London–nəzakətli xalqın cazibədar şəhəri

 

Dünyanın ən böyük, həm də Avropanın ən qədim şəhərlərindən biri olan Londona səyahət imkanını əslində başqa bir səyahətdə - Fars körfəzinin mirvarisi sayılan Dubay səyahətində qazanmışdım. Daha doğrusu, 2009-cu ilin sonunda bu əsrarəngiz şəhərə səyahət zamanı fotoaparatın yaddaşına köçürdüyüm mənzərələrdən biri, İngiltərənin "bmi-British Midland international" və "Fotoclub" Azərbaycan tərəfindən keçirilən "Mənim ən yaxşı səyahət şəkilim" müsabiqəsində ən yaxşılardan olmuş və məni qalib etmişdi.

 

Müsabiqənin şərtlərinə görə bmi şirkətinin hesabına Böyük Britaniyanın paytaxtına üç günlük səyahət, əslində, mənimçün bu ölkənin Bakıdakı səfirliyindən başladı. Londona viza almaq qabaqcadan düşündüyüm qədər də asan başa gəlmədi və hətta, konsulluğa ikinci dəfə sənəd verməli oldum. Ədalət naminə qeyd edim ki, səfirliyin konsulluq şöbəsində diqqətimi çəkən ən maraqlı məqam burada çalışan insanların öz ölkələrinin qanunlarına və əslində, öz ölkələrinə necə böyük sədaqətlə xidmət etdiyini əyani nümayiş etdirmələri idi.

bmi şirkətinin rahat və sahmanlı aerobusunda ilk uçuş cəhdimizə isə hava şəraiti və bütün Avropanı cənginə alan çovğun mane oldu. Nəhayət, 2010-cu il dekabrın 22-də təyyarəmiz Londona istiqamət götürdü. İngilis dilini o qədər də yaxşı bilmədiyimdən və Londona ilk səfərim olduğu üçün içimdə bir gərginlik var idi. Avropanın ən böyük hava limanlarından biri olan Hitrouda çovğun və güclü qar olmasa da havadakı şaxta sanki burada çalışan personalın canına hopmuşdu. Pasport qeydiyyatından keçmək üçün bir tərəfdə növbənin ucu-bucağı görünmür, digər bir tərəfdə isə növbə sürətlə seyrəlirdi. Təbii ki, heç nəyə məhəl qoymadan insan axınının daha sürətlə keçdiyi cərgəyə qoşuldum. Tələsirdim, çünki məni qarşılamağa gələn, üzünü görmədiyim tanışımı çox gözlətmək istəmirdim. Növbəm çox tez çatdı deyə, hələ sevindim də. Amma, deyəsən, sevinməyə tələsmişdim. Sən demə, növbənin sürətlə seyrəldiyi cərgədə duranlar necə deyərlər, "əsl avropalılar" olduğundan və elektron pasport daşıdıqlarından onlar elə ciddi sorğu-suala çəkilmirlərmiş.

Mənim isə hələ əsl avropalı olmağıma çox qalıb deyə, nəzarətçi mənə "qeyri-avropalıların" cərgəsini göstərdi. Növbə uzanır, mən isə öz müsəlmanlığıma salıb avropalıların bu ikili münasibətindən əsəbləşir və öz-özümə deyinirdim. Başqa neyləyə bilərdim ki, hamı necə, mən də elə.

İnsafən, növbəm çatanda nəzarətçi diqqətlə pasportumu yoxlayıb, nəzakətlə Londona gəlişimin səbəbini soruşdu. Jurnalist olduğumu və səyahətə gəldiyimi biləndə isə "vel kom" - deyə, gülümsədi və pasportumu mənə qaytardı. Dolanbac dəhlizlərlə çıxışa doğru addımladım. Budur, əsasən ingilis dilində danışan insanların içindən kimsə məni doğma dilimizdə səsləyir. İçimdəki gərginlik bir anın içində əriyib gedir. Yalnız səfər öncəsi iki-üç dəfə telefonda danışdığım Elçin Hacıyevlə illərin dostu kimi görüşüb qucaqlaşırıq. Hava limanından başlayaraq, Elçin dumanlı Albionun bu qoca şəhərində mənim ən yaxın bələdçimə çevrilir.

bmi şirkətinin aerobusu nə qədər rahat olsa da 6 saatdan artıq uçuş məni əməlli başlı yormuşdu. Londonda yaşayan Hacıyevlər ailəsinin daha bir nümayəndəsi - Elçinin qardaşı Yalçının və xanımı Təranənin göstərdiyi əsl azərbaycanlı qonaqpərvərliyindən sonra şəhərin mərkəzində - Rassel Skverdəki "İmperial" hotelinə gəlirik. Bu qərib şəhərdə hava tez qaraldığından yol boyu elə də diqqət çəkən bir mənzərənin şahidi olmadım. Hoteldəki nömrəmdə yerləşəndən sonra Elçini və Yalçını vestibüldən yola salıb, nömrəyə qayıtdım.

Yorğun olmağıma baxmayaraq, səhər tezdən oyanmışdım, Londonu sübh tezdən seyr etmək, bu şəhərin əsrlərin tarixi hopmuş binalarının, saysız-hesabsız hotellərinin, çox da geniş olmayan küçə və yollarının, ən azından iki küçədən bir səliqə-sahmanı ilə seçilən irili-xırdalı parklarının hekayətini heç kimin şərhi olmadan ruhumun "eşidə" biləcəyi səslə dinləmək istəyirdim. Gözüm bir yeri tutdumu, elə oradaca bu səyahəti mənə qazandıran yolyoldaşım "Nikon" fotoaparatını işə salırdım.

Hava işıqlaşar-işıqlaşmaz hamı işə tələsirdi. Şəhərin mərkəzi olsa da avtomobil tıxacından əsər-əlamət belə yox idi. Londonun əsas nişanələrindən olan ikimərtəbəli, qırmızı avtobusların ardı-arası kəsilmirdi. "Bas layn" ("avtobus xətti") yazılan və qırmızı rənglənmiş zolağa avtobuslardan və velosipedlərdən başqa bir nəqliyyat vəsitəsi belə keçmirdi.

Sonradan bələdçim Elçin mənə izah edəcəkdi ki, qaydanı pozub o zolağı adlayan maşın dərhal 60 funt-sterlinq cərimə olunur.

- Bəs buna kim nəzarət edir? Küçədə bir yol polisi belə gözə dəymir axı, - deyə Elçindən soruşuram.

- Yol kənarında vurulmuş kamera nişanlarına baxın. Onların gözündən heç nə yayınmır. Qaydaları pozan sürücünün cəriməsi isə birbaşa poçt qutusuna - evə gəlir.

Bakıdan fərqli olaraq, Londonda haranı gəldi avtomobil dayanacağına çevirə bilməzsən, buna imkan da verməzlər. Doğrudur, burada bizim alışdığımız "evakuator"lardan, demək olar ki, istifadə olunmur. Amma cərimələr hər şeyi qaydaya salır.

Saat 10-a yaxın göz önündə qaynayan, aşıb-daşan şəhərin sanki səsini almışdılar. Ara-sıra təcili yardım maşınlarının həyəcan siqnalı olmasa və gözünü yumsan buranın milyonların yaşadığı qaynar bir şəhər olduğuna inana bilməzsən. Amma necə inanmayasan ki, bu şəhərin çox-çox qədim və zəngin bir tarixi var. Mən Yeni Oksford küçəsilə gəzə-gəzə gəlib Britaniya Muzeyinin əzəmətli binasına çatanda bu şəhər haqqında oxuduğum və öyrəndiyim tarixi anlar yaddaşımda canlandı.

 

Tarixini danışan şəhər

 

Londonun əsası eramızın 43-cü ilində Temza çayının şimal sahilində kelt yaşayış məntəqələrinin yerində romalılar tərəfindən qoyulub. Romalıların dörd əsrlik hakimiyyəti dövründə bu şəhər Londinium adı ilə onların Böyük Britaniya adasındakı başlıca şəhəri olub. V əsrdə romalıların gedişi ilə şəhər süquta uğrayıb və 1066-cı ildə isə normanların buranı zəbt etməsindən sonra kralların iqamətgahı və rəsmən İngiltərənin paytaxtı olan London sürətlə varlanmağa və genişlənməyə başlayır.

1666-cı ildə Londonda baş vermiş böyük yanğında şəhərin binalarının 5 də 4 hissəsi tamamilə yanır. Bu yanğından sonra London daha böyük sürətlə tikilməyə başlayır. Üç və dörd mərtəbəli daş evlərin tikintisi şəhərin görkəmini tamamilə dəyişir. 1707-ci ildə London Böyük Britaniyanın, sonra isə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının paytaxtına çevrilir. Bu gün Böyük Londonun sahəsi 1579 kvadratkilometr təşkil edir. Əhalisi 8 milyona yaxındır.

Siti, Vestminster, Vest-End və İst-End Londonun tarixi rayonlarıdır. Bugünkü böyük Londonun 33 inzibati rayonu var ki, onlardan 12-si Siti ilə birgə daxili Londonu təşkil edir.

Londonun ən qədim hissəsi - burada deyildiyi kimi - daxili şəhər, Sitidir. Bu rayon böyük yanğından daha çox ziyan görmüşdü. Hazırda burada İngiltərə Bankı, Birja, burqomistrin iqamətgahı, ratuşa, Mərkəzi cinayət Məhkəməsi (Old Beyli), Müqəddəs Pavel kilsəsi və başqa kilsələr var. Dağılmış binaların yerində indi şüşədən və betondan olan müasir göydələnlər ucalır.

Bütün bunlar Böyük Britaniya və Şimali İrlandiyanın paytaxtında orta əsrlərin və müasirliyin harmoniyasını nümayiş etdirir. Nə qədər qəribə olsa da Londonda xüsusi turist marşrutu olmadan da sehirli və maraqlı bir aləmə düşmək mümkündür. Sadəcə istənilən bir küçə ilə axıra qədər getsən - dərhal qədim və əsrlərdən soraq verən nəsə diqqətini çəkəcək.

Sitinin şərq hissəsində, Temza çayının sahilində, XI əsrdə Fateh Vilhelmin qala kimi əsasını qoyduğu Londonun məşhur Taueri yerləşir. Bir neçə dəfə yenidən qurulmuş bina əvvəl Kral iqamətgahı, sonralar isə həbsxana olub. İngiltərə tarixinin bir çox nişanələrinin saxlandığı muzey-Tauerdə həm də Britaniya tacqoyma mərasiminin reqaliyaları qorunur. Bura həm də Silah Palatasıdır. Qala ilə yanaşı, Temzanın üstündən adlayan və bəlkə də Londonun ən gözəl körpüsü olan Tauer körpüsü əzəməti ilə diqqət çəkir. Tauerlə Temzanın cənub sahilinə adlayanda burada ilk diqqət çəkən 1206-cı ildə tikilmiş qotik kilsə olur. Bu sahildəcə Saut-Bank müasir incəsənət mərkəzi, nəhəng konsert zalları, Lambet sarayı - baş ingilis kilsəsinin arxiyepiskopu Konterberiyskinin iqamətgahı və sair binaların sehrinə düşürsən.

 

100 ildən çox boş qalan postament...

 

Temzanın sahili boyu Sitidən qərbə uzanan cazibədar Strend küçəsi ilə gedib özün də hiss etmədən məşhur Trafalqar meydanına çıxırsan. Londonun bütün qərib qonaqları kimi mən də bu meydandan kənar keçə bilmədim. Bəlkə də ən çox tamaşa etdiyim yerlərdən biri məhz Trafalqar meydanı oldu.

Londonun əsas diqqətəlayiq yerlərindən olan Trafalqar meydanı 1829-1841-ci illərdə salınıb. Bir çox hadisələrin canlı şahidi olan meydanın mərkəzində, 1805-ci ildə Trafalqar dövründə fransız-ispan donanması üzərindəki qələbənin şərəfinə 60 metrlik Nelson sütunu ucaldılmışdır. Bu əzəmətli kolonun sanki keşiyində duran, ingilis döyüşçülərin fransızlardan qənimət götürdüyü ağır toplardan tökülmüş 4 şir heykəli isə meydana xüsusi bir görkəm verir. Meydanın şimal hissəsində 1834-37-ci illərdə klassik üslubda tikilmiş milli qalereya indi də turistləri öz zəngin xəzinəsi ilə valeh edir. Bura dünyada Avropa rəsm əsərlərinin - ən zəngin kolleksiyasının qorunduğu qalereya sayılır. Qalereyanın daimi ekspozisiyaları çox da böyük deyil, ancaq onun divarlarından asılanların hər biri istinasız olaraq dünyanın ən böyük ulduzlarıdırlar - Bosk, Rafael, Rembrandt, Deqa, Mone, Renuar, Qoqen, Van Qoq və başqaları. Onunla yanaşı, salınmış Milli portret qalereyasında isə krallardan tutmuş şairlərə qədər İngiltərənin məşhur adamlarının təsviri olan 4500-dən artıq rəsm əsəri, heykəltəraşlıq nümunəsi və digər eksponatlar var. Yeri gəlmişkən, deyim ki, hər iki qalereyaya giriş pulsuzdur.

Meydanda heç də az diqqət çəkməyən 4 postament var. Məşhur memar Çarlz Beri bu postamentlər üzərinə Böyük Britaniyanın 4 böyük şəxsinin heykəlini qoymağı planlaşdırmışdı. Onlardan birini IV Georgi o vaxtlar üçün çox böyük məbləğə 9000 hineyə alıb öz heykəlini qoydurdu. Daha iki postamentdə müstəmləkəçilik dövrünün hərbi rəisləri - Hindistanda üsyanı yatırdığına görə Lord Havelokun və bütün digər xidmətləri ilə yanaşı, Hindistanın Sind əyalətini istila etdiyinə görə ser Çarlz Hepirin heykəlləri ucalır. Dördüncü postament, hələ ki, boşdur. Yüz ildən artıq vaxt ötməsinə baxmayaraq, ingilislər məşhur britaniyalılardan kimin bu yerə layiq olduğu barədə hələ də qəti bir fikrə gələ bilmirlər.

Trafalqar meydanından sonra Admirallıq tağından başlayaraq Müqəddəs Ceyms Parkı boyu Mell küçəsi uzanıb gedir. Əks tərəfdə, Pell-Mell küçəsinə yaxın isə edam edilmiş I Karlın son günlərini keçirdiyi Müqəddəs Ceyms Sarayı yerləşir . Hazırda burada Kent hersoqu yaşayır. Mell küçəsi birbaşa krallığın baş iqamətgahına - tikiliş tarixinə görə Londonun sonuncu kral sarayı olan Bukinheym sarayına aparıb çıxarır. Sarayın qarşısında kraliça Viktoriyanın mərmərdən qızılı su ilə işlənmiş heykəli qoyulub.

Bukinheym sarayından şərqdə isə Londonun ən böyük memarlıq incisi olan Vestminster abbatlığı yerləşir. Abbatlıq Fateh Vilhelmin dövründən Venedikt abbatlığının yerində salınıb və İngiltərə krallarının tacqoyma kilsəsi kimi qalır. Abbatlığın yaxınlığında, Temza çayının sahilində parlament binası - Vestminster Sarayı yerləşir.

Londonu parklarsız təsəvvür etmək bəlkə də mümkün olmazdı. Bu qədim şəhərdə saysız-hesabsız kiçik və rahat park və bağlar salınıb. Ancaq əsas parklar - kral parkları - Sent-Ceyms, Hayd-Park, Kensinqton bağı, Ricents-park, Qrin-park sayılır. Onların hər birinin özünəməxsus gözəlliyi var. Mən sadəcə onların bir qədər cansıxıcı olan qış mənzərəsini seyr etməli oldum. Amma bu mənzərələrin də öz təəssüratı var. Xüsusilə burada ucalan heykəlləri ilə.

London həm də teatr və konsert zalları şəhəridir. Burada 80 teatr var. Hər gün onlarla teatrın səhnələrində - Heymarket və Druri-Leyn, Mermeyd və Royal-Kortda hər zövqə uyğun dram tamaşaları, operalar, myuzkllar oynanılır. Amma bunların çoxunda iştirak etmək üçün ən gec bir həftə əvvəl bilet almaq lazım gəlir.

Tanış olduğum şəhərin Vest-End rayonunun Heynmarket hissəsi ən azından XVII əsrdən başlayaraq Londonun teatral rayonlarından sayılır. Heymarketdəki Kraliça teatrı 1705-ci ildə Con Vanbru tərəfindən layihələndirilib. Bina dram teatrı kimi nəzərdə tutulsa da, buradakı akustika opera üçün daha münasib idi. Ona görə də 1710-cu ildən 1745-ci ilə qədər Georgi Fridrix Hendelin əksər operaları və bir-çox oratoriyaları ilk dəfə bu teatrın səhnəsində ifa olunmuşdur. 1714-cü ildə kraliça Annanın vəfatından sonra teatrın adı dəyişdirilərək Kral Teatrı oldu. 1790-cı ildə Con Vaburun tikdiyi teatr yanıb külə döndü. Yerinə yeni bina tikildi. Bu bina da yandı və 1897-ci ildə yeni Kral teatrı tikildi.

London həm də özünün azərbaycanca desək "borusu" - yəni dünyanın ən yaşlı metrosu ilə tanınır. 1863-cü ildən London sakinlərinin xidmətində olan bu nəqliyyat vasitəsi turistlərin və qonaqların da işinə çox yarıyır. London metrosunda birdəfəlik gediş haqqı olduqca bahadır - 2 funtsterlinq. Yox, əgər səhər tezdən 5 funt verib bir günlük bilet alsan, bütün günü bu biletlə həm metroda, həm avtobusda, həm də şəhərətrafı elektrik qatarlarında gəzə bilərsən.

Avtomobillərin yolun sol tərəfilə hərəkət etməsi, bütün ictimai nəqliyyatın ikimərtəbəli qırmızı avtobuslardan ibarət olması, şəhərin mərkəzi hissəsinə girişin pullu olması və bir çox digər qaydaları Londonun özünəməxsus tanınma nişanları da saymaq olar. Amma, mənə elə gəlir ki, Londonu da, bütövlükdə Böyük Britaniyanı da dünyaya sevdirən hər şeydən əvvəl ingilis xarakterinin çox gözəl və çoxlarına nümunə ola biləsi cizgisi - yaşamaq rahatlığına böyük sevgiləridir. Bəlkə onların saysız-hesabsız ixtiralarına yol açan da elə bu sevgidir: çətir, telefon köşkü, taksi, çay-südlə və s. Bu gün isə bu sevgidən yaranan və göz bəbəyi kimi qorunan insan haqlarıdır ki, bu ölkədə onları pozmağa kimsə cəhd etsə qarşısında sərt qanunları və onların kəsdiyi cəzanı görər. Bunu mənə Londonda yaşayan azərbaycanlılar - "Ogey ananın" doğmaları da dedilər. "İngiltərə - "ögey ana" ifadəsini isə, mənim şərəfimə Elçin Hacıyevin evində açılan şam süfrəsində bu qərib ölkədə yaşayan həmkarım Zülfüqar Əhmədzadənin oxuduğu şeirdən götürdüm. Londonda yaşayan üç ailənin bütün üzvləri stol arxasında idi. Şəfəq xanım Azərbaycan mətbəxinin ən ləziz nümunələrini süfrəyə düzmüşdü.

Arada fürsət tapıb Yalçının 13 yaşlı oğlu, London kolleclərinin birində təhsil alan Kərim Hacızadə ilə söhbətləşirəm. Əla qiymətlərlə oxuduğunu, gələcəkdə həkim olmaq istədiyini deyir. İngilis mühitində yaşayan azərbaycanlı yeniyetmədən "ögey İngiltərədən" doğma Azərbaycanı necə gördüyünü soruşuram:

- Uzaqda yaşasaq da müasir texnologiya məsafələrə məhəl qoymadan hər şeyi yaxınlaşdırır. Azərbaycan sürətlə dəyişir, gözəlləşir, imkanları artır və təbii ki, bu bizi sevindirir. Amma bununla bərabər, insanlar da zamana uyğun dəyişməlidir. Gənclərimiz təhsilə münasibətdə daha ciddi olmalı və ölkəmizin elmi potensialına yeni bir nəfəs gətirməlidirlər.

Atası Yalçın söhbətimizə qoşulub deyir ki, Londonun ali məktəblərində çox sayda Azərbaycandan gələn gənclər təhsil alır. Onlar bu şəhərə gələndən az bir müddət sonra dünyagörüşlərində, münasibətlərində, həyata baxışlarında yaxşı mənada çox şey dəyişir. Bizim gənclər İngiltərədə təhsilin əsas məqsəd deyil, insan həyatında gerçək məqsədlərin əldə olunması üçün bir vasitə olduğunu dərk edirlər. Ən başlıcası odur ki, onlarda vətənpərvərlik ruhu daha da güclənir.

Yalçının bu fikrini Londondakı Azərbaycan Evi Mədəniyyət və Dostluq Mərkəzinin nümayəndəsi, Vestminster Diplomatiya Akademiyasında magistratura təhsili alan tələbəmiz Sənan Əliyev də bildirdi. Sənanla əsas söhbətimiz isə Azərbaycan Evinin fəaliyyəti ilə bağlı oldu.

Sənan qeyd etdi ki, Azərbaycan Evi Mədəniyyət və Dostluq Mərkəzi Britaniyada yaşayan bir qrup azərbaycanlı ziyalı, gənc mütəxəssis və tələbənin təşəbbüsü ilə yaradılmışdır. Məqsədi Azərbaycanla Britaniya arasında mədəni və dostluq əlaqələrini möhkəmləndirmək, Londondakı Azərbaycan icmasına xidmət etmək olan mərkəz 2006-cı ildə fəaliyyətə başlasa da rəsmi açılışı 2008-ci il noyabrın 14-də olub.

Fəaliyyət göstərdiyi müddətdə burada Azərbaycan icmasının müxtəlif tədbirləri, milli bayramlar, mühazirələr, seminarlar, konsert proqramları, təqdimatlar, film nümayişləri və sərgilər keçirilmişdir. Mərkəzin sədri doktor Əli Təkin Ataların aldığı binada 50 nəfərlik zal, kitabxana, səs studiyası var.

Sənan təhsil aldığı ali məktəbdə də ictimai fəallığı ilə seçilir. Onun rəhbərliyi ilə burada Azərbaycan mədəniyyətlərarası cəmiyyəti yaradılıb. Cəmiyyətin bu gün 20-dən çox üzvü var və onların hər biri ayrı-ayrı millətlərin nümayəndələridirlər.

Sənanın bir tələbə olaraq Vətəni qarşısında xidmətlərindən biri də onun Azərbaycan dramaturgiyasının banisi M.F.Axundovun " Müsyo Jordan və Dərviş Məstəli şah" əsərini ingilis dilinə tərcümə etməsi olub. Özünün dediyinə görə ingilis şairi, onun müəllimi bu əsəri Britaniya səhnəsi üçün uyğunlaşdırıb. Tərcümə olunmuş əsər isə Avropa Azərbaycan Cəmiyyətinin dəstəyi ilə kitab şəklində çap olunub. Hətta Sənanın xarici vətəndaşlardan topladığı truppa bunu ingilis dilində səhnələşdirib və tamaşaçılara təqdim edib. Tamaşa çox uğurlu alınıb.

Londonun Laburnum küçəsində yerləşən Azərbaycan Evi ilə yaxından tanış olub Sənana uğurlar arzuladım...

London turistlərinin sevimli yerlərindən biri də Avropada ən uzun ticarət küçəsi olan Oksford-stritdir. İş günlərində bu küçədə iynə atsan yerə düşməz. Burada alış-verişə, əsasən, orta təbəqə çıxır. Londonun Vestminister rayonundakı bu küçə Nyu-Yorkun Beşinci Avenyu, Parisin Yelisey meydanı, Moskvanın Arbat, Milanın Via Torino və Tokionun Omotesvandr kimi ticarət dəhlizlərini də geridə qoyur. İndi burada dünyanın ən məşhur və nəhəng brendlərini 67 "flaqman" mağaza təmsil edir. Oksford-stritdə bir illik alış-veriş dövriyyəsi 10 milyard dollara yaxındır. Bu küçədəki mağazalara həftədə 2,6 milyon alıcı daxil olur. CB Richard Ellis konsaltinq şirkətinin araşdırmalarına görə, riteylerlərin nəzərində dünyanın ən cazibədar şəhəri London sayılır. Böyük Britaniya paytaxtında dünya riteylerlərinin 58 faizi təmsil olunur. Dubay ikinci, Paris isə üçüncü yerdədir.

Bəlkə bu məlumatla da London səyahətinə yekun vurmaq olardı. Amma, vaxtı son dərəcə yüksək dəyərləndirən ingilis xalqının, nümunə olası bəzi keyfiyyətlərini açıqlamadan son nöqtəni qoymaq doğru olmazdı. Bu keyfiyyətlərin ən dəyərlisi isə mənim nəzərimdə ingilis nəzakətliliyidir.

 

İnsan sevgisi və ingilis növbələri

 

İngiltərə bəlkə ona görə qəribə ölkədir ki, bu ölkənin sakinləri özlərinə qarşı izaholunmaz bir hörmət yaradıblar. Əslinə baxsan, təbiətcə soyuq, bir qədər təkəbbürlü və yüngülcə adamayovuşmaz olan ingilislər elə də xüsusi sevgi hissi oyatmırlar.Amma bu ölkədə insanın insana və ona Tanrıdan verilən hüquqlara necə hörmətlə yanaşdığını görəndə ingilisə hörmət etməyə bilmirsən.

Ən diqqətəlayiq ingilis ənənələrindən biri növbələrdir. Haqlı olaraq deyirlər ki, "əgər avtobus dayanacağında heç olmasa bir ingilis varsa, o artıq növbəyə durub. Çünki ondan sonra gələn heç vaxt irəli keçməyə cəhd göstərməyəcək. Londonda, İngiltərədə olan elə bir adam tapmazsan ki, bunun şahidi olmasın. Hətta növbəyə durarkən fikrin olmayıb qarşında xeyli boş məsafə qalsa belə kimsə səni keçməyə cəhd göstərməyəcək, heç narahat da etməyəcək. Əgər geri boylansan o zaman nəzakətlə sənə qarşında xeyli boş məsafə olduğunu göstərəcəklər.

Bu ingilis ənənəsinin mahiyyətinə varanda dərk edirsən ki, cəmiyyətin, dövlətin insan haqlarına hörməti, şübhəsiz, bu ölkədə insanın insana və onun haqqına olan hörmətindən başlayır. Növbə də hardasa insanların ünsiyyət vasitəsidir. Növbə etnik bir anlayışdır. Sənin hansısa iyerarxiyada, hansısa mədəniyyətdə hansısa yer tutduğunu və bu yeri qiymətləndirdiyini və bütün ətrafın bunu qiymətləndirdiyini göstərir. Və heç kim səni öz yerindən kənarlaşdırmaq, sənin yerini tutmaq, səni ötüb keçmək fikrinə düşmür. Ona görə də ingilislərin dili planetin aparıcı dilinə çevrilib. Bu dildə cavab istəməyən nəzakətli sözlər, müraciət formaları o qədərdir ki, hər biri insan qəlbində bir sevgi oyadır. Bəlkə, Oksford Stritin hər addımında satılan və üstünə "İ love you London" - "Mən səni sevirəm London" yazılmış idman köynəkləri və müxtəlif sivitirləri turistlərin böyük həvəslə alması da elə bu sevginin gerçək təsdiqidir ki var.

 

 

İlqar RÜSTƏMOV,

Bakı-London-Bakı

 

Xalq qəzeti.- 2011.- 23 yanvar.- S. 6.