Daşkənddə 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar anım mərasimi keçirilmişdir

 

Azərbaycan Respublikasının Özbəkistandakı səfirliyi Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Azərbaycan diasporunun fəalları və kütləvi informasiya vasitələri təmsilçilərinin iştirakı ilə anım mərasimi keçirmişdir.

 

İlk öncə Mədəniyyət Mərkəzində 20 Yanvar faciəsi ilə əlaqədar tərtib edilmiş stendlərə baxış keçirilmişdir. Tədbir zamanı 20 Yanvar hadisələrində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş, onların ruhuna dua oxunmuşdur.

Tədbiri açan səfirliyin müvəqqəti işlər vəkili Akif Əliyev bildirmişdir ki, 1990-cı ilin yanvar hadisələri Azərbaycan xalqının və ölkəmizin müstəqillik tarixində yaşanmış, bəşəriyyətin dinc sakinlərə qarşı törədilmiş ən qəddar cinayətlər sırasında yer alır.

Sovet imperiyasının rəhbərliyi tərəfindən düşünülmüş və planlaşdırılmış şəkildə həyata keçirilmiş bu soyqırımın Azərbaycan xalqının azadlıq arzusunun beşiyindəcə boğulmasına xidmət etdiyini bildirən natiq baş verənlərin sözün əsl mənasında insanlığa qarşı törədilmiş terror hadisəsi olduğunu qeyd etmişdir. Baş verən hadisələrdə erməni lobbisinin aydın dəsti-xəttinin olduğunu, Qanlı Yanvar hadisələrinin bilavasitə Sovet İttifaqı rəhbərliyinin dəstəyi, xüsusilə M.S.Qorbaçovun birbaşa göstərişi ilə törədildiyinə toxunan A.Əliyev tədbir iştirakçılarının diqqətinə çatdırmışdır ki, 20 Yanvar hadisələri ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparan xalqımızın inamını qıra bilmədi, əksinə, azadlıq arzusu ilə yaşayan vətənpərvər oğul və qızlarımızın müstəqillik yolunda bir əbədi məşəl oldu.

Natiq bildirmişdir ki, bu faciə yalnız Azərbaycanda yaşayan azərbaycanlıların deyil, bütün dünyada yaşayan soydaşlarımızın yaddaşına əbədi həkk olunmuşdur.

Tədbirə dəvət olunan azərbaycanlı ziyalılar, mədəniyyət və incəsənət xadimləri çıxış edərək bildirmişlər ki, baş verən faciə təkcə Azərbaycanda yaşayanlara qarşı deyil, ümumilikdə bütün dünyada yaşayan azərbaycanlılara qarşlı törədilmiş cinayət aktıdır. 20 Yanvar hadisəsinin mahiyyəti, faciəni əks etdirən fotoşəkillər, eləcə də tarixi sənədlərin surətləri çoxaldılaraq Özbəkistan Xarici İşlər Nazirliyinə, bu ölkədə akkreditə olunmuş bütün xarici təmsilçiliklərə təqdim olunmuş, tədbir iştirakçılarına paylanmışdır. Tədbirdə faciə ilə bağlı lentə alınmış sənədli film nümayiş etdirilmişdir.

 

 

A.ÜLVİ

 

Xalq qəzeti.- 2011.- 27 yanvar.- S. 7.