Yeni nəşrlər.

 

"Azərbaycan Tibb Universitetinin rektorları"

 

...Azərbaycanda ilk ali təhsil ocaqlarından birinin bünövrəsini qoymuş, onun ərsəyə çatmasında, inkişaf etməsində mühüm rol oynamış görkəmli alim pedaqoqların xidmətlərini yüksək qiymətləndirərək, əmin olduğumu bildirirəm ki, siz Tibb Universitetinin adını həmişə uca tutacaqsınız". - İmzası Azərbaycan oxucusuna yaxşı tanış olan yazıçı-həkim, ATU-nun dosenti Məmməd Süleymanoğlunun sayca 12-ci kitabı - "Azərbaycan Tibb Universitetinin rektorları" xalqımızın ümummilli lideri Heydər Əliyevin bu sözləri ilə açılır. Əslində, ağır zəhmət tələb edən bu əsərin yazılıb ərsəyə gəlməsi məhz bu fikirlərdən qaynaqlanıb.

 

"Elm təhsil" nəşriyyatında işıq üzü görən, 19 çap vərəqi həcmində olan bu sanballı monoqrafiya (məsləhətçi akademik Adilə Namazova, elmi redaktoru professor Rafiq Çobanovdur) bu yaxınlarda 80 illiyi dövlət səviyyəsində təntənəli şəkildə qeyd edilmiş Azərbaycan Tibb Universitetinə dəyərli yubiley töhfəsi oldu.

Məlum olduğu kimi, Azərbaycan Demokratik Respublikası dövründə - 1919-cu ilin may ayında Bakı Universitetinin təsisi ilə əlaqədar bəyannamə elan olundu. Həmin ilin sentyabr ayının 1-də Nazirlər Şurasının sədri Nəsib bəy Yusifbəyli Bakı Dövlət Universitetinin təsisi haqqında qərarı imzaladı.

"...Türk xalqının tarixinə yeni parlaq səhifə yazıldı. Avropa ilə Asiyanın sərhədində məşəl şölələnir. Biz bu böyük tarixi hadisənin şahidi olduğumuza görə özümüzü xoşbəxt hesab edirik". - Universitetin ilk rektoru, görkəmli alim V.J.Razumovskinin dediyi bu fikirlər Azərbaycan xalqının tarixində bu hadisənin əhəmiyyətini doğru-dürüst ifadə edirdi.

Universitet fəaliyyətə iki fakültə - tarix-filologiya tibb fakültələri ilə başladı.

Bu dövrə ötəri ekskurs edən müəllif əsas diqqəti Bakı Dövlət Universitetinin bazası əsasında 1930-cu ildə yaradılan Tibb İnstitutunun rektorlarının fəaliyyətinə yönəldir.

80 il ərzində indiki Azərbaycan Tibb Universitetinin 12 rektoru olmuşdur: Nadir Məmmədli (1930-1931); Mövsüm Qədirli (1931-1932); Əziz Əliyev (1932-1934 1936-1938); Müseyib Hüseynov (1934-1935); Mahmud Əliyev (1939-1943); Zülfüqar Məmmədov (1943-1946); Bahadur Eyvazov (1946-1964); Xamiz Həsənov (1964-1968); Bala Məcidov (1968-1972); Zəhra Quliyeva (1972-1983); Yaqub Məmmədov (1983-1992); Əhliman Əmiraslanov (1992-ci ildən indiyədək). Müəllif qeyd edir ki, bu rektorların 6-sı ilə bir yerdə işləyib, onları şəxsən tanıyıb, 6-sı barədə isə arxiv materiallarından, şahidlərin xatirələrindən bəhrələnib. Rektorların hər biri barədə bədii-publisistik qələmlə yazılmış portret-oçerklər həm universitetin fəaliyyəti, həm respublikanın tibbi təhsil sistemində gedən proseslər, qazanılan nailiyyətlər, habelə problemlər haqqında ətraflı məlumat verir.

Məmməd Süleymanoğlunun bu əsəri səhiyyə ictimaiyyəti ümumiyyətlə təbabətlə maraqlanan oxucu kütləsi üçün qiymətli vəsaitdir.

 

 

Q.PİRİYEV

 

Xalq qəzeti.- 2011.- 26 yanvar.- S. 6.