Dördüncü çağırış
Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin
ikinci sessiyası keçirilmişdir
Yanvarın
25-də dördüncü çağırış
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci
sessiyası keçirilmişdir.
Sessiyanın
gündəliyinə 2010-cu ildə Naxçıvan Muxtar
Respublikasının sosial-iqtisadi inkişafının
yekunları, muxtar respublikanın Konstitusiyasına dəyişikliklər,
2010-cu il dövlət büdcəsinin icrasının təsdiq
edilməsi, Naxçıvan MR-in insan hüquqları üzrə
müvəkkilinin hesabatı, Avropa Şurasının Yerli və
Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə
heyəti rəhbərinin məlumatı və muxtar respublika
Ali Məclisi sədrinin fərmanlarının təsdiq edilməsi
haqqında məsələlər daxil edilmişdir.
Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov
2010-cu ildə sosial-iqtisadi inkişafın yekunları ilə əlaqədar
məruzə etmişdir. Ali Məclisin sədri demişdir:
-
Ötən illərdə olduğu kimi, 2010-cu ildə də
iqtisadiyyatın əsas sahələrinin inkişafı istiqamətində
həyata keçirilmiş məqsədyönlü tədbirlər
öz bəhrəsini vermiş, əldə olunmuş
uğurlu nəticələr sosial-iqtisadi inkişafı
xarakterizə edən və əsas makroiqtisadi göstərici
olan ümumi daxili məhsulun həcminin artmasına zəmin
yaratmışdır. Özündə ciddi nəticələri
əks etdirən bu artımın səciyyəvi xüsusiyyəti
ondan ibarətdir ki, 2010-cu ildə muxtar respublikanın tarixində
ilk dəfə olaraq ümumi daxili məhsulun həcmi 1 milyard
manat səviyyəsini keçmişdir. Ümumilikdə ötən
il bu göstərici əvvəlki illə müqayisədə
17 faiz artaraq 1 milyard 171 milyon manata, onun hər bir nəfərə
düşən həcmi isə 18 faiz artaraq 2 883 manata
çatmışdır.
Sənaye
müəssisələrində daxili bazarın tələbatı
ilə yanaşı, ixrac yönümlü məhsulların
istehsalı da artmışdır. Əgər 1989-cu ilin əvvəlində
muxtar respublikada 40 sənaye müəssisəsi mövcud idisə,
2011-ci ilin əvvəlinə bu müəssisələrin
sayı 11 dəfə artaraq 423-ə çatmış, 239
adda sənaye məhsulunun istehsalı təmin olunmuşdur.
Görülmüş işlərin nəticəsidir ki, tarixən
aqrar region kimi formalaşan Naxçıvan Muxtar Respublikası
hazırda sənayenin üstün inkişafı təmin
olunan regiona çevrilmişdir.
Bu,
özünü fakt və rəqəmlərin ifadəsində
daha qabarıq göstərir. Ötən il muxtar respublikada 318
milyon 565 min manatlıq sənaye məhsulu istehsal edilmişdir
ki, bu da 2009-cu illə müqayisədə 44 faiz çoxdur. Sənaye
məhsulu həcminin 91 faizini istehsal, 9 faizini isə xidmətlərin
göstərilməsi təşkil etmişdir.
Sahibkarlığın inkişafına, qeyri-dövlət
sektorunun davamlı yüksəlişinə yönəldilmiş
kompleks tədbirlərin nəticəsidir ki, istehsal olunan sənaye
məhsulunun 88 faizi, yaxud 279 milyon 460 min manatı özəl
sektorun payına düşmüşdür. Bu, əvvəlki
illə müqayisədə 50 faiz çoxdur.
Xalqla
ordunun birliyinin nəticəsidir ki, 2010-cu ildə Heydər Əliyev
adına Hərbi Liseydə, eləcə də hərbi hissələrdə
aparılan iş və tədbirlər üçün 1
milyon 511 min manatadək vəsait ayrılmış, 437 min
manatdan çox ərzaq və digər tələbat
malları verilmişdir.
2010-cu
ildə bütün maliyyə mənbələri hesabına
muxtar respublikada əsas kapitala yönəldilən
investisiyaların həcmi əvvəlki illə müqayisədə
22 faiz və ya 89 milyon 583 min manat artaraq 501 milyon 106 min manat
olmuşdur. Tikinti-quraşdırma işlərində istifadə
edilmiş investisiyaların həcmi əsas kapitala yönəldilən
investisiyaların 88 faizini təşkil etməklə 443 milyon
426 min manata çatmışdır ki, bu da 2009-cu illə
müqayisədə 22 faiz çoxdur.
Tikinti
sahəsində xarakterik göstəricilərdən biri də
ondan ibarətdir ki, 2010-cu ildə muxtar respublikada ümumilikdə
669 müxtəlif təyinatlı obyekt tikilmiş və ya əsaslı
şəkildə yenidən qurulmuşdur.
Əhalinin
mənzil təminatının
yaxşılaşdırılması, yaşayış
fondunun abadlaşdırılması, elektrik enerjisi, qaz, su,
kanalizasiya, istilik və lift təsərrüfatlarının təkmilləşdirilməsi,
istehlakçılara keyfiyyətli və davamlı kommunal xidmətlərin
göstərilməsi məqsədi ilə inşaat və təmir
işlərinin aparılması da müntəzəm xarakter
almışdır. 2010-cu ildə muxtar respublikada 17
yaşayış binasında tikinti, 76-sında isə əsaslı
təmir və yenidənqurma işləri
görülmüşdür.
Sovet
dövründə inkişafın ən yüksək həddi
sayılan 1988-ci ildə muxtar respublikada əhalinin şəxsi
vəsaiti hesabına cəmi 75 min 400 kvadratmetr mənzil
tikintisi aparıldığı halda, 2010-cu ildə bundan 3 dəfə
çox - 259 min 414 kvadratmetr yaşayış sahəsi
inşa edilmişdir.
2010-cu ilin məhsulu üçün muxtar respublikada 59 min 204 hektardan çox sahədə əkin aparılmışdır. Əsas təbii ehtiyat sayılan torpaqların məhdud olması nəzərə alınaraq bitkiçiliyin müasir aqrokimyəvi və aqrotexniki tədbirlərə əsaslanan intensiv metodlarla inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılır. Buna müvafiq olaraq ötən il "Naxçıvan Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin xətti ilə ümumi dəyəri 1 milyon 554 min manata yaxın olan 4033 tondan çox mineral gübrə torpaq mülkiyyətçilərinə yardım olaraq verilmişdir. Bundan əlavə, 123 ədədi 2010-cu ildə olmaqla, son 5 ildə 577 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası alınaraq muxtar respublikaya gətirilmiş, onlardan 298-i lizinq yolu ilə məhsul istehsalçılarına verilmişdir. Təkcə ötən il 76 ədəd texnika lizinqə verilmişdir.
Əsas ərzaq məhsulu kimi strateji əhəmiyyəti nəzərə alınaraq taxılçılığın üstün inkişafı diqqət mərkəzində saxlanmışdır. 2010-cu ilin məhsulu üçün 33 min 954 hektarda yazlıq və payızlıq taxıl əkilmişdir ki, bunun da 25 min 276 hektarını buğda, 8 min 678 hektarını isə arpa təşkil etmişdir. Taxıl zəmilərindən 96 min ton məhsul toplanmışdır ki, bu da 2009-cu illə müqayisədə çoxdur. Əgər bu rəqəmi 1988-ci ilin müvafiq göstəriciləri ilə müqayisə etsək, onda taxılçılıqda 67 min tona yaxın artımın şahidi olarıq.
2005-ci il 11 aprel tarixli sərəncamla təsdiq olunmuş, 2005-2010-cu illəri əhatə edən "Naxçıvan Muxtar Respublikasında kartofçuluğun inkişafı üzrə Dövlət Proqramı"nın icrası ötən il uğurla yekunlaşdırılmışdır. Proqramda nəzərdə tutulan tədbirlərin icrasının nəticəsidir ki, muxtar respublikada kartof əkinlərinin sahəsi proqramın qəbulundan əvvəlki 2004-cü illə müqayisədə 1138 hektar artaraq 2740 hektar təşkil etmişdir. Kartof əkini keçirilmiş sahələrdən 37 min 901 ton məhsul tədarük edilmişdir ki, bu da 2004-cü illə müqayisədə 2,2 dəfə və ya 20 min 843 ton, 1988-ci illə müqayisədə isə 38 dəfə və ya 36 min 896 ton artım deməkdir.
Ötən il 1800 ton tutuma malik olan 2 soyuducu anbar istifadəyə verilmiş, tutumu 500 ton olan bir soyuducu anbarın qurulması davam etdirilir.
Azərbaycan Respublikası Prezidentinin "Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin "bir pəncərə" prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında" 2007-ci il 25 oktyabr tarixli Sərəncamına müvafiq olaraq son 3 ildə muxtar respublikada sahibkarlıq fəaliyyətinə başlamaq qaydalarını sadələşdirmək məqsədi ilə "bir pəncərə" prinsipi tətbiq olunur. Sərəncamın icrası nəticəsində təkcə 2010-cu ildə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən 24 hüquqi və 1185 fiziki şəxs qeydiyyata alınmışdır. Sahibkarlığın inkişafı üçün yaradılmış münbit şəraitin nəticəsidir ki, ümumi daxili məhsul istehsalında özəl bölmənin payı 86 faizi ötmüşdür. Hazırda aqrar sektor, sənaye, ticarət, nəqliyyat, rabitə sahələrində qeyri-dövlət bölməsinin payı 83-99 faiz arasında dəyişir ki, bu da çox yüksək göstəricidir.
Muxtar respublikada sahibkarlıq subyektlərinə səmərəli maliyyə dəstəyinin göstərilməsi üçün əlverişli şərait yaradılmışdır. 2010-cu ildə bank və kredit təşkilatları tərəfindən sahibkarlara 35 milyon 909 min manatdan çox güzəştli kreditlərin verilməsi təmin olunmuşdur.
İqtisadi fəaliyyətin bütün sahələrinin tarazlı inkişafını təmin etmək məqsədi ilə kreditlər verilərkən onların çoxsahəli olması diqqət mərkəzində saxlanmışdır. Ötən il verilən kreditlərin 7 milyon 143 min manatı sənayenin, 5 milyon 746 min manatı tikinti sektorunun, 11 milyon 61 min manatı kənd təsərrüfatı və balıqçılığın, 11 milyon 959 min manatı isə ticarət, nəqliyyat, kommunal və digər xidmət sahələrinin inkişafına yönəldilmişdir.
Daxili bazarın qorunması, idxaldan asılılığın aradan qaldırılması, əhalinin tələbatının daha dolğun ödənilməsində yerli istehsalın həcminin artırılması mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə həyata keçirilən tədbirlərin nəticəsidir ki, bu gün muxtar respublikada 108-i ərzaq və 184-ü qeyri-ərzaq olmaqla 292 növdə məhsul istehsal olunur. Yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması nəticəsində istehsal olunan 247 növ məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir. Bu məhsullardan 89-u ərzaq, 158-i isə qeyri-ərzaq məhsullarıdır.
Ötən il Culfa şəhərində 980, Şərur rayonunun Yengicə kəndində 568, Maxta kəndində 540, Kəngərli rayonunun Yeni Kərki kəndində 88, Təzəkənddə 110, Sədərək rayonunun Sədərək kəndində 594 şagird yerlik məktəb binaları tikilərək, Naxçıvan şəhərində 954, Şərur şəhərində 738, Şərur rayonunun Zeyvə kəndində 612, Culfa şəhərində 540 şagird yerlik orta məktəb binaları yenidən qurularaq şagird və müəllimlərin istifadəsinə verilmişdir.
Təhsilin səmərəliliyinin yüksəldilməsində, uşaqların püxtələşməsi və dünyagörüşünün artmasında məktəbəqədər və məktəbdənkənar təhsilin günün tələbləri səviyyəsində qurulması mühüm əhəmiyyətə malikdir. 2010-cu ildə təhsilin bu növləri ilə məşğul olan tədris müəssisələrinin ən müasir standartlara uyğun şəkildə qurulması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilmişdir, Naxçıvan şəhərində 240, Şərur şəhərində 200, Culfa şəhərində isə 240 yerlik uşaq bağçaları, Babək qəsəbəsində 367, Şahbuz şəhərində isə 362 yerlik uşaq musiqi məktəbi üçün binalar tikilmişdir, Culfa rayonunda ekoloji tərbiyə, texniki yaradıcılıq, uşaq yaradıcılıq, gənc turist və diyarşünaslıq mərkəzləri üçün ayrılmış bina yenidən qurularaq istifadəyə verilmişdir.
Sonra "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi haqqında" məsələ müzakirə edilmiş, müvafiq qanun qəbul olunmuşdur.
Naxçıvan Muxtar Respublikasının 2010-cu il dövlət büdcəsinin icrası barədə maliyyə naziri Xalid İsgəndərov məlumat vermiş və bununla bağlı müvafiq qanun qəbul edilmişdir.
Sessiyada Naxçıvan Muxtar Respublikasının vergilər naziri Əli Mahmudov, Dövlət Gömrük Komitəsinin sədri Asəf Məmmədov, Dövlət Sosial Müdafiə Fondunun sədri Rasim Hüseynov çıxış etmişlər.
Naxçıvan Muxtar Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) Ülkər Bayramovanın hesabatı, Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin rəhbəri Anar İbrahimovun məlumatı dinlənilmişdir.
Müzakirə edilən məsələlərlə əlaqədar qərarlar qəbul olunmuş, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin fərmanları təsdiq edilmişdir.
Ali Məclisin sədri Vasif Talıbov sessiyaya yekun vuraraq demişdir:
-Biz
2010-cu ilə yekun vurduq. Əvvəllər olduğu kimi,
ötən müddət
ərzində də muxtar respublikamızda iqtisadi inkişaf davam etdirilmiş, quruculuq işlərinin həcmi daha da artırılmış,
bir sıra uğurlar əldə olunmuşdur. Muxtar respublikanın
inkişafında, sabitliyin,
sərhədlərin qorunmasında
əməyi olanların
hamısına təşəkkürümü
bildirir, qarşıda
duran vəzifələrin
yerinə yetirilməsində
hər birinizə uğurlar arzulayıram.
Bununla da dördüncü çağırış
Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin
ikinci sessiyası öz işini başa çatdırmışdır.
Xalq qəzeti.- 2011.- 26 yanvar.- S. 2.