Onun xatirəsi unudulmayacaq

 

Azərbaycan xalqı böyük, qüdrətli tarixə, zəngin mədəniyyətə, mənəviyyata malikdir. Bu mirasın dəyərli hissəsini xalqın içindən çıxmış və həyatının mənasını xalqa xidmət etməkdə görən ziyalılar təşkil edir. Belə ziyalılarımızdan biri tarix elmləri doktoru, Dövlət mükafatı laureatı, "Şöhrət" ordenli əməkdar elm xadimi Azərbaycan Respublikası Rəssamlar İttifaqının üzvü Sara Balabəy qızı Aşurbəylidir.

 

Sara xanım Aşurbəyli 1906-cı il yanvarın 27-də Bakıda zadəgan ailəsində anadan olmuşdur. Sara xanım çətin, kəşməkəşli, lakin şərəfli bir ömür yolu keçmişdir. 1925-ci ildə İstanbulda Müqəddəs Janna d-Ark adına kolleci bitirmişdir. XX əsrin əvvəlində baş vermiş siyasi təlatümlər Sara xanımın ailəsindən yan ötməmiş, onun taleyində dərin izlər buraxmışdır. Atası Balabəy Aşurbəyov və əmisi Əli bəy təqiblərə məruz qalmış, həbs olunmuş və xalq düşməni kimi güllələnmişlər.

Sara xanım xalq düşməninin qızı kimi uzun müddət təqiblərə məruz qalmış və yalnız 1930-cu ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq, 1941-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun xarici dillər fakültələrini bitirmişdir. Ali təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Universitetində baş müəllim, Azərbaycan Pedaqoji İnstitutunda dekan vəzifəsində çalışmışdır.

Sara Aşurbəyli sonralar Azərbaycan Tarixi Muzeyində Orta əsrlər tarixi şöbəsinin müdiri, Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda baş elmi işçi, Tarix İnstitutunda elmi katib, baş elmi işçi aparıcı elmi işçi vəzifəsində işləmiş, 1993-cü ildən ömrünün sonuna qədər Akademiyanın Arxeologiya Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi vəzifəsində çalışmışdır.

Sara xanımı Azərbaycan tarixşünaslığında ən böyük xidməti qədim Bakının (İçərişəhərin) tarixinə dair olan tədqiqatlarıdır. O, "Bakının tarixinə dair oçerklər", "Orta əsrlərdə Azərbaycan və Hindistanın iqtisadi mədəni əlaqələri" və "Şirvanşahlar dövlətinin tarixi" kitablarının müəllifidir. Sara xanım ilk və yeganə tarixçidir ki, öz həyatını Bakı (İçərişəhər) və Şirvanşahlar dövlətinin tarixinin tədqiqinə həsr etmişdir. Bu əsərlərdə Qədim Bakının yaranma tarixi, orta əsr Bakısının siyasi tarixi, mədəniyyəti, sosial münasibətləri əks olunmuşdur. Minillik tarixə malik, İçərişəhər memarlığının formalaşmasına böyük təsir göstərmiş qüdrətli Şirvanşahlar dövlətinin sosial-siyasi, iqtisadi, mədəni həyatı VI əsrdən XVI əsrə kimi zəngin mənbələr əsasında araşdırılmış, Şirvanşahlar sülaləsinin tarixi, şəhərlərin iqtisadi vəziyyəti inkişafı, əhalinin tərkibi, feodal cəmiyyətinin quruluşu kimi məsələlər geniş tədqiq olunmuşdur. Bu tədqiqatlarına görə Sankt-Peterburqda namizədlik, Tbilisidə isə 1966-cı ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir.

Bakı (İçərişəhər) tədqiqatçısı, əsl elm fədaisi, Azərbaycan tarix elminin sütunlarından biri olmaqla, Azərbaycan xalqının milli sərvətinə çevrilmiş Sara xanım Aşurbəyli bütün ömrü boyu vətənpərvər bir ziyalı olaraq qalmışdır. O, özünün yüksək intellektini Azərbaycan xalqının rifahı, onun tarixi, mədəniyyəti naminə tətbiq etməyə çalışırdı. Onu yaxından tanıyan insanların yaddaşında o nəcib, üzügülər, alicənab bir xanım kimi həmişə yaşayacaqdır.

Bu böyük alimin fəaliyyəti ictimai xarakter daşımışdır. Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev alimin 90 illiyi münasibətilə ona göndərdiyi məktubda onun elmi ictimai fəaliyyətini belə səciyyələndirmişdir: "...Sizin tarixi həqiqətlərə istinad edən fundamental elmi tədqiqatlarınız Azərbaycan elminə sədaqətlə xidmətin parlaq nümunəsidir".

Görkəmli alim 2001-ci il iyulun 17-də 95 yaşında vəfat etmişdir. Hələ neçə-neçə nəsillər Sara xanımın qoyub getdiyi zəngin elmi mirasdan bəhrələnəcəklər. Bakı tarixinin (İçərişəhərin) öyrənilməsinə böyük əmək sərf etmiş Sara xanımın elmi yaradıcılığına Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi böyük önəm verir. Onun tədqiqatları İdarənin elmi-tarixi araşdırmalar sahəsində çalışan əməkdaşları üçün əsas istinad mənbələri sırasındadır. Biz bu böyük alimin tariximiz üçün etdiklərini minnətdarlıqla xatırlayır, onun ruhu qarşısında baş əyirik.

 

 

Vəfa QULİYEVA,

"İçərişəhər" Dövlət Tarix-Memarlıq

Qoruğu İdarəsinin elmi tədqiqatlar

beynəlxalq əlaqələr şöbəsinin müdir müavini

 

Xalq qəzeti.- 2011.- 28 yanvar.- S. 7.