Latviya ilə Azərbaycan arasında uğurlu əməkdaşlıq dövlətlərarası əlaqələri daha da möhkəmləndirəcək

 

Azərbaycan Prezidenti İlham Əliyevin xarici ölkələrə hər bir səfəri böyük maraqla qarşılanır. Bunun əsas səbəbi son illər Azərbaycanın sürətli iqtisadi inkişaf youna qədəm qoyması, iri infrastruktur layihələrinin gerçəkləşdirilməsində böyük təcrübəyə malik olması və xarici siyasətdə əsasən sülhə böyük üstünlük verməsidir. Bu gün inkişaf etmiş demokratik dövlətlər işğalçılıq, təcavüzkar siyasət yeridən ölkələrlə əməkdaşlıqdan imtina edir, ictimai-siyasi sabitliyin hökm sürdüyü dövlətlərlə daha sıx əlaqələr qurmağa maraq göstərir. Ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycanda bu gün davamlı ictimai-siyasi sabitliyin yaradılması dünyanın inkişaf etmiş dövlətlərinin diqqətini daha çox cəlb edib. Bununla yanaşı yaranmış münaqişələrin nizamlanmasında beynəlxalq hüququn normalarına böyük üstünlük verilməsi də ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin sayını getdikcə artırır. Məhz bu baxımdan Azərbaycan Prezidentinin hər bir rəsmi səfəri böyük maraq doğurur.

 

Prezident İlham Əliyevin Latviyaya səfəri də böyük əhəmiyyət kəsb edirdi. Latviya həm NATO-nun, həm də Avropa İttifaqının üzvüdür. Digər tərəfdən Latviya inkişaf edən dövlətlərdəndir. Coğrafi baxımdan Latviya ilə Azərbaycan arasında məsafə kifayət qədər böyük olsa da, qarşılıqlı əməkdaşlıq sahəsində ciddi problemlər yaranmayıb. Əksinə, iki ölkə arasında iqtisadi və siyasi əlaqələr yüksələn xətt üzrə inkişaf etmişdir. 2009-2010-cu illərdə dünyanı qlobal maliyyə və iqtisadi böhran bürüsə də, Latviya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın həcmi 10 faiz artıb. 2009-cu illə müqayisədə 2010-cu ildə iki ölkə arasında ticarət dövriyyəsi də 10 faiz artmışdır. Son beş il ərzində isə Azərbaycan və Latviya arasında ticarət dövriyyəsi 81 faizədək artmışdır.

Göründüyü kimi, Azərbaycanla Latviya arasındakı əməkdaşlıq getdikcə möhkəmlənmiş, dövlətlərarası əlaqələr geniş xarakter almışdır. Azərbaycanın getdikcə artan iqtisadi qüdrəti, Avropaya və dünya birliyinə sürətli inteqrasiyası digər dövlətlər kimi Latviyanın da diqqətini cəlb etmişdir. Eyni zamanda, Latviyanın üzvü olduğu Avropa İttifaqı və Şimali Atlantika Müqavilə Təşkilatı ilə Azərbaycanın isti münasibətləri, digər mötəbər beynəlxalq qurumlarla sıx əməkdaşlığı Latviyanın ölkəmizlə əlaqələr qurmasına böyük zəmin yaratmışdır. Latviya Prezidenti Valdis Zatlers də Azərbaycan Prezidenti ilə keçirdiyi görüşlərdə bu məsələni xüsusi vurğulayaraq demişdi: "Ötən 20 il ərzində Latviya Avropa İttifaqının və Şimali Atlantika Müqavilə Təşkilatının tam üzvü olmaq kimi strateji məqsədinə çatmaq üçün böyük işlər görmüşdür. Mən həqiqətən də fəxrlə bildirmək istəyirəm ki, bizim üzvlük statusumuz, habelə, Azərbaycanın bu təşkilatlarda sadiq tərəfdaşlığı ölkələrimiz və regionlarımız arasında əməkdaşlığa daha geniş imkanlar açmışdır".

2009-cu ildə Azərbaycana səfərini xatırladan V.Zatlers həmin səfərin böyük əhəmiyyət kəsb etdiyini, iki ölkə arasında əməkdaşlığın daha sıx tellərlə bağlandığını vurğulayıb.Qarşılıqlı tərəfdaşlığın inkişaf tempini qoruyub saxlamaq və iki ölkə arasında iqtisadi, siyasi və mədəni əlaqələrin daha da genişləndirilməsi baxımından Azərbaycan Prezidenti İlham Əliyevin Latviyaya rəsmi səfərini yüksək dəyərləndirən Prezident Valdis Zatlers deyib ki, bu səfər də Azərbaycan və Latviya müstəqiliyini bərpa etdikdən sonra 20 il ərzində ölkələrimiz arasında qurulmuş qarşılıqlı anlaşmanın davamlı təsdiqinə xidmət edəcəkdir.

Latviya və Azərbaycan coğrafi cəhətdən strateji mövqeyə malikdirlər. Hər iki ölkə Qərblə Şərqin, Avropa ilə Asiyanın kəsişməsində yerləşir. Belə bir strateji mövqedə yerləşmə iki ölkənin xalqları arasında ruh yüksəkliyini möhkəmləndirmiş və mədəniyyətləri əsaslı şəkildə zənginləşdirmişdir.

Azərbaycan Prezidenti Latviyaya səfəri zamanı iki ölkə arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə xidmət edən mühüm əhəmiyyətli sənədlər imzaladı. Tərəfdaşlığın ikitərəfli olmasını təsdiqləyən faktlardan biri də Prezident İlham Əliyevlə Latviya Prezidenti Valdis Zatlersin imzaladıqları Bəyannamə olmuşdur. Bəyannəmənin imzalanması bir daha göstərdi ki, iki ölkə arasında tərəfdaşlığın qanunvericilik bazası möhkəm təməllər üzərində qurulmuşdur. Bu tarixi sənəd gələcəkdə ikitərəfli əlaqələrin yüksəldilməsini daha da sürətləndirəcək. Bəyannamə siyasi cəhətlə yanaşı, iqtisadi sahədə də böyük əhəmiyyət kəsb edir. Çünki bu sənəddə ikitərəfli iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün sərmayələrin vacibliyi xüsusi qeyd edilib. Hər iki dövlətin başçısı ikitərəfli əlaqələri, beynəlxalq və regional təhlükəsizlik baxımından təcrübə mübadiləsini mütəmadi davam etdirməyin vacibliyini bildiriblər. Azərbaycan Prezidenti İlham Əliyev Latviya Prezidenti ilə birgə imzaladıqları Bəyannəməyə böyük əhəmiyyət verərək demişdir: "Bu gün Latviya ilə Azərbaycan arasında çox önəmli sənədlər imzalanmışdır. Onların arasında Birgə Bəyannaməni xüsusilə qeyd etmək istəyirəm. Bəyannamədə əks olunan məsələlər münasibətlərimizin perspektivlərini müəyyən edir və niyyətimizi ifadə edir. Bu gün bütövlükdə mənim Latviyaya ikinci səfərim zamanı çox faydalı danışıqlar, geniş fikir mübadiləsi aparılmışdır. Əminəm ki, bu səfər iki ölkə arasındakı münasibətlərə güclü təkan verəcəkdir".

Azərbaycan Prezidentinin ölkəmizin iqtisadi cəhətdən sürətlə inkişaf etdiyini faktlarla əsaslandırması böyük maraqla qarşılanmış və latviyalı iş adamlarının diqqət mərkəzində olmuşdur. Çünki dünyanı lərzəyə salan qlobal maliyyə və iqtisadi böhran dövründə Azərbaycan öz inkişaf tempini qoruyub saxlamış, insanların həyat səviyyəsi yüksəlmiş, əmək haqları, pensiyalar artırılmışdır. Dövlətimizin başçısı demişdir ki, son 7 ildə Azərbaycanda ümumi daxili məhsul təxminən 3 dəfə artmış, yoxsulluğun səviyyəsi 4-5 dəfə azalmış, 900 mindən artıq yeni iş yerləri açılmışdır. Bu, o deməkdir ki, qlobal maliyyə və iqtisadi böhran dövründə də Azərbaycanda beynəlxalq standartlara cavab verən istehsal və sənaye müəssisələri yaradılmışdır. Ölkəmizə 2010-cu ildə 15,5 milyard dollar sərmayə qoyulması faktı latviyalı iş adamlarında Azərbaycanla əməkdaşlıq qurmaqda maraq oyatmışdır. Qeyd olunmuşdur ki, adambaşına düşən birbaşa xarici sərmayələrin həcminə görə Azərbaycan MDB məkanında birinci yerdədir. Dünya İqtisadi Forumunun hesablamalarına əsasən rəqabət qabiliyyətinə görə də Azərbaycanın MDB məkanında birinci olması latviyalı iş adamlarının ölkəmizə olan marağını artırmışdır.

Bütün ölkələrə rəsmi səfərlərində olduğu kimi, Latviyaya səfərində də Azərbaycan Prezidenti xalqımızın ən ağrılı problemi olan Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğal edilməsi, bu hərbi təcavüz nəticəsində bir milyona yaxın soydaşımızın qaçqın və köçkün vəziyyətinə düşməsi görüşlərin əsas müzakirə mövzusu oldu. Azərbaycan Prezidenti mətbuat konfransında da bu məsələni diqqətə çatdıraraq dedi: "Bu gün eyni zamanda biz regional məsələlər haqqında fikir mübadiləsi apardıq. Xüsusilə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair danışıqların son mərhələsi haqqında Prezident Zatlersə məlumat verdim. Bu məsələ uzun illərdir ki, öz həllini gözləyir. Məsələ isə beynəlxalq hüquq normaları əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Beynəlxalq təşkilatlar - BMT, ATƏT, Avropa Şurası, Avropa Parlamenti və başqa təşkilatların ədalətli qətnamələri və qərarları əsasında öz həllini tapmalıdır"

Latviya birmənalı olaraq Avropa İttifaqı ölkəsi kimi tanınır. Bu mənada Azərbaycanın Latviya ilə hərtərəfli əməkdaşlığı böyük əhəmiyyət kəsb edir. Çünki hazırda Avropa İttifaqı ilə Azərbaycan arasındakı əməkdaşlıq yeni mərhələyə qədəm qoyub. Yaxın vaxtlarda Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun Azərbaycana səfəri zamanı Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sektoruna dair çox vacib bir bəyannamə imzalandı. Bu bəyannamənin Avropa İttifaqı ilə Azərbaycan arasında gələcək əməkdaşlığa da çox böyük təsiri olacağı şübhə doğurmur. Avropa İttifaqı ilə Azərbaycan arasında qarşılıqlı hörmət üzərində qurulmuş münasibətlər getdikcə yaxşılaşır. Latviyanın Avropa İttifaqına üzv dövlət olduğunu nəzərə alsaq,bu ölkə ilə ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsinin əhəmiyyəti özünü açıq şəkildə büruzə verir. Latviya Azərbaycanın bu nüfuzlu quruma üzvlük yolunda ölkəmizə öz töhfələrini verə bilər. Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığı gücləndirməkdə, bu təşkilata daha da yaxınlaşmaqda Latviyanın təcrübəsindən də yararlana bilər. Azərbaycanın energetika sahəsindəki nailiyyətləri Latviya üçün faydalı olar. Çünki Azərbaycan hazırda Avropanın enerji təminatında böyük rol oynayan dövlətdir.

Azərbaycan və Latviya prezidentlərinin qarşılıqlı səfərləri və bu səfərlər zamanı imzalanmış sənədlər, keçirilən görüşlər, biznes forumları iki ölkə arasındakı əlaqələrin getdikcə inkişafından xəbər verir. Siyasi, iqtisadi, mədəni və digər sahələrdə də əməkdaşlığın inkişaf etdirilməsi üçün möhkəm zəmin yaranıb. Azərbaycan Prezidentinin Latviyaya rəsmi səfəri iki ölkə arasındakı qarşılıqlı münasibətlərin və əməkdaşlığın yüksələn xətt üzrə inkişafı istiqamətində ümidləri daha da artırdı.

 

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2011.- 25 yanvar.- S. 4.