Daha aydın və daha işıqlı üfüqlərə

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tarixi sərəncamı ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin yaradılmasından 5 illik bir müddət ötür. Təhlil olunan yekunlar bir daha sübut edir ki, bu sərəncamın reallaşdırılması ilə milli mədəniyyətimiz yeni yüksəliş mərhələsinə qədəm qoymuş, turizm sahəsi sürətlə inkişaf etməyə başlamışdır. Əlbəttə, bir məqalədə bütün məsələləri, qazanılmış uğurları əhatə etmək mümkün deyildir. Buna görə də ən başlıca tədbirlərin işığında son 5 ilin mədəniyyət mənzərəsini təqdim etməyə çalışacağam.

 

Son beş ildə ölkə başçısının mədəniyyət və incəsənət sahəsinin inkişafı ilə bağlı imzaladığı çoxsaylı fərman və sərəncamlar Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyətinin əsas istiqamətini təşkil etmişdir. Mədəniyyət və Turizm Nazirliyi yarandığı gündən etibarən incəsənətimizin dünyada təbliği və tanıdılması, mədəni irsin qorunması, nəşriyyat işi, mədəniyyət obyektlərinin tikintisi, yenidən qurulması və müasir avadanlıqlarla təchiz olunması sahəsində konkret tədbirlər görülmüşdür.

2006-2010-cu illər həm də bir çox uğurlu mədəniyyət proqramlarını reallaşdıran Heydər Əliyev Fondu ilə daha çox müştərək tədbirlərin keçirilməsi və nəticə etibarı ilə ötən illərə nisbətən böyük uğurların əldə olunması faktı ilə yaddaqalan olmuşdur.

Təsəvvür edin, 2006-cı ildən bəri ölkədə 800-dən artıq beynəlxalq və respublika əhəmiyyətli tədbir keçirilmiş, Azərbaycan bir çox beynəlxalq festival və müsabiqələrə ev sahibliyi etmişdir. Bu sıradan Azərbaycanda Rusiya İli, Şostakoviç Festivalı, I, II, III, IV Beynəlxalq Rostrapoviç festivalları, Beynəlxalq Muğam Festivalı və müsabiqəsi, Bakı Beynəlxalq Caz festivalları, Ü.Hacıbəyliyə həsr olunmuş I və II Beynəlxalq Musiqi festivalları, Vokalçıların IV və V Bülbül adına Beynəlxalq müsabiqəsi, I və II Qəbələ Beynəlxalq Musiqi festivalları, Beynəlxalq Teatr Konfransı, Çexov adına Beynəlxalq Teatr Festivalının "İpək yolu" mərhələsi və s. kimi beynəlxalq əhəmiyyətli tədbirlərin adını çəkmək olar. Sadalanan belə irimiqyaslı, eyni zamanda digər beynəlxalq əhəmiyyətli tədbirlərin hazırlanması, keçirilməsi birmənalı olaraq Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. Onun təşəbbüsləri, Fond tərəfindən mədəniyyət sahəsində göstərilən fəaliyyət həqiqətən də Azərbaycanın mədəniyyət mühitində müasir tələblərə uyğun yeni ab-hava yaratmışdır.

Bu illər ərzində həm də "Yeni Teatr" adlı gənc rejissorların respublika müsabiqəsi, Respublika Kukla teatrları həftəsi, "Yaddan çıxmaz Qarabağ" mədəni-siyasi aksiyası, Milli Teatr Festivalı baş tutmuşdur.

2006-2010-cu illərdə bir çox xarici ölkədə - Səudiyyə Ərəbistanında, Almaniyada, Ukraynada, Misirdə, Tatarıstanda, Tacikistanda, Türkmənistanda, Rusiyada, Qətərdə, Mərakeşdə, İordaniyada, Gürcüstanda, İranda, Belarusda, Moldovada, Avstriyada, Kubada və Meksikada Azərbaycan Mədəniyyət Günləri keçirilmiş, Azərbaycanda Tatarıstanın, Türkmənistanın, Səudiyyə Ərəbistanının, Qətərin, Küveytin, Tacikistanın, Moldovanın, Belarusun, Rusiyanın, Misirin, Mərakeşin, İordaniyanın mədəniyyət günləri təşkil edilmişdir.

Azərbaycan teatrları 2006 -2010-cu illər ərzində Rusiyada, Türkiyədə, Misirdə, Bolqarıstanda, Tacikistanda, Gürcüstanda, Ukraynada, Belarusda, İranda, Mərakeşdə, Avstriyada, Fransada, Almaniyada, Hollandiyada, İsveçrədə keçirilən beynəlxalq səviyyəli tədbirlərə qatılmışlar. 2006-2010-cu illərdə Azərbaycan musiqi kollektivləri və solistləri "Qut İmmling" Opera Festivalı (Almaniya - 2006, 2007, 2008, 2010), Kanada Niaqara festivalı (2006-2010), "XI Young Euro Klassik Festival" (2009-2010) kimi məşhur beynəlxalq festivalların iştirakçısı olmuşlar. 2006-cı ildə Vyanada-Kammeroper Teatrında Üzeyir Hacıbəylinin "Arşın mal alan" əsəri tamaşaya qoyulmuş, "Dunay" parkında dahi bəstəkarın abidəsinin açılış mərasimi keçirilmiş, Almaniyanın paytaxtı Berlin şəhərində "Azərbaycan evi" açılmışdır.

Qahirə Opera Teatrında görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun "Min bir gecə" baletinin uğurlu tamaşası uzun müddət tamaşaçıların xatirindən silinməmişdir.

Azərbaycanın musiqi həyatında əlamətdar hadisə sayılan Azərbaycan Musiqi Festivalı Azərbaycanda musiqili teatrı və akademik ifaçılıq sənətinin yaranmasının 100 illik yubileyinə həsr edilmişdir. Azərbaycanın musiqi kollektivləri və ifaçılarının iştirakı ilə 2007-2008-ci illər ərzində davam edən Azərbaycan Musiqi Festivalı layihəsinin məqsədi və qayəsi xalq musiqisinin, bəstəkar yaradıcılığının, ifaçılıq sənətinin yüksək səviyyədə təbliği və Azərbaycanın bütün bölgələrini əhatə edən vahid musiqi məkanının yaradılması olmuşdur. 2008-ci ildə Azərbaycanda Ü.Hacıbəylinin "Leyli və Məcnun" operasının 100 illik yubileyi geniş miqyasda qeyd edilmişdir. Həqiqətən də, bu, çox əhəmiyyətli mədəni hadisədir. Çünki, 1907-ci ildə yazılan, 1908-ci il yanvarın 12-də (yeni təqvimlə yanvarın 25-də) Bakıda Tağıyev Teatrında ilk dəfə tamaşaya qoyulmuş "Leyli və Məcnun" operası ilə Azərbaycan musiqi mədəniyyəti tarixində yeni bir dövr açılmış, eyni zamanda müsəlman Şərqində opera janrının əsası qoyulmuşdur.

Fərəhli haldır ki, Azərbaycan milli opera sənətinin şah əsəri olan Ü. Hacıbəylinin "Koroğlu" operası TÜRKSOY-un təşəbbüsü ilə Beynəlxalq layihə əsasında tamaşaya qoyulmuşdur. Layihədə Azərbaycan, Türkiyə, Qırğızıstan, Qazaxıstan, Tatarıstan, Başqırdıstan musiqiçiləri iştirak etmişlər. Tamaşa Ankarada, İstanbulda, Bakıda, Bişkekdə, Astanada böyük uğurla göstərilmişdir.

Ü.Hacıbəylinin 125 illiyinə həsr olunmuş "Arşın mal alan" operettası Türkiyədə, Çində, Belarusda, Türkmənistanda, Ukraynada, Qazaxıstanda səhnəyə qoyulmuşdur.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən Azərbaycan Bəstəkarlar İttifaqının və Azərbaycan Yazıçılar Birliyinin 75 illik yubileyləri qeyd olunmuşdur.

2006-2010-cu illər ərzində Sankt-Peterburq Akademik Mariin Teatrı, İsrail Filarmonik Orkestri, London Kral Filarmonik Orkestri, "Yeni Rusiya" simfonik orkestri, "Moskva solistləri" kamera ansamblı, "Orfeon" xoru, "Tanq" kvarteti, Bella Davidoviç, Maksim Vengerov, Oksana Yablonskaya, Vladimir Spivakov, Yucin Kon, Eliso Virsaladze, Natalya Qutman, Kristian Badea, Pol Uotkins, Yuri Başmet, Pinxas Sukkerman, Rudolf Buxbinder, Amanda Forsayt, Xavyer Fillips, Silvio Zanon, Filipp Kopaçevski, Rey Çen, Viktor Tretyakov kimi dünya şöhrətli bədii kollektivlər, teatrlar, musiqiçilər, dirijorlar Azərbaycanda qastrol səfərlərində olmuşlar.

2007-ci ildə İsveçrədə keçirilən 41-ci Montrö Caz Festivalında Azərbaycan ilk dəfə iştirakçı olmuş, gənc musiqiçi Şahin Növrəsli respublikamızı ləyaqətlə təmsil edərək, ikinci yerə layiq görülmüşdür. 2009-cu ildə 43-cü Montrö Caz Festivalında "Şərq həzzi: Azərbaycan" adı altında keçirilən konsertlərdə E. İbrahimin, S. Qəmbərovun, Z. Bağırovun caz qrupları iştirak etmişdir. Festivalın son günü qədim Şilyon qəsrində Azərbaycan günü təşkil olunmuşdur. Gənc pianoçu İsfar Rzayev-Sarabski dünyanın ən nüfuzlu caz festivalı sayılan Montrö Caz Festivalında ən yüksək mükafata və I yerə layiq görülmüşdür. 11 ölkə arasında birinci yeri qazanan Azərbaycan, həmçinin festival tarixində bu mükafata layiq görülən ilk müsəlman ölkəsi olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin "Qara Qarayevin 90 illik yubileyinin keçirilməsi haqqında" 19 dekabr 2007-ci il tarixli 2562 nömrəli sərəncamına uyğun olaraq 2008-ci ildə dahi Azərbaycan bəstəkarı, görkəmli alim-pedaqoq, ictimai xadim, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatları, akademik Qara Qarayevin 90 illiyi çərçivəsində Bakıda, Ankarada bir sıra tədbirlər, respublikamızda "Qara Qarayevsiz 25 il" Beynəlxalq Musiqi Festivalı keçirilmişdir. Festival konsertlərində Rusiyadan, Ukraynadan, Türkiyədən, Gürcüstandan tanınmış musiqiçilər çıxış etmişlər.

2006-cı ildə Rusiyanın Azərbaycanda mədəniyyət ili, 2008-ci ildə Azərbaycanın Almaniyada, 2009-cu ildə isə İsveçrədə mədəniyyət ili keçirilmişdir.

Milli mədəniyyətimizin qorunması, zənginləşdirilməsi və tərəqqisinə xidmət edən, teatr, musiqi, təsviri sənət və kino sahəsində xüsusi nailiyyətlər qazanan, yüksək peşəkarlıq nümayiş etdirən şəxslərin bədii axtarışlarını dəstəkləmək və onları daha böyük yaradıcılıq uğurlarına ruhlandırmaq məqsədilə Mədəniyyət və Turizm Nazirliyi respublikamızda ilk dəfə olaraq ildə bir dəfə verilən "Zirvə" mükafatı təsis etmişdir (2007-2010). Hər il "Zirvə" mükafatı qazananlar sırasına yeni adlar əlavə olunur.

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyi haqqında" 11 mart 2008-ci il tarixli sərəncamına uyğun olaraq Azərbaycan Dövlət Filarmoniyasında gənc istedadların - Prezident təqaüdçülərinin konserti, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin, Dövlət Xor Kapellasının iştirakı ilə konsert, Muğam Teatrında incəsənət ustalarının iştirakı ilə konsert, "Heydər Əliyev - müasir Azərbaycan dövlətçiliyinin memarı" adlı fotosərgi keçirilmişdir. Ulu öndərə həsr olunmuş kitablar nəşr edilmiş, yaradıcı ziyalıların Heydər Əliyevə sonsuz sevgisini ifadə edən toplantılar, konfranslar təşkil edilmişdir. Bununla əlaqədar nazirliyin zəngin tədbirlər planı tam yerinə yetirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi haqqında" 15 fevral 2008-ci il tarixli sərəncamına uyğun olaraq Gəncə şəhərində, Dövlət Filarmoniyasında, Londonda, Ankarada, Meksikada bu yubileyə həsr olunmuş tədbirlər maraqla qarşılanmışdır.

2009-cu ildə Bakı şəhərinin İslam Mədəniyyətinin Paytaxtı elan olunması milli-mədəni həyatın olduqca əhəmiyyətli hadisəsi sayıla bilər. Bu çərçivəyə daxil olan tədbirlər tarixi-mədəni-mənəvi köklərlə bir-birinə bağlı olan xalqların həmrəylik, düşüncə, mədəniyyət aksiyasına çevrilmişdir.

Bakıda "Muğam aləmi" Beynəlxalq Muğam Festivalı keçirilmişdir. Festival çərçivəsində Beynəlxalq Elmi Simpozium, Beynəlxalq Muğam müsabiqəsi və festival konsertləri silsiləsi təşkil olunmuşdur.

Azərbaycan Tarixi Muzeyində keçirilən simpoziuma ABŞ, Fransa, Böyük Britaniya, Almaniya, İtaliya, Niderland, Türkiyə, Macarıstan, Çin, Tunis, Rusiya, Özbəkistan və Tacikistanı təmsil edən 30-a yaxın alim, musiqi xadimi, tədqiqatçı dəvət olunmuşdur.

Simpoziumun açılışında Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva iştirak etmişdir.

Azərbaycan Dövlət Kukla Teatrında keçirilən Beynəlxalq Muğam Müsabiqəsinə İran, Suriya, İraq, Mərakeş, Özbəkistan, Tacikistan, Qazaxıstan, Misir, Türkiyə və Almaniyadan 67 iştirakçı qatılmışdır. Festival konsertlərində 10 ölkədən - İraq, Mərakeş, İran, Suriya, İtaliya, Çin, Hindistan, Misir, Özbəkistan və Azərbaycandan olan musiqiçilər çıxış etmişlər. Mənə elə gəlir ki, Azərbaycanın mədəniyyət ictimaiyyətinin əla nümunəsi, gələcək illərdə İslam Mədəniyyətinin Paytaxtı seçilən şəhərlər üçün meyar olacaqdır.

"Teatr və teatr fəaliyyəti haqqında" Qanunun qəbulu, "Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında" Prezident sərəncamının imzalanması, "Azərbaycan teatrı 2009 - 2019-cu illərdə" Dövlət Proqramının təsdiq olunması mədəni həyatın son illərdəki təkamülündə mühüm rol oynamışdır.

Dövlət Proqramına uyğun olaraq Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rus bölməsi Azərbaycan Dövlət Rus Dram Teatrına, Azərbaycan Dövlət Gənclər Teatrı və Bakı Kamera Teatrı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına, Gəncə Poeziya Teatrı Gəncə Dram Teatrına birləşdirilmiş, Marionet Teatrı Mədəniyyət və Turizm Nazirliyinin tabeliyinə verilmişdir.

Son 5 ildə mədəniyyət sahəsində maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində addımlar atılmışdır. Bu istiqamətdə görülən tədbirlər həqiqətən də geniş miqyaslıdır. Qısa müddət ərzində Heydər Əliyev Sarayının, A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının, Azərbaycan Dövlət Rus Dram Teatrının, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binalarında yüksək səviyyədə təmir-bərpa və yenidənqurma işləri aparılmışdır.

Hazırda Musiqili Komediya Teatrında, Mingəçevir və Ağdam Dövlət dram teatrlarında böyük sürətlə təmir-tikinti işləri aparılır və işlərin 2011-ci ildə yekunlaşacağı gözlənilir. Dövlət Opera və Balet Teatrının binasında isə təmir işlərinə bu il başlanacaqdır.

40 il binasız qalan Sumqayıt Dövlət Musiqili Dram Teatrı yubiley ilində bina ilə təmin olunmuş, İrəvan, Şuşa və Pantomima teatrlarına stasionar binalar ayrılmış və bu binaların təmir olunması məqsədi ilə layihə-smeta sənədləri hazırlanmışdır. Son 5 il ərzində dövlət teatrlarında 433 yeni tamaşa hazırlanmışdır. Onlardan 68-i dövlət sifarişi ilə həyata keçirilmişdir.

2006 - 2010-cu illər ərzində Azərbaycan təsviri sənətinin inkişafı, dünyada təbliği, gənc rəssamların yaradıcılığının dəstəklənməsi istiqamətində də xeyli iş görülmüşdür.

Ötən beş ildə bu sahədə keçirilən respublika və beynəlxalq əhəmiyyətli tədbirlərin, sərgilərin sayı 250-dən çoxdur. Tarixdə ilk dəfə olaraq, 2007-ci və 2009-cu illərdə İtaliyada keçirilən Ümumdünya Təsviri Sənət Sərgisində Azərbaycan pavilyonu təşkil edilmişdir. 2007-ci və 2009-cu illərdə Bakıda "Alüminium" Beynəlxalq Müasir İncəsənət Biennalesi keçirilmiş, bu biennaledə iştirak etmək üçün dünyanın 30-a yaxın ölkəsindən 100-dək tanınmış rəssam, sənətşünas və musiqiçi Azərbaycana səfər etmişdir. Azərbaycan rəssamlarının əsərləri Almaniya, ABŞ, Rusiya, Türkiyə, İran, Fransa, İsveçrə, İtaliya, Niderland, Sloveniya, Misir, Səudiyyə Ərəbistanı, Cənubi Koreya, Ukrayna, Moldova, Özbəkistan və s. kimi ölkələrin ən nüfuzlu sərgi salonlarını, muzey və qalereyalarını zənginləşdirmişdir. 2009-cu ildə ilk dəfə olaraq, respublikanın bütün şəhər və rayonlarını əhatə edən "Ümumrespublika Dekorativ-tətbiqi Sənət Festivalı" keçirilmiş, festivalın yekun sərgisi Bakıda təşkil edilmişdir. 2010-cu ildə Azərbaycan incəsənəti tarixində ilk dəfə olaraq "Azərbaycan rəssamlarının avtoportret" sərgisi açılmışdır.

Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü, Heydər Əliyev Fondunun yaxından köməyi və dəstəyi ilə dahi rəssam Səttar Bəhlulzadənin, görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin, milli opera sənətinin şah əsəri "Leyli və Məcnun"un yaranmasının 100 illik yubileyləri YUNESKO səviyyəsində qeyd edilmişdir. SSRİ xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Dövlət mükafatları laureatı Tahir Salahovun, xalq rəssamı, Dövlət mükafatı laureatı Toğrul Nərimanbəyovun 80 illik yubileyi barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamların icrası təmin edilmiş və davam etməkdədir.

Nazirliyin tabeliyində fəaliyyət göstərən 33 dövlət rəsm qalereyasının uğurlu fəaliyyəti, onların maddi-texniki bazasının və bina təchizatının yaxşılaşdırılması istiqamətində lazımi işlər görülmüşdür.

Mədəni irsimizin mühafizəsi, qorunması, inkişaf etdirilməsi, dövlət tarix və mədəniyyət qoruqlarında fəaliyyətin təşkili sahəsində aparılan işlər də uğurlu yekunlardan danışmağa imkan verir.

Hazırda Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində 21 tarix və mədəniyyət qoruğu fəaliyyət göstərir. Onlardan Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları əsasında Abşeron rayonunda "Yanar dağ" Dövlət tarix-mədəniyyət və təbiət, Bakı şəhəri, Suraxanı qəsəbəsində "Atəşgah məbədi" Dövlət tarix-memarlıq, Ağstafa rayonunda "Keşikçidağ" Dövlət tarix-mədəniyyət və Quba rayonunda "Xınalıq" Dövlət tarix-memarlıq və etnoqrafiya qoruqları son beş il ərzində yaradılmışdır.

Qobustan qoruğunun Dünya İrs Siyahısına daxil edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti "Qobustan dövlət tarixi-bədii qoruğu ərazisində yerləşən tarixi və mədəni sərvətlərin qorunması haqqında" 11 iyun 2007-ci il tarixli sərəncam imzalamış, qoruq haqqında informasiya hazırlanmış və YUNESKO-nun veb saytına salınmışdır.

29 iyun 2007-ci il tarixində Yeni Zelandiyanın Kristcorc şəhərində keçirilən Ümumdünya İrs Komitəsinin 31-ci sessiyasında Qobustan Dövlət tarixi-bədii qoruğu YUNESKO-nun Dünya İrs Siyahısına daxil edilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 noyabr 2007-ci il tarixli qərarı ilə Qobustan Dövlət tarixi-bədii qoruğuna Milli qoruq statusu verilmişdir.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən "Atəşgah məbədi" Dövlət tarix-memarlıq qoruğunun konservasiya və bərpası üzrə layihə-smeta sənədlərinin hazırlanması, ərazidə arxeoloji tədqiqat işlərinin aparılması və "Atəşgah" tarixi muzey mərkəzinin yaradılması üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan vəsait ayrılmışdır.

2008-ci ilin avqust-sentyabr aylarında Qala Dövlət tarix-etnoqrafiya qoruğunun ərazisində ölkənin birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi yaradılmışdır. Kompleksin açılışında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev iştirak etmişdir.

2007-ci il oktyabr ayının 1-də Hacıqabul rayonunun ərazisində yerləşən "Pir Hüseyn Xanəgahı" tarix-memarlıq qoruğunda aparılan bərpa və abadlıq işlərinin tamamlanması münasibəti ilə bir çox ölkə səfirliklərinin, beynəlxalq təşkilatlar və ölkə ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə genişmiqyaslı açılış mərasimi keçirilmişdir. Nəşriyyat işi - kitab və digər çap məhsullarının hazırlanması və istehsalı cəmiyyətin intellektual, estetik və əxlaqi kamilləşməsinə xidmət göstərən təsirli vasitədir.

Nazirlik bu sahədəki fəaliyyətini ötən beş il ərzində bir neçə istiqamətdə davam etdirmişdir. Bu istiqamətlərdən biri nazirliyin vəsaiti hesabına zəruri nəşr layihələrinin həyata keçirilməsidir. Diqqətəlayiq faktdır ki, son beş ildə nazirliyin təşkilatçılığı ilə 200 adda təqribən bir milyon nüsxəyə yaxın tirajla kitab buraxılmış və əsasən ölkə kitabxanalarına paylanmışdır. Çoxsaylı turizm nəşrlərini də bunun üzərinə gəlsək müvafiq sahədə görülən işlərin həcmi təsəvvür oluna bilər...

İlk dəfə olaraq "Mədəniyyət və Turizm Nazirliyinin ölkədə nəşriyyat işi və kitab sənətinin inkişaf etdirilməsi üzrə Fəaliyyət Proqramı (2008-2012-ci illər)" yaradılmışdır.

Proqramda dövlət vəsaiti hesabına zəruri (üstün) nəşrlərin həyata keçirilməsi, nəşriyyat işi və kitab sənətinin təşviqi, Azərbaycan kitabının beynəlxalq səviyyədə təbliği məqsədilə ölkədə müxtəlif səviyyəli (yerli və beynəlxalq) kitab-sərgi yarmarkaların təşkili və xarici ölkələrdə keçirilən beynəlxalq kitab sərgi-yarmarkalarında, kitab nəşri, kitab yayımı ilə bağlı beynəlxalq konfranslarda, seminar və digər tədbirlərdə Azərbaycan kitabının və nəşriyyat-poliqrafiya müəssisələrinin iştirakının təmin edilməsi və bədii ədəbiyyat sahəsində (nəsr, poeziya, tənqid-ədəbiyyatşünaslıq və publisistika, uşaq ədəbiyyatı, tərcümə ədəbiyyatı üzrə) illik mükafatların müəyyən edilməsi və verilməsi kimi əhəmiyyətli məsələlər öz əksini tapmışdır.

2006-cı ildən başlayaraq Azərbaycan kitabı İsgəndəriyyə (MƏR), Frankfurt (Almaniya), Varşava (Polşa), Pekin (ÇXR), İstanbul (Türkiyə), Əbu-Dabi (BƏƏ), Saloniki (Yunanıstan), Moskva (Rusiya Federasiyası), Minsk (Belarus), London (Böyük Britaniya), Tehran (İran), Paris (Fransa) şəhərlərində keçirilən Beynəlxalq kitab sərgi-yarmarkalarında nümayiş etdirilmiş, sərgi ziyarətçilərinin böyük marağına səbəb olmuşdur.

Ümumiyyətlə, beş il ərzində Azərbaycan kitabı 18 beynəlxalq sərgidə təmsil olunmuşdur.

Digər daha önəmli nəticələrdən biri də beynəlxalq sərgilərdə qazanılan təcrübənin ölkəmizdə tətbiqi olmuşdur. Belə ki, 2009-cu ildə Muzey Mərkəzində Azərbaycanda ilk dəfə olaraq I Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası təşkil olunmuş, onun yüksək səviyyədə keçməsi təmin edilmişdir. Həm mətbuatda, həm də oxucular arasında böyük marağa səbəb olan sərgi-yarmarkada 20 xarici ölkədən təxminən 35-ə yaxın, Azərbaycandan isə 60-dan artıq yerli nəşriyyat və poliqrafiya müəssisəsi iştirak etmişdir. Bütövlükdə 90-dan artıq qurumun təmsil olunduğu bu tədbir çərçivəsində keçirilən təqdimat mərasimləri və görüşlər də iştirakçıların diqqətini çəkmiş, ölkə mətbuatında geniş işıqlandırılmışdır.

Digər tərəfdən, nazirliyin xətti ilə Azərbaycan kitabları MDB İcraiyyə Komitəsinin dövri mətbuat, kitab nəşri, kitab yayımı və poliqrafiya sahəsində əməkdaşlıq üzrə Dövlətlərarası Şurasının qərarı ilə 2004-cü ildən başlayaraq Rusiya Federasiyasının paytaxtı - Moskva şəhərində hər il keçirilən Beynəlxalq "Kitab Sənəti" Müsabiqəsində ardıcıl olaraq iştirak etmiş, hər dəfə müxtəlif nominasiyalar üzrə I, II və III dərəcəli mükafatlardan birinə və yaxud eyni ildə bir neçəsinə layiq görülmüş, bu il isə bir kitabımız müsabiqənin Qran-Pri mükafatını qazanmışdır.

2009-cu ildə iki ildən bir verilən "Qızıl Kəlmə" Ədəbi Mükafatı təsis edilmiş və mükafatlar ilk qaliblərinə təqdim olunmuşdur. Hazırda müsabiqə yenidən elan edilmiş və əsərlərin qəbulu davam etməkdədir.

2010-cu ilin may ayında "Ən yaxşı dram əsərləri" müsabiqəsinə yekun vurulmuş, münsiflərin qərarı ilə birinci yerə layiq bilinən əsər olmadığından ikinci və üçüncü yerlərin qalibləri müəyyən edilmişdir.

2008-ci ildə ölkə başçısının yaradıcı gənclərə qayğı göstərilməsi məqsədi ilə müəyyən dövlət qurumlarına həvalə etdiyi vəzifələrə uyğun olaraq nazirliyin təşəbbüsü ilə M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının nəzdində yaradılan Gənc Ədiblər Məktəbinin 2 illik fəaliyyətindən sonra 2010-cu il dekabrın 8-də məktəbin ilk müdavimlərinə diplomlar təqdim edilmişdir.

İnformasiya və reklam işinin təşkili sahəsində nazirliyin başlıca vəzifələrini özündə əks etdirən və beş illik müddət üçün nəzərdə tutulan "Mədəniyyət və turizm sahəsində informasiya və reklam konsepsiyası" işlənib hazırlanmışdır.

Son beş ildə nazirliyin təsis etdiyi "Mədəniyyət" qəzeti və "Mədəni-maarif işi" jurnalı fəaliyyətini uğurla davam etdirmiş, daha iki dərgi - "Pəncərə - mədəniyyətə baxış" jurnalı və illik "Mədəniyyət" kataloqu nəşrə başlamışdır.

2006-cı ildə "Azərbaycan xalqının tarixi adları, tarixi və mədəni sərvətləri ilə bağlı xüsusi işarələrin hüquqi və fiziki şəxslər tərəfindən istifadəsinə icazə verilməsi qaydaları" və buna uyğun xüsusi icazə forması işlənib hazırlanmış, təsdiq edilmiş, 2008-ci ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilmişdir.

2006-2010-cu illərdə nazirlik üzrə 20-dən artıq obyekt istifadəyə verilmiş, Heydər Əliyev Sarayı, Akademik Milli Dram, Rus Dram, Dövlət Gənc Tamaşaçılar və Dövlət Kukla teatrlarında təmir-bərpa və yenidənqurma işləri davam etdirilmiş və başa çatdırılmışdır. Bu illər ərzində Azərbaycan Dövlət Film Fondunun yeni binasının tikintisi, Dövlət İncəsənət Muzeyinin birinci korpusunun bərpadan sonra istifadəyə verilməsi, özüllərinin gücləndirilməsi və fasadların üzlük daşla üzlənməsi, "Muğam Evi" kompleksinin tikintisi, Üzeyir Hacıbəylinin ev muzeyinin təmiri və yenidən qurulması, Turizmin inkişafına dair Dövlət Proqramının icrasına uyğun olaraq Qusar rayonunda qış-yay dağ-idman turist kompleksi obyektinin memarlıq-planlaşdırma layihəsinin hazırlanması və tikinti işlərinin tam sürətlə aparılması, Lənkəran rayonunda turizm informasiya və əl sənətkarlıq nümunələri mərkəzinin yaradılması məqsədi ilə Lənkəran şəhərindəki "Dairəvi Qala" (Zindan) tarix-memarlıq abidəsində bərpa işlərinin aparılması, "Nizami" kinoteatrının müasir tələblər səviyyəsində yenidən qurulması və təmiri, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının laboratoriya korpusunda təmir-bərpa və yenidənqurma işləri, Bakı şəhərində Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün yeni binanın tikintisi, Siyəzən Şəhər Uşaq İncəsənət Məktəbinin tikintisi, Bakı Xoreoqrafiya Məktəbi kompleksinin əsaslı təmiri və müasir avadanlıq və inventarlarla təchiz edilməsi, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının əsaslı təmiri və müasir texnoloji avadanlıq və inventarlarla təchiz edilməsi məqsədilə layihə-smeta sənədlərinin hazırlanması, Zərdab şəhərində qəza vəziyyətində olan Uşaq İncəsənət Məktəbinin yeni binasının tikintisi, Qobustan Dövlət Tarix-Bədii Qoruğunun muzey və inzibati binasının tikintisi və ətraf sahənin abadlaşdırılması, Azərbaycan Turizm İnstitutunun binasında əlavə mərtəbənin tikintisi və s. kimi əhəmiyyətli layihələr həyata keçirilmişdir.

Mədəniyyət və Turizm Nazirliyinin 5 illik fəaliyyətini bir məqalədə müfəssəl şəkildə ehtiva etmək mümkün deyildir. Yalnız bəzi ən vacib faktları oxucuların nəzərinə çatdırmaqda məqsədimiz, ölkəmizin digər sahələri kimi mədəniyyət sahəsinin də durmadan inkişaf etdiyini, mədəniyyətimizin, ədəbiyyatımızın getdikcə daha çox qlobal dünya mədəniyyətinin tərkib hissəsinə çevrildiyini göstərmək idi.

2010-cu hesabat ilinin də daxil olduğu son beş ildə cənab Prezident tərəfindən teatr, kino, muzey, kitabxana və turizmin inkişafını təmin edən 5 dövlət proqramı, 300-dən çox sərəncam və fərman imzalanmışdır. Büdcədən əməkhaqqı alan işçilərin aylıq əməkhaqqı 2006-cı illə müqayisədə 2 dəfə artmışdır.

Ulu öndər Heydər Əliyev tərəfindən bünövrəsi qoyulan müasir, inkişaf etmiş Azərbaycan hörmətli Prezidentimiz İlham Əliyevin məqsədyönlü siyasəti ilə daha aydın və daha işıqlı üfüqlərə doğru addımlamaqdadır.

Şübhəsiz ki, ölkəmizi o aydın üfüqlərə daşıyan ən vacib sahələrdən biri də Azərbaycan mədəniyyətidir. Bu mədəniyyəti qorumaq, onun daha sürətli inkişafına nail olmaq və milli-mədəni dəyərlərimizi təbliğ etmək bizim davamlı məqsədimizdir.

 

 

Ədalət VƏLİYEV,

mədəniyyət və turizm

nazirinin müavini

 

 Xalq qəzeti.- 2011.- 27 yanvar.- S. 5.