Din pərdəsi altında təxribat
törətməyə çalışanlar qanun
qarşısında cavab verməlidirlər
Azərbaycan
xalqının radikal, ekstremist
fikir və meyilləri dəstəkləməsi
qeyri-mümkündür
Əsrlər boyu Azərbaycanda müxtəlif millətlər,
ayrı-ayrı din mənsubları dostluq və qardaşlıq şəraitində
yaşamışlar. Bu hissin
getdikcə formalaşmasında tale ümumiliyinin də böyük
rolu olmuşdur. Diqqətə
çatdırılmalıdır ki, bu unikal gerçəkliyin
yaranmasında və güclənməsində ölkə əhalisinin
əsasını təşkil edən azərbaycanlıların
və İslamın böyük xidmətləri
olub. Bu gün də milli-mənəvi dəyərlərinə
sadiq olan Azərbaycan
xalqı tarix boyu
formalaşmış möhtəşəm ənənələrini
yaşatmaqdadır.
Ölkəmizin əsrlər boyu qüdrətli dövlətlərin maraq dairəsinə düşməsinə baxmayaraq, xalqımız öz dini etiqadından dönməmiş, milli dəyərlərini daim qoruyub saxlamaqla yanaşı, digər xalqların dini və dilinə, mədəniyyətinə böyük hörmət və ehtiramla yanaşmışdır. Bu da Azərbaycanda yaşayan xalqları biri-birinə daha da yaxınlaşdırmış, onların bir ailə kimi yaşamasını təmin etmişdir. Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlət-din münasibətlərinin tənzimlənməsi, dini etiqad azadlığının təminatı və dini-mənəvi dəyərlərin qorunması prioritet vəzifələrdən biri oldu. Bunun nəticəsi olaraq ölkədə dini durum da getdikcə sabitləşdi və dövlətimiz vətəndaşlarının vicdan azadlığının təmin olunması istiqamətində bütün imkanlardan istifadə etdi, dini duruma qanunsuz yollarla müdaxilənin qarşısı alındı. Zaman keçdikcə dini icmaların sayı artdı. Hazırda dövlət qeydiyyatından keçərək yeni şəhadətnamələr alan dini icmaların sayı 450-yə çatıb. "Dini etiqad azadlığı haqqında" qanuna edilən əlavə və dəyişikliklərdən sonra ölkədəki dini icmaların fəaliyyətlərinin genişlənməsinə və daha yüksək səviyyədə tənzimlənməsinə, həmçinin ölkə vətəndaşlarının vicdan azadlığının təmin olunmasına geniş imkanlar yarandı.
İslam dini tarix boyu müqəddəs dəyərlərimizin pak qalmasına xidmət göstərib. Əsrlər boyu siyasi proseslərlə yanaşı dövlət quruluşu dəyişsə də, din dəyişməz qalır. Dinin paklığını və müqəddəsliyini qorumaq hər bir dindarın vicdan və vətəndaşlıq borcudur. Ölkəmizdə dinin inkişafı üçün bütün imkanlardan dövlət səviyyəsində istifadə olunur. Azərbaycanda yüzlərlə məscid və ziyarətgahların dövlət hesabına təmir edilməsi və yenidən qurulması, çoxsaylı dini icmaların fəaliyyətinə yaradılan şərait, insanların öz dini ehtiyaclarını yerinə yetirməsi üçün zəruri tədbirlərin görülməsi buna əyani sübutdur.
Azərbaycan tam müstəqil, heç bir dövlətdən asılı olmayan, regionda mehriban qonşuluq siyasəti yürüdən, beynəlxalq birliklərlə sıx əlaqələr quran və bu əlaqələri inkişaf etdirən bir ölkədir. Azərbaycan dövləti heç bir ölkənin daxili işlərinə müdaxilə etmir, ayrı-ayrı ölkələrdə baş vermiş hadisələrin qərəzli şəkildə şərhinə yol vermir. Ancaq buna baxmayaraq, ölkədəki sağlam dini mühitdən istifadə etməyə çalışan, dini dözümsüzlük və ayrı-seçkilik mövqeyindən çıxış edən radikal qruplar bəzi xarici siyasi dairələrin maraqlarına xidmət edən şəxslərin əlində bir vasitəyə çevriliblər. Belə "alətlərdən" biri də rəsmi dövlət qeydiyyatında olmayan Azərbaycan İslam Partiyasının sədri və onun tərəfdarlarıdır. Onlar din pərdəsi altında gizlənərək insanları dinlərarası ziddiyətlərə təhrik edir, xalqı birlik və demokratik inkişaf yolundan döndərməyə cəhd göstərən şüarlar səsləndirirlər. Belə radikal, zərərli qüvvələrin Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa çalışan, ölkəmizin qazandığı uğurları gözü götürməyən xarici ekstremist qüvvələr tərəfindən idarə olunması da artıq öz təsdiqini tapıb. Son zamanlar müxtəlif xarici dairələr, xüsusən İran İslam Respublikasındakı bəzi ekstremist qüvvələr Azərbaycanda sabitliyi pozmaq, ölkəmizdə guya dini azadlıqlarının sıxışdırıldığı haqqında beynəlxalq aləmdə rəy formalaşdırmaq, dindarlarla dövlət arasında ziddiyət yaratmaq, radikal dindarları fəallaşdırmaq məqsədi ilə çirkin tədbirlər həyata keçirməyə cəhd göstərirlər. Belə qüvvələr Azərbaycanda baş verən hadisələri qərəzli şəkildə şərh edir, şantaj xarakterli bəyanatlar verir və ölkəmizin daxili işlərinə qarışırlar. Bu yolla çirkli pullar hesabına radikal islamçıları fəallaşdırmağa cəhd edirlər.
Din pərdəsi ilə maskalanmış Azərbaycan İslam Partiyasının bir qrup üzvü silah-sursat toplayaraq hakimiyyətin zorla ələ keçirilməsi, terror hazırlanması və digər aksiyaların keçirilməsini planlaşdırırmışlar. Bu məqsədlə partiyanın sədri Mövsüm Səmədovun Quba rayonunda yaşayan qohumunun evində, həmçinin Azərbaycan İslam Partiyası Gəncə şəhər təşkilatının sədri Yusif Ələkbərovun yaşadığı mənzildə külli miqdarda müxtəlif növ silah-sursat gizlədilibmiş. İslam Partiyası Gəncə şöbəsinin sədri Yusif Ələkbərovun yaşadığı mənzildən tapılan silah-sursat isə belə deməyə əsas verir ki, bura sanki böyük bir silah anbarı imiş. Onun evinə baxış zamanı bir ədəd "AKSU", bir ədəd nömrəsi silinmiş və qundağı kəsilmiş "AK-74", bir ədəd qundağı kəsilmiş "AK-74", bir ədəd "AKM", bir ədəd nömrəsi silinmiş "AKM", bir ədəd əldədüzətmə "UZİ" silahı, iki ədəd mərmi, iki ədəd qumbara, iki trotil şaşkası, bir ədəd fitil, 1191 ədəd müxtəlif çaplı güllə, 6 ədəd güllə darağı, bir ədəd qılınc, 3 ədəd biçaq, bir ədəd portativ səsgücləndirici və ona aid 4 ədəd mikrafon, 38 ədəd dini məzmunlu plakat, dini ektremizmi təbliğ edən 17 ədəd kitab və 20 ədəd disk aşkar edilərək götürülüb. Bu günlərdə İslam Partiyası Astara şöbəsinin sədri Ruhullah Axundzadənin də evində axtarış aparılarkən məlum olub ki, qonşu ilə arasındakı yarımçıq tikilidən bir torba silah-sursat (tapança, avtomat, qumbara və s.) tapılıb.
Göründüyü kimi, İslam Partiyası üzvlərinin "əsas vəzifəsi" silah-sursat toplamaq imiş. Yaxşı ki, belə çirkin əməllərin qarşısı vaxtında alındı. İslam Partiyası üzvlərinin dinə zidd əməlləri din xadimlərinin hiddətinə səbəb olmuşdur. Onlar din xadimlərinin yad təsirlərə qarşı barışmaz mövqe nümayiş etdirmələrinin vacibliyini bildirərək İslam Partiyası üzvlərinin dövlətçiliyə qarşı mübarizəyə hazırlaşmalarını kəskin pisləyirlər. Zərərli meyillərə və ekstremist qruplara qarşı mübarizədə dövlət qurumları ilə yanaşı din xadimlərinin də üzərinə böyük məsuliyyət düşür. Bu gün Azərbaycanda din xadimlərinə göstərilən böyük etimaddan sui-istifadə edən İslam Partiyasının sədri Mövsüm Səmədov və onun regiondakı nümayəndələrinin dövlətçiliyə qarşa çıxması eyni zamanda İslam dininə də böyük zərbədir. Çünki İslam dini insanları paklığa, birliyə, qardaşlığa səsləyən bir dindir. Bu müqqəddəs dəyərlərdən sui-istifadə edənlərin məqsədi isə böyük dinimizi gözdən salmaqdır. Bu gün ölkədə vicdan azadlığının və dini dəyərlərin yüksək səviyyədə təmin olunmasına və dövlətin tarixi-dini abidələrə qayğısına, məscidlərin, həmçinin müqəddəs ziyarətgahların əsaslı təmirinə görə Azərbaycan Prezidentinə çoxsaylı dindarlar tərəfindən minnətdarlıq və təşəkkürlər bildirildiyi halda, İslam Partiyasının bir qrup üzvü xarici dairələrin dəstəyi ilə ölkəmizi qeyri-sabitlik nümunəsinə çevirməyə cəhd göstərirlər. Onlar dini ekstremizm fəaliyyətindən çəkinməyərək radikal çıxışlar edir, dövlətimizə və dövlətçiliyə qarşı yalan və böhtanlarla dolu şüarlar səsləndirirlər. İndi siz deyin, adını din xadimi qoyanların milli dövlətçilik əleyhinə çıxması, ölkədə iğtişaşlar törətməsi və hakimiyyəti zorla ələ keçirilməsi cəhdinə can atması, müqəddəs İslam dininin ideyaları ilə bir araya sığarmı?
İslamçıların dinə zidd əməlləri, dövlətə, dövlətçiliyə qarşı sərt şüarlar səsləndirmələri, xalqı cihada çağırmaları siyasi partiya rəhbərləri tərəfindən də kəskin pislənilir. Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə bu məsələyə münasibət bildirərkən deyib: "Azərbaycan dünyəvi dövlətdir, qanunlarla idarə edilir və dünyəvi təhsil sistemi mövcuddur". O, İslam Partiyasının rəhbərliyinin həbsinə də münasibət bildirib: "1996-cı ildə həmin partiyanın nümayəndələri özləri də etiraf etdilər ki, onlar İranın xüsusi xidmət orqanları ilə əməkdaşlıq ediblər. Buna görə o zaman həmin partiyanın rəhbərliyi həbs edildi".
Radikal dini qüvvələr unutmamalıdırlar ki, möhkəm təməllər üzərində qurulmuş Azərbaycan dövləti və cəmiyyəti ölkədə dini sabitliyə zərbə vurmağa cəhd göstərən, onlar üçün yaradılmış əlverişli şəraitdən süni istifadə edərək, dini sabitliyi pozmağa, ölkəni dinlərarası ziddiyətlər meydanına çevirmək istəyən şər qüvvələrə qarşı barışmaz mövqe tutub. Bu işdə dini icma rəhbərləri və din xadimləri də artıq fəal mövqe nümayiş etdirirlər. Geniş dünyagörüşünə, yüksək intellektə və mədəniyyətə malik Azərbaycan xalqının radikal, ekstremist fikir və meyilləri dəstəkləməsi qeyri-mümkündür. Radikal dindarların müxtəlif yollarla ölkəmizə gətirdikləri zərərli dini ədəbiyyatlardan da özlərindən başqa kimsənin istifadə etməsi mümkün deyil. Çünki belə ədəbiyyatların əsas məqsədi dinə zərbə vurmaq, qarşıdurma yaratmaq və ölkəni dini cəhalətə sürükləməkdir. Xalq belə dini ədəbiyyatı və onu təbliğ edən dindarları rədd edir. Artıq Azərbaycan dünya miqyasında davamlı ictimai-siyasi sabitliyə malik ölkə kimi tanınır və əhalinin həyat səviyyəsi getdikcə yaxşılaşır. Belə bir şəraiti yaratdığına görə, xalq öz Prezidentinə inanır, güvənir və onun ətrafında sıx birləşir. Heç bir qüvvə xalq ilə Prezidentin vəhdətini poza bilməz. Buna cəhd göstərən radikal dini qüvvələr heç nəyə nail ola bilməyəcək və öz çirkin əməllərinə görə qanun qarşısında cavab verəcəklər.
Əliqismət
BƏDƏLOV, Rauf ƏLİYEV
Xalq qəzeti.- 2011.- 25 yanvar.- S. 4.