlaqədar qəbul
edilən amnistiya qərarından 9 min 877 məhkum bəhrələnmişdir.
Bir
il sonra Novruz bayramı ərəfəsində Heydər Əliyev
Fondu, şəxsən fondun prezidenti Mehriban xanım Əliyevanın
daha bir nəcib, humanist hərəkəti Milli Məclisdən
dəstək aldı. Azərbaycanın birinci xanımı tərəfindən
təqdim edilən "Novruz bayramı ilə əlaqədar
amnistiyanın elan olunması haqqında" qanun layihəsi
yüksək səviyyədə qarşılanaraq yekdilliklə
qəbul edildi. 9 min məhbusa şamil edilən bu qanunla 1700-ə
yaxın məhbus azadlığa buraxıldı.
Mehriban
xanım Əliyeva Milli Məclisdəki
çıxışında bu barədə demişdir: "Hər
bir amnistiya humanizm ideyasının qələbəsidir.
İndi həyat hər şeydən üstündür. Hər
bir insan layiqli həyat sürmək hüququna malikdir və
amnistiya aktını qəbul edərkən biz insanlara öz səhvlərini
anlamaqda, cəmiyyətə qayıtmaqda və düzgün
yol seçməkdə kömək etmiş oluruq. Mərhəmət,
bağışlama və rəhmlilik - ən yüksək
insani keyfiyyətlərdir".
Ölüm
hökmünün ləğvi, həmçinin mütəmadi
olaraq imzalanan əfv fərmanları, qəbul edilən
amnistiya aktları Azərbaycanı beynəlxalq aləmdə
insan hüquq və əsas azadlıqlarının qorunması
istiqamətində qətiyyətli qərarlar qəbul edilən
ölkə kimi tanıdıb. Eyni zamanda, ölkəmizin
demokratik imici xeyli güclənmiş, nüfuzu
artmışdır. Azərbaycan artıq insan hüquqları
üzrə ixtisaslaşmış nüfuzlu beynəlxalq
qurumlarla, o cümlədən ATƏT, Avropa Şurası kimi təşkilatlarla
əlaqələrini daha da genişləndirmiş, münasibətlərini
möhkəmləndirmişdir. Belə humanist addımlar
ölkəmizin demokratik və hüquqi dövlət quruculuğu
prinsipinə sadiqliyini nümayiş etdirməklə
yanaşı, Avropaya və dünya birliyinə
inteqrasiyasını daha da sürətləndirir.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2011.- 22 yanvar.- S. 6.