Biləcəridə
hesabat yığıncağı
Binəqədi Rayon İcra Hakimiyyəti
başçısının Biləcəri qəsəbə
nümayəndəliyinin 2010-cu ilin yekunlarına və
qarşıda duran vəzifələrə həsr olunmuş
hesabat yığıncağı keçirilmişdir.
Qəsəbə sakinlərinin, kommunal-təsərrüfat xidmətləri, təhsil və səhiyyə işçilərinin, ziyalıların və bələdiyyə üzvlərinin iştirakı ilə keçirilən toplantıda çıxış edən rayon icra hakimiyyətinin başçısı Alı Qocayev bildirmişdir ki, son illər respublikamızda sosial-iqtisadi inkişaf dinamik xarakter almış, əhalinin həyat şəraiti yaxşılaşmışdır. Bunu Binəqədi rayonunun timsalında da aydın görmək olar. Rayonun mövcud müəssisələrində istehsal qurğuları əsasən yeniləşdirilmiş, yeni istehsal sahələrinin yaradılması, sahibkarlığın, özəl bölmənin inkişaf etdirilməsi, yaşayış massivlərinin abadlaşdırılması, kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsi və s. diqqət mərkəzində saxlanılmışdır.
Yığıncaqda hesabat məruzəsi ilə çıxış edən qəsəbə icra nümayəndəsi Sahib Quliyev 2010-cu il ərzində Biləcərinin sosial-iqtisadi inkişafı istiqamətində görülmüş işlərdən, əldə olunan uğurlardan və qarşıda duran vəzifələrin həyata keçirilməsi yollarından danışmışdır. Natiq göstərmişdir ki, hesabat dövründə Bakı - Sumqayıt yolunun 1 May yeni yaşayış sahəsindən keçən hissəsində yerüstü keçidin tikinitisinə başlanılmış və hazırda obyektdə inşaat-quraşdırma işləri tamamlanma mərhələsindədir. "20 Yanvar" şəhidlər parkı abadlaşdırılmış, burada xeyli miqdarda dekorativ gül kolları əkilmişdir. Qəsəbənin şimal hissəsindən keçən və keçən əsrin ortalarında inşa edilmiş 2-ci tunel müasir tələblərə uyğunlaşdırılmış, ətraf əraziyə səliqə-sahman yaradılmışdır.
Qəsəbə icra nümayəndəsi həmçinin vurğulamışdır ki, A.Zeynallı küçəsi boyunca 2500 metr yola asvalt örtük çəkilmiş, Binəqədi şosesinin 8-ci döngəsindən keçməklə 2500 metr uzunluğunda kanalizasiya xətti çəkilmiş, "Lokomotiv" sağlamlıq mərkəzində əsaslı təmir işləri aparılmış, məhəllədaxili yollar abadlaşdırılmış, R.İsmayılov küçəsi genişləndirilmişdir.
Qəsəbə icra nümayəndəsi çıxışında 2010-cu ildə görülən digər tikinti-quruculuq, abadlıq işləri ilə yanaşı, qaz, su, elektrik enerjisi təchizatının yaxşılaşdırılması istiqamətində reallaşdırılan tədbirlərdən də ətraflı bəhs etmişdir.
Natiq bildirmişdir ki, hesabat dövründə qəsəbədə 1300 metr uzunluğunda 6 kv-luq transformator daha güclüləri ilə dəyişdirilmiş, 16 ədəd yüksək gərginlikli dayaq yeniləri ilə əvəz olunmuşdur. Bununla yanaşı, qaz və su xətlərində nəzərə çarpan çatışmazlıqlar aradan qaldırılmış, yaşayış evlərinin su, qaz, elektrik sayğacları ilə təchizatı davam etdirilmişdir.
Hesabat məruzəsində "Ekologiya ili" çərçivəsində qəsəbə sakinlərinin, müvafiq idarə və təşkilatların kollektivlərinin ağac əkini kampaniyasına fəal qoşulmasından, 2 mindən çox ağac və dekorativ gül kolunun əkilməsindən və bu tədbirin 2011-ci ildə də həyata keçirilməsindən danışılmışdır.
Yığıncaqda qəsəbə bələdiyyəsinin fəaliyyətinə də toxunulmuş, bu qurumun abadlıq-quruculuq sahəsindəki işi qənaətbəxş qiymətləndirilmişdir.
Toplantıda məruzə ətrafında çıxış edən sakinlər Ənvər Novruzov, Atakişi Quliyev, Məmməd Osmanov, Məlahət İbrahimova və başqaları reallaşdırılan tədbirlərdə icra nümayəndəliyi ilə qəsəbə bələdiyyəsinin birgə əməkdaşlığını yüksək dəyərləndirmiş, mövcud problemlərin aradan qaldırılması üçün mülahizələrini bildirmişlər.
Yığıncaqda sakinlər tərəfindən səsləndirilən irad və təkliflərdən ibarət qərar layihəsi qəbul edilmişdir.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2011.- 28 yanvar.- S. 7.