Azərbaycan qadınlarının ciddi ictimai qüvvəyə çevrilməsinə böyük təsir göstərən qəzet

 

"İşıq" qəzetinin 100 yaşı tamam olub

 

"İşıq"ın ilk sayı 1911-ci il yanvarın 22-də çapdan çıxmış, nəşri 1912-ci ilin sonunadək davam etmiş, bu müddətdə onun 68 nömrəsi buraxılmışdır.

 

"İşıq"ın redaktoru Xədicə Ələddin qızı Əlibəyova Azərbaycanın ziyalı qadınlarından biri idi. O, 1884-cü ildə Tiflisdə ruhani ailəsində anadan olmuşdur. İlk təhsilini rus-qız gimnaziyasında almış, sonra Zaqafqaziya Olginskaya Mamalıq İnstitutunda oxumuşdur. Hüquqşünas Mustafa bəy Əlibəyovla ailə qurmuşdu.

"İşıq"ın naşiri Mustafa bəy Mirzə Cabbar bəy oğlu Əlibəyov 1872-ci ildə Şəkidə anadan olmuşdur. İlk təhsilini Şəkidə almış, burada ərəb və rus dillərini öyrənmiş, Tiflis gimnaziyasında oxumuşdur. Hüquqşünas, vəkil, jurnalist kimi tanınmışdır.Bakıda böyük nüfuza malik idi.1937-ci ildə həbs edilərək repressiya olunmuş, 1943-cü ildə Sibirdə vəfat etmiş, 1991-ci ildə bəraət almışdır.

Pedaqoq Nabat Nərimanova, həkim Əminə Batrişina, Həyat Çayqıraqlı, Həlimə Axundova, Xuraman Rəhimbəyzadə, onun anası Asya Axundova, Maral Nəbizadə və başqaları qəzetə tez-tez məqalələr, şeirlər göndərir, qadınların acınacaqlı həyatından söz açırdılar. "İşıq" qəzetində axund, molla qazılar da çıxış etmişlər. Mustafabəy Əlibəyov qəzetə həm rus, həm Azərbaycan dillərində məqalələr yazırdı.

"İşıq" qəzetinin səhifələrində həm qadın hüququnu məhdudlaşdıran, onu ağıl və zəkaca zəif adlandıran yazılar, həm də elm, təhsil ardınca gedib dörd divar arasından çıxmağa səsləyən yazılar dərc edilmişdir.İsmayıl bəy Əliyarov qadınları başa salırdı ki, onlar da kişilərlə eyni mövqe tuta bilərlər. O, kişilərə üz tutub deyirdi:"Bu vaxta qədər o biçarələri öz zülmünüz ilə söyüb onlarda olan bütün hissi-insaniyyəti öldürdüz. Dəxi bəsdir onları dili bağlı heyvan dərəcəsinə gətirdiniz. Dəxi bəsdir o zəifləri cinlər, pərilər, tilsimlər, cadugərlər fərmanına verib onları hər bir hoqqabaz falçıların, şəbədəbaz düyünçülərin əlində oyun-oyuncaq etdiniz. Nə qədər ki, arvadlar axund, hacı, molla babanın onun kimi həzrətlərin şəriətdən xaric hökmləri ilə dolanarlarsa, hərgiz demək olmaz ki, müsəlman milləti tərəqqi edib qeyri-millətlər kimi səadətə yetəcəkdir".

"Hüquqi müslimə" "Övrət, millət anasıdır" - başlıqları altında müntəzəm olaraq Həlimə xatun Axundova çıxış edirdi. H.Axundova öz məqalələrində qadının kölə vəziyyətinin köklərini axtarıb tapmağa çalışırdı.

Həlimə xatun qadınları öz hüququnu başa düşməyə çağırırdı: "Bacılarım, qeyrət vaxtıdır... Dəxi durmaq zamanı keçdi. Bizlərə elm lazımdır. Bundan ötrü oxuyub, oxudub, tərbiyə alıb tərbiyə vermək lazımdır. Bizlərə elm lazımdır. Elm...Elm...Elm..." O, zülmə, haqsızlığa qarşı çıxaraq "İnsan olduğumuz halda bizimlə insan kimi rəftar edilməlidir", - deyirdi. "Bacılarıma bir neçə söz" başlığında Həyat xanım Çayqıraqlı alovlu məqalələrlə çıxış edirdi. O, "qız xeylağının oxumaq nəyinə lazımdır, bir namaz surəsini bildi bəsdir" - deyənlərə qarşı çıxaraq bacılarını "istibdad altından azad olmağa, hərəkətə gəlməyə" çağırırdı.

Qadınlar redaksiyaya göndərdikləri məktublarında öz hüquqsuz vəziyyətlərindən şikayətlənir, məktəblər açılmasını tələb edirdilər. "Dörd divar arasında elmdən, mərifətdən, insaniyyətdən bibəhrə qalıb bu dünyadan getmək bizim üçün eyib deyilmi?" - deyə Həyat xanım Çayqıraqlı qadınları fəaliyyətə səsləyirdi.

Gəncəli Xuraman xanım Bəyzadə elmə yüksək qiymət verir bu nadir incini əldə etməyə səsləyirdi:"Yazıq deyilsinizmi? Gedib birinə cariyə olacaqsınız. Bacılarım, bunu da bilməlisiniz ki, hər şey çoxaldıqca ucuzlaşar, fəqət, elm çoxaldıqda bahalanar." Zərif Əfəndiquliyev rus Avropa qadınlarının öz hüquqlarını müdafiə üçün cəmiyyətlər yaratdıqlarını, oraya toplaşıb problemlərini müzakirə etdiklərini, müsəlman xanımları üçün bu cür cəmiyyətlər yaratmağın vaxtı çatdığını qeyd edirdi: "İndiki zamanda maarif hüquq barəsində fəxr edən Avropa xanımı bizim şəriətimizin arvadlara verdiyi hüquqi-şəriləri cəhətindən bu hüquqlara nail ola bilərdilərmi?" - deyə soruşur öz hökmünü bildirirdi: "Bəsdir müsəlmanlar! Vaxtdır, qardaşlar, millət analarını böylə zülm içində saxlamaq!".

"İşıq"ın redaktoru X. Əlibəyova qəzetdə "Vəzayefe - beytiyə" başlığı altında məqalələr verirdi. Ailə-məişət mövzusunda yazılmış bu materiallar qəzetin əksər nömrələrində dərc olunmuşdur."Təbabətə dair" şöbəsindəki materialları çox zaman Xədicə xanım özü həkim Əminə xanım Batrişina yazırdı.

Əsrin əvvəlindən başlayaraq, mətbuatın əsas mövzusuna çevrilmiş qadın azadlığı probleminə "İşıq" necə yanaşırdı? Qəzet bir tərəfdən mədəni tərəqqi və elm öyrənməyin əhəmiyyətindən bəhs edir, digər tərəfdən çadranı təbliğ edərək örtülülüyə haqq qazandırır, din, şəriət çərçivəsini üstün tutur. Bu da təsadüfi deyildi. Axund, molla qazılar "İşıq" qəzetinə məktublar göndərərək onun işinə istiqamət verir, qadın azadlığı problemi ətrafında müzakirə açılmasının, hicab məsələsinin qadınların xeyrinə həll olunmasının qarşısını almağa çalışırdılar.

Qadın ağlına, zəkasına şübhə ilə yanaşan bir çox ziyalı "övrətləri kişilərə nisbətən əql və fərasətləri zəif, qəlbləri lətif və nazik" kimi xarakterizə edərək bunun əvəzində səliqə, duyğu səbr qərar kimi gözəl sifətlərin onlarda qərar tapdığı fikrini yayırdılar. "Arvadların ruh cisminin tab qüvvəti kişilərinkindən kəmdir. Onlar ancaq yüngül işləri ifa etmək üçün yaranıblar", - deyə, bu ziyalılar qadının səhərdən axşamacan mətbəxdə çalışmasına haqq qazandırırdılar. X.Əlibəyova qadına təlim və tərbiyənin vacib olduğunu təsdiq edir, lakin onun fikrincə, bu tərbiyə ana dili şəriətin, evdarlıq işlərini öyrənib bilməkdən ibarət olmalıdır.

Nəşrə başladığı zaman qəzetin tirajı kifayət qədər idi. Lakin ilin ortasına yaxın müəlliflərin çoxu onunla əməkdaşlığı kəsib şeir məqalələr göndərmədilər. "İşıq" "Təəssüflər olsun" adlı yazı ilə nəşrə başlayarkən onu alqışlayan, təbriklər yazan, öz hüquqlarını müdafiəyə qalxan qadınlara üz tutaraq deyirdi:

"Vətənə xidmət beləmi olur? Bağbanı köçmüş, bağçası viran olub, gülləri solmuş bülbüllər kimi haraya qaçıb dağılışdınız".

Qəzet vəziyyətdən çıxış yolu axtarırdı. Nəşri necə olur-olsun qoruyub saxlamağa çalışan Xədicə xanım nüfuzlu ruhanilərə məktublar yazır, onlardan məsləhət istəyirdi:

Mətbuat tariximizdə "İşıq" qəzetinin yeri əhəmiyyəti nədən idarətdir? "İşıq" qəzeti Azərbaycanda müstəqillik dövründə rus dilində nəşrə başlamış "Mir jenşinı" qəzetini nəzərə almasaq, son yüz ildə ana dilində buraxılmış yeganə qəzet kimi dəyərləndirilməlidir. O Azərbaycan xalqının milli-mədəni irslərindən biridir. Geniş imkanlara malik olmamasına, nəşr müddətinin qısalığına, daimi işçi heyətinin məhdudluğuna baxmayaraq, bu qəzet fikir plüralizmi şəraitində Azərbaycan qadınının, bütövlükdə müsəlman qadın aləminin qarşısında duran problemlərin onların həlli yollarının araşdırılmasında əvəzedilməz işlər gördü. Milli dildə ilk qadın qəzetinin Cənubi Qafqazın inzibati mərkəzi, hüquq və azadlıqlar üçün daha çox təminat verə bilən Tiflisdə deyil, dini fanatizmin hələ də hökmran olduğu bir şəhərdə - Bakıda çap olunması nəzərə alınmalıdır. "İşıq" bir qəzet kimi Azərbaycan milli mətbuatı tarixində öz yerini tutmalı, dərsliklərə salınmalı, fəaliyyəti öyrənilməli, gələcək daha ətraflı dərin tədqiqatlar üçün mövzuya çevrilməlidir. Qəzetdə hələ tədqiq olunmamış çox şeylər var. Onun tibbi, pedaqoji görüşləri mütəxəssislər tərəfindən daha ətraflı öyrənilməlidir. Məsələn, Xədicə xanımın qəzetdə "Təzə dünyaya gələn uşağı necə bəsləməli?" "Uşağın bədənini nə sayaq təmizlikdə saxlamaq və yedirtmək", "Uşağı beşikdə və yüyrükdə yırğalamaq", "Süd əmən uşağa əmzik vermək", "Uşağı nə tövr əmcəkdən kəsmək", "Çiçək nədən hasil olur", "Boğaz ağrısı" sair bu kimi həkim məsləhətləri dərc olunmuşdur.

Seminarist M.İlyaszadənin "Hifzü-səhhət", E.S.Qafarovun "Yuxu haqqında", Ağababa Yusifzadənin "Finlərdə uşaq bəsləmək", "Finlandiyada qızlar tərbiyəsi", "Hamilə qadına məsləhət" sərlövhəli məqalələri də tibbi maarifçilik nöqteyi-nəzərindən əhəmiyyətlidir.

Bir çox mənbələrdə "İşıq"ın qəzet yox, jurnal adlandırılmasına da münasibət bildirmək yerinə düşər. Onun birinci səhifəsində başlığın altında: "İndilikdə həftədə bir dəfə, şənbə günləri nəşr olunacaq tərbiyeyi-ətfala, ədəbiyyata, təbabət və evdarlığa dair xanımlar qəzetəsidir", onun altında isə rusca: "Ejenedelnaya qazeta" sözləri yazılmışdır. Xədicə xanımın müasirləri də "İşıq"a qəzet kimi yanaşmışdılar. Azərbaycanın müxtəlif bölgələrindən qəzetə göndərilən oxucu məktublarında "Qəzetinizi aldım", "İşıq" qəzetini oxudum" kimi sözlər vardır. "İşıq"ı Azərbaycan mətbuatı tarixində ilk qadın mətbuat orqanı və həftəlik qəzet adlandırmaq lazımdır.

"İşıq" qəzeti bütün islam ölkələrində olduğu kimi, Azərbaycanda da qadına köhnə münasibət, patriarxal baxışların hələ də qüvvətli olduğu bir zamanda nəşrə başlamışdı. İlk qadın mətbuat orqanı kimi adı Azərbaycan mətbuat tarixinə yazılan qəzet öz savadsız həmvətənlərinin - qadınların taleyini düşünməyə, maarifə, zülmətdən işığa səsləməkdə ziyalı qadınlarımızı səfərbər etdi. XX əsrin əvvəllərində "İşıq" kimi sırf qadın mətbuat orqanının meydana çıxması Azərbaycan qadınının ciddi bir ictimai qüvvəyə çevrilməsini təsdiq edən əlamətlərdən biridir. Burada digər mətbuat orqanlarının səhifələrində qadın müəlliflərinin çıxışlarının getdikcə intensivləşməsi, müxtəlif mövqeli müəlliflərlə fikir mübadiləsində onların öz mövqelərini daha inamla ortaya qoymalarıs. bir daha göstərirdi ki, Azərbaycan mətbuatının qadın azadlığı uğrunda apardığı çoxsahəli, çətin mübarizə nəticəsiz qalmamışdır. Əksinə, cəmiyyətin müxtəlif dairələri içərisində qadın problemləri üzrə mütərəqqi mövqe meyllərin meydana çıxıb getdikcə daha da güclənməsinə dəstək verən amil olmuşdur.

 

 

Amalya QASIMOVA,

Azərbaycan Jurnalistlər Birliyinin

üzvü, tarix elmləri namizədi

 

Xalq qəzeti.- 2011.- 23 yanvar.- S. 8.