Dağılan tifaq

 

İyirmi bir il bundan əvvələ qədər İzzət Həmidovun ailəsi üçün yanvar əlamətdar hadisələrlə zəngin ay kimi qəbul edilirdi. Əvvəla, İzzət müəllim Mərziyə xanımla bu ayda - yanvarın 5-də ailə qurmuşdu.

 

Bundan sonra o, məhz həmin ayda Şəki rayonundakı "9 Yanvar" kolxozunun sədri seçilmiş və bu, onun digər vəzifələrə irəli çəkilməsində uğurlu başlanğıc olmuşdu...

İzzət Atakişi oğlu Həmidov 1930-cu ildə Oğuz rayonunun Kərimli kəndində anadan olmuşdu. Neft-Kimya İnstitutunu bitirmiş, az müddət Bakıda mühəndis işlədikdən sonra valideynlərinə kömək etmək üçün kəndə qayıtmışdı. Burada ailə qurmuş, qonşu Şəki rayonunun "9 Yanvar" kolxozuna rəhbərlik etmək gənc ali təhsilli kadr kimi ona həvalə edilmişdi. İşgüzarlığı, təşəbbüskarlığı, tapşırılan işə məsuliyyətli münasibəti diqqətdən yayınmamış, onun vəzifə pillələri ilə irəliləməsinə səbəb olmuşdu. Rayon partiya komitəsində əvvəlcə təlimatçı, sonra şöbə müdiri, daha sonra isə raykomun üçüncü və ikinci katibi vəzifələrində işləmişdi.

İzzət müəllim ailəcanlı kişilərdən idi. Ömür-gün yoldaşı Mərziyə xanımla birgə üç övlad - iki oğul, bir qız tərbiyə edib böyütmüşdü. Onlar ali təhsil aldıqdan sonra Bakıda qalıb işləyirdilər. Bir vaxtlar qocalmış valideynlərini tək qoymamaq üçün Bakıdakı işindən çıxaraq kəndə qayıtmışdı. Ömürlərinin axırınadək valideynlərinin qulluğunda dayanmış, övladlıq borcunu layiqincə yerinə yetirmişdi. İndi isə rayonda rəhbər vəzifədə işləməsinə baxmayaraq, övladlarından ayrı darıxırdı. Odur ki, Mərziyə xanımla məsləhətləşdikdən sonra o, ərizə yazıb işdən çıxaraq Bakıya köçməyə qərar verir.

Bakıya köçəndən sonra 8 ilədək 5 nömrəli texniki-peşə məktəbinin direktoru, daha sonra isə Azərbaycan Dövlət Yer Quruluşu Layihə İnstitutunda şöbə müdiri, qrup rəhbəri vəzifələrində işləyir.

İstər ailədə, istər el-obada, istərsə də işlədiyi kollektivlərdə xətir-hörmət sahibiydi İzzət müəllim. Taleyindən, qismətindən də həmişə razılıq edərdi. Övladları ailə qurmuş, ona dünyanın ən şirin neməti olan nəvə sevinci bəxş etmişdilər. Dörd nəvəsi vardı. Hər gün işdən sonra onları görməyə tələsirdi. Gecə-gündüz nəvələrinin dili ilə danışır, onları əzizləyib, oxşayırdı. Heyf ki, bu bəxtəvərlik uzun sürmədi...

1990-cı ilin yanvar ayı. Tarixən beynəlmiləl şəhər kimi tanınan Bakıda hadisələr getdikcə nəzarətdən çıxır, gözlənilməz hadisələr, ağlasığmaz təxribatlar bir-birini əvəzləyir, paytaxt qaynar qazanı xatırladırdı. Kim inansa da, İzzət müəllim heç vaxt ağlına da gətirməzdi ki, Sovet hökuməti, Kommunist Partiyası öz xalqına, dinc insanlara qarşı silah qaldırar, divan tutar. Çünki bütün Azərbaycan xalqı kimi, o da ömrünü bu hökumətə, bu partiyaya sədaqətlə xidmətə həsr etmişdi. Hətta, "sovet qoşunları şəhərin ətrafında cəmləşib, hücuma keçib milləti qıracaqlar", - deyənlərə inanmır, onları əhali arasında vahimə yaratmaqda suçlayırdı. Faciə ərəfəsində o, ailə üzvlərini bir yerə yığıb öz məsləhətlərini də vermişdi:

- Araqarışdıranlara uymayın. Baş verənlər ermənilərin və bir qrup daşnak havadarlarının fitvasıdır. Sovet ordusu dinc xalqa qarşı heç vaxt silah qaldırmaz. Onlar Bakıya təxribatçıları cəzalandırmaq məqsədilə gəliblər...

Lakin İzzət müəllimin bu inamı bircə gecənin içərisində alt-üst oldu, bütün ümidləri puça çıxdı... Tərkibində Stavropol, Rostov və Krasnodar vilayətlərindən xüsusi olaraq səfərbər edilən çoxlu sayda erməni muzdluları, zabitləri, əsgərləri və kursantları olan sovet qoşunları gecə yarısı şəhərə girərək dinc əhaliyə amansızlıqla divan tutdu. Ölənlərin, yaralanıb şikəst olanların sayı-hesabı yox idi.

Gördükləri, eşitdikləri İzzət müəllimi şoka salmış, damarlarında qanını dondurmuşdu. Evdə xeyli var-gəl etdikdən sonra şəxsi "Jiquli"sinə əyləşib şəhərə çıxmağı qərara aldı. Ərinin xasiyyətinə yaxşı bələd olan Mərziyə xanım bəzi hərəkətlərdən çəkindirmək məqsədilə onu tək buraxmadı, özü də maşına əyləşdi. İzzət müəllim yol boyu cınqırını da çıxartmadan, əsəbi şəkildə ətrafı nəzərdən keçirir, küçə və meydanlarda əzilmiş maşınları, vahimə-təlaş içərisində ora-bura qaçışan insanları gördükcə sürəti artırır, əlisilahlı quldurların yanından keçərək, deyəsən heç özu də bilmirdi ki, haraya gedir, hara tələsir. Az sonra məlum oldu ki, onu şəhidliyə əcəl tələsdirir...

İnqilab küçəsindən Salyan kazarması istiqamətinə irəliləyərkən qarşıdakı maneəni görüb maşını saxladı, qapını açıb yenicə yerə düşmüşdü ki, arxadan açılan güllə onu yerə sərdi...

Hadisə elə ani şəkildə baş verdi ki, Mərziyə xanım əvvəlcə gözlərinə inanmadı. Elə bildi ki, yuxu görür. Ömür-gün yoldaşının qanına qəltan olduğunu görüb haray çəkdi. Kimlərsə köməyə gəldi, maşına qoyub xəstəxanaya apardılar. Lakin güllə elə orqanları sıradan çıxarmışdı ki, onu həyata qaytarmaqda həkimlər də aciz idi. Bunu İzzət müəllim özü də duyurdu. Odur ki, göz yaşlarını saxlaya bilməyən doğmalarına üzünü tutaraq xəfif səslə: "Ağlamayın, başınızı dik tutun, belə gündə ölmək şərəfdir", - deyərək gözlərini yumdu...

Həmin gündən yanvar Həmidovlar ailəsi üçün yas, matəm ayına çevrildi.

Dəfn günü övladlarının, xüsusən dörd nəvəsinin yeri-göyü lərzəyə gətirən ah-naləsindən təsirlənən ailənin gəlini Xatirə xanım sonradan bir esse yazaraq sevimli qayınatasının ruhuna bağışladı. Həmin essedən bir hissə:

- Mən bir baba haqqında söhbət açmaq istəyirəm. Babaların ən yaxşısı, ən müdriki, ən mehribanı İzzət baba. Babaların ən ulusu, ən cavanı və nəhayət, babaların ən şərəflisi, ən müqəddəsi İzzət baba.

Dörd nəvəsi vardı İzzət babanın. Heç birisindən doymadı. Dördünü də əzizlədi, bəslədi, oxşadı, bir dəfə də olsun xətirlərinə dəymədi, nazlarını çəkdi. Dördünü də hər gün, hər dəqiqə yanında görməyə çalışdı. Elə bil, bilirmiş yarıda qalacaq nəvəli ömrü. Nəvələri heç doymadı babalarından, ürəklərinə baba dağı, baba həsrəti çəkildi.

İlk nəvəsi Esmiranın altı yaşı vardı. Ən çox ona təsir etmişdi baba itkisi. Babası onu "Esi" çağırırdı, özü vermişdi bu adı ona. Sevimli müğənnimiz Zeynəb Xanlarovanın oxuduğu "Esmira" mahnısından götürmüşdü bu adı. Nəvə baldan şirin olur, deyirlər. Esi babasının nəvələrinin tacı oldu.

Kiçik oğlu Rafiqin ilk övladı Fərid babanın dünya boyda istəyinə çevrildi. Yeganənin Azər adlı oğul nəvəsi babaya ürək toxtaqlığı verdi. Sonra Faiqin sonbeşiyi Ayçin dünyaya gəldi. Babasının yumru qız balası idi Ayçin. "Ayçinim, göyərçinim" deyərdi babası ona.

Nəvələrinin məktəbə getməsini görə bilmədi İzzət baba. Halbuki, bu, onun ən ümdə arzusu idi..."

Həmidovlar aləsinin faciəsi bununla bitmədi. Beş il sonra - 1995-ci il oktyabrın 28-də ermənilərin Bakıda törətdiyi daha bir təxribat, demək olar ki, ailənin tifaqını dağıtdı. Həmin gün metronun "Ulduz" və "N.Nərimanov" stansiyaları arasında törədilmiş terror nəticəsində həlak olan çoxsaylı insanlar arasında İzzət müəllimin böyük oğlu Faiq, onun həyat yoldaşı Aida xanım, qızları Esmira və Ayçin də vardı. Üç gündən sonra Faiqin 40 yaşı tamam olacaqdı, Bakının Nizami rayonundakı 24-cü polis bölməsində əməliyyatçı işləyirdi, polis mayoru idi. Dəfələrlə cəbhədə olmuş, Ağdərə uğrunda döyüşlərdə fəal iştirak etmişdi. Həyat yoldaşı Aida xanım Neft Akademiyasını bitirmişdi, Geoloji Kəşfiyyat Trestində işləyirdi. Esmira orta məktəbin altıncı sinfində, Ayçin isə ikinci sinifdə oxuyurdu.

Mərziyə xanım bir-birinin ardınca aldığı zərbələrdən özünə gələ bilmədi, dünyasını dəyişdi. Həmidovlar ailəsinə bu da bir ağır dərd oldu.

Lakin necə deyərlər, həyat davam edir. Həmidovlar ailəsində artım da olub. İzzət müəllimin kiçik oğlu Rafiqin və qızı Yeganənin ailələrində iki oğlan uşağı dünyaya gəlib. Rafiqin oğlunun adını İzzət, Yeganə xanımın oğlunun adını isə Tamerlan qoyublar. İndi onlar hər yerdə fəxrlə deyirlər ki, biz 20 Yanvar şəhidi İzzət Həmidovun nəvələriyik.

Əlbəttə, 20 Yanvar şəhidi haqqında qeydlərimizə buradaca nöqtə qoya bilərdik. Amma... İzzət müəllimin kiçik oğlu Rafiqlə söhbət zamanı onun fikirlərini, eləcə də haqlı gileylərini də nəzərə almaya bilməzdik. O dedi:

- Bir şəhid ailəsi olaraq, biz 19 il ərzində, yəni anamın vəfatına qədər dövlətimizin, xüsusən ulu öndər Heydər Əliyevin və möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət və qayğısını həmişə hiss etmişik. Anam şəhid ailələri üçün dövlət başçısının təsis etdiyi təqaüdü də alırdı. Onu da qeyd edim ki, anam çətin vəziyyətdə yaşamasını nəzərə alaraq Faiqin mənzilini təmənnasız olaraq Milli Qəhrəman Baxşəliyevin ailəsinə bağışlamışdı. Və o zaman demişdi ki, oğlum ailəliklə həlak olmuşdur, mən isə şəhid ailələri üçün güzəştli ev növbəsində 837-ci adamam. Növbəm çatanda alaram. Amma anam vəfat edənədək onun növbəsi bir pillə də olsun irəliləmədi. Sonradan isə adını siyahıdan tamam çıxartdılar. Bu, bir yana qalsın, şəhid ailəsi kimi bizim adımız digər siyahılardan da silinib. Fürsətdən istifadə edərək üzümü 20 Yanvar Şəhidləri Cəmiyyətinin və digər əlaqədar strukturların rəhbərlərinə tutaraq, atamın yaxın dostu, böyük şairimiz Bəxtiyar Vahabzadənin təbirincə soruşuram: Məgər şəhid ailəsi "bir salama dəymədi?"

 

 

Qüdrət PİRİYEV,

 

Telman ƏLİYEV

 

Xalq qəzeti.- 2011.- 23 yanvar.- S. 4.