M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası 2010-cu ildə virtual
rejimdə xidmət
sahəsinə daha çox
üstünlük vermişdir
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin 2010-cu
ilin yekunları və 2011-ci ildə qarşıda duran vəzifələrə
həsr olunmuş iclasında dünyanı bürüyən
iqtisadi böhrana baxmayaraq, ötən ilin ölkəmiz
üçün bütün sahələrdə uğurlu
olduğunu diqqətə çatdıraraq 2011-ci ilin də Azərbaycan
üçün əlamətdar olacağına
inandığını bildirmişdir.
Həmin
tədbirdə çıxış edən Azərbaycan
Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev də 2010-cu ildə mədəniyyət sahəsində
əldə olunan nailiyyətlər və cari ildə
qarşıda duran vəzifələr barədə məlumat
verərkən kitabxana işi sahəsinə xüsusi diqqət
yetirmiş və bu sahədə çox ciddi dəyişikliklərin
gözlənildiyini söyləmişdir.
Söz
yox ki, 2010-cu ildə M.F.Axundov adına Azərbaycan Milli
Kitabxanasının da fəaliyyətində mühüm
yeniliklər olmuşdur.Kitabxana Azərbaycanda bu sahədə
dövlət siyasətini həyata keçirən, milli nəşrləri,
xarici ölkələrdə Azərbaycan dilində nəşr
olunmuş çap məhsullarını və Azərbaycan
müəlliflərinin əsərlərini, dünya əhəmiyyətli
nəşrləri, o cümlədən xarici dillərdə
çap olunmuş məlumat
daşıyıcılarını toplayıb mühafizə
edən milli xəzinə və dövlət
kitabsaxlayıcısıdır.
2010-cu
ildə Milli Kitabxananın fəaliyyətinin əsas istiqamətini
kitabxana-biblioqrafiya proseslərinin
avtomatlaşdırılması,
avtomatlaşdırılmış idarəetmə sistemlərinin
tətbiqi ilə oxuculara kitabxana xidmətinin müasir tələblərə
uyğun qurulmasını təmin etmək, oxuculara və
istifadəçilərə virtual rejimdə xidmət göstərmək
üçün elektron kitabxananın və elektron kataloqun məlumat
bazasının genişləndirilməsi təşkil
etmişdir.
Milli
Kitabxananın fondunda 4 539 598 nüsxə ədəbiyyat
saxlanılır. 2010-cu ildə kitabxanaya 22 767 nüsxə yeni
ədəbiyyat daxil olmuşdur ki, bunun da 15077 nüsxəsi
kitab, 7690 nüsxəsi isə digər sənədlər
olmuşdur.
2010-cu ildə kitabxanada oxucuların yenidən qeydiyyat prosesinə başlanılmışdır (hər 5 ildən bir kitabxanada oxucuların yenidən qeydiyyatı prosesi həyata keçirilir). İl ərzində kitabxananın qeydiyyatdan keçən daimi oxucularının sayı 37 686 nəfər olmuşdur . Virtual oxucuların- elektron kitabxanadan, kitabxananın saytından və virtual xidmətlərdən istifadə edənlərin sayı isə 281 064 nəfər, o cümlədən virtual sifarişin xidmətlərindən istifadə edənlər 696 nəfər olmuşdur. İl ərzində kitabxanaya gələnlərin ümumi sayı 187 141 nəfər olmuş və onlara 732 385 nüsxə kitab verilmişdir.
Kitabxanada kitab, qəzet və jurnalların rəqəmsallaşdırılması və oxuculara elektron informasiya xidmətinin göstərilməsi istiqamətində bir sıra mühüm addımlar atılmışdır. Tamamilə yeni tələblərə cavab verən xüsusi avadanlıqlar alınaraq ayrı-ayrı qəzet komplektlərinin, kitab və jurnalların çox sürətlə rəqəmsallaşdırılması işinə başlanmışdır. Hazırda kitabxanada bu məqsədlə yaradılmış xüsusi bölmədə bu iş müvəffəqiyyətlə həyata keçirilir.
Elektron resursların yaradılması istiqamətində atılan daha bir addım ötən əsrlərdə və eləcə də müasir dövrdə çap olunmuş dövri mətbuat nümunələrinin tam komplektlərinin elektron versiyasını yaratmaqdan ibarətdir. Artıq bu istiqamətdə xeyli iş görülmüş, "Əkinçi", "Kaspi", "İrşad", "Açıq söz", "Həqiqət", "Sədayi-həqq", "Doğru söz", "Bəsirət", "Ziyayi qafqaziyə", "Azərbaycan", "Ədəbiyyat", qəzetlərinin, "Dəbistan", "Babayi-əmir", "İnqilab və mədəniyyət", "Məzəli", "Şəlalə" jurnallarının, XIX əsrdə çap olunmuş "Zaqafqaziya Komissiyasının Aktları" və "Kavkazskiy kalendar"məcmuələrinin tam komplektlərinin elektron versiyası yaradılmışdır. Hazırda "Kommunist", "Xalq qəzeti" və "Respublika" qəzetlərinin tam komplektlərinin elektron versiyasının yaradılması üzərində iş gedir.
Onu da qeyd etmək lazımdır ki, oxuculara xidmət şöbəsinin nəzdində yaradılmış bu bölmədə hazırlanan elektron nəşrlər vasitəsilə oxuculara da xidmət göstərilir, qəzet, jurnal və ya kitabın istənilən hissələri, ayrı-ayrı məqalələr CD disklərə yazılaraq oxuculara verilir. Son 4 ay ərzində bu istiqamətdə görülən işlər nəticəsində kitabxanada yeganə nüsxə olan və Azərbaycan ədəbiyyatının arxivi şöbəsində saxlanılan kitabların, demək olar ki, əksəriyyətinin elektron surəti çıxarılaraq lokal şəbəkədə oxuculara təqdim olunmuşdur.
Milli Kitabxana VTLS VİRTUA proqramında MARC 21 formatı ilə işləyir. VİRTUA proqramı kitabxanalar, arxivlər, muzeylər və korporasiyalar üçün materialların rəqəmli formaya çevrilməsini ən yüksək və peşəkar səviyyədə təmin edir.
Azərbaycan Milli Kitabxanası VTLS proqramının bütün modullarını almışdır. Administrator yarımsisteminin köməkliyi ilə mütəxəssislərimiz avtomatlaşdırılmış idarəetmə sisteminin yeni və son versiyasının quraşdırma işlərini başa çatdırıblar.
VTLS VİRTUA proqramının Language Editor faylı Azərbaycan dilinə tərcümə edilmişdir. Azərbaycan ədəbiyyatının arxivi şöbəsində mühafizə olunan ədəbiyyatın elektron kataloqun elektron-məlumat bazasına daxil edilməsi artıq başa çatdırılmaq üzrədir. Ümumiyyətlə, 2010-cu ildə 50 226 biblioqrafik yazı elektron kataloqa daxil edilmişdir.
Elektron kataloq vasitəsilə ABŞ-ın Konqress, Rusiyanın Dövlət Kitabxanası və Türkiyənin Milli Kitabxanası ilə biblioqrafik yazı mübadilələri aparılır. Oxucu Milli Kitabxananın saytı vasitəsilə birbaşa bu kitabxanaların elektron kataloqlarında axtarış apara bilir.
Moskva Dövlət Universitetinin Bakı filialının kitabxanası M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının elektron kataloquna qoşularaq artıq öz elektron kataloqlarını yaratmış və məlumat bazasına biblioqrafik yazıları daxil etmişlər.
Analitik elektron məlumat bazasının təşkili şöbəsi il ərzində respublikamıza dair və ümumi xarakterli məqalələrin Azərbaycan və rus dilində 27 841 (21 825-i Azərbaycan dilində, 6016-sı rus dilində) analitik-biblioqrafik yazını Elektron katoloqun analitik məlumat bazasına daxil etmişdir. Bununla yanaşı 21 618 (16 341 Azərbaycan dilində, 5277 rus dilində) Azərbaycan və rus dilində məqalələrin tam elektron mətni kitabxananın saytına daxil edilmişdir.
Elektron bazada yığılan materiallar əsasında mədəniyyət, incəsənət və turizmə aid materiallar ayrıca toplanaraq "Mədəniyyət, incəsənət və turizm haqqında yeni ədəbiyyat" adı ilə informasiya bülleteni şəklində ayda bir dəfə 50 nüsxə tirajla nəşr edilir. Arxiv fondunu elektron kataloqa köçürməsi işi davam etdirilmişdır.
Fonoteka fondunun qrammafon vallarının CD disklərə köçürülməsi işi davam etdirilmişdir. Belə ki, 1000 ədəd qrammafon valı CD-lərə köçürülmüşdür ki, bu işdə milli musiqimizə daha önəmli yer verilmişdir. İl ərzində 40 not əlyazması not nəşrləri və səsyazmaları şöbəsinə daxil olmuşdur.
Elektron dissertasiya
fondunun təşkili və ondan istifadə
şöbəsində 2745 elektron resurs var. Bunlardan 1043-ü aftoreferat,
1702-si isə dissertasiyadır. İl ərzində Rusiya Dövlət Kitabxanasının
dissertasiya və avtoreferatlarının tammətnli
elektron bazasından
720, Azərbaycanda müdafiə
olunmuş 580 dissertasiyanın
tammətnli elektron məlumat bazası ilə 1320 oxucuya virtual xidmət göstərilmişdir.
2010-cu ildə Milli Kitabxananın nəşriyyat
fəaliyyəti də
səmərəli olmuş,
21 adda, 39 buraxılışda:
biblioqrafiya, biblioqrafik
məlumat kitabı, metodik vəsait, metodik tövsiyələr
nəşr edilmişdir.
Çap
olunan bütün vəsaitlər respublikanın
MKS-nə və Bakı şəhər kitabxanalarına vaxtında
və operativ surətdə çatdırılmışdır.
Kitabxanaşünaslıq-elmi tədqiqat şöbəsi
tərəfindən "Azərbaycan
kitabxanaları XXI əsrin
informasiya məkanında"
adlı sorğu-məlumat
kitabının III və
IV cildləri çapdan
buraxılmışdır. 3-cü cilddə Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyinə tabe olan musiqi və
incəsənət məktəblərinin
kitabxanaları barədə
məlumatlar və statistik göstəricilər
verilmişdir. Təhsil Nazirliyinin
nəzdində olan bütün məktəb kitabxanaları barədə
məlumatlar və statistik göstəricilər
IV cilddə toplanmışdır.
2010-cu ildən Elektron
kitabxana müstəqil
şöbə kimi fəaliyyətə başlamışdır. Cari ildə
896 kitabın tam mətni,
4310 dövri mətbuat
nömrəsi internet və
intranet səhifələrində yerləşdirib.
İl ərzində ümummilli lider Heydər Əliyev cənablarının
çıxışları, nitqləri, bəyanatları,
fərmanları, sərəncamları,
məktub və müsahibələri daxil
edilmiş "Müstəqilliyimiz
əbədidir" adlı
kitabın 30 cildinin elektron versiyası hazırlanaraq elektron kitabxanada yerləşdirilmişdir.
"Zərifə Əliyeva"
adlı məlumat bazası yaradılmışdır. Azərbaycan
Respublikası Prezidenti
İlham Əliyevin
"Azərbaycan dilində
latın qrafikası ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında"
12 yanvar 2004-cü il tarixli sərəncamı ilə
nəşr olunan kitabların elektron versiyasının hazırlanması
işi davam etdirilmişdir.
Azərbaycanın klassik şairlərinin
ədəbi irsinin rusdilli oxucular arasında geniş təbliğinə nail olmaq
məqsədilə Nizami
Gəncəvi, Məhəmməd
Füzuli, İmadəddin
Nəsimi, Şah İsmayıl Xətai, Mirzə Ələkbər
Sabir, Səməd Vurğun və digər klassik şairlərimizin rus dilində dərc olunmuş əsərlərinin
elektron versiyası hazırlanaraq elektron kitabxanada yerləşdirilmişdir.
Ümumilikdə ötən il 92 kütləvi tədbir keçirilmişdir.
Ötən il
ərzində Milli Kitabxananın beynəlxalq
əlaqələri də
genişlənmişdir.
Xarici ədəbiyyat və beynəlxalq kitab mübadiləsi şöbəsinə beynəlxalq kitab mübadiləsi yolu ilə 566 nüsxə ədəbiyyat daxil olmuşdur. Eyni zamanda, beynəlxalq kitab mübadiləsi xətti ilə xarici ölkələrin Milli kitabxanalarına onların sorğuları əsasında 736 nüsxə, ölkədaxili kitab mübadiləsinin xətti ilə isə 2851 nüsxə kitab göndərilmişdir. İl ərzində cəmi 3587 kitab xarici ölkə kitabxanalarına göndərilmişdir.
Beləliklə, beynəlxalq kitab mübadiləsi yolu ilə 566 nüsxə kitab alınmış, 3587 nüsxə kitab isə xarici kitabxanalara və təşkilatlara göndərilmişdir.
Milli Kitabxananın əməkdaşları 2010-cu ildə 11 ölkədə ezamiyyətdə olmuşlar. Onlar bir sıra beynəlxalq kitabxana təşkilatlarının toplantı və tədbirlərində, beynəlxalq elmi konfrans, kitab sərgiləri, simpozium və treninqlərdə, qarşılıqlı təcrübə mübadiləsi tədbirlərində iştirak etmişlər.
Qarşıda isə çox mühüm vəzifələr durur. Oxucuların gündən-günə artan tələbatının tam şəkildə və ən müasir tipli informasiya texnologiyalarının tətbiqi ilə daha dolğun ödənilməsini təmin etmək məqsədilə Milli Kitabxananın kollektivi 2011-ci ildə də mühüm nailiyyətlər qazanmaq əzmindədir.
Kərim TAHİROV,
M.F.Axundov adına Azərbaycan
Milli Kitabxanasının direktoru,
Əməkdar mədəniyyət işçisi,
fəlsəfə doktoru
Xalq qəzeti.- 2011.- 23 yanvar.- S. 5.