Dünya təhsil məkanına inteqrasiya fəaliyyətimizin prioritet istiqamətidir

 

...Ötən ilin sonunda Azərbaycanda unikal Oğuz-Qəbələ-Bakı su kəməri istifadəyə verilib. İlin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə dövlətimizin başçısı İlham Əliyev bu barədə danışarkən qeyd etmişdir ki, yaxın bir-iki ayda bu kəmər tam gücü ilə işləyəcək və beləliklə, Bakının təmiz, keyfiyyətli içməli su ilə təmin olunması üçün əlavə böyük imkanlar yaranacaqdır.

...Ötən il sosial infrastrukturun yaradılmasında böyük işlər görülübdür. Təkcə təhsil sahəsində 70-dən çox məktəb tikilmiş, təmir edilmişdir. Bu, ölkənin inkişafı üçün vacib məsələdir.

...Su kəməri bizləri su aydınlığına qovuşdurur.

...Təhsil millətin gələcəyini təmin edir.

 

Elə buna görə də mən ilk baxışda fərqli görünən iki sahədəki uğurları eyniləşdirməyə çalışdım. Axı, su aydınlıqdır, təhsil də beyinlərə, zəkalara aydınlıq gətirir.

Yalnız ağıllı insanların cəmiyyəti güclü dövlətin yaranmasını təmin edə bilər. Bir çox dövlətlərin gələcək taleyi ilk növbədə elmi-intellektual potensialı və insan kapitalı ilə şərtlənir. Ulu Peyğəmbərimiz Həzrəti Məhəmməd demişdir ki, elm uzaq Çində olsa belə, ona sahib olmaqdan ötrü yola çıxmaqdan çəkinməyin.

Azərbaycan əsrlər boyu ədəbiyyat və sənət diyarı olmaqla yanaşı, qabaqcıl elm diyarı kimi də tanınmışdır. Bəhmənyarlar, Nəsirəddin Tusilər və digər bu kimi dahilər yetirən millətimiz həyatın bu sahəsinə həmişə diqqətli olmuşdur. Nizami Gəncəvi əbəs yerə demirdi: "Qüvvət elmdədir, başqa cür heç kəs heç kəsə üstünlük eyləyə bilməz".

Azərbaycan bu gün də öz elmi potensialı ilə öyünə bilər. Dünya şöhrətli alimlərimiz elmi kəşfləri ilə Vətənimizin adını daim ucaldırlar. Ulu öndər Heydər Əliyevin bu fikri qanadlı bir aforizm kimi dillər əzbərinə çevrilmişdir: "Gələcək bilikli, elmli insanların çiyinləri üstündə qurulacaqdır".

Azərbaycanda əsası unudulmaz dahi şəxsiyyət Heydər Əliyev tərəfindən qoyulan siyasi və iqtisadi kursu möhtərəm Prezidentimiz İlham Əliyev uğurla davam və inkişaf etdirir. Dövlət başçımızın yorulmaz səyləri sayəsində Azərbaycan artıq bölgədə mühüm regional liderə çevrilmişdir. Ölkəmizin beynəlxalq aləmdə nüfuzu güclənmiş, iqtisadi inkişaf tempinə görə dünyada lider mövqeyinə yüksəlmişdir. Bu şəksiz uğurların qazanılmasında məhz elm və təhsilin inkişafı da mühüm rol oynamışdır. Ölkəmizdə elmi cəhətdən əsaslandırılmış inkişafyönümlü 16 dövlət proqramının mədsədyönlü icrası uğurların başlıca təminatçısı olmuşdur.

İndi Azərbaycan təhsili dünya təhsil məkanına inteqrasiya mərhələsindədir. Azərbaycan elmi milli və ümumbəşəri məqsədlərə xidmət edən dinamik bir sahədir, - desək, heç də mübaliğə etmiş olmarıq. Dövlətimizin başçısı İlham Əliyev beynəlxalq təcrübəni və ölkəmizin hazırkı sosial-iqtisadi tempini nəzərə alaraq 12 noyabr 2007-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin yaradılmasına qərar vermişdir. Eyni zamanda möhtərəm Prezidentimiz müasir qloballaşma dövründə dünya elminə, təhsilinə sürətli inteqrasiyanı vacib sayaraq azərbaycanlı gənclərin xaricdə təhsil almasına da ciddi əhəmiyyət verir. Azərbaycan gənclərinin xarici ölkələrin ali məktəblərində təhsili üzrə ayrıca Dövlət Proqramı həyata keçirilir. Ölkədən kənarda 4 minə yaxın azərbaycanlı gənc təhsil alır. Onlardan min nəfəri dövlət vəsaiti hesabına təhsil alanlardır. Gənclərimiz ən ünlü xarici universitetlərdə ölkəmiz üçün zəruri ixtisaslara yiyələnirlər.

Fərəhli haldır ki, milli təhsil sistemimizin tərəqqisi məsələsi məzmununu dəyişərək həm də ölkənin gələcək inkişaf modelinin əsasını formalaşdıran mühüm amil kimi gündəmə gəlmişdir. Azərbaycanda güclü insan kapitalının formalaşdırılmasını məqsədə çevirən dövlət başçısının milli təhsilin inkişafı, problemlərin həlli yönümündə həyata keçirdiyi siyasət ardıcıllığı və sistemliliyi ilə diqqət çəkir. Təhsilə ayrılan büdcə vəsaiti 2003-cü ildən bəri beş-altı dəfə artmışdır.Təkcə 2010-cu ilin dövlət büdcəsində təhsil xərcləri üçün 1,3 milyard manatadək vəsaitin ayrılması bu siyasətin və qayğının əyani təzahürüdür. Hazırda dövlət büdcəsində təhsil xərcləri çəkisinə görə ilk yerdə dayanmışdır.

Regional inkişaf üzrə birinci Dövlət Proqramına əsasən 2004-2008-ci illərdə Azərbaycanda 1600 yeni məktəb və əlavə tədris korpusları tikilərək istifadəyə verilib ki, bu da MDB məkanında çox yüksək nailiyyətdir.

Yüzlərlə məktəb əsaslı təmir edilib. Təkcə Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində həmin müddətdə 238 məktəb inşa olunub, 39-u əsaslı təmir edilib, 8 uşaq bağçası bərpa olunub. İkinci Dövlət Proqramında da elm və təhsilin inkişaf etdirilməsi ilə bağlı əksini tapan konkret müddəalar həyata keçirilməkdədir. Bildiyimiz kimi, 21-ci əsr dünyada təhsil əsri elan edilmişdir. Bununla əlaqədar nazir Misir Mərdanov "Azərbaycan təhsili yeni inkişaf mərhələsində" adlı çox sanballı kitabında yazır ki, yüksək intellektə malik insan kapitalının formalaşması və güclü iqtisadiyyatın qurulmasında təhsilin rolu heç vaxt indiki qədər aktuallıq kəsb etməmişdir. Təhsil əsrində təbii olaraq müəllimlərin rolu daha da artmışdır. Azərbaycanda bunu böyük uzaqgörənliklə hiss edən ulu öndərimiz Heydər Əliyevin hələ əsrin ilk ilində, 13 iyul 2000-ci il tarixli fərmanı ilə təhsil tariximizdə analoqu olmayan Azərbaycan Müəllimlər İnstitutunun yaradılmasına qərar verməsi tarixi hadisə idi. Həmin ildən unikal ali təhsil ocağının 12 bölgədə filialları da formalaşmışdır. Bu addım ümumi təhsil sistemi üçün müəllim hazırlığında yeni, daha səmərəli mexanizmlərə keçməyə geniş imkanlar açmışdır.

Son bir neçə ildə Prezident İlham Əliyevin sərəncamı ilə ali məktəb əməkdaşlarının əməkhaqlarının 2-3 dəfə artırılması müəllimlərə göstərilən dövlət qayğısının daha bir təcəssümüdür. Bu, bizim məsuliyyət hissimizi artırır, işimizdə keyfiyyət amilinin yüksəlməsinə güclü stimul verir. Yeri gəlmişkən, ilbəil bütün təhsil sahəsində əməkhaqları hissolunacaq dərəcədə artmış, tələbələrin, aspirantların təqaüdləri yüksəlmişdir. Təkcə bakalavr pilləsində təhsil alan tələbələrin təqaüdləri 2003-cü ilə nisbətən 10 dəfə, aspirantların təqaüdləri isə 5 dəfəyədək çoxalmışdır.

Azərbaycanın təhsil sistemində maddi-texniki bazanın genişləndirilməsi - məktəb tikintisi və əsaslı təmiri proqramları, avadanlıqla təminat, istilik təchizatı, dərslik siyasətinin və əyani vəsaitlərlə təminatın müasir tələblərə uyğunlaşdırılması, təhsil sisteminin informasiyalaşdırılması, xüsusi istedadlı uşaqlarla iş və sair bu kimi istiqamətlərdə aparılan ardıcıl tədbirlər günümüzün əsas reallıqları sırasında möhkəmlənmişdir.

Xatırlayıram ki, informasiya cəmiyyətləri üzrə ümumdünya sammitlərində (Cenevrə, 2003-cü il və Tunis, 2005-ci il) qəbul edilmiş sənədlərdə ölkələr qarşısında bir çox vəzifələr müəyyənləşdirilmişdi. Bu sırada təhsilə də xüsusi diqqət yetirilmiş, 2015-ci ilə kimi bütün məktəblərin internetə çıxışının təmin edilməsi qarşıya qoyulmuşdu. İki il öncə Bakı şəhərində YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən "Dünyada savadlılığın dəstəklənməsi" konfransında 30 ölkənin 200-dək təhsil eksperti iştirak edirdi. Azərbaycan təhsilinin beynəlxalq aləmə inteqrasiyasının genişləndirilməsi baxımından çox böyük əhəmiyyət daşıyan həmin konfransda qeyd edilmişdir ki, internetin inkişafı hazırkı dövrdə savadlılıq anlamının daha geniş kontekstdə irəli sürülməsinə səbəb olmuşdur.

Azərbaycan Prezidentinin sərəncamı ilə təsdiq edilmiş "Ümumtəhsil məktəblərinin İKT ilə təminatı Proqramı" ölkəmizdə uğurla həyata keçirilir. Üç ildə həmin proqrama əsasən 3739 məktəbə 31677 kompyuter və ona uyğun digər İKT avadanlığı verilmiş, eyni zamanda 1103 məktəb noutbuk və proyektorla təmin edilmişdir. Əgər proqramın tətbiq edilməyə başladığı 2005-ci ilə qədər hər min şagirdə bir kompyuter düşürdüsə, artıq bu göstərici hər 29 şagirdə bir kompyuter nisbətindədir.

Dövlətimizin başçısı dəfələrlə bəyan etmişdir ki, ölkəmizdə İKT-nin tətbiqi əsas prioritet sahədir. Cənab İlham Əliyevin təsdiq etdiyi "Təhsil sisteminin informasiyalaşdırılması Proqramı (2008-2012-ci illər)" çərçivəsində ali təhsil müəssisələrində İKT ilə təminat imkanları daha da genişləndirilir ki, bu da təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına gözəl zəmin yaradır.

Ötən illər Azərbaycanda təhsilin inkişafı sahəsində daha bir zəruri addım atılmışdır. Möhtərəm Prezidentimizin sərəncamı ilə "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı" təsdiq olunmuş və illərcə Milli Məclisin müzakirəsində olan "Azərbaycan Respublikasının Təhsil haqqında Qanunu" qəbul edilmişdir. Dövlət başçımızın təsdiqlədiyi yeni proqramın hədəfi ölkənin ali təhsil sisteminin Avropa təhsil məkanına inteqrasiyasının daha da sürətləndirilməsi, ali təhsilin məzmununun Bolonya prinsiplərinə uyğunlaşdırılması, ölkə iqtisadiyyatının inkişafına müvafiq olaraq hazırlıqlı kadrlara tələbatın ödənilməsi, habelə əhaliyə müasir standartlar səviyyəsində ali təhsil almaq imkanının verilməsidir.

Dövlət qayğısı, mühüm proqramların tətbiqi bütün ali məktəblərdə olduğu kimi, bizim institutda da yenilik ab-havası yaratmış, maddi və mənəvi təminatı gücləndirmişdir. 2005-ci ildə ölkə başçısının sərəncamı ilə institutumuza indiki rəhbərlik təyin edildikdən sonra bir çox problemlərimiz həllini tapmağa, quruculuq işləri genişlənməyə başlamışdır. Rektorluq və filiallar arasında çox normal işgüzar münasibətlərin formalaşması sağlam mənəvi-psixoloji iqlimin yaranmasına və davamlı uğurların qazanılmasına təminat vermişdir. Bu gün institutumuz ölkədə adına layiq müsbət imic əldə etmişdir. 2009-cu ilin dekabrında möhtərəm Prezidentimizin imzaladığı "Azərbaycan Müəllimlər İnstitutunun əməkdaşlarının təltif edilməsi" və "Azərbaycan Müəllimlər İnstitutunun əməkdaşlarına fəxri adların verilməsi haqqında" iki sərəncamı dövlət başçımızın zəhmətimizə verdiyi ən yüksək qiymətdir. İnstitutumuzun rektoru, professor Aqiyə xanım Naxçıvanlı "Şöhrət" ordeninə, 11 əməkdaşımız "Tərəqqi" medalına, 15 nəfər əməkdar müəllim, 1 nəfər isə əməkdar mədəniyyət işçisi adına layiq görülmüşdür. Biz həmin sərəncamları böyük minnətdarlıq duyğuları ilə qarşılamışıq. İnstitutumuzun rektorunun 4-cü çağırış Milli Məclisə seçkilərdə deputat mandatı qazanması da görülən işlərin seçicilər tərəfindən layiqincə qiymətləndirilməsini göstərir.

İnstitutumuzun 80 illik yubileyi də dövlət səviyyəsində təntənə ilə qeyd edilmişdir. Mərasimdə hörmətli nazirimiz Misir Mərdanov bildirmişdir ki, ötən əsrin 20-ci illərinin sonlarından fəaliyyətə başlayan və bu gün də öz işini uğurla davam etdirən, ölkəmizin pedaqoji kadr potensialının gücləndirilməsində, onun elmi-metodiki səviyyəsinin yüksəldilməsində mühüm rol oynayan Azərbaycan Müəllimlər İnstitutu şərəfli yol keçərək, təhsilimizin inkişafında özünəməxsus yer tutmuşdur. Rektorumuz da institut barəsində ətraflı məlumat vermişdir: Bu təhsil ocağı geniş profilli ali məktəbə çevrilib. Bir tərəfdən respublikanın böyük müəllimlər ordusunun təkmilləşdirilməsi və yenidən hazırlanması işini həyata keçirir, digər tərəfdən müxtəlif ixtisaslar üzrə ilkin pedaqoji kadrlar hazırlayır. Ölkə məktəblərinin ibtidai sinif müəllimlərinə, uşaq bağçalarının tərbiyəçilərə ehtiyacının 60-70 faizini məhz AMİ və filialları ödəyir.

Hazırda filiallarla birlikdə institutda 8 min tələbə və yüzdən artıq magistr təhsil alır. Ali təhsil ocağının 21 fakültəsi, 56 kafedrası, 42 kabineti, 21 kompyuter zalı, 22 kompyuter mərkəzi, çoxsaylı fənn kabinetləri fəaliyyət göstərir. Öz işimizi Avropa təhsil sistemi ənənələrini mənimsəmək, yeni təlim texnologiyaları və İKT vasitələrindən geniş istifadə etməklə müasir təlim metodlarına yiyələnmək, onun yerlərdə tətbiqinə nail olmaq istiqamətində qururuq. İnstitutumuzda çalışan 700-dən artıq professor-müəllim heyətinin tərkibinə 47 elmlər doktoru, professor, 223 elmlər namizədi, dosent daxildir. Bir daha böyük iftixar hissi ilə qeyd edim ki, bütün uğurlarımızı müəllimlərin böyük dostu olan möhtərəm Prezidentimiz İlham Əliyevin xüsusi qayğısı sayəsində əldə edə bilmişik. Məhz dövlət başçımızın şəxsi göstərişi ilə bu təhsil ocağına ayrılmış maliyyə vəsaiti hesabına burada əsaslı təmir-tikinti və abadlıq işləri aparılmışdır.

Mən yalnız bir institutun timsalında Azərbaycan rəhbərinin ali təhsil müəssisələrinə diqqət və qayğısını faktlarla əsaslandırmağa çalışdım. Qətiyyətlə deyə bilərəm ki, bütün digər elm və təhsil ocaqlarımız da dövlət qayğısından daim yetərincə faydalanır və çiçəklənir. Bu isə nəticə etibarı ilə təhsildə keyfiyyətin durmadan yüksəlməsini, elmi potensialın artmasını və xalqımızın intellektual gələcəyinə yolların açılmasını təmin edir.

 

 

Raya NƏCƏFOVA,

Azərbaycan Müəllimlər İnstitutu

Sumqayıt filialının direktoru, kimya

elmləri doktoru, əməkdar müəllim

 

Xalq qəzeti.- 2011.- 27 yanvar.- S. 4.