Şuşa Humanitar Kolleci öz ənənələrini yaşadır

 

Bu gün Bakıdakı 161 saylı orta məktəbə sığınmış, özünün 19 illik qaçqın həyatını yaşayan Şuşa Humanitar Kolleci (Şuşa Mədəni-Maarif Texnikumu) mədəniyyət sahəsində orta ixtisaslı kadr hazırlığını davam etdirməkdədir. Nə qədər məhrumiyyətlər, çətinliklər olsa da, bu təhsil ocağının kollektivi öz gücünə, qüvvəsinə, dövlətimizin qayğısına arxalanaraq öz gözəl ənənələrini qoruyub saxlaya bildi. 2007-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə məktəbin 85 illik yubileyi böyük təntənə ilə keçirildi. Ancaq Şuşada yox, Bakıda. Məktəbin direktoru Rəsul İsmayılov həmin tədbirdə dediyi bu sözləri indi də yaxşı xatırlayıram: "Biz Bakıda qonağıq, inşallah, dövlətimizin səyi, Prezidentimizin müdrik siyasəti sayəsində doğma torpaqlarımız azad olunar və biz Şuşaya qayıdarıq".

 

Hələlik isə bu kollecin ünvanı 161 saylı Bakı orta ümumtəhsil məktəbinin binasıdır. Əvvəllər Ağcabədidə, sonra Bakıdakı Neft Texnikumu binasında fəaliyyət göstərən kollec 1996-cı ildən bu ünvanda məskunlaşmışdır.

Hazırda bu təhsil ocağı hansı qayğılarla yaşayır? Bu suala cavab tapmaq üçün Şuşa Humanitar Kollecində olduq. Məktəbin direktoru Rəsul İsmayılov bildirdi ki, bu kollecin çox şərəfli tarixi var. Azərbaycanın bir sıra görkəmli mədəniyyət və incəsənət xadimləri bu məktəbin yetirmələri olmuşlar.

Kollecin 85 illik yubileyinin qeyd olunması ilə bağlı Prezident sərəncamını kollektivimiz böyük iftixar hissi ilə qarşıladı. Yüksək səviyyədə qeyd olunan yubiley tədbirlərinin keçirilməsi kollektivimizin işə məsuliyyətini xeyli artırdı.

Direktor qeyd etdi ki, son illər ölkəmizdə orta ixtisas təhsili sahəsində kadr hazırlığının strukturunda dəyişikliklər edilmiş, struktur optimallaşdırılmış, bütün ixtisaslar üzrə yeni nəsil dövlət standartları və buna müvafiq tədris planları hazırlanıb təsdiq edilmişdir.

Ötən il orta ixtisas məktəbləri üçün uğurlu cəhətlərindən biri Nazirlər Kabineti tərəfindən "2010-2013-cü illərdə Azərbaycan Respublikasının orta ixtisas təhsili sistemində islahatlar üzrə Tədbirlər Proqramı"nın təsdiq edilməsi haqqında" qəbul edilmiş qərardır. Eyni zamanda, 2010-cu ildə Nazirlər Kabineti "Orta ixtisas təhsili pilləsinin dövlət standartları və proqramı"nın təsdiq edilməsi haqqında da qərar vermişdir. Nazirlər Kabinetinin 2010-cu il 16 iyul tarixli qərarı ilə bir neçə orta ixtisas məktəblərinin adları dəyişdirilmiş, o cümlədən bizim Şuşa Mədəni-Maarif Texnikumu Şuşa Humanitar Kolleci adlandırılmışdır.

Şuşa Humanitar Kolleci ən çətin anlarda belə öz ənənələrini qoruyub saxlamağa çalışır. Bu təhsil ocağının pedaqoji kollektivi həmişə yetişdirdikləri kadrların zamanın, dövrün tələblərinə uyğun, yüksək səviyyəli olması üçün öz səylərini əsirgəmirlər.

Şuşa Humanitar Kollecinin kollektivi 2009 - 2010-cu tədris ilini uğurla başa vurmuş, kadr hazırlığına diqqəti artırmış, təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi, kollecin maddi-texniki bazasının yaxşılaşdırılması, tələbələrin nəzəri və təcrübi biliklərinin vəhdət təşkil etməsi, hər bir müəllim və tələbənin fəaliyyətində keyfiyyət dəyişiklikləri aparılması diqqət mərkəzində saxlanılmışdır. Məktəbimiz aşağıdakı ixtisaslar üzrə kadr hazırlığı ilə məşğul olmuşdur: məktəbəqədər təlim və tərbiyə; ibtidai təhsil; xarici dil; kitabxana-informasiya təminatı; instrumental ifaçılıq; xalq çalğı alətləri; xanəndəlik; təsviri incəsənət və rəsmxətt; fiziki tərbiyə müəllimliyi. Bu ildən "Ailə və ev təhsili"; "Musiqi nəzəriyyəsi" ixtisasları üzrə də tələbə qəbul olunmuşdur.

Kollecdə 11 ixtisas üzrə 650 tələbə təhsil alır. Əyani şöbə üzrə 532 tələbə qiyabi, 118 tələbə təhsil alır. 2009 - 2010-cu tədris ilinin əvvəlindən kollecimizə yeni qəbul olunmuş tələbələrin bilikləri çoxballı sistemlə qiymətləndirilir.

Təlim-tərbiyə prosesi planlı şəkildə aparılmış, məktəb rəhbərliyi, şöbə müdirləri və fənn komissiyalarının əlaqəli işi nəticəsində açıq və qarşılıqlı dərslərin qrafiki əvvəlcədən müəyyən edilmiş, həmin dərslərdə müasir təlim metodları və texnologiyalarından yaradıcı şəkildə istifadə edilmişdir. Ümumiyyətlə, məktəbimizdə interaktiv, produktiv, debat, sintez və s. dərslərin təşkili və keçirilməsi adət halını almışdır.

Qrafik əsasında keçirilən direktoriyanı müşavirələrdə tələbələrin dərsə hazırlığı və davamiyyəti geniş müzakirə edilmiş, lazımi tədbirlər görülmüşdür. Həmçinin tələbələrin dərsə davamiyyəti və hazırlıq səviyyəsi qrup iclasları, fənn (birləşmə) komissiyaları və pedaqoji şura iclaslarında müzakirə olunmuş, dərsə davamiyyəti zəif olan, dərslərə hazırlıqsız gələn tələbələrlə iş aparılmışdır ki, bu da öz müsbət nəticəsini göstərmişdir.

Rəsul müəllim bildirdi ki, 2009 - 2010-cu tədris ilində 12 fənn komissiyası fəaliyyət göstərmişdir. Onların da işi mövcud əsasnamə, təlimat, nizamnamə və nazirlik tərəfindən müəyyən edilmiş normativ sənədlər nəzərə alınmaqla təşkil edilmişdir. Kollecdə fənn komissiyalarının və şöbə müdirlərinin işlərinə nəzarət təşkil edilmiş, bunun üçün müxtəlif birləşmə komissiyalarına daxil olan müəllimlərdən istifadə edilmişdir.

Ötən il tələbələrin ideya-tərbiyəsi, onların hərbi hazırlıq və idman işlərinə cəlb edilməsi diqqət mərkəzində saxlanılmışdır. Belə ki, tələbələrimiz Şabran şəhərində Cənclər və İdman Nazirliyinin xətti ilə keçirilən "Xəmsə" bilik yarışmasında "Xarı bülbül" komandası adı altında çıxış edərək 2-ci yerə çıxmışlar. Ordu Günü münasibətilə respublika üzrə keçirilən hərbi vətənpərvərlik mahnı festivalında tələbəmiz Murad Əbdüləzimov 72 rayon üzrə 4-cü yerə çıxmışdır.

Direktor dedi ki, noyabr ayında xarici dil tələbələrinin hazırlıqları Bakı şəhərinin İslam mədəniyyət mərkəzi elan olunması ilə əlaqədar "İslam mədəniyyəti dünyası", "Müasir dövrdə təlim prosesinin pedaqoji və psixoloji problemləri", həmçinin "Əxlaq dəyərlərimiz" və s. disputlar keçirilmişdir. Dekabr ayında pedaqoji elmlər doktoru, professor, ibtidai sinif dərsliklərinin yaradıcılarından biri, əməkdar müəllim Yəhya Kərimovla, eləcə də tarix elmləri üzrə fəlsəfə doktoru Yunis Hüseynovla görüş keçirilmişdir.

2009 - 2010-cu tədris ilində Üzeyir Hacıbəyovun və Cəfər Cabbarlının ev muzeylərinə, tarix və incəsənət muzeylərinə müntəzəm olaraq ekskursiya təşkil edilmiş, Muzey Günü münasibətilə Üzeyir Hacıbəyovun ev muzeyində, həmçinin, Bakı şəhərinin bir neçə musiqi məktəbində geniş proqramla konsertlər vermiş və teatr tamaşalarına baxış təşkil edilmişdir. Bununla yanaşı, tarixi günlər və bayramlarla əlaqədar söhbət və məruzələr təşkil edilmişdir.

Şuşa Rayon İcra Hakimiyyətinin bir neçə tədbiri də məktəbimizdə keçirilmiş, Dağlıq Qarabağ Azərbaycan icmasının rəhbəri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovla müəllimlər görüşmüş və maraqlı fikir mübadiləsi olmuşdur.

Düşünürəm ki, mövcud imkanlardan istifadə edərək təlim-tərbiyə sahəsində müəyyən uğurlar əldə etmişik. Bu ideyaların qazanılması yolunda Təhsil Nazirliyinin həmişə yüksək qayğısını hiss etmişik. Çalışacağıq ki, həmişə Şuşanın adını daha da yüksəldərək, müasir dövrün tələblərinə uyğun, savadlı və yüksək dünyagörüşlü kadrlar hazırlayaq.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2011.- 27 yanvar.- S. 7.