Dövlət
İdarəçilik Akademiyasında şəhidlərin xatirə
mərasimi keçirilmişdir
Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasında 20 Yanvar şəhidlərinin xatirəsinə
həsr olunmuş anım mərasimi keçirilmişdir. Tədbir
20 Yanvar şəhidlərinin xatirəsini bir dəqiqəlik
sükutla yad etməklə başladı.
Sonra akademiyanın tədris işləri üzrə I prorektoru, professor Əlikram Abdullayev mərasimi açıq elan etdi. 1990-cı il qanlı yanvar günlərini xatırlatdı və dedi ki, sovet rəhbərlərinin törətdiyi hərbi cinayəti xalqımızın milli azadlıq hərəkatını boğmağa, ərazi bütövlüyümüzün qorunması naminə haqq səsimizi susdurmağa çalışan antihumanist siyasətin acı nəticəsidir. Ə. Abdullayev bu gün də həmin dəhşətli hadisələrin unudulmadığını, qətlə yetirilmiş günahsız insanların əziz xatirələrini xalqımızın qəlbində hər zaman yaşayacağını bildirdi. Böyük fəlakətlər və itkilərlə nəticələnən bu faciənin tariximizə qanlı yanvar hadisələri kimi yazıldığını deyən Ə. Abdullayev həmin dövrdə Moskvada ağır şəraitdə yaşayan xalqımızın böyük oğlu, görkəmli siyasi xadim, ümummilli lider Heydər Əliyevin böyük çətinliklər bahasına öz haqq səsini ucaldaraq başımıza gətirilən müsibətlərin dünya ictimaiyyətinə çatdırmasını xüsusi vurğuladı. Qeyd etdi ki, Azərbaycanda kütləvi informasiya vasitələrinin, həmçinin televiziya və radio verilişlərinin dayandırıldığı bir vaxtda ulu öndər Heydər Əliyev Sovet imperiyasının bu hərbi cinayəti barədə bütün dünyaya məlumat verdi.
Ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə yenidən qayıdışından sonra onun təşəbbüsü ilə ilk dəfə bu hadisəyə hüquqi-siyasi qiymət verildi. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, onların ailə üzvlərinə maddi yardımlar göstərilməsi və sosial müdafiələrinin gücləndirilməsi ulu öndərin diqqətdə saxladığı prioritet vəzifələrdən idi.
Müdrik şəxsiyyət Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Vətən uğrunda şəhid olan və sağlamlıqlarını itirənlərin ailə üzvlərinə göstərilən maddi yardım daha da artırılımış, onlara pulsuz mənzil paylanılmışdır.
Tədbirdə Litva Araşdırmalar Mərkəzinin direktoru doktor Eugenijus Maldeikis, San Marino Əlaqələri İnkişafı İnstitutunun Proqnozlaşdırma Mərkəzinin direktoru, doktor P. Scarpellini, Litvanın Azərbaycanda və Türkmənistandakı səfiri Kestitus Kudsmanas 20 Yanvarı Azərbaycan xalqı üçün dəhşətli faciə adlandırdılar.
Professor Tofiq Rəsulov, dosentlərdən Musa Quliyev, Elçin Əhmədov, Fəxrəddin Nağıyev, Elman Nəsirov və Sevil Məmmədova 20 Yanvar faciəsinin tarixindən, yaranma səbəblərindən və dəhşətli hadisəyə verilən hüquqi-siyasi qiymətdən söhbət açdılar. Bildirildi ki, xalqımıza qarşı bu hərbi cinayəti törədənlər qanun qarşısında cavab verməlidirlər.
Sonda 20 Yanvar faciəsini əks etdirən sənədli film nümayiş etdirildi.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2011.- 22 yanvar.- S. 5.