"Elektron Təhsil" layihəsinin təqdimat mərasimi keçirilib

 

Mərasimdə çıxış edən təhsil naziri Misir Mərdanov ölkəmizdə təhsil sisteminin informasiya-kommunikasiya texnologiyaları ilə təminatı məsələlərinə xüsusi diqqət yetirildiyini bildirib.

 

Nazir "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində 20 orta təhsil müəssisəsinin "Elektron Məktəb" pilot layihəsinə qoşulduğunu, yaxın müddətdə isə daha 30 tədris ocağında bu yeniliyin tətbiq olunacağını nəzərə çatdırıb.Bu barədə Təhsil Nazirliyinin mətbuat xidməti məlumat yaymışdır.

Təhsil sistemində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə görə Azərbaycanın MDB məkanında öncül yerlərdən birini tutduğunu qeyd edən "Ultra" şirkətinin prezidenti Tahir Mirkişili "Elektron Təhsil" layihəsi haqqında məlumat verib. Artıq ölkə üzrə 1000 məktəbdə elektron dərslərdən istifadə imkanının olduğunu vurğulayan T.Mirkişili Təhsil Nazirliyinin Təhsilin idarəolunmasının məlumat sistemləri (TİMS) şöbəsinin məlumatları əsasında 4500 məktəbin şagird və müəllim heyəti (kontingenti) barədə məlumatların Data Mərkəzə daxil edildiyini söyləyib.

"Elektron Təhsil" layihəsinin həyata keçirilməsi istiqamətində görülmüş işləri nəzərə çatdıran "Ultra" şirkətinin şöbə müdiri Sərxan Məmmədov layihənin üstün cəhətlərini sadalayıb. "Elektron Təhsil" layihəsinin Təhsil Portalı (www.edu.az), "Elektron Məktəb" İdarəetmə Proqramı (ASM), Elektron Dərsləri İdarəetmə Proqramı (AeL), Elektron Dərslər (SCORM standartları) və Milli Təhsil Məlumat Bazasını (NED) özündə birləşdirdiyinə diqqət çəkən S.Məmmədov layihənin məktəb idarəetməsi, qiymətləndirmə, tədrisin səviyyəsinin yüksəldilməsi, valideyn-məktəb münasibətləri, təhsil sahəsinə dair müxtəlif statistik göstəricilərin vahid bazada toplanması baxımından əhəmiyyətli olduğunu qeyd edib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2011.- 27 yanvar.- S. 7.