Qəhrəmana dövlət qayğısı

 

Vətənin ali mükafatı şəhid zabitimiz Əhməd Abdullayevin ailə üzvlərinə təqdim olundu

 

Azərbaycanda ordu quruculuğu məsələsinin ölkə rəhbəri tərəfindən prioritet elan olunması və bu sahəyə gündən-günə artan dövlət qayğısı Silahlı Qəvvələrimizdə yeni keyfiyyət göstəriciləri ilə müşayiət olunur. Şəxsi heyət yüksək döyüş hazırlığına yiyələnmiş və mənəvi-psixoloji cəhətdən təşəbbüsü ələ almışdır . Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun, kapitan Fərid Əhmədovun və kapitan Əhməd Abdullayevin son vaxtlar düşmən təxribatlarının qarşısını alarkən göstərdikləri şəxsi igidlik nümunələri yeni yetişən gənc nəslin əsl vətənpərvər kimi formalaşmasında önəmli rol oynayır.

 

Bu mənada hərbi qulluqçularımızın göstərdiyi igidliklərin dövlət rəhbəri tərəfindən yüksək qiymətləndirilməsi ordu mənsublarının döyüşkən ruhunu daha da artırmış, xalqın mənəvi birliyini gücləndirmişdir. Xidməti vəzifələrini yerinə yetirərkən həlak olan hərbi qulluqçuların ailələrinin hərtərəfli dövlət qayğısı ilə əhatə olunması isə bu sahəyə göstərilən diqqətin davamlı xarakterindən xəbər verir. Tərtər bölgəsində düşmənin növbəti təxribatının qarşısını alarkən gizir Mübariz İbrahimov fərdi qəhrəmanlıq nümayiş etdirmiş, son nəfəsinədək igidliklə döyüşmüş, təcavüzkar orduya layiqli müqavimət göstərmişdir. Onun bu xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, Vətənin ən ali mükafatına layiq görülmüşdür. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin 22 iyul 2010-cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə gizir Mübariz Ağakərim oğlu İbrahimova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir. Cəsur Azərbaycan hərbçisinin xatirəsinin əbədiləşdirilməsi haqqında elə həmin gün ölkə başçısının imzaladığı növbəti sərəncama əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti Biləsuvar rayonundakı məktəblərdən birinə Mübariz İbrahimovun adının verilməsini təmin etmişdir. Bu gün Biləsuvar rayonunda müasir üslubda yenidən qurumuş və abadlaşdırılmış mərkəzi küçələrdən biri də igid döyüşçünün adını daşıyır.

Ötən il kapitan Fərid Əhmədovun ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılmasında göstərdiyi qəhrəmanlıq da dövlət rəhbəri tərəfindən yüksək qiymətləndirilmiş və o, "İgidliyə görə" medalı ilə təltif olunmuşdur.

2010-cu il dekabr ayının 28-də Azərbaycan Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında döstərdiyi igidliyə görə kapitan Əhməd Hüseynağa oğlu Abdullayev də ölümündən sonra "İgidliyə görə" medali ilə təltif olundu.

Yanvarın 18-də Vətənin bu ali mükafatı müdafiə naziri general-polkovnik Səfər Əbiyevin tapşırığı ilə nazirliyin Tərbiyə İşləri İdarəsinin rəisi polkovnik Vaqif Məmmədov tərəfindən şəhid zabitin ailəsinə təqdim olundu. Müdafiə Nazirliyinin rəsmisi mərasimdə kapitan Abdullayevin keçdiyi döyüş yolundan, xidməti vəzifəsini yerinə yetirərkən göstərdiyi igidlikdən ətraflı söz açdı. Şəhid zabitin xidmət etdiyi hərbi hissədə öz peşəsini dərindən bilən və xidməti vəzifəsini həmişə yüksək peşəkarlıqla yerinə yetirən bir kadr kimi tanındığını vurğuladı.

Mərasimdə iştirak edən şəhid ailəsinin üzvləri kapitan Abdullayevin Vətən qarşısındakı xidmətlərinə yüksək qiymət verdiyinə və onun adını uca tutduğuna görə şəxsən Azərbaycan Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirdilər. Mükafatın təqdimetmə mərasimində ailənin bu çətin günlərində daim onların yanında olan, problemlərinin həllində öz köməkliklərini əsirgəməyən yerli icra hakimiyyəti orqanlarının ünvanına da xoş sözlər səsləndirildi. O da xüsusi vurğulandı ki, Azərbaycan dövlətinin ordu quruculuğu sahəsində həyata keçirdiyi siyasət, ölkəmizin ərazi bütövlüyü uğrunda öz canlarını qurban verən hərbi qulluqçulara və onların ailələrinə göstərdiyi diqqət və qayğı xalqın dövlətə və Silahlı Qüvvələrimizə olan inamını ikiqat artırmış, ölkənin ərazi bütövlüyünün etibarlı qarantına çevrilmişdir.

 

 

İbrahim RÜSTƏMOV

 

Xalq qəzeti.- 2011.- 25 yanvar.- S. 6.