"Təbiətin
göz yaşını silənlər" medalının
laureatları məlumdur
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin sərəncamı ilə elan
edilmiş "2010-cu il - Ekologiya ili" artıq başa
çatmışdır. Ekologiya ilində Azərbaycanda
torpaqların səhralaşmasının qarşısını
almaq məqsədilə külli miqdarda
yaşıllaşdırma işləri aparılmış, bu
sərəncam imzalanarkən ölkədə 6 milyon yeni
ağac əkilməsi nəzərdə tutulsa da, son nəticədə
bu göstərici 30 milyondan çox olmuşdur. Kür və
Araz çayları boyunca yaşayan insanların içməli
su problemini həll etmək məqsədilə aran
rayonlarında çoxsaylı modul tipli su təmizləyici
qurğular istifadəyə verilmiş, paytaxt əhalisinin
ekoloji baxımdan təmiz su ilə təmin olunması məqsədilə
Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi məhz
"Ekologiya ili"ndə başa
çatdırılmışdır.
Ölkə
əhalisinin böyük maraqla qarşıladığı bu
məqamlar qeyri-hökumət təşkilatlarının da
daim diqqət mərkəzində olmuşdur. İctimai Rəy
Araşdırmalar Mərkəzi (İRAM) də "Ekologiya
ili"nin həm gedişini, həm də yekunlarını dərindən
izləyərək bu tədbirin ölkə əhalisi və təbiətimiz
üçün nə dərəcədə səmərəli
olduğunu yüksək qiymətləndirmişdir.
"İRAM"ın rəhbərliyi tərəfindən "Ekologiya ili"nin yekunlarına görə fərqlənən insanların təltif edilməsi üçün xüsusi olaraq "Təbiətin göz yaşını silənlər" stolüstü medalı təsis edilmiş və bu mükafatların laureatlarının müəyyən edilməsi üçün geniş sorğu keçirilmişdir. Sorğunun nəticələrinə görə bir nazir, bir deputat, bir icra başçısı, bir zavod direktoru və bir yazıçı-filosof "Təbiətin göz yaşını silənlər" medalına layiq görülmüşdür. Azərbaycan təbiətinin və ümumilikdə planetimizin ətraf mühitinin böyük qayğıya və diqqətə ehtiyacı olduğunu nəzərə alan təşkilatçılar 2010-cu ilin nəticələrinə görə təsis edilmiş bu medalın gələcəkdə də hər il yeni laureatlara təqdim edilməsini nəzərdə tuturlar.
Təşkilatçıların yekun qərarında göstərilir ki, "Ekologiya ili"nin yekunlarına görə medala layiq görülmüş beş laureatın əvvəlki dörd nəfəri Azərbaycan təbiətinin qorunması üçün həyata keçirdikləri tədbirlərə görə bu ada layiq görülüblər. Beşinci laureat - yazıçı-filosof Hacı Fərhad Mirzə isə ümumilikdə planetimizin mövcudluğunu, ilkinliyini, təmizliyini və təbiiliyini qorumaq üçün səsləndirilən çoxsaylı bəşəri çağırışların müəllifi kimi bu ada layiq görülüb. Avropa Təbiyyat Elmləri Akademiyasının (Almaniya, Hannover şəhəri) Müstəqil Dövlətlər Birliyinə üzv olan ölkələr üzrə təmsilçisi, professor Vladimir Tımınskinin fikrincə Hacı Fərhadın "Kəlamlar" kitabının ingilis dilinə tərcümə edilərək bütün dünyaya yayılması bir neçə cəhətdən uğurlu olacaq. Çünki həmin kitabda Azərbaycan xalqının milli-mənəvi dəyərləri, ədəbi-fəlsəfi görüşləri ilə yanaşı, müəllifin bütövlükdə planetimizi qorumaq üçün səsləndirdiyi çağırışları da önəmli yer tutur. Hacı Fərhad planetimizi hava okeanında gəzən "böyük evimiz" adlandırır və irqindən, dinindən asılı olmayaraq, bütün insanları məhz "Böyük evimiz"i qorumağa çağırır.
Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası Ankara bölməsinin rəhbəri, professor Xeyrəddin Evgin Hacı Fərhadın bütün kəlamlarını yüksək qiymətləndirsə də, onun bəşəri məzmunlu, xüsusən, dünyanın təbii imkanlarının qorunmasına çağıran kəlamlarının bir çox dillərə tərcümə edilməsi zərurətini söyləyir: "Biz Azərbaycan filosofunun "Kəlamlar" kitabına münasibət məsələsində öz üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirdik. Yəni "Kəlamlar"ı Türkiyə türkcəsinə çevirərək böyük tirajla çap etdirdik. Ancaq bu azdır. "Kəlamlar" daha çox dilə tərcümə edilməlidir".
Rusiya Federasiyası Yazıçılar Birliyi Moskva Şəhər Təşkilatının sədri Vladimir Boyarinov azərbaycanlı yazıçı-filosof Hacı Fərhad Mirzənin "Kəlamlar" kitabının təkcə müəllifə deyil, eləcə də rusiyalı naşirlərə də xüsusi rəğbət qazandırdığını qeyd edir: "Biz təbiət və cəmiyyət həyatının bütün sahələrini əhatə edən kəlamların ruscasını nəşr etdirdikdən sonra bu kitab iki beynəlxalq sərgidə nümaiş etdirilərək öz müəllifinə və naşirlərinə xüsusi nüfuz qazandırdı".
İctimai Rəy Araşdırmalar Mərkəzinin təşkilatçıları "Ekologiya ili"nin yekunları ilə bağlı sorğunun qaliblərini elan edərkən Hacı Fərhad Mirzənin böyük səs çoxluğu qazandığının şahidi olublar. Azərbaycan, Türkiyə və Rusiya yazıçılar birliklərinin üzvü, bir neçə beynəlxalq akademiyanın akademiki, Türk dünyasının fəxri elm adamı Hacı Fərhad Mirzənin kəlamlarının Azərbaycan, türk, ingilis və rus dillərində nəşri ümumilikdə hamımızın ədəbi-bədii uğurudur. Bu əsərin ərəb dilinə tərcümə edilməsi isə bizi daha da məmnun edəcəkdir.
Natəvan İSMAYILLI
Xalq qəzeti.- 2011.- 23 yanvar.- S. 8.