20 Yanvar faciəsinin qurbanlarının
xatirəsi yad edildi
Ölkəmizin hər yerində
olduğu kimi, Qax rayonunda da müstəqillik yolunda şəhid
olanların xatirəsinə həsr olunmuş silsilə tədbirlər
- konfrans, dəyirmi masa, ədəbi-bədii kompozisiya, anma mərasimləri,
müsabiqə və sərgilər təşkil edilmişdir.
Heydər
Əliyev muzeyində keçirilmiş "Dəyirmi masa"
iştirakçıları vurğulamışlar ki, 20 Yanvar
faciəsi zamanı xalqımıza qarşı törədilən
bu soyqırım siyasətinə, Qorbaçovun
insanlığa sığmayan vəhşiliklərlə
müşayiət olunan hərbi əməliyyatların
keçirilməsinə rəvac verməsinə qarşı həyatını
təhlükə qarşısında qoyaraq ilk etiraz səsini
ucaldan ulu öndərimiz Heydər Əliyev olmuşdur. Bu hadisəyə
hüquqi-siyasi qiymət verilməsi barədə parlamentdə
qərar da məhz ulu öndərimizin qətiyyəti, təkidli
tələbi ilə qəbul olunmuşdur.
"Dəyirmi
masa"da 20 Yanvar faciəsinin qurbanlarının xatirəsinin
əbədiləşdirilməsi üçün dövlətimiz
tərəfindən həyata keçirilən tədbirlər
də faktlarla iştirakçıların nəzərinə
çatdırılmışdır.
Mərasimdə
20 Yanvar faciəsinin 21-ci ildönümü ilə
bağlı rayonda təşkil olunmuş müsabiqə
iştirakçılarının bu faciənin əsl mahiyyətini,
xalqımızın qəhrəmanlığını əks
etdirən rəsm əsərləri nümayiş
etdirilmiş, şeirlər səsləndirilmiş, ədəbi-bədii
kompozisiyalar göstərilmiş, bu qanlı hadisəni əks
etdirən kinofilm də nümayiş etdirilmişdir.
Həmin
gün Şəhidlər Xiyabanında yanvar faciəsi
qurbanlarının xatirəsinə həsr olunmuş
ümumrayon mitinqi də keçirilmişdir. Minlərlə
rayon sakinlərinin qatıldığı izdihamlı mitinqin
iştirakçıları əvvəlcə 20 Yanvar şəhidlərinin
xatirəsinə ucaldılmış abidənin önünə
gül-çiçik qoyaraq hörmət və
ehtiramlarını bildirdilər, sonra Qarabağda
torpaqlarımızın azadlığı uğrunda şəhid
olanların məzarlarını ziyarət etdilər, şəhidlərin
ruhuna dualar oxundu. Rayon icra hakimiyyətinin
başçısı Musa Şəkiliyev ölkəmizdə
20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi
bu hadisənin xalqımızın qəhrəmanlıq tarixi
kimi dünya ictimaiyyətinə, gələcək nəsillərə
çatdırılması, ölkəmizin müstəqilliyi
yolunda yanvar hadisələrində sağlamlıqlarını
itirən vətəndaşlarımızın sosial-məişət
şəraitinin yaxşılaşdırılması istiqamətində
ulu öndərimiz Heydər Əliyev tərəfindən
başlanmış tədbirlərin ölkə Prezidenti
İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən
söhbət açdı. Qeyd etdi ki, qədirbilən
xalqımız 20 Yanvar qurbanlarının qəhrəmanlıqlarını
heç zaman unutmaycaq, daim öz qəlbində yaşadaraq gələcək
nəsillərə çatdıracaqdır.
Mərasimdə
rayon icra hakimiyyətinin ictimai təşkilatlar və siyasi
partiyalarla iş şöbəsinin müdiri Məhərrəm
Məhərrəmov "20 Yanvar qan
yaddaşımızdır" mövzusunda məruzə ilə
çıxış edərək bu faciənin əsl mahiyyətini,
orada şəhid olmuş soydaşlarımızın
xalqımızın azadlığı uğrundakı
mübarizə əzmini əks etdirən faktları
iştirakçıların nəzərinə
çatdırdı. Qax rayon prokuroru Akif Rzayev, maliyyə
şöbəsinin müdiri Rasim Məmmədov, gənclər
və idman idarəsinin rəis müavini Elbrus Tağıyev,
şəhid anası Sona Allahverdiyeva çıxış edərək
20 Yanvar faciəsini həm də xalqımızın qəhrəmanlıq
salnaməsinin bir səhifəsi kimi qiymətləndirdilər.
Yekunda
rayon mədəniyyət evinin kolektivi tərəfindən 20
Yanvar şəhidlərinin xatirəsinə, orada
soydaşlarımızın qəhrəmanlıqlarına həsr
olunmuş ədəbi-bədii kompozisiya nümayiş
etdirilmişdir.
İlqar HƏSƏNOV
Xalq qəzeti.- 2011.- 22 yanvar.- S. 5.