"Qaynar xətt"in
müsbət nəticələri
Ali və orta
ixtisas təhsili müəssisələrində 2010/2011-ci tədris
ilinin qış imtahan sessiyasında tələbələrin
biliyinin qiymətləndirilməsində şəffaflığı
və obyektivliyi təmin etmək üçün bir sıra
işlər görülür. Yarana biləcək neqativ
halları dərhal aradan qaldırmaq və digər müvafiq
tədbirləri həyata keçirmək məqsədilə
Azərbaycan Dövlət Pedaqoji Universitetində də bu sahədə
xeyli irəliləyiş müşahidə olunur. Diqqəti cəlb
edən odur ki, universitetin rektoru, AMEA-nın müxbir
üzvü, professor Yusif Məmmədov universitetdə tələbələrin
müəllimlərə olan inamını bərpa edə
bilmişdir.
Dörd
ildir bu iş davam etdirilir, daha da təkmilləşdirilir. Aydındır
ki, ali məktəbin ən vacib işi imtahanların uğurla
keçirilməsi prosesidir. Son illər bu iş çox məsuliyyətlə
və ciddi nəzarət altında aparılır. Bu məqsədlə
hər fakültədə münaqişə komissiyası və
universitet üzrə "Qaynar xətt" fəaliyyət
göstərir.
Bir qayda olaraq universitetin ən obyektiv, təcrübəli, ağsaqqal müəllimləri, psixoloqlar bu komissiyalarda iştirak edirlər. İmtahanların bir hissəsi yazılı, bir hissəsi isə test üsulu ilə aparılır. Hətta bu ildən etibarən qiyabi şöbənin I kurs tələbələri də test üsulu ilə imtahan verirlər. Kompyuterə cavab verən tələbələrin bir-biri ilə əlaqə saxlamaq və ya bir-birinə kömək etmək şansı olmur. Çünki kompyuter otağında yanaşı oturan tələbə ixtisasca ayrı olur. Onların başqasına kömək etmək imkanları da məhduddur. Tələbənin cavabı kompyuterin ekranında görünür. Nəzarətçilər kompyuter zalında nizam-intizamı gözləyirlər. Yazılı imtahan prosesində isə tələbələr "koordinator" adlanan iki nəfərin nəzarəti altında 90 dəqiqə ərzində biletindəki suallara cavab yazır. Fənn müəllimi də imtahanda həm nəzarətçi, həm də biletdəki suallarla bağlı zəruri izahat vermək məqsədilə iştirak edir. Yazılar koordinatorlar otağında şifrələnərək fənn müəlliminə verilir, müəllim kimin yazısını yoxladığını bilmir. Qiymətlər isə imtahan gününün səhərisi elan edilir. Qiymətindən narazı qalan tələbələr dərhal münaqişə komissiyasına müraciət edə bilirlər. Bəzən tələbənin arzuladığı qiyməti alması üçün 1-2 balı çatmırsa, tələbə ilə müəllimin görüşündə tələbənin şifahi izahı qənaətbəxş olarsa, komissiya ortaya çıxan narazılığı tələbənin xeyrinə həll edir. Komissiya tərəfindən imtahan suallarının proqrama uyğunsuzluğu və müəllimin yazını obyektiv yoxlamaması aşkar edilirsə, nöqsan yerindəcə düzəldilir. Müəllimin tələbənin cavabını qiymətləndirməsində kəskin fərq olarsa, məsələn, 4-dən çox bal fərqi yaranarsa, yazı digər ixtisasçı tərəfindən təkrar yoxlanılır. Müəllimin qeyri-obyektivliyi aşkar edilərsə, ona cəza verilir.
Sevindirici hal odur ki, komissiyaya universitetin ən çox yüksək bal almaq istəyən tələbələri müraciət edirlər. İmtahan vərəqində heç bir suala cavab yazmayan tələbə isə başa düşür ki, heç kəs ona kömək edə bilməz. Deməli, biletdə olan beş sualdan ikisinə, üçünə cavab yazmaq üçün tələbə hökmən oxumalıdır. Biliyin əsas meyar olmasını tələbə dərk edir. Müsbət qiymət alan tələbə başa düşür ki, o yalnız oxuduğuna görə keçici qiymət alır, yəni oxumaq vacibdir. Əks halda, heç nəyə nail olmaq mümkün deyil. İmtahan prosesində köçürməyə şərait yaratmağa çalışan koordinator isə dərhal işdən kənarlaşdırılır.
Tələbələrin tapşırıqla qiymət alması halı da mümkün deyil, çünki tələbə cavab vərəqində iki suala dolğun cavab yazmalıdır, digər tərəfdən, müəllim kimin yazısını yoxladığını bilmir.
Bu proses hər
semestr daha da təkmilləşdirilir. Buraxılan nöqsanlar
növbəti semestrlərdə aradan qaldırılır. Məsələn,
ötən imtahanlardan məlum oldu ki, bəzi tələbələrin
biletdəki sualları dəyişmələrinə də təsadüf
edilmişdir. Cari imtahan sessiyasında bu da yoxlanılır. Əks
halda, həmin suala bal verilmir.
Dediklərimizə inanmaq üçün istənilən valideyn müvafiq dekanlığa, habelə "Qaynar xətt"ə müraciət edə bilir, yəni imtahandan kəsilən tələbənin əsassız etirazına inanmağa ehtiyac qalmır. Aydındır ki, oxumayan tələbə özünə haqq qazandırmaq üçün istənilən fikrə əl atır. Valideyn isə bu deyilənin doğru olub-olmadığını yoxlaya bilər.Göründüyü kimi, Azərbaycan Dövlət Pedaqoji Universitetində yaranmış sağlam mühiti saxlamaq üçün hamıdan - həm müəllimlərdən, həm də tələbələrdən obyektivliyin qorunması tələb olunur. Bu da müsbət nəticələrə gətirib çıxarmışdır.
Süleyman MƏMMƏDOV,
əməkdar elm
xadimi, professor,
ADPU-nun Azərbaycan
tarixi
kafedrasının
müdiri
Xalq qəzeti.- 2011.- 23 yanvar.- S. 4.