Azərbaycanın
Avropa Şurası ilə əməkdaşlığı
yüksələn xətt üzrə inkişaf edir
2001-ci il
yanvarın 25-də müstəqil dövlətimizin
bayrağı Strasburqda bu qurumun qərargahı
qarşısında qaldırılmışdır
Azərbaycanın Avropa Şurasına qəbul edilməsi nəinki müstəqil, suveren, demokratik, dünyəvi dövlət kimi tanınmasıdır, həm də Avropa ailəsinin bərabərhüquqlu üzvü kimi Azərbaycan dövlətinin inkişafında yeni mərhələnin başlanğıcıdır.
Heydər ƏLİYEV,
Ümummilli lider
Böyük Britaniyanın Baş
naziri olmuş Uinston Çörçil 1946-cı ildə
Sürixdə etdiyi bir çıxışında Avropa
Şurası yaratmaq fikrini irəli sürmüşdür.
1949-cu ilin yanvarında Avropa Şurasının
yaradılması qərara alındı. Təşkilatın
funksiya və strukturuna dair ətraflı qərarın
hazırlanması üçün 1949-cu ilin martında Londonda
Brüssel Paktına daxil olan ölkələr (Böyük
Britaniya, Fransa, Belçika, Hollandiya, Lüksemburq), eləcə
də Danimarka, İtaliya, İrlandiya, Norveç və
İsveç səfirlərinin iştirakı ilə
keçirilən müşavirədə Avropa
Şurasının Nizamnaməsi hazırlandı. 1949-cu il may
ayının 5-də adı çəkilən ölkələrin
xarici işlər nazirləri Nizamnaməni imzaladılar və
bu səbəbdən hər il 5 may Avropa Şurasının
yaradılması günü kimi qeyd olunur.
Avropa
Şurasının məqsədləri üzv dövlətlərin
ideya və prinsiplərinin müdafiəsi və həyata
keçirilməsi üçün onlar arasında sıx əlaqələr
yaratmaq, Avropanın demokratik və təhlükəsiz əraziyə
çevrilməsinə kömək etmək, plüralist
demokratiya və insan hüquqlarının müdafiəsi,
vahid mədəniyyətin formalaşması üçün
Avropa özünüdərkini möhkəmləndirmək və
inkişaf etdirmək, üzv dövlətlərin iqtisadi və
sosial tərəqqisinə yardım etmək, XXI yüzillikdə
meydana çıxa biləcək problemlərin həlli
yollarının axtarılması, təşkilatın fəaliyyətini
demokratik və təhlükəsiz Avropa yaratmaq prosesində
iştirak edən başqa institutların işi ilə sıx
əlaqələndirmək və s. ibarətdir. Hərbi məsələlər
Avropa Şurasının səlahiyyətlərinə aid
edilmir.
Hazırda
47 dövləti özündə birləşdirən Avropa
Şurası hüquqi statusuna görə regional beynəlxalq
təşkilatdır. Belə ki, eyni region dövlətləri
tərəfindən beynəlxalq saziş əsasında
yaradılmış bu təşkilatın fəaliyyəti BMT
Nizamnaməsinin məqsəd və prinsiplərinə
uyğundur. Avropa strukturlarında təmsilçilik ölkəmizin
gələcəyinin sivil bir Avropa ölkəsi kimi
qurulması baxımından mühüm əhəmiyyət
daşıyır. Müstəqilliyini əldə etdikdən
sonra Azərbaycanın əməkdaşlığa
böyük maraq göstərdiyi nüfuzlu təşkilatlardan
biri də məhz Avropa Şurasıdır.
Azərbaycan
Respublikası 1992-ci ilin yanvarında ona "xüsusi dəvət
edilmiş qonaq" statusu verilməsi üçün Avropa
Şurasına rəsmi müraciət etdi. Müraciət bu
nüfuzlu Avropa təşkilatının bərabərhüquqlu
üzvü olmaq üçün ilk addım olmaqla bərabər,
Avropa ölkələri ilə siyasi, iqtisadi, mədəni və
humanitar sahələrdə əməkdaşlığın
daha da genişləndirilməsi məqsədini
daşıyırdı.
Avropa
Şurası Parlament Assambleyasının (AŞ PA)
üzvü olmayan Avropa ölkələri ilə əlaqələr
komitəsi 1992-ci il fevralın 5-də Dağlıq Qarabağa
dair ilk bəyanat qəbul etdi. Bəyanatda deyilirdi ki, komitə
Dağlıq Qarabağda vəziyyətin pisləşməsi
ilə əlaqədar atəşin dayandırılması məqsədilə
Ermənistan və Azərbaycan tərəfinə müraciət
edərək hər iki maraqlı tərəfi münaqişənin
sülh yolu ilə həll edilməsinə
çağırır. Sənəddə Azərbaycanın mənafeyinə
zidd olaraq BMT Təhlükəsizlik Şurasından Ermənistanın
tələbi ilə Dağlıq Qarabağa BMT qüvvələrinin
gətirilməsi xahiş olunurdu.
1993-cü
ilin ikinci yarısından, yəni ümummilli lider Heydər Əliyevin
hakimiyyətə qayıdışından sonra ölkəmizin
beynəlxalq aləmdə fəallığının güclənməsi,
ictimai həyatın hərtərəfli demokratikləşdirilməsi
sahəsində inamlı addımların atılması, Ermənistanla
münaqişədə respublikamızın hərbi əməliyyatların
dayandırılması və atəşkəsin əldə
edilməsinə yönəlmiş fəaliyyəti Azərbaycanla
Avropa Şurasının yaxınlaşması prosesinə zəruri
impulslar verdi.
Avropa
Şurası Parlament Assambleyası ilə əməkdaşlıq
məqsədilə 1994-cü il iyulun 4-dən 11-dək
Strasburqda Dağlıq Qarabağla əlaqədar keçirilən
görüşdə iştirak edən Azərbaycan nümayəndə
heyəti Ermənistanın Azərbaycana qarşı əsassız
ərazi iddiaları ilə bağlı hərbi təcavüzkarlığını,
onun nəticələrini və bu münaqişədə Azərbaycanın
mövqeyini açıqladı.
Bundan
sonra, 1994-cü il noyabrın 14-17-də Avropa Şurası
Parlament Assambleyası təşkilata üzv olmayan Avropa
ölkələri ilə əlaqələr komitəsinin sədri
Devid Atkinson başda olmaqla nümayəndə heyəti Azərbaycanda
səfərdə olmuş və səfər zamanı
respublika rəhbərliyi ilə görüşündə bu
təşkilatla Azərbaycanın münasibətləri, o
cümlədən ölkəmizin "xüsusi dəvət
edilmiş qonaq" statusu almaq üçün müraciəti,
Ermənistanın təcavüzkarlığına son
qoyulması və münaqişənin dinc vasitələrlə
həlli məsələləri müzakirə olundu.
1994-1995-ci
illərdə Azərbaycan ilə Avropa Şurası
arasında yaranmış əlaqələr təşkilatın
müxtəlif təsisatlarının nümayəndələrinin
ölkəmizə səfərləri zamanı Ermənistan-Azərbaycan
münaqişəsinin nizama salınması, eləcə də
Azərbaycanda demokratik təsisatların inkişafı, insan
hüquqlarının müdafiəsinin təkmilləşdirilməsi
məsələləri müzakirə olunmuşdur. Avropa
Şurası ilə əlaqələrin genişlənməsi
Azərbaycana bir sıra qanunvericilik aktlarına yenidən
baxmaq üçün ekspert köməyi əldə etmək
imkanı verdi.
1996-cı
ilin iyunun 2-6-da Avropa Şurasının Parlament
Assambleyasının təşkilata üzv olmayan ölkələrlə
əlaqələr komitəsinin sədri Jak Setlenjin
başçılıq etdiyi nümayəndə heyətinin
Bakıya səfəri zamanı dövlət başçısı
Heydər Əliyevlə görüşündə Azərbaycanın
Avropa Şurasında "xüsusi dəvət edilmiş
qonaq" statusunun verilməsi məsələləri
müzakirə edilmişdir. Həmin il iyunun 26-28-də
AŞPA-nın növbəti sessiyası zamanı
Assambleyanın Bürosu Azərbaycana "xüsusi dəvət
edilmiş qonaq" statusunun verilməsi barədə qərar
qəbul etdi. "Xüsusi dəvət edilmiş qonaq"
statusu alması Azərbaycanın AŞPA-da təmsil
olunmasına və Avropa Şurası tərəfindən qəbul
olunmuş bəzi konvensiyalara qoşulmasına imkan yaratdı.
Daha sonra Azərbaycan Prezidenti Heydər Əliyevin 1996-cı il
8 iyul tarixli "Avropa Şurası ilə Azərbaycan
Respublikası arasında əməkdaşlıq
proqramının həyata keçirilməsi üzrə tədbirlər
haqqında" sərəncamı Avropa Şurası ilə
ölkəmizin sonrakı illərdə fəaliyyət
planı kimi mühüm əhəmiyyət kəsb
etmişdir.
1996-cı
il iyulun 13-də dövlət başçısı Heydər
Əliyev Avropa Şurası Baş katibinin adına məktub
göndərərək ölkəmizin bu təşkilata
tamhüquqlu üzv qəbul olmaq və digər üzv dövlətlər
kimi "İnsan hüquqları və azadlıqlarının
müdafiəsi haqqında" Avropa Konvensiyasına
qoşulmaq arzusunda olduğunu bildirdi.
Bundan
sonra, 1997-ci il aprelin 22-də Avropa Şurası Parlament
Assambleyası Zaqafqaziyada münaqişələrə dair 1119
saylı qətnamə qəbul etdi. Qətnamənin
Dağlıq Qarabağa dair olan hissəsində deyilirdi ki,
Assambleya münaqişənin dinc yolla nizama salınmasına
nail olmaqla, işğal olunmuş ərazilərin azad edilməsinə,
qaçqınların və köçkünlərin geri
qayıtmasına çağırır. Sənəddə Azərbaycanın
ərazi bütövlüyü və münaqişənin
nizama salınmasına dair ATƏT-in Lissabon Zirvə
görüşünün prinsipləri təsdiq edilirdi.
Avropa
Şurasının üzvü olan ölkələrin dövlət
və hökumət başçılarının 1997-ci il
oktyabrın 10-da Strasburqda keçirilən 2-ci Zirvə
toplantısında Azərbaycan Prezidenti Heydər Əliyevin
iştirakı və orada təşkilatın yüksək vəzifəli
nümayəndələri ilə keçirdiyi
görüşlər zamanı Azərbaycanda demokratik proseslərin
gedişi, ölkəmizin Avropa strukturları, o cümlədən
Avropa Şurası ilə əlaqələri barədə ətraflı
danışıqlar aparılmışdır.
Azərbaycan
Prezidenti Heydər Əliyevin 1998-ci il yanvarın 20-də
"Azərbaycan Respublikası ilə Avropa Şurası
arasında əməkdaşlığın dərinləşdirilməsi
sahəsində tədbirlər haqqında"
imzaladığı sərəncam ölkəmizin Avropa
Şurasına tamhüquqlu üzv kimi qəbul olunması sahəsində
atılan mühüm addımlardan biri oldu. Sərəncamda Azərbaycan
Respublikasının Avropa Şurasına tamhüquqlu üzv
kimi qəbul edilməsi istiqamətində respublikada
görülən işlər və Avropa Şurası ilə
əməkdaşlıq məsələləri öz əksini
tapmışdır.
2000-ci
il martın 18-də Azərbaycan Prezidenti Heydər Əliyev
"Avropa Şurasının fəaliyyətinə və Azərbaycan
Respublikası ilə Avropa Şurası arasındakı əməkdaşlığa
dair məlumatların yayılması barədə" sərəncam
imzaladı. Ümummilli lider Heydər Əliyevin 1996-2000-ci illərdə
Azərbaycanın Avropa Şurası ilə əməkdaşlığına
dair imzaladığı sərəncamlar respublikamızın
bu nüfuzlu beynəlxalq təşkilata qəbul edilməsi
istiqamətində aparılan məqsədyönlü fəaliyyətə
zəmin yaratdı.
Avropa
Şurasının Siyasi Komitəsi 2000-ci il martın 23-də
Azərbaycan Milli Məclisinə ölkəmizin təşkilata
tamhüquqlu qəbul edildikdən sonra yerinə yetirməli
olacağı öhdəliklərin siyahısını
göndərmiş və bu sənəd Milli Məclisdə təmsil
olunmuş siyasi partiyaların nümayəndələri tərəfindən
imzalanmışdır. Daha sonra mart ayının 27-28-də
Milli Məclisdə imzalanmış öhdəliklərin
siyahısı və Azərbaycanın Avropa
Şurasının 8 konvensiyasına qoşulması barədə
dövlət başçısının
imzaladığı müqavilələr Avropa
Şurasının Baş katibinə təqdim olundu.
Avropa
Şurası Nazirlər Komitəsinin 2001-ci il yanvarın 17-də
nümayəndələr səviyyəsində
keçirilmiş iclasında Azərbaycan Respublikasının
Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə
dair qərar qəbul edildi. Bu qərar ümummilli liderin
uzaqgörən, daxili və xarici siyasətinin nəticəsi
idi. Az sonra, yəni yanvarın 25-də Azərbaycan Prezidenti
Heydər Əliyevin iştirakı ilə Starsburqda ölkəmizin
bu təşkilata üzv qəbul edilməsi münasibətilə
rəsmi mərasim keçirilmiş və dövlətimizin
üçrəngli bayrağı ucaldılmışdır. Bu
hadisəni ümummilli lider Heydər Əliyev yüksək
qiymətləndirərək demişdi: "Azərbaycanın
Avropa Şurasına qəbul edilməsi nəinki müstəqil,
suveren, demokratik, dünyəvi dövlət kimi
tanınmasıdır, həm də Avropa ailəsinin bərabərhüquqlu
üzvü kimi Azərbaycan dövlətinin inkişafında
yeni mərhələnin başlanğıcıdır".
Azərbaycanın
2001-ci il yanvarın 25-də Avropa Şurasının bərabərhüquqlu
üzvü olması respublikamıza mühüm problemlərinin
dünya ictimaiyyətinin diqqətinə obyektiv
çatdırmaq üçün yeni və çox mötəbər
tribuna verdi. Dövlət başçısı Heydər Əliyev
Avropa Şurasının tribunasından Azərbaycanın mənafeyinə
uyğun şəkildə istifadə edilməsi
üçün uğurlu bir addım atdı. Belə ki,
Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan
nümayəndə heyətinə millət vəkili İlham Əliyevin
rəhbərlik etməsi və onun bu qurumdakı fəaliyyəti
ümummilli liderimiz Heydər Əliyevin qarşıya
qoyduğu bütün vəzifələri
reallaşdırdı. 2001-ci il aprelin 24-27-də Azərbaycan
Respublikasının AŞPA-dakı nümayəndə heyətinin
ilk dəfə bu qurumun tamhüquqlu üzv kimi iştirak etdiyi
plenar sessiyada dövlətçilik maraqları
baxımından, xüsusilə Ermənistanın Azərbaycana
təcavüzü faktlarını özündə əks
etdirən sənədlər - 9 ölkə və AŞPA-da fəaliyyət
göstərən 5 siyasi qrupu təmsil edən 29 nümayəndə
tərəfindən imzalanmış "Ermənilər tərəfindən
azərbaycanlı əhaliyə qarşı törədilmiş
soyqırımın tanınması" adlı yazılı
bəyanat və 14 ölkəni təmsil edən 20 nümayəndə
tərəfindən imzalanmış "Ermənistan və
Dağlıq Qarabağda saxlanılan hərbi əsirlər və
girovlar" adlı sənəd AŞPA-nın rəsmi sənədləri
qismində yayılmışdır. Göstərilən sənədlərdə
ermənilər tərəfindən Xocalı əhalisinin
tamamilə qətlə yetirilməsi, Ermənistan tərəfindən
Azərbaycan ərazisinin 20 faizinin işğal edilməsi, Ermənistanda,
eyni zamanda, işğal edilmiş Azərbaycan ərazilərində
uşaq, qadın və yaşlı insanların da daxil
olduğu 783 azərbaycanlı girovun saxlanılması
faktı və digər vacib məsələlər öz əksini
tapmışdır.
2001-ci
il iyunun 25-29-da AŞPA-nın növbəti plenar sessiyası
zamanı Azərbaycanla bağlı daha 2 mühüm sənəd
AŞPA-nın rəsmi sənədləri kimi
yayılmışdır. "Azərbaycan Respublikasında
(Dağlıq Qarabağ, Laçın, Qubadlı, Kəlbəcər,
Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan) ekoloji vəziyyət"
adlı birinci sənəddə Ermənistan tərəfindən
işğal olunmuş Azərbaycan ərazilərində
ekoloji vəziyyətin düşünülmüş şəkildə
korlanması məsələsi, "Azərbaycanın mədəni
irsinin qəsb olunması və dağılması"
adlı ikinci sənəddə isə Ermənistan tərəfindən
işğal olunmuş Azərbaycan ərazilərində yerləşən
mədəni abidə və sərvətlərin
dağıdılması məsələsi Avropa ictimaiyyətinin
diqqətinə çatdırılmışdır.
Bundan
əlavə, AŞPA-nın 2001-ci il sentyabrın 24-28-də
keçirilən plenar sessiyasında Azərbaycan nümayəndə
heyəti tərəfindən hazırlanmış "Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi" adlı digər
mühüm sənəd yayılmışdır. Qəbul
edilən sənəddə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın
ərazi bütövlüyü nəzərə alınmaqla həll
olunmasının zəruriliyi qeyd edilirdi.
İlham
Əliyevin rəhbərliyi ilə hazırlanmış və
Nazirlər Komitəsinə ünvanlanmış "Azərbaycanın
ərazi bütövlyünün Ermənistan tərəfindən
tanınması" sənədi 43 ölkənin nümayəndələrinin
iştirakı ilə müzakirəyə
çıxarıldı. Ermənistan və ona dəstək
verən bəzi qüvvələrin qərarın qəbul
olunmasına maneçilik törətməsinə baxmayaraq,
Nazirlər Komitəsi yeddi bənddən ibarət qərar qəbul
etdi. Sənəddə qeyd edilirdi ki, nazirlər bütün
Avropada beynəlxalq ictimaiyyət tərəfindən
tanınmış sərhədlərə, suverenliyə və
dövlətlərin ərazi bütövlüyünə, eləcə
də BMT Nizamnaməsində, ATƏM-in Helsinki Yekun Aktında
və digər müvafiq mətnlərdə əks olunmuş
beynəlxalq hüquq prinsiplərinə hörmət edilməsinə
dəstəklərini bir daha təsdiq edirlər.
Parlamet
nümayəndə heyətinin rəhbəri İlham Əliyev
özünün məntiqi çıxışları,
konkret təklifləri ilə bu nüfuzlu beynəlxalq təşkilatda
tez bir zamanda diqqəti cəlb etmiş və Azərbaycanın
nüfuzunu daha da qaldırmışdır. O, Azərbaycan nümayəndə
heyətinin rəhbəri kimi ilk dəfə bu qurumun
kürsüsündən Ermənistan silahlı qüvvələri
tərəfindən Azərbaycanın Dağlıq Qarabağ
və daha 7 rayonunun işğal olunduğunu, işğal
edilmiş ərazilərin terrorizm və narkotik maddələrin
tranzitinə çevrildiyini bəyan etmişdir. Avropa
Şurasının sənədlərində Ermənistan təcavüzkar
dövlət kimi tanınmış, işğalçı
qoşunların dərhal Azərbaycan torpaqlarından
çıxarılması tələb olunmuşdur. Söylənilən
bu faktlar AŞPA-nın sənədlərində öz əksini
tapmışdır.
Məhz
İlham Əliyevin prinsipial və ardıcıl fəaliyyəti
nəticəsində AŞPA-nın 2002-ci ilin sentyabrında
keçirilən payız sessiyasında ilk dəfə olaraq bu
beynəlxalq qurumun sənədlərində Ermənistan
silahlı qüvvələri tərəfindən
Dağlıq Qarabağın işğalı faktı rəsmi
şəkildə öz əksini tapdı. Bu hadisə Azərbaycan
nümayəndə heyətinin, xüsusilə, İlham Əliyevin
qətiyyətli mövqeyinin nəticəsi idi.
Bütün
bunların məntiqi davamı kimi 2003-ci il yanvarın 27-də
siyasi qabiliyyəti, diplomatik məharəti və
prinsipiallığı ilə xüsusi seçilən Azərbaycan
nümayəndə heyətinin rəhbəri İlham Əliyevin
AŞPA-nın vitse-prezidenti və qurumun Büro üzvü
seçilməsi ilə müstəqil Azərbaycan tarixinə
yeni səhifə yazılmış oldu.
2004-cü
il aprelin 29-da AŞPA-nın növbəti yaz sessiyasında
artıq Azərbaycan Prezidenti kimi iştirak edən İlham Əliyevin
Ermənistanın ərazi iddiaları və hərbi təcavüzü
haqqında ətraflı çıxışı
böyük rezonansa səbəb oldu və Avropa ictimaiyyətində
bu münaqişə haqqında geniş təsəvvür
yaratdı. Ermənistanın təcavüzü nəticəsində
Azərbaycanın düşdüyü vəziyyət
haqqında geniş məlumat verən dövlət
başçısı özünün qətiyyətli və
prinsipial mövqeyini bir daha nümayiş etdirdi: "... Əlbəttə
ki, biz bu vəziyyətlə barışa bilmərik. Azərbaycan
heç zaman ərazisinin itirilməsi ilə
razılaşmayacaqdır. Məsələnin həllində
beynəlxalq hüquq normaları əsas götürülməlidir.
Azərbaycan dünyadakı bütün ölkələrin ərazi
bütövlüyünə hörmətlə yanaşır
və özünə də eyni münasibətlə
yanaşmağı tələb edir. Bizim ərazi
bütövlüyümüz bərpa olunmalıdır. Ermənistanın
işğalçı qüvvələri zəbt olunmuş ərazilərdən
geri çəkilməlidir. Qaçqınlara-köçkünlərə
doğma yurdlarına qayıtmaq imkanı verilməlidir. XXI əsrdə
Avropa Şurasının üzvü olan bir ölkənin - Ermənistanın
Avropa Şurasının üzvü olan digər ölkənin
- Azərbaycanın ərazilərini işğal etməsinə
yol verməməliyik".
Azərbaycan
Prezidenti İlham Əliyevin Ermənistanın ərazi
iddiaları və təcavüzkar siyasətinin ifşası
istiqamətində faktlara əsaslanan çoxməzmunlu
çıxışı Azərbaycan diplomatiyasının
növbəti uğurlu addımı kimi qiymətləndirilməlidir.
Avropa
Şurasının üzvü olan ölkələrin dövlət
və hökumət başçılarının 2005-ci il
mayın 16-17-də Varşavada keçirilən 3-cü zirvə
toplantısında iştirak edən Azərbaycan Prezidenti
İlham Əliyev öz çıxışında təşkilata
üzv ölkələrin təhlükəsizliyi sahəsində
mühüm işlərin görülməsinin vacibliyini
bildirərək, Ermənistanın hərbi təcavüzünün
ağır nəticələrini beynəlxalq ictimaiyyətin
diqqətinə çatdırdı. Cənubi Qafqazın
Avropanın ayrılmaz hissəsi olduğunu vurğulayan
dövlət başçısı İlham Əliyev bu
regionda sülhün və təhlükəsizliyin bərqərar
olması və əməkdaşlığın
inkişafı üçün bütün səylərin
birləşdirilməsinin zəruriliyini bildirərək qeyd
etdi ki, bu, azad, vahid və təhlükəsiz Avropanın
yaradılmasına mühüm töhfə olardı.
Ümumiyyətlə,
ölkəmizin qanunverici orqanı olan Milli Məclisin
AŞPA-dakı nümayəndə heyəti Azərbaycanın
haqq səsinin dünya ictimaiyyətinə düzgün şəkildə
çatdırılmasında, eləcə də Avropa
Şurası ilə əməkdaşlığın
genişləndirilməsi və inkişafında mühüm
rol oynamışdır. Avropa Şurası Parlament
Assambleyasında nümayəndə heyəti tərəfindən
onlarla sənəd hazırlanmış və şuranın rəsmi
sənədləri kimi yayılmışdır. Belə ki,
"Ermənilərin azərbaycanlılara qarşı törətdikləri
soyqırımı haqqında", "Dağlıq
Qarabağda, zəbt olunmuş ərazilərdə mədəniyyət
abidələrinin məhv edilməsi haqqında", "Ermənistanda
və Dağlıq Qarabağda olan hərbi əsirlər və
girovlar haqqında", "Qaçqın və məcburi
köçkün uşaqların təhsili haqqında",
"Azərbaycan Respublikasında (Dağlıq Qarabağ,
Laçın, Qubadlı, Kəlbəcər, Ağdam,
Füzuli, Cəbrayıl, Zəngilan) ekoloji vəziyyət
haqqında", "Azərbaycanın mədəni irsinin qəsb
olunması və dağıdılması", "Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi", "Azərbaycanda
qaçqın qadın və uşaqların humanitar vəziyyətinə
dair" və s. mühüm əhəmiyyət kəsb edən
sənədlər 2001-2003-cü illər ərzində, yəni
İlham Əliyevin parlament nümayəndə heyətinə
rəhbərlik etdiyi dövrdə və eləcə də
sonrakı dövrdə Avropa Şurasının Parlament
Assambleyasında qəbul edilmişdir.
Azərbaycan
Respublikasının Parlament nümayəndə heyətinin səyi
ilə AŞPA-da münaqişə haqqında obyektiv müsbət
rəyin formalaşması nəticəsində 2005-ci ilin
qış sessiyasında qəbul edilən sənəd ölkəmiz
üçün mühüm əhəmiyyətə malikdir. Belə
ki, 2005-ci il yanvarın 25-də Devid Atkinsonun
hazırladığı və AŞPA-da müzakirəyə
çıxarılan "ATƏT-in Minsk qrupu tərəfindən
araşdırılan Dağlıq Qarabağ münaqişəsi"
adlı məruzəsi qətnamə və tövsiyə
adlanan iki hissədən ibarət idi.
Məruzənin
1416 saylı qətnamə hissəsində Azərbaycan ərazisinin
böyük bir hissəsinin Ermənistan qoşunlarının
işğalı altında olduğu, eləcə də
Dağlıq Qarabağ regionuna hələ də
separatçı qüvvələrin nəzarət etdiyi
göstərilirdi. Bununla yanaşı, sənəddə qeyd
edilirdi ki, Avropa Şurasının üzvü olan bir ölkənin
başqa ölkənin ərazilərini işğal altında
saxlaması həmin ölkənin öz üzərinə
götürdüyü öhdəliklərə
açıq-aşkar ziddir və Assambleya öz yerlərindən
qaçqın düşmüş insanların geri
qaytarılması hüququnu bir daha təsdiqləyirdi. Eyni
zamanda, Assambleya BMT Təhlükəsizlik Şurasının məlum
qətnamələrinə əməl etməyə, eləcə
də erməni silahlı qüvvələrinin bütün
işğal olunmuş Azərbaycan ərazilərindən
çıxarılmasına çağırırdı. Bu tələblər
AŞPA-nın 1690 saylı tövsiyəsində də öz əksini
tapmışdır.
AŞPA-da
qəbul olunan bu qətnamənin yerinə yetirilməsinə nəzarət
etmək üçün Dağlıq Qarabağ üzrə
Alt komitə yaradıldı və Böyük Britaniyadan olan
deputat lord Rassel Conston bu komitənin ilk rəhbəri
seçildi. 2006-cı il yanvarın 9-da Avropa Şurası
Parlament Assambleyasının Dağlıq Qarabağ problemi
üzrə Alt komitəsinin Strasburqda keçirilən növbəti
iclasında lord Rassel Constonun hazırladığı yeni
hesabatda Azərbaycan ərazilərinin işğalı,
Dağlıq Qarabağdakı rejimin separatçı
olması, bir milyon azərbaycanlının yurdundan didərgin
düşməsi və s. faktlar öz əksini tapdı. Bu
komitənin yaradılmasına Ermənistan tərəfi öz
etirazını bildirsə də, komitəyə sədrlik edən
lord Rassel Constonun dövründə Ermənistanın Azərbaycana
qarşı təcavüzü və Dağlıq Qarabağ məsələsi
daim diqqətdə saxlanılmış, işğal
olunmuş ərazilərdəki real vəziyyətlə
bağlı mütəmadi olaraq hesabatlar hazırlanaraq
Assambleya üzvlərinin diqqətinə
çatdırılmışdır. Lord Rassel Constonun 2009-cu
ilin yayında vəfatından sonra, Alt komitə fəaliyyətini
faktiki olaraq dayandırmışdır. Lakin 2010-cu ildə
AŞPA-nın yay sessiyasında qurumun prezidenti Mövlud
Çavuşoğlu Dağlıq Qarabağa dair Alt komitənin
fəaliyyətinin yenidən bərpa olunacağını bəyan
etmişdir.
Avropa
Şurasının rəsmi sənədlərində Azərbaycan
ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən
işğal olunması faktı dəfələrlə qeyd
edilmiş və Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin nizama salınması ilə əlaqədar
bir beynəlxalq təşkilat kimi Avropa Şurası da
müntəzəm olaraq öz mövqeyini bildirmişdir. Belə
ki, Avropa Şurası Nazirlər Komitəsinin sədri qondarma
"Dağlıq Qarabağ Respublikası"nda
keçirilmiş "parlament seçkiləri" ilə əlaqədar
2010-cu il mayın 26-da Strasburqda bəyanat vermişdir. Bəyanatda
Nazirlər Komitəsi Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi
istiqamətində ATƏT-in Minsk qrupunun və onun həmsədrlərinin
səylərini tamamilə dəstəklədiyini bildirmiş
və "seçkilərin" beynəlxalq təşkilatlar
tərəfindən tanınmadığını bəyan
etmişdir. Bununla yanaşı, sənəddə Nazirlər
Komitəsi bütün partiyaları, o cümlədən
Avropa Şurasına üzvlüyə qəbul edilərkən
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə
bağlı qurum qarşısında öhdəlik
götürmüş Ermənistan və Azərbaycanı
münaqişənin həllini tapmaq yolunda səylərini əsirgəməməyə
çağırmışdır.
Ümumiyyətlə,
Azərbaycanın Avropa Şurası ilə diplomatik münasibətləri
son illər yüksələn xətt üzrə inkişaf
etmişdir. Azərbaycan nümayəndə heyəti qurumun
müxtəlif strukturlarında keçirilən tədbirlərdə
iştirak edərək müzakirə edilən məsələlərlə
bağlı ölkəmizin mövqeyini bu mötəbər
qurumun kürsüsündən Avropa ictimaiyyətinə
çatdırır. Eləcə də, Azərbaycanda gedən
proseslər Avropa Şurası tərəfindən diqqətlə
izlənilir və buna adekvat münasibət bildirilir.
Azərbaycanın
Avropa Şurasının müvafiq qurumları ilə müxtəlif
sahələrdə bir sıra tədbirlərin keçirilməsi
də bu təşkilatla əməkdaşlığın
bütün istiqamətlərdə uğurla inkişaf etdiyinə
sübutdur. Buna misal olaraq 2008-ci il dekabrın 2-də Bakıda
"Mədəniyyətlərarası dialoq Avropa və onun
qonşu regionlarında davamlı inkişafın və
sülhün əsasıdır" mövzusunda keçirilən
konfransda 48 dövlətin və 10 beynəlxalq təşkilatın
başçısının iştirakı çox
mühüm əhəmiyyət kəsb edirdi. Belə ki, Avropa
və müsəlman ölkələrinin tarixində mədəniyyətlərarası
dialoq mövzusunda keçirilən ilk beynəlxalq tədbirdə
yeni əməkdaşlıq prosesinin əsası qoyuldu.
Tədbirdə
iştirak edən dövlət başçısı
İlham Əliyev Azərbaycanın mədəniyyətlərarası
dialoqun genişləndirilməsinə böyük töhfə
verdiyini bildirmişdir: "Biz bu gün müxtəlif ölkələrdən
olan mədəniyyət nazirlərinin konfransını
keçirməklə bir daha onu göstəririk ki, son illər
ərzində Azərbaycan dini, milli və etnik tolerantlıq məsələlərində
çox böyük uğurlara nail olmuşdur. Əslində
bizim ölkəmizdə bütün insanlar müxtəlif
dövrlərdə, ictimai-siyasi quruluşundan asılı
olmayaraq, həmişə bir ailə kimi
yaşamışlar".
Azərbaycan
hökumətinin və Avropa Şurasının birgə təşkilatçılığı
ilə keçirilən bu konfransda Avropa və onun qonşu
regionlarında davamlı inkişafın və sülhün təmin
edilməsində mədəniyyətlərarası münasibətlərin
perspektiv imkanları da müzakirə edilmişdir.
Ölkəmizin
Avropa Şurası qarşısında
götürülmüş öhdəliklər kontekstində
əməkdaşlığına gəldikdə isə, Azərbaycan
Parlamenti 31 maddədən ibarət Avropa Sosial
Xartiyasının 18 maddəsini artıq Avropa Şurasına
üzv olduqdan 3 il sonra ratifikasiya etmişdir. Belə ki, Azərbaycan
hökuməti 2004-cü il yanvarın 6-da Avropa Sosial
Xartiyasına qoşulmuşdur. Əsas məzmunu üzv
ölkələrin əhalisinin sosial hüquqlarını
müəyyənləşdirən Xartiyada əmək və
sosial məsələlərlə bağlı ümumilikdə
31 hüquq öz əksini tapmışdır. Bundan əlavə,
ölkəmiz Avropa Şurasının 55 konvensiyası və
8 hissəvi sazişinə də qoşulmuşdur. Onu da qeyd etmək
vacibdir ki, təşkilata üzv qəbul olduqdan sonra İnsan
Hüquqları üzrə Müvəkkil (Ombudsman) təsisatı
da yaradılmışdır.
Beləliklə,
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
Avropa Şurasına daxil olarkən bildirdiyi "Azərbaycan
Avropanın çox dəyərli üzvü olacaqdır"
sözləri artıq reallığa çevrilmişdir. Avropa
Şurasında bu günə qədər əldə
edilmiş uğurlar və Azərbaycanın Avropa inteqrasiya
proseslərində iştirakı ölkəmizin bu beynəlxalq
təşkilatla əlaqələrinin mühüm əhəmiyyət
kəsb etdiyini göstərir.
Avropa
Şurası ilə əməkdaşlığın
genişləndirilməsi, ölkəmizin Avropaya inteqrasiya
olunması, öz maraqlarını bilavasitə təmsil etməsi
baxımından əhəmiyyətli olduğu
üçün bu sahədə fəaliyyət Azərbaycan
dövlətinin xarici siyasət prioritetlərindən biridir. Hazırda
Azərbaycan Respublikası Avropa Şurasının insan
hüquqlarının qorunması, demokratik proseslərin
inkişaf etdirilməsi, qlobal problemlərin həllinə
yardım göstərmək, beynəlxalq öhdəliklərə
vicdanla əməl etmək kimi prinsipləri rəhbər
tutaraq, bu təşkilatla əməkdaşlığı
yüksələn xətt üzrə inkişaf etdirir.
Elçin ƏHMƏDOV,
Azərbaycan Respublikasının
Prezidenti
yanında Dövlət İdarəçilik
Akademiyası
Beynəlxalq münasibətlər
və xarici siyasət
kafedrasının dosenti, siyasi elmlər
üzrə
fəlsəfə doktoru
Xalq qəzeti.- 2011.- 25 yanvar.- S. 5.