"Elm sahəsində
mövcud olan problemlərə dövlətin diqqəti
artmaqdadır"
Azərbaycan Milli
Elmlər Akademiyasının vitse-prezidenti, Geologiya
İnstitutunun direktoru akademik Akif Əlizadə elmin bu sahəsində
qazanılan uğurlardan və həllini gözləyən
problemlərdən söhbət açmışdır:
- Akif müəllim, neft və qaz ölkəmizin əsas iqtisadi sahəsi, Geologiya İnstitutunun isə başlıca tədqiqat istiqamətidir. Bu elmi müəssisə 2010-cu ildə neft-qaz sahəsində nəyi öyrənə bildi və elmə nə verdi?
- Başa vurduğumuz ildə Geologiya İnstitutunda çökmə hövzələrinin təkamülü, böyük dərinliklərdə karbohidrogenlərin formalaşması, təbii və texnogen mənşəli proseslərin öyrənilməsi, geoloji təhlükələrin proqnozlaşdırılması və monitorinq sistemlərinin yaradılması aparılan tədqiqatların prioritet istiqamətləri olmuşdur. Təbiətdən səmərəli istifadənin elmi əsaslarının işlənib hazırlanması, ətraf mühitin mühafizəsi və neft-qaz yataqlarının istismarı üzrə metodologiyaya prinsipial yeni yanaşmanın işlənilməsi istiqamətində də tədqiqatlar aparılmışdır.
Neft
institutumuzun başlıca tədqiqat sahələrindən
biridir. 2010-cu ildə Abşeron yarımadası, Bakı və
Abşeron arxipelaqının üçölçülü
geoloji-struktur və petrofiziki modellərinin yaradılması
üzrə işlər aparılmışdır.
İnstitutun neft üzrə elmi tədqiqatlarının
böyük bir hissəsi "2007-2014-cü illər ərzində
Cənubi Xəzər çökəyinin Azərbaycan hissəsinin
karbohidrogen potensialının və geodinamikasının
öyrənilməsi" adlı Tədbirlər Planı əsasında
yerinə yetirilmişdir.
Həmin
planın tərkib hissəsi olan "Cənubi Xəzər Hövzəsinin
geoloji-geofiziki modeli" istiqaməti üzrə yeni metodika və
"REZAYR" proqramlar paketi hazırlanmışdır. Neft və
qazın generasiya zonasının dərinlikliyini qiymətləndirməyə
imkan verən hövzənin termal təkamülünün rəqəmli
modeli işlənilmiş, Cənubi-Xəzər Çökəkliyinin
geotermal anomaliyaları müəyyən edilmiş və
onların mənşəyi
araşdırılmışdır.
Ötən
il institutumuzda ilk dəfə olaraq, məsaməli mühitdə
kondensatın mikrorüşeyimlərin yaranma sahəsinin faza
kondensasiyası göstəricilərinə əhəmiyyətli
təsiri müəyyən edilmiş və qazkondensat
yataqlarının işlənilmə proseslərinin texnoloji
parametrləri öyrənilmişdir.
- Bu
gün dünya alimlərinin ən çox diqqət yetirdiyi məsələlərdən
biri yer qabığında gedən geodinamik proseslərdir.
Geologiya İnstitutunun alimləri ötən ilki tədqiqatlarına
əsasən bu sahədə Azərbaycan ərazisi ilə
bağlı hansı qənaətlərə gəlmişlər?
-
Aydın məsələdir ki, Azərbaycan geodinamik
baxımdan aktiv zona olan Qafqazda yerləşir. Bu, milyon illər
ərzində regiona məxsus olan xarakterik əlamətdir.
Alimlərimiz bu istiqamətdə həm yerli, həm də
xarici elmi təşkilatlarla müştərək tədqiqatlar
aparır, dünya təcrübəsindən istifadə edərək
öz elmi mülahizələrini irəli sürürlər.
Qafqazın
kollizion zonasının müasir geodinamik durumunun öyrənilməsi
üzrə ABŞ-ın Massaçussets Texnoloji İnstitutu ilə
müştərək tədqiqatlar davam etdirilmişdir. Qeyd
edim ki, əvvəlki illərdə bu tədqiqatlar
üçün Azərbaycanın müxtəlif ərazilərində
30 müvəqqəti, Bakı, Şəki və
Neftçalada isə üç daim fəaliyyət göstərən
GPS stansiyaları quraşdırılmışdır.
BP
şirkəti ilə "BTC neft kəməri boyunca ərazinin
geodinamik monitorinqi" mövzusunda elmi-tətbiqi tədqiqatlar
davam etdirilmişdir. Bu işlər çərçivəsində
"GURALP" seysmik sistemi əldə edilmişdir. Bu sistem
vasitəsi ilə aparılmış mikrotitrəmə
ölçmələri nəticəsində rezonans tezliklərin
paylanması, qruntun yüklənmə əmsalı və
güclü zəlzələ üçün intensivliyin dəyişmələri
müəyyən edilmişdir.
"GPS və
seysmik məlumatlar əsasında Bakı şəhəri və
Abşeron yarımadasında seysmik təhlükəsizlik və
riskin qiymətləndirilməsi" mövzusu üzrə
elmi-tətbiqi işlərinin kompleks proqramının
hazırlanması yekunlaşdırılmışdır.
- Məlum
olduğu kimi, ötən il ölkəmizdə "ekologiya
ili" idi. Bütün dünyada isə alimlər hər il
yerin ekoloji "dərdlərinə" çarə
tapmağa çalışır. Ekologiya ilə sıx əlaqəli
sahədə çalışan geoloqlarımız bu problemlərin
həllində nələrə nail olmuşlar?
- Bəli,
2010-cu il Respublika Prezidenti İlham Əliyev tərəfindən
Azərbaycanda "ekologiya ili" elan olunmuşdu. Bununla əlaqədar,
institutumuzun tədqiqatlarının əsas istiqamətlərindən
biri ekogeologiyanı əhatə etmişdir. "Azərbaycan
Respublikasında nadir geoloji obyektlərin qorunması və
davamlı istifadəsinə dair 2009-2012-ci illər üzrə
Tədbirlər Planı"na uyğun olaraq, alimlərimiz
ölkə ərazisində nadir geoloji obyektlərin monitorinqi
üzrə işləri davam etdirmişdir. Geoloji abidələrin
unikallığı baxımından tədqiqatlar
aparılmış və pasportlaşmaya cəlb olunmalı
müvafiq obyektlər təklif olunmuş, həm elmi, həm də
geoturizm əhəmiyyətli geoloji obyektlər müəyyən
edilmişdir.
Son
dövrdə Geologiya İnstitutu yeni tədqiqatlar istiqaməti
müəyyənləşdirib ki, bu da tibbi geologiyadır. Bu
istiqamətdə aparılacaq tədqiqatlar bəzi geoloji
obyektlərin və proseslərin canlı aləmə, o
cümlədən insan səhətinə təsirini öyrənəcək.
Cənubi İsveçrənin Tətbiqi Emlər Universiteti,
Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutu və
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin mütəxəssisləri
tibbi geologiyanın istiqamətlərindən biri kimi, ölkəmizdə
radon qazının paylanmasını öyrənir. Tədqiqatlar
"Azərbaycanda radon kadastrının tərtibi, radonun
diaqnostikası və səbəb olduğu problemlərin
minimuma endirilməsi" layihəsi çərçivəsində
aparılır.
Bunlardan əlavə,
əvvəllər Azərbaycanda filizlər təbiətə
ziyan vuran şəraitdə, böyük çətinliklərlə
çıxarılırdı. Alimlərimiz 3 illik tədqiqatlardan
sonra belə qənaətə gəlmişlər ki, ölkənin
bəzi filiz yataqlarının istismarında müasir yerində
yuyub-çıxarma üsulundan istifadə etmək
mümkündür. Xörək duzu və elektrik gərginliyinin
başlıca rol oynadığı bu üsulla faydalı
metallar, xüsusən də qızıl qazıntılar
aparmadan, təbiətə ziyan vurmadan, asan, xeyli ucuz və tez əldə
oluna bilir. Yerində yuyub çıxarma üsulu
dünyanın müxtəlif filiz yataqlarında
özünü doğrultmuş, lakin Azərbaycandakı
yataqlarda indiyəcən tətbiq olunmamışdır.
- Qrant
layihələri Azərbaycanda elmin dinamik sahələrindən
biridir. Geologiya sahəsində 2010-cu ildə bu istiqamətdə
hansı addımlar atıldı və nə kimi uğurlar
qazanıldı?
- Alimlərimiz
2010-cu ildə Avropa Şurası, Ukrayna Elmi-Texniki Mərkəzi
və Azərbaycan Respublikası Prezidenti Yanında Elmin
İnkişafı Fonduna 6 layihə təqdim etmişlər. Həmin
layihələrdən üçü qrant dəstəyi
almışdır. Onlar "Azərbaycan ərazisinin istilik
sahəsinin modelinin, yeni CİS (coğrafi informasiya sistemi) xəritələrinin
tərtibi və geotermal enerji ehtiyatlarının qiymətləndirilməsi",
"Şərqi Qafqaz - Cənubi Xəzər geodinamik
sisteminin alp təkamülü CİS modelinin işlənilməsi"
və "Bakı şəhəri ərazisinin mikrotremor
ölçü məlumatları əsasında mikroseysmik
rayonlaşdırılması" adlı layihələrdir.
Ötən
il institutda 10 dissertant təhsil almışdır. Həmçinin
8 ümumrespublika elmi seminarı keçirilmişdir. Bu tədbirlərdə
Geologiya İnstitutu, Bakı Dövlət Universiteti, ARDNŞ
Geofizika və Geologiya İdarəsinin, AMEA Respublika Seysmik Xidmət
Mərkəzinin alim və mütəxəssislərinin elmi məruzələri
dinlənilmişdir.
Ümumilikdə
2010-cu ildə bir sıra mühüm elmi nəticələr əldə
olunmuşdur.
- Bəs,
2010-cu ildə ölkəmizdə aparılan elm siyasətinin
xarakteri barədə nə deyə bilərsiniz?
- Son illər
Azərbaycan elmində mövcud olan problemlərə dövlətin
diqqəti daha da artmaqdadır. Fundamental tədqiqatlara büdcədən
ayrılan vəsait çoxalmışdır. Prezident
İlham Əliyevin 21 oktyabr 2009-cu il tarixli sərəncamı
ilə Azərbaycan Respublikası Prezidenti Yanında Elmin
İnkişafı Fondu yaradılmışdır. 2010-cu ildə
fond Azərbaycanda elmi qrantların ilk müsabiqəsini elan
etmişdi. Təbii ki, belə dəstək fundamental tədqiqatların
aparılmasına, müvafiq elmi ekspedisiyaların təşkilinə
və analitik bazanın genişlənməsinə müsbət
təsir göstərir.
Onu da qeyd
edim ki, 2010-cu il iyulun 1-də Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 129 saylı qərarı ilə respublikanın elmi
müəsissələri və ali məktəblərində
doktoranturanın (aspirantura əvəzinə) yaradılması
haqqında əsasnamə təsdiq olunmuşdur. Lakin
çoxdan gözlədiyimiz AMEA doktoranturası barədə
qərar yalnız bu yaxınlarda qəbul edilmişdir. Bu
cür ləngimə elmdə yüksək ixtisaslı
kadrların hazırlanmasındakı vəziyyəti gərginləşdirmişdir.
Bunun nəticəsində, AMEA institutları o cümlədən
Geologiya İnstitutu artıq ikinci ildir ki, gənc mütəxəssisləri
aspiranturaya (doktoranturaya) qəbul etmək iqtidarında deyildir.
Müdafiəyə
təqdim olunan dissertasiyaların səviyyəsinin
aşağı olması və müdafiə
şurasının bəzi elmi seminarlarında müzakirələrin
qeyri-ciddi səviyyədə aparılması kadr hazırlığının
mövcud durumunu bir qədər ağırlaşdırır.
Adətən buradakı müzakirələr qeyri-tələbkar,
liberalizm şəraitində aparılır. Dissertasiya işlərinə
tələbkarlığın zəifləməsi elmi və
elmi-təşkilati təcrübənin nəsildən-nəsilə
ötürülməsi prosesini çətinləşdirir.
Bu səbəbdən gənc kadrların
çatışmaması problemi həll olunmayaraq qalır.
Nəhayət,
XXI əsrin ikinci onilliyinə qədəm qoyuruq. Elmimizin gələcəyi
haqqında düşüncələr məni daim
keçmişə aparır. 1945-ci ildə II Dünya
Müharibəsi sona çatdıqdan sonra, elm tarixində ən
nəhəng fiziklərdən biri olan Verner Qeyzenberq
demişdir: "Məlumdur ki, bilik qüvvədir və
dünyada bu qüvvə uğrunda sonu görünməyən
mübarizə hələ də gedirsə, deməli, elmin
inkişafı naminə mübarizə də mütləq
olmalıdır". Mən əminəm ki, alimlərimiz geologiya
elminin inkişafı naminə bundan sonra da əzmlə
çalışacaq.
Müsahibəni
qələmə aldı: Səid HÜSEYNOV
Xalq qəzeti.- 2011.- 28 yanvar.- S. 6.