Akkan SUVER: “Dünyanı sülh, əməkdaşlıq və tolerantlıq xilas edəcək”

 

 Eşitdik ki, Azərbaycanın böyük dostlarından biri, Türkiyənin nüfuzlu Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin rəhbəri dr. Akkan Suver Vatikana səfər edərək Papa XVI Benediktlə görüşmüşdür. Yəqin ki, katolik kilsəsi başçısının dünyanın dini-siyasi dairələrində necə fövqəladə bir nüfuza malik olduğunu, ciddi güc mərkəzlərinin bir çox məsələlərin həllində onun mövqeyi ilə hesablaşdığını təkrarlamağa ehtiyac yoxdur. Papa ilə söhbətin mövzusu, bütövlükdə narahat dünyamızı qayğılandıran məsələlərin həllində din xadimlərinin, dinlərarası dialoqun əhəmiyyəti barədə düşüncələrini bölüşməsini Akkan bəydən xahiş etdik:

 

- Təyyarəmiz İstanbulun Atatürk hava limanından qalxıb xəncər kimi səmanın mavi ənginliyinə saplanaraq Apenin yarımadasına doğru səmt götürdü. Yolumuz qoca Avropaya, böyük bir coğrafiyanın taleyinin çək-çevir olunduğu siyasi qitəyədir. Son ünvanımız isə bir vaxtlar dünyanı lərzəyə gətirmiş bir imperiyanın qüdrətini daşında-divarında, ovqatında yaşadan qədim olduğu qədər də müasir Romaya, daha doğrusu, paytaxtın şimal-qərbində qərar tutmuş Vatikanadır.

Nədənsə insan səmada yerin bəxş etdiyi problemlər barədə daha asudə düşünə bilir. Yəqin, bu məsələlərə yuxarıdan aşağı baxdığına, böyük mətləblərin yanında həmin təfərrüatların necə cılız, mənasız göründüyünə görədir bu cür laüba. Amma əfsuslar olsun ki, belə bir rahatlıq çox çəkmir, təyyarənin havada olduğu o bir neçə saatla ölçülür.

Bəs nə üçün məhz Vatikana? Müqəddəs taxt-tacın yerləşdiyi bu ən kiçik anklav-dövlət dünyada roma-katolik kilsəsinin ali ruhani rəhbərliyinin iqamətgahıdır. Xaricdə 179 diplomatik missiya saxlayan bu cırtdan-dövlət həm də ən qədim diplomatik fəaliyyət tarixinə malikdir. Yəqin, oxucular da mənimlə razılaşar ki, harada diplomatiya varsa, orada siyasət də var, necə deyərlər, məkr də, məhəbbət də. Dünya belə xəlq olunub. Ona görə də mən insanlığın, bəşər övladının ən ali təyinatını onun məhz sülh, dostluq, əməkdaşlıq axtarışlarında görürəm. Bu işdə nəticəyə pozitiv təsir göstərə biləcək bütün imkan, vasitə və qabiliyyətlər, həm siyasi-diplomatik, həm də mədəni-humanitar səylər məqbuldur. Millətlərin, xalqların, dövlətlərin, nəhayət, qloballaşma çağırışlarının daha gur və qətiyyətlə səsləndiyi indiki zaman kəsiyində sərhədlərin yaxınlaşmasında dinlərarası dialoqun müstəsna yeri və əhəmiyyəti vardır. Mərmərə Qrupu Vəqfi olaraq bu zəngin imkanı qədərincə dəyərləndiririr və fəaliyyətimizdə ondan barınmağa çalışırıq.

Bu gün həm coğrafi, həm də bəşəri dəyərlərə inteqrasiya baxımından bir ayağı Avropada, o birisi Asiya qitəsində olan Türkiyə də, böyük Atatürkün təbirincə ifadə etsək, sevinci sevincimiz, kədəri kədərimiz olan qardaş Azərbaycan da öz inkişafının coşğun bir dövrünü yaşayır. Nə Türkiyə 50-60-cı illərin Türkiyəsidir, nə də Azərbaycan 80-90-cı illərin Azərbaycanı. Bütün Türk dünyasının böyük oğlu Heydər Əliyevin kül içindən dikəltdiyi Azərbaycanı ulu öndərin layiqli siyasi varisi zati-aliləri İlham Əliyev daha əngin üfüqlərə götürdü. Hər birimizə hədsiz qürur bəxş edən bir faktdır ki, bu gün dünya ölkələri Azərbaycanı nəinki bir siyasi partnyor, diplomatik münasibətlərin tərəfi kimi, həm də güclü müttəfiq, strateji tərəfdaş və iqtisadi əməkdaşlığın çox etibarlı və perspektivli subyekti kimi görür və qiymətləndirirlər. Çox möhkəm təməllər üzərində bərqərar olan xarici və iqtisadi siyasət Azərbaycana beynəlxalq ictimaiyyət və siyasi isteblişmentin xallarını qazandırmaqda davam edir. Bu isə erməni kimi mənfur düşməni və Qarabağ boyda dərdi olan bir ölkə üçün az şey anlamına gəlməməlidir.

Türkiyənin də bu geniş olduğu qədər də dar dünyamızda dostları çox olsa da, düşməni, xoş gününə darılanı, uğurlarını gözü götürməyib inkişafını qısqananı az deyil. Olan şeydir. Bizlərin ümdə vəzifəsi isə çıxdığımız yoldan sapmamaq, götürdüyümüz hədəflərə doğru qətiyyətlə irəliləməkdir. Türkiyənin nüfuzlu sivil toplum təşkilatlarından olan Mərmərə Qrupu Vəqfi olaraq fəaliyyətimizin əhəmiyyətli hissəsini ölkələr, xalqlar, insanlar arasında dostluq və əməkdaşlıq tellərinin yaranıb möhkəmlənməsinə həsr etmişik. Hər il tərtiblədiyimiz Avrasiya İqtisadi Zirvələri artıq iki qitənin əhatə etdiyi coğrafiyanı aşaraq Afrika və Amerika ölkələrinin nümayəndələrini də eyni əməkdaşlıq çətiri altında, eyni masa ətrafında bir araya gətirir.

Sıralarında keçmiş nazirlərin, millət vəkillərinin, hərbi sərkərdələrin, görkəmli ictimai xadimlərin, tanınmış elm, mədəniyyət və iş adamlarının birləşdiyi təşkilatımız başlıca qayəsi elan etdiyi sülh, qardaşlıq, inteqrasiya, əməkdaşlıq kimi bəşəri dəyərləri cəmiyyətə daşımaqla, ictimaiyyət arasında təbliğ etmək və tərəfdarlar tapmaqla məşğuldur. Fəaliyyətimizin sadəcə bir hissəsinə aid olan görüşlərimizin gündəliyinə nəzər atsanız, nə qədər rəngarəng olduğunu görərsiniz.

BMT-nin, ATƏT-in, YUNESKO-nun, Balkan Siyasət Klubunun, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının üzvü olan Mərmərə Qrupu qatıldığı, eləcə də ev sahibliyi etdiyi bütün tədbirlərdə Azərbaycana erməni təcavüzünün acı nəticələrindən söz açır, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri bəyan etməkdən çəkinmir. Təbliğat və əməkdaşlıq fəaliyyətində mədəniyyətlərarası dialoqun önəmli ünsürü kimi fərqli dinlərin ünsiyyətinə məxsusi diqqət ayırırıq. Çünki hər bir insan qəlbində uca bir Allah sevgisi gəzdirməklə yanaşı, həm də müxtəlif inanclara sahibdir. İstər müsəlman, xristian, musəvii olsun, istərsə də bütpərəst ... bütün dinlərin biz insanlara təlqin etdiyi aparıcı məziyyətlər tolerantlıq, barış, halallıq, ədalət kimi bəşəri dəyərlərdən ibarətdir. Bu mənada ruhanilərin millətlərarası münasibətlərin tənzimlənməsindəki roluna inanır və önəm veririk.

Papa XVI Benediktlə ilk görüşümüz 2006-cı ilin noyabrında Türkiyə və İtaliya Xarici İşlər nazirliklərinin ölkələrimiz arasındakı münasibətlərin 150 illiyi ilə bağlı Romada düzənlənmiş olduqları toplantı zamanı baş tutmuşdu. O vaxt mən yaxın tanışım Kardinal Celatadan Papa ilə görüşümüzü təşkil etməsini rica etdim. Və təəccübümə rəğmən Papa Mərmərə Qrupunun nümayəndə heyətini qəbul etdi. Çox faydalı və səmimi bir söhbətimiz oldu. Vəqfimizin on ildən bəri hər Ramazan bayramında təşkil etdiyi Sevgi və Barış iftarlarına böyük önəm verdiyini və onlardan ikisinə nazir səviyyəsində qatıldıqlarını söyləyən Papa Türkiyə ziyarətini böyük səbirsizliklə gözlədiyini, Ankara İstanbul və İzmir ziyarətlərinin beynəlxalq sülh və əməkdaşlığa yeni üfüqlər açacağına inandığını bildirdi.

Həmin görüşdə dünya katoliklərinin başçısı məndən soruşdu: - Türk millətinin ortaq xoşlanacağı şey nədir?

- Atatürkün xatirə məqbərəsini ziyarət edin - dedim. - Türk milləti bundan çox məmnun olar.

Bu sözlərin təsiri oldu-olmadı deyə bilmərəm, amma Papa Türkiyəyə gəldiyində Atatürkün məqbərəsini ziyarət etdi. Bu xatirəni söyləməkdə məqsədim var; insanlar hansı dinə inanc göstərmələrindən, hansı dildə anlaşmalarından asılı olmayaraq bir-birlərinin dəyərlərinə hörmət və ehtiram sərgiləməklə ortaq məxrəcə gələ bilərlər.

Elə ötən il dekabrın son günlərində vəqfimizin üzvlərindən sabiq ordu generalı Necdət Timur, iş adamları Fatih Saracoğlu və Aykut Ekenin də qatıldığı heyətin Papa XVI Benediktlə görüşündə mədəniyyətlərarası dialoqun dövlətlər, xalqlar və dinlər arasındakı barışdırıcı missiyasından söhbət açıldı, münaqişələrin çözülməsində mülki vətəndaş institutlarının roluna toxunuldu.

- Görüşməyəli dörd il oldu!- deyən Papa Mərmərə Vəqfinin 15 ildən bəri demokratiyanın təşəkkülü, dinlərin ucalığı, insan hüquq və azadlıqlarının bərqərar olması yolunda ortaya qoyduğu mücadiləyə yüksək dəyər verdiyini söylədi. Dedi ki, bu gün insan cəmiyyətinin sülhə, dialoqa, mehribanlığa, bəlkə də, heç bir vaxt olmadığı kimi ciddi ehtiyacı vardır. Texnogen inkişaf, həyatın başgicəlləndirən sürəti bəşəriyyəti əbədi dəyərlərdən, mənəvi başlanğıcdan uzaqlaşdırır. Bu cür özgələşmə isə insanın öz kökündən, keçmişindən, yaddaşından, mədəni kimliyindən ayrılması deməkdir. Bu, faciədir! İnsanlar ərazi, dil və din sərhədlərini bir kənara qoyaraq rahat, təhlükəsiz, sabit, firavan dünya evi uğrunda səylərini birləşdirməlidirlər.

Eyni fikirləri dəfələrlə görüşüb fikir mübadiləsi apardığımız Türkiyə Hahambaşısı İzak Haleva, İstanbuldakı yunan Patriki Bartolomeus, Parisdə Dünya Ortodoks Aləminin təmsilçisi Mitropolit Emanuel, Türkiye Süryani Ortodoks Kilisesi Patrik Vekili Mor Filiksinos Yusuf Çetin ve Türkiye Süryani Katolik Patrik Vekili Korepiskopos Yusuf Sağ və digər ruhanilər də səsləndirmişlər. Müsahiblərimin hamısının gəldiyi yekdil qənaət belə olub ki, heç bir səmavi din təzyiqi, terroru, təcavüzü, bütövlükdə, insanlıq əleyhinə yönəlmiş pis əməlləri təqdir etmir. Fərqli din və mədəniyyətlər insanları ayıran deyil, birləşdirən dəyərə çevrilməlidir. Budur narahat dünyamızda sülh və qardaşlığa çiyin verən başlıca meyar.

Allah Həzrəti Adəmdən Həzrəti Musaya, Həzrəti İsadan Həzrəti Məhəmmədə qədər bütün peyğəmbərlərinin vasitəsiylə insanlara həqiqət və azadlıq göndərmişdir. Və bu azadlığın fövqündəki hər cür təzyiq həm İslamın, həm də xristianlığın təməl prinsiplərinə yaddır.

Türkiyəni Azərbaycanla, İstanbulu Bakı ilə ruhən yaxınlaşdıran bilsəniz nədir? Etnik və deməli, dini əlvanlığı. Bakıda haçansa yaşayıb sonradan bu şəhəri tərk etmiş adamların Bakı sevgisi məhz bu özgün əlamətdən qidalanmaqdadır. İstanbul da eynən o cürdür və bu cizgi indiki mürəkkəb zamanda fərqli din və mədəniyyətlərə isti qucağını açmış ölkələrimizə, şəhərlərimizə, bu şəhərlərin sakinlərinə tolerantlığın, mehribanlığın siyasi və ondan da öncə insani xallarını qazandırmaqdadır. Elə ötən il 32 ölkənin dini liderlərinin Bakıda Ümumdünya Sammitində toplaşması, aparılan faydalı müzakirələrin yekunu kimi sivilizasiyalar və dinlərarası dialoqu təşviq edən Bakı Bəyannaməsinin qəbul edilməsi də bu sahədə sanballı addımdır.

Hər səfərimdə enişə hazırlaşan təyyarələrin illüminatorundan yerdə ilk gördüyüm mənzərə sap kimi uzanan yollar, sonra şəhərlər, bu insan məskənlərindəki binaların qırmızı, yaşıl kirəmidli damları, daha sonra yaşıl bağ-bağatı və ən sonda nöqtə kimi hərəkət edən insanları olur. Ziyarət etdiyim hər bir ölkənin, şəhərin tikilisi, memarlığı, səliqə-sahmanı onun sakinlərinin zövqü, inancı, mədəniyyəti, ovqatı barədə məlumat verir. Ölkələr də fərqlidir, bu ölkələrdə məskunlaşmış insanlar da, onların dinləri də... Lakin Allahımız birdir. Və Yaradan hər bəndəsinə bir ömür bəxş edib. Onu sağlam, firavan, müharibəsiz başa vurmaqsa bizlərin vəzifəsidir.

 

 

Xalq qəzeti.- 2011.- 26 yanvar.- S. 5.