2010-cu ilin nailiyyətləri növbəti illərin daha uğurlu olacağına əsas verir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə yanvarın 14-də Nazirlər Kabinetinin ötən ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında səslənən fikirlər bu proqnozu bir daha təsdiq edir

 

Bu gün Azərbaycan dünya iqtisadiyyatına sürətlə inteqrasiya edən, dinamik iqtisadi inkişafını və etibarlı siyasi stabilliyini təmin etmiş müstəqil bir dövlətdir. Artıq dövlətimiz mötəbər kürsülərdən öz sözünü deməyə, öz haqlı mövqeyini bildirməyə qadirdir və dünyada zəngin iqtisadi potensiala malik bir ölkə kimi tanınır. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan milli dövlət quruculuğu siyasəti onun layiqli siyasi varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

 

Ölkə iqtisadiyyatının liberallaşdırılması, Azərbaycanın beynəlxalq aləmdə geosiyasi və geoiqtisadi çəkisinin artması, sosial, iqtisadi və siyasi sabitliyin təmin edilməsi, vətəndaş-dövlət birliyinə nail olunması müstəqil Azərbaycan dövlətinin sürətli inkişafını təmin etmişdir. Ölkə başçısı cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında qeyd edildiyi kimi, yola saldığımız 2010-cu il də uğurla başa çatmışdır.

Belə ki, son illər bütün dünyada böhran müşahidə edildiyi halda, Azərbaycanda aparılan islahatlar və düzgün iqtisadi siyasət nəticəsində həm 2009-cu ildə, həm də 2010-cu ildə ölkə iqtisadiyyatının inkişafı təmin edilmiş və ümumi daxili məhsul uyğun olaraq 9,3 faiz və 5 faiz artmış, bütün sosial proqramlar öz həllini tapmışdır. Ölkəmizdə 2010-cu ildə də pensiya, əmək haqqı və digər ödənişlərdə müvafiq artımlar təmin edilmişdir. Əlbəttə, bütün bunlar qarşıdakı 2011-ci ilin daha uğurlu olacağını deməyə əsas verir.

Yola saldığımız ilin ən yadda qalan uğurlarından biri də əksər dünya ölkələrində və bütün region dövlətlərində ciddi inflyasiya baş verdiyi, milli pul vahidlərinin ucuzlaşması, alıcılıq qabiliyyətinin zəifləməsi müşahidə edildiyi halda, manatın məzənnəsinin sabit saxlanılması olmuşdur. Belə ki, həyata keçirilən silsilə tədbirlər nəticəsində 2010-cu ildə də makroiqtisadi sabitlik qorunmuş, ölkə iqtisadiyyatına 15,5 milyard dollar investisiya cəlb edilmiş, inflyasiya cəmi 5,7 faiz təşkil etmiş, əhalinin pul gəlirləri isə 12,3 faiz artmışdır. Bu da gəlirlərin inflyasiyanı üstələdiyini göstərir. 2010-cu ilin yekunlarına görə, yoxsulluğun səviyyəsi daha da aşağı düşmüş və ölkəmizdə yoxsulluq səviyyəsi 9,1 faiz olmuşdur. Bu isə 2003-2010-cu illər ərzində yoxsulluğun 4-5 dəfə aşağı düşməsi deməkdir.

Həyata keçirilən uğurlu daxili və xarici iqtisadi siyasət nəticəsində 2010-cu il Azərbaycan iqtisadiyyatı üçün uğurlu olmuş və ÜDM-in həcmi 41 milyard manatı ötmüşdür. Strateji valyuta ehtiyatları ilin əvvəli ilə müqayisədə 50 faiz artaraq 29 milyard dollara çatmışdır ki, bu da ölkənin dayanıqlı inkişafı üçün möhkəm zəmindir. İclasda qeyd edildiyi kimi, 2010-cu il ərzində 51 milyon ton neft, 27 milyard kubmetr qaz hasil edilmiş, sənaye istehsalı 2,6 faiz artmışdır. Hökumətin iqtisadi siyasətinin prioritet istiqaməti olan qeyri-neft sektorunun dinamik inkişafı 2010-cu ildə də davam etmiş və bu sahədə real artım tempi ümumi artım tempini üstələyərək 7,6 faiz, o cümlədən, qeyri-neft sənayesində 6,6 faiz, rabitədə 29,7 faiz, nəqliyyatda yük daşınması 3,1 faiz təşkil etmişdir. Eyni zamanda, qeyri-neft sektorunda sənayeləşmə siyasəti davam etdirilmiş, yeni və müasir texnologiyalara əsaslanan elektrotexnika, əlvan metallurgiya, maşınqayırma, emal, tikinti materiallarının istehsalı da daxil olmaqla, il ərzində 60 sənaye müəssisəsi istifadəyə verilmişdir. O cümlədən, hazırda 80-dən çox sənaye müəssisəsinin tikintisi davam etdirilir ki, bu da gələcəkdə daha böyük uğurlardan xəbər verir.

Əlverişsiz iqlim şəraiti və təbii fəlakətlərlə bağlı dənli bitkilərin istehsalının azalmasına baxmayaraq, kompleks dövlət tədbirləri nəticəsində kənd təsərrüfatı bir sıra əsas ərzaq məhsulları ilə ölkə əhalisini təmin etmiş, buğdanın qiymət artımının mənfi təsirinin azaldılması məqsədi ilə Dövlət Taxıl Fonduna tədarük olunan taxılın həcmi 500 min tonadək artırılmış, idxal olunan buğda və un əlavə dəyər vergisindən azad edilmişdir. Əvvəlki illərdə olduğu kimi, aqrar sektora subsidiyaların, vergi güzəştlərinin və güzəştli kreditlərin verilməsi davam etdirilmiş, aqrolizinq və aqroservis xidmətlərinin şərtləri daha da asanlaşdırılmışdır.

Nazirlər Kabinetinin 2010-cu ilin yekunları və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr edilmiş iclasında da səslənən fikirlərdən göründüyü kimi, qeyri-neft sektorunda mühüm rolu olan nəqliyyat sektorunda davamlı layihələr həyata keçirilmiş, bu sahədə qarşıya qoyulmuş vəzifələrin icrasında heç bir fasilə yaranmamış, tranzit potensialı daha da gücləndirilmiş, avtomobil magistrallarının yenidənqurulması davam etdirilmiş, dəmir yol nəqliyyatı sisteminin inkişafına dair dövlət proqramı qəbul edilmiş, dəniz limanı kompleksinin tikintisinə başlanmışdır.

Təqdirəlayiq haldır ki, ölkədə yaradılmış əlverişli biznes mühiti Azərbaycan şirkətlərinin maliyyə imkanlarının artmasına və onların yalnız ölkə daxilində deyil, eləcə də xarici ölkələrdə investisiya yatırımlarının imkan yaratmışdır. İl ərzində Dövlət İnvestisiya Proqramının icrası nəticəsində nəqliyyat, kommunal, su ehtiyatları və irriqasiya, energetika və sənaye, ekologiya, kənd təsərrüfatı, sosial infrastruktur obyektlərinin tikintisi həyata keçirilmişdir.

2010-cu ildə də regionların sosial-iqtisadi inkişafı məsələləri dövlətin diqqət mərkəzində olmuşdur. Belə ki, il ərzində müxtəlif regionlarda 160-dan çox sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi tikilib istifadəyə verilmiş, hazırda isə 200-dən çox müəssisənin tikintisi davam etdirilir. Bu dövrdə regionların potensial imkanları hərtərəfli təhlil edilmiş, bu potensialın reallaşdırılması yolları müəyyənləşdirilmiş, sahibkarlığın inkişafı ilə bağlı 200-dən çox tədbir həyata keçirilmişdir. Ölkədə idxal, ixrac prosedurları sadələşdirilmiş, sahibkarların vergi yükü azaldılmış, il ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 1430 investisiya layihəsinin maliyyələşdirilməsinə 115 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlərin də hamısı ayrı-ayrı regionların payına düşür. 2010-cu il həm də insanların normal yaşayışı və gündəlik tələbat məhsulları ilə fasiləsiz təminatı baxımından xüsusi əhəmiyyət kəsb edən aqrar sektor üçün uğurlu olmuşdur. Belə ki, yola saldığımız il ərzində aqrar sektorun inkişafında müasir texnologiyanın tətbiqi daha da genişləndirilmiş, 25 müasir soyuducu, 14 taxıl anbarı kompleksi istifadəyə verilmişdir.

Milli iqtisadiyyatın və yerli istehsalın inkişafı nəticəsində 2010-cu ilin 11 ayı ərzində 145 ölkə ilə ticarət aparılmış, xarici ticarət dövriyyəsi 34,8 faiz artaraq 25,1 milyard dollar təşkil etmiş, 13,7 milyard dollar müsbət saldo əldə olunmuşdur. Xüsusilə, qeyri-neft ixracında 16 faizdən çox artım qeydə alınmışdır. İnsanların normal yaşayışı üçün xüsusi əhəmiyyət kəsb edən sosial sektorda müxtəlif obyektlər, o cümlədən 45 səhiyyə müəssisəsi, 70-dən çox məktəb binası tikilmiş və təmir edilmişdir.

Ötən ilin yadda qalan hadisələrindən biri də əhalinin içməli su ilə təmin edilməsi üçün iri infrastruktur layihəsi olan - Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisinin başa çatdırılması olmuşdur. Bu layihə əvəzsiz bayram hədiyyəsi kimi qəbul edilməlidir. Paytaxt sakinləri son illərin ən böyük infrastruktur layihələrindən biri olan Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsini böyük sevinc və iftixar hissi ilə qeyd etdilər. Bu da təsadüfi deyil. Çünki Bakı şəhərində su qıtlığı sakinləri ən çox narahat edən problemlərdən sayılırdı. Təsadüfi deyil ki, 2005-ci ildə ölkə Prezidenti İlham Əliyevin göstərişi ilə Bakı şəhərinin keyfiyyətli su ilə təmin edilməsi üçün çəkiləcək Oğuz-Qəbələ-Bakı su kəmərinin layihəsi hazırlandı. 2007-ci ilin mart ayında isə dövlət başçısının iştirakı ilə layihənin təməli qoyuldu və tikinti işlərinə start verildi. Məlum olduğu kimi, hər bir layihənin həyata keçirilməsi üçün, ilk növbədə maliyyə vəsaiti tələb olunur. Son illər Azərbaycanın getdikcə artan iqtisadi gücü, maliyyə resursları bu layihənin də uğurla reallaşdırılmasına imkan yaratdı. Ümummilli lider Heydər Əliyevin düz 11 il əvvəl təsis etdiyi Dövlət Neft Fonduna toplanmış vəsaitlər hesabına ölkəmizdə prioritet sayılan layihələr həyata keçirilir. Elə bu günlərdə açılışını böyük sevinc hissi ilə qeyd etdiyimiz Oğuz-Qəbələ-Bakı su kəməri də ölkəmizin yeni neft strategiyasının 2010-cu ilə aid olan ən böyük təntənəsidir. Oğuz-Qəbələ-Bakı su kəməri paytaxt sakinlərinə əsl Yeni il hədiyyəsi kimi uzun illər yaddaşlarda qalacaqdır.

Ümumiyyətlə, son illərdə olduğu kimi, 2010-cu ildə Dövlət Neft Fondu və Heydər Əliyev Fondu tərəfindən çoxsaylı layihələr reallaşdırılmışdır. Sosial sahələrin inkişafında Heydər Əliyev Fondu tərəfindən təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə həyata keçirilən proqram və layihələr müstəsna əhəmiyyət kəsb edir. Bu layihələr beynəlxalq qurumlar tərəfindən də müsbət qiymətləndirilmişdir. Məhz bunun nəticəsidir ki, BMT-nin İnkişaf Proqramının əhalinin rifah səviyyəsini əks etdirən İnsan İnkişafı Hesabatına əsasən Azərbaycan son beş ildə 34 pillə irəliləyərək 169 ölkə arasında 2005-ci ildə tutduğu 101-ci yerdən 2010-cu ildə 67-ci yerə yüksəlmişdir. 2000-2010-cu illər üzrə ölkəmiz insan inkişafı indeksinin orta illik artım tempinə görə MDB məkanında birinci yerə layiq görülmüş və "orta insan inkişafı" ölkələri qrupundan "yüksək insan inkişafı" qrupuna keçmişdir.

Əvvəlki illərdə olduğu kimi, yola saldığımız ildə də ölkədə həyata keçirilən siyasətin uğurlu nəticələri nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapmışdır. Dünya İqtisadi Forumu tərəfindən 2010-2011-ci illər üçün hazırlanmış "Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycan MDB ölkələri arasında yenə də birinci, makroiqtisadi sabitlik indeksi üzrə isə 14 pillə irəliləyərək 139 ölkə arasında 13-cü yerdə qərarlaşmışdır. "Standard and Poors" Beynəlxalq Reytinq Agentliyi 2009-2010-cu illər üzrə ölkə reytinqini "stabil"dən "pozitiv"ə yüksəltmiş, "Fitch Ratings" Agentliyi ölkəmizə ilk dəfə olaraq investisiya reytinqi vermişdir ki, bütün bunlar da Azərbaycan hökumətinin həyata keçirdiyi uğurlu daxili və xarici iqtisadi siyasətin nəticəsidir.

İl ərzində 2009-2013-cü illəri əhatə edən regional inkişaf proqramı çərçivəsində 2010-cu il üçün müəyyənləşdirilmiş işlər uğurla başa çatdırılmışdır. Nəticədə ötən il 53 mini daimi olmaqla, 70 mindən çox iş yeri açılmışdır. Ümumilikdə isə, regional inkişaf proqramlarının icrasının başlanmasından, yəni 2004-cü ilin fevralından bu günə qədər ölkəmizdə 900 mindən artıq iş yeri açılmışdır ki, bu da işsizliyin aradan qaldırılması üçün mühüm amildir. İş yerlərinin açılması, yeni müəssisələrin işə salınması nəticəsində ölkə daxilində istehsal olunan əmtəələrin həcmi və çeşidi artır. Bu da istər daxili bazarda tələbatın ödənilməsi, istərsə də ölkəmizin ixrac potensialının yüksəldilməsi baxımından olduqca mühüm əhəmiyyət kəsb edir.

Nazirlər Kabinetinin 2010-cu ilin yekunları və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr edilmiş iclasında səslənən fikirlərdən də aydın oldu ki, regional inkişaf istiqamətində tədbirlər qarşıdakı illərdə də davam etdiriləcək və daha da genişləndiriləcəkdir. Ölkə başçısı cənab İlham Əliyevin də qeyd etdiyi kimi: "Regionlarda yaradılan müasir infrastruktur, - tikilən səhiyyə ocaqları, məktəblər, çəkilən yollar, qaz xətləri, indi böyük su layihələri də həyata keçirilməyə başlanmışdır, - dövlət tərəfindən, özəl sektor tərəfindən regionlara qoyulan sərmayədir. 2011-ci ildə də bu proseslər davam etdiriləcəkdir".

Məlumdur ki, 2010-cu il Azərbaycanda "Ekologiya ili" elan edilmiş və il ərzində müxtəlif istiqamətləri əhatə edən çoxlu sayda layihələr həyata keçirilmişdir. Belə ki, "Ekologiya ili" çərçivəsində həm dövlət tərəfindən böyük işlər görüldü, həm də özəl sektor bu işlərdə fəal iştirak etdi. Əlbəttə, hökumətin yaratdığı demokratik şərait, vətəndaş cəmiyyətinin inkişafına göstərilən diqqət nəticəsində ayrı-ayrı QHT-lər, ümumilikdə ölkə əhalisi də bu təşəbbüsə qoşularaq, ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdə yaxından iştirak etmişdir. Məhz bu birgə fəaliyyət nəticəsində 2010-cu il ərzində 6 milyondan artıq ağac əkilmişdir. Bu proses qarşıdakı illərdə də davam etdiriləcəkdir, ona görə ki, ekoloji vəziyyətin yaxşılaşdırılması ölkəmizin uğurlu inkişafı üçün, əhalinin sağlamlığı üçün çox böyük əhəmiyyət daşıyır.

Qeyd etmək lazımdır ki, ekoloji tədbirlər ancaq ağac əkməklə bitməmiş, eyni zamanda, ayrı-ayrı regionlarda müxtəlif sutəmizləyici qurğuların quraşdırılması, içməli suyun tərkibinin yaxşılaşdırılması istiqamətində də genişmiqyaslı tədbirlər həyata keçirilmişdir. Nəticədə 300 mindən artıq Azərbaycan vətəndaşı Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su ilə təmin edilmişdir. Eyni zamanda, 2010-cu ildə ekoloji tədbirlərin bir istiqamətini də təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması, hadisədən zərər çəkmiş ərazilərdə ekoloji mühitin sağlamlaşdırılması təşkil etmişdir. Kür və Araz çaylarında suyun səviyyəsinin qalxması nəticəsində yaranmış ekoloji problemlərin həlli istiqamətində çoxsaylı tədbirlər görülmüş, ərazidə ətraf mühitin, biomüxtəlifliyin bərpa edilməsi, canlı aləmin gələcək hadisələrdən mühafizə olunması istiqamətində ciddi addımlar atılmışdır.

2010-cu ilin sonuna valyuta ehtiyatlarımız 29,4 milyard dollara çatmışdır ki, bu da qarşıdakı illərin daha uğurlu olacağına əsas verir. Yəni biz artıq həm Azərbaycanda, həm də başqa ölkələrdə istənilən infrastruktur və sərmayə layihələrini icra edirik, artıq Azərbaycan şirkətləri xaricə də vəsait qoyur ki, bu da ölkə iqtisadiyyatı və uğurlu gələcək üçün vacib amillərdir. Məhz valyuta ehtiyatlarının artmasının nəticəsidir ki, Azərbaycan regionda reallaşdırılan bütün layihələrdə aparıcı tərəfdaşdır. Bu layihələrdən biri də Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisidir. Həmin layihə 2011-ci ildə də davam etdiriləcəkdir.

Əlbəttə, ölkəmizin bütün sahələrdə, o cümlədən maliyyə sahəsində 2010-cu ildə əldə etdiyi uğurlar qarşıdakı illər üçün daha genişmiqyaslı tədbirlərin planlaşdırılmasına və reallaşdırılmasına imkan verəcəkdir. Artıq, iqtisadi sahədə əldə edilən uğurlar davamlı xarakter almışdır. Bunu Nazirlər Kabinetinin iclasında səslənən fikirlər də bir daha təsdiq edir. Belə ki, iclasda qeyd edilən fikirlərdən aydın olur ki, son 10 il ərzində, ölkədə real iqtisadi artım 4 dəfə olmuş, ixracın həcmi 15 dəfədən çox, dövlət büdcəsi 15 dəfəyə qədər, investisiya xərcləri 96 dəfə, strateji valyuta ehtiyatları isə 31 dəfə artmışdır. Bank aktivləri 15, əhalinin əmanətləri isə 36 dəfə çoxalmışdır.

2008-2010-cu illərdə strateji valyuta ehtiyatlarımız 23 milyard ABŞ dolları artmışdır. Bu müddətdə, eyni zamanda, bank sektoru dayanıqlılığını qorumuş və inkişafını davam etdirmiş, bank aktivlərinin orta illik artım tempi 25 faiz, əmanətlərin artım tempi 20 faizdən çox olmuşdur. 2010-cu il ərzində əhalinin əmanətləri 23 faiz, bütövlükdə bank aktivləri, kreditlər və məcmu kapital 8 faizdən çox artmışdır. Eyni zamanda, il ərzində 2435 nəfərə, o cümlədən 473 nəfərə güzəştli şərtlərlə kredit verilmişdir ki, bundan da 6200 ailə faydalanmışdır.

Son illər Azərbaycan mədəniyyətinin inkişafında əldə edilmiş misilsiz uğurlar 2010-cu ildə də davam etdirilmişdir. İl ərzində ölkə daxilində və onun hüdudlarından kənarda 150-dən artıq dövlət əhəmiyyətli mədəni tədbir keçirilmişdir. Bu tədbirlərin reallaşdırılması hər zaman olduğu kimi, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın ölkəmizin sosial-mədəni həyatının bütün sahələrinə böyük dəstək verməsi ilə bağlıdır. Təsadüfi deyil ki, Heydər Əliyev Fondunun fəaliyyət göstərdiyi illər ərzində keçirilən bütün irimiqyaslı beynəlxalq və ölkə əhəmiyyətli tədbirlərin əsas təşəbbüskarı və təşkilatçısı Mehriban xanım Əliyeva olmuş və bu ənənə 2010-cu ildə də davam etmişdir. İl ərzində Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalı, Qəbələ II Beynəlxalq Musiqi Festivalı, Bakı Birinci Beynəlxalq Teatr Konfransı, Milli Teatr Festivalı, A.P. Çexov adına Beynəlxalq Teatr Festivalının "İpək yolu" mərhələsi, Vokalçıların Bülbül adına V Beynəlxalq müsabiqəsi və IV Beynəlxalq Rostropoviç Festivalının keçirilməsi yaradıcı kollektivlər tərəfindən çox yüksək qarşılanmış və nəticədə bu tədbirlər ilin ən yaddaqalan beynəlxalq səviyyəli mədəniyyət hadisələrinə çevrilmişdir.

Əlamətdar haldır ki, Euronews telekanalının 2010-cu ilin yekununa həsr olunmuş verilişində Avropanın ən nüfuzlu mədəniyyət hadisələrinin sırasında Bakı Caz Festivalının keçirilməsi xüsusilə qeyd edilmiş, Azərbaycanda mədəniyyət sahəsinə göstərilən diqqət və qayğı nümunə kimi işıqlandırılmışdır. Bu sahədə il ərzində bir çox sərəncam və fərmanlar imzalanmış, normativ-hüquqi sənədlər qəbul edilmişdir. Məsələn, ölkə başçısının "Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında" sərəncamına əsasən, kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması sahəsində müsbət irəliləyişlər əldə edilmiş, respublikada 38 kitabxananın veb-saytı yaradılmış, 17 kitabxanada Avtomatlaşdırılmış Kitabxana-İnformasiya Sistemi quraşdırılmış, elektron kataloq və elektron kitabxanaların yaradılmasına başlanılmışdır.

Ölkə başçısının "Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında" sərəncamına əsasən regionlarda fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair əsaslı tədbirlər görülmüşdür. Təbii ki, bütün bunlar Azərbaycan Respublikasında turizmin inkişafına da ciddi dəstək verir və ölkəmizi dünyaya turizm ölkəsi kimi tanıtmaq imkanları yaradır. Bütün bunlar isə 2010-cu ilin həm də turizm sahəsi üçün əlamətdar olduğunu göstərir. "Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam da bu sahənin inkişafında yeni, daha məhsuldar mərhələnin başlanğıcı kimi qəbul edilə bilər. İnanırıq ki, bu sərəncam ölkədə turizm sektorunun dünya standartlarına uyğun şəkildə inkişaf etdirilməsinə güclü təkan verəcəkdir.

Nazirlər Kabinetinin iclasında səslənən fikirlərdən aydın olduğu kimi, 2010-cu il, bütün sahələrdə olduğu kimi, gənclər və idman sahəsində də uğurlu olmuşdur. Hesabat dövründə Gənclər və İdman Nazirliyi tərəfindən dövlət gənclər siyasətinin müxtəlif istiqamətləri üzrə 100-ə qədər tədbir keçirilmişdir ki, onlardan da 19-u beynəlxalq səviyyəli olmuşdur. Avropa Gənclər Fondunun rəsmi məlumatına görə son 4 ildə Azərbaycanın gənclər təşkilatlarının 114 layihəsinə fond tərəfindən 1,4 milyon avro dəyərində maliyyə vəsaiti ayrılmışdır ki, bu da Avropa məkanında ən yüksək göstərici və Azərbaycan hökumətinin bu sahəyə diqqət və qayğısının bariz nümunəsidir. Fərəhli haldır ki, Azərbaycan gəncləri bu gün Avropanın və dünyanın 30-dan çox nüfuzlu beynəlxalq gənclər təşkilatlarında təmsil olunurlar.

Ötən il elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramının icrası ilə əlaqədar Beynəlxalq Münasibətlər üzrə Alimlərin Birinci İllik Simpoziumu, Gənc Alimlərin Birinci Respublika İnnovativ İdeya Yarmarkası, "Ekologiya ili" çərçivəsində "Gənclər ekoloji inkişaf uğrunda" Beynəlxalq elmi-praktiki konfrans və digər tədbirlər təşkil edilmiş, gənc alimlərin elmi əsərlərindən ibarət toplular nəşr olunmuşdur. Hesabat ilində, yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi məqsədi ilə respublikanın 67 rayon və şəhərlərini əhatə edən gənclərin vətənpərvərlik tərbiyəsi klublarının şəbəkəsi yaradılmış, "Vətən sağ olsun" telelayihəsi həyata keçirilmişdir. Əlbəttə, bütün bunlar Azərbaycanda yüksək intellektual səviyyəyə malik vətənpərvər gəncliyin yetişməsində əhəmiyyətli rol oynayacaqdır.

Gənclər və idman sahəsinə göstərilən diqqət və qayğı nəticəsində artıq Azərbaycan dünyada idman dövləti kimi tanınır. Belə ki, il ərzində ölkəmizdə qılıncoynatma üzrə yeniyetmə və gənclər arasında dünya birinciliyi, sərbəst və yunan-Roma güləşi üzrə Avropa çempionatı, boks üzrə gənclər arasında dünya birinciliyi, bodibildinq üzrə dünya çempionatı, kikboksinq üzrə Avropa çempionatı, Beynəlxalq Mingəçevir reqatası yarışı, atçılığın konkur növü üzrə dünya kubokunun təsnifat mərhələsi və digər tədbirlər yüksək səviyyədə təşkil edilərək keçirilmişdir. Ümumilikdə, ölkəmizdə 84 idman növü üzrə 457 idman yarışı keçirilmişdir ki, onlardan da 49-u beynəlxalq səviyyəli olmuşdur. Bundan başqa, 4000 nəfərdən artıq idmançımız 352 beynəlxalq yarışlara ezam olunmuşdur. 2010-cu ilin ən möhtəşəm idman nailiyyəti təbii ki, Sinqapurda keçirilmiş Yeniyetmələrin Birinci Yay Olimpiya Oyunlarında idmançılarımızın ölkəmizi ləyaqətlə təmsil etmələri olmuşdur. Təkcə 2010-cu ildə ölkənin ayrı-ayrı regionlarında daha 5 Olimpiya-İdman kompleksi istismara verilmişdir ki, bu da gələcəkdə idman sahəsində daha ciddi uğurların əldə edilməsinə təkan verməklə yanaşı, gənclərin sağlam böyüməsinə kömək edəcəkdir.

Beləliklə, Nazirlər Kabinetinin yanvarın 14-də 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında səslənən fikirlər bir daha təsdiq edir ki, 2003-cü il seçkilərində xalqın böyük etimadını qazanaraq hakimiyyətə gələn İlham Əliyev ölkəmizdə dinamik sosial-iqtisadi tərəqqini təmin edən ictimai-siyasi sabitliyin qorunub saxlanması, ölkənin beynəlxalq arenada nüfuz və mövqelərinin möhkəmləndirilməsi, ictimai həyatın bütün sahələrində mütərəqqi islahatların aparılması istiqamətində mümkün olan hər bir addımı atmış və atmaqdadır. Bu gün isə tam əminliklə qeyd etmək olar ki, minbir zəhmətlə başa gələn və əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan neft strategiyası Azərbaycanın ümumi iqtisadi strategiyasının formalaşmasına və bu strategiyanın uğurla həyata keçirilməsinə zəmin yaratmışdır.

Eyni zamanda, ölkəmizin valyuta ehtiyatları, maliyyə imkanları ilbəil artır. Bu da gələcəkdə bütün sahələrdə mövcud potensialdan daha səmərəli istifadəyə, ehtiyatların tam və düzgün şəkildə dövriyyəyə cəlb edilməsinə, sosial tədbirlərin, investisiya qoyuluşlarının, kreditləşdirmə əməliyyatlarının və s. maliyyələşdirilməsinə imkan verəcəkdir. Nəticədə əldə edilmiş dinamizmi davam etdirmək üçün çox əlverişli şərait yaradacaqdır. Bütün bunlar isə ölkə başçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi, növbəti illərdə də Azərbaycan iqtisadiyyatının daha da yüksək sürətlə inkişaf edəcəyinə əminlik yaradır.

 

 

İsa ALIYEV,

AMEA İqtisadiyyat İnstitutunun

direktoru, iqtisad elmləri doktoru,

professor

 

Aqil ƏSƏDOV,

institutun şöbə müdiri,

iqtisad elmləri üzrə fəlsəfə

doktoru

 

Xalq qəzeti.- 2011.- 28 yanvar.- S. 4.