Hərbi doktrina dövlətin vacib
atributlarından biri sayılır
İnkişaf etmiş ölkələr
özünün ordu quruculuğunu, hərbi sənaye
potensialını inkişaf etdirmək üçün
müxtəlif addımlar atır, ilk növbədə, milli
qanunvericilik bazasını möhkəmləndirir. Azərbaycan
da belə bir mütərəqqi yol tutmuşdur. Azərbaycan
Prezidenti, Ali Baş Komandan İlham Əliyevin
tapşırığına əsasən ölkəmizin milli
təhlükəsizlik konsepsiyası və bu sənədin əsasında
Hərbi Doktrinası hazırlanaraq qəbul olunmuşdur.
Hərbi
Doktrina nədir, onun ordu quruculuğu, müdafiə
potensialının gücləndirilməsində rolu nədən
ibarətdir?
AzərTAc-ın
bu və digər suallarını Milli Məclisin təhlükəsizlik
və müdafiə komitəsi sədrinin müavini, politoloq
Aydın Mirzəzadə cavablandıraraq demişdir:
- Hərbi
Doktrina dövlətin vacib atributlarından biri sayılır.
Bəzən onu ikinci və ya hərbi konstitusiya da
adlandırırlar. Azərbaycan müstəqillik qazandıqdan
sonra Hərbi Doktrinanın hazırlanması və qəbulu
daim gündəlikdə olan bir məsələ idi. Azərbaycan
ilk növbədə ordu quruculuğu ilə məşğul
olaraq, müvafiq praktika əldə edərək, ordu
quruculuğunu həyata keçirən qanunlar qəbul edərək
Hərbi Doktrinasını hazırlamışdır. Biz hesab
etdik ki, tələsik hərbi doktrina qəbul edib sonradan ona
tez-tez dəyişikliklər etməkdənsə, artıq
oturuşmuş hərbi sistemimizi bir doktrina halına salmaq daha
düzgün olardı.
Ötən
müddət göstərdi ki, Azərbaycanın taktikası
düzgün idi. Hərbi Doktrinamız həm Azərbaycanın
özünün milli ordu quruculuğunu, eyni zamanda, beynəlxalq
təcrübəni özündə birləşdirir. Bu
gün milli çərçivələrdə qalan hərbi
doktrina yoxdur. Bütün dünya bir-birinin təcrübəsini
öyrənir. Bütün dünya ölkələri ən
müsbət cəhətləri özünün hərbi
konstitusiyasında yer tapmasına çalışır. Azərbaycan
da bu yolu keçdi və bu gün Hərbi Doktrinamız Azərbaycanın
ərazi bütövlüyünün qorunması, ordu
quruculuğunun daim inkişaf etdirilməsində müvafiq baza
rolunu oynayır.
-
Doktrinanın qəbulundan sonra hərbi sahə ilə əlaqəli
olan bir sıra qanunvericilik aktlarında hansı dəyişiklik
olmuşdur?
- Bu dəyişikliklər
az olmuşdur. Çünki ilk növbədə biz ordu
quruculuğu ilə bağlı kompleks qanunlar və normativ
aktlar qəbul etmişdik. O baxımdan onun qəbulundan sonra
yenilərinin qəbuluna bir o qədər ehtiyac
qalmamışdır. Qəbul etdiyimiz bir sıra yeni qanunlar da
oldu. Bunlardan biri "Azərbaycan Respublikasının sülhməramlı
əməliyyatlarda iştirakı haqqında" qanunumuzdur.
Bu, yeni praktika idi, eyni zamanda, bir sıra qanunlara, əsasən
hərbi qulluqçuların sosial müdafiəsinin
yaxşılaşdırılması ilə bağlı
müəyyən qanunlara dəyişiklik edilmişdir. Bundan
sonra da yeri gəldikcə müvafiq qanunlara dəyişikliklər
ediləcəkdir. Hərbi Doktrinamız buna tam imkan verir. Ən
başlıcası Hərbi Doktrinamız beynəlxalq aləmdə
Azərbaycanın ərazi bütövlüyü ilə
bağlı çox çevik siyasət yeritməyə imkan
verir.
-Hərbi
Doktrinada hərbi qulluqçuların sosial müdafiəsi nəzərdə
tutulmuşdurmu?
-Azərbaycan
dövləti həmişə özünün büdcəsinə
uyğun olaraq hərbi qulluqçuların sosial müdafiəsini
maksimum dərəcədə təşkil etməyə
çalışır. Bu gün özünü hərbi
peşəyə bağlamaq istəyənlər həmin
dövrə uyğun olaraq yüksək məvacib alırlar.
Onların gələcəkdə pensiya təminatına
dövlət tərəfindən zəmanət verilir. Hərbçilərin
ailələri ya mənzillə təmin edilir və yaxud kirayəyə
mənzil tutularsa kirayə haqqı ödənilir, onların
müalicə xərci dövlətin hesabınadır və
digər bu kimi məsələlər hərbçi peşəsini
cəmiyyətdə çox populyar edir. Bir sözlə,
dövlətin büdcəsi artdıqca sosial təminat məsələlərinə
qoyulan normalar da artırılacaq və hərbi qulluğa gələn
hər bir kəs ilk gündən mənzillə, pulsuz
müalicə ilə, istirahətlə, hətta təhsil məsələləri
ilə bağlı dövlətin bütün təminatını
ala biləcəklər.
- Bəs
Doktrina hərbi sənaye kompleksinin inkişafına nə
verir?
- Hərbi
Doktrina Azərbaycanın hərbi sənaye kompleksinin
yaradılmasına rəvac verir və bunun üçün
müvafiq şərait yaradır. Hərbi Doktrinadan təqribən
5 il əvvəl Azərbaycanda Müdafiə Sənayesi
Nazirliyi yaradılmışdır. Bu gün bu nazirliyin istehsal
sahələri 500-dən çox məhsul buraxır. Həmin
məhsulların böyük bir hissəsi Azərbaycan
Silahlı Qüvvələri tərəfindən alınır.
Bu isə o deməkdir ki, onların alınması
üçün ayrılan vəsait Azərbaycan bazarında
qalır.
Azərbaycan
hərbi sənaye kompleksi artıq inkişafın yeni bir
modelini seçmişdir. Azərbaycan xaricdəki hərbi sənaye
şirkətləri ilə müştərək müəssisələr
yaradır, birgə silah-sursat və hərbi avadanlıq
buraxır, eyni zamanda, beynəlxalq hərbi sərgilərdə
iştirak etməklə Azərbaycan məhsullarını
xaricdə tanıda bilir. Qeyd edim ki, son dövrlərdə Azərbaycan
hərbi sənaye məhsullarına maraq həddən çox
artmışdır. Doktrina isə hərbi sənaye sahəsinin
yaradılmasına rəvac verir və bunu dövlətin
prioritetlərindən biri sayır. Yəni, Hərbi Doktrina
konstitusiya müddəası kimi hərbi sənaye kompleksinin
olmasını Azərbaycanın vacib fəaliyyət istiqamətlərindən
biri kimi tövsiyə edir.
Hərbi
Doktrina Azərbaycanın beynəlxalq aləmdə
sülhün və təhlükəsizliyin yaradılması
üçün birgə fəaliyyətdə
iştirakını mümkün sayır. Yəni, Azərbaycanın
dünyada sülhün və təhlükəsizliyin təminatındakı
fəaliyyətini tənzimləyir. Azərbaycanın sülhməramlı
əməliyyatlarda iştirakla bağlı artıq xeyli təcrübəsi
vardır və bu təcrübədən milli ordu
quruculuğunda maksimum istifadə edilir. Azərbaycan hərbçiləri
dünyanın qaynar nöqtələrində xidmət
keçməklə Azərbaycan dövlətinin də təbliğatını
həyata keçirmiş olurlar.
Azərbaycan
hərbçiləri hərbi nizamnaməyə ciddi riayət
edən, qarşıya qoyulan vəzifələri tamamilə
yerinə yetirən insanlar kimi tanınmışlar və
onların fəaliyyətləri xarici dövlətlərin, o
cümlədən ABŞ-ın və NATO-nun rəsmi
strukturlarının yüksək mükafatları ilə təltif
edilmişdir. Eyni zamanda, mümkündür ki, gələcəkdə
ayrıca bir Sülhməramlı Qüvvələr
Briqadası yaradılsın.
- Azərbaycanda
yüksək ixtisaslı, peşəkar hərbçi
kadrların hazırlanması hansı səviyyədədir?
- Ulu
öndər Heydər Əliyev vaxtilə azərbaycanlıların
hərbçi peşəsinə yiyələnməsi, Azərbaycanın
peşəkar hərbçilərlə təmin edilməsi
işinə böyük diqqət yetirmişdir. Məhz
ümummilli liderin səyi nəticəsində çoxlu sayda
azərbaycanlı gənc ötən əsrin 70-80-ci illərində
keçmiş SSRİ-nin ali hərbi məktəblərinə
daxil olmuşdular. Bu gün Azərbaycan Milli Ordusunun generaliteti
bir nəfər kimi Heydər Əliyevin həmin dövrdə
ali hərbi məktəblərə göndərdiyi gənclərin
sırasından çıxmış şəxslərdir.
Eyni zamanda, hərbi məktəbin yaradılması da bu
işdə böyük rol oynamışdır.
Hazırda
Azərbaycanda hərbi istiqamətli 6 məktəb vardır.
Bunun biri Hərbi Akademiya, üçü ali hərbi məktəb
- ümumqoşun, təyyarəçilik və hərbi dənizçilik,
ikisi isə hərbi liseydir. Bunlar Bakıdakı Cəmşid
Naxçıvanski adına və Naxçıvandakı Heydər
Əliyev adına Naxçıvan hərbi liseyidir. Bütün
bunların hamısı Azərbaycan Ordusunun peşəkar
zabitlərlə təmin edilməsi, cəmiyyətdə hərbi
vətənpərvərliyin təbliği işində
böyük rol oynayır. Qeyd edim ki, aparılan siyasət
özünü tamamilə doğruldur.
Bu gün
Azərbaycanda NATO standartlarına cavab verən hərbi təhsil
sistemi formalaşmışdır. Xarici ölkələrdən
çox sayda insanlar Azərbaycan hərbi məktəblərində
təhsil alır. O cümlədən bizim son dövrdə
yaradılan Hərbi Akademiyamız da ali zabit heyətinin
formalaşmasında böyük rol oynayır. Hərbi
Doktrinada hərbi təhsil məsələsi də öz əksini
tapmışdır. Bundan irəli gələrək gələcəkdə
də hərbi məktəblərimizin, liseydən tutmuş hərbi
akademiyaya qədər daha da təkmilləşməsi, ən
yeni silahların öyrədilməsi, digər ölkələrin
ordularının qabaqcıl təcrübəsinin Azərbaycana
gətirilməsində böyük rol oynayacaqdır.
AzərTAc
Xalq qəzeti.- 2011.- 26 yanvar.- S. 2.