Azərbaycanda
Buzadırmanma üzrə Açıq Azərbaycan
Çempionatı keçirilir
Hava və Ekstremal İdman Növləri
Federasiyası Azərbaycan Respublikası Gənclər və
İdman Nazirliyi ilə birlikdə 28-30 yanvar 2011-ci il tarixlərində
Qusar rayonunun Ləzə kəndi
yaxınlığındakı donmuş şəlalələrdə
Buzadırmanma üzrə Açıq Azərbaycan
Çempionatını keçirir.
Çempionata
Rusiya Federasiyası, Türkiyə və Ukrayna
Respublikalarının idmançılarının
qatılacağı gözlənilir. Qeyd edək ki, ölkəmizdə
bu kimi yarışların keçirilməsi gələcəkdə
idmançılarımızın buzadırmanma
texnikasını təkmilləşdirməyə, müxtəlif
ölkələrin bu sahədə təcrübələrini
öyrənməyə, eyni zamanda, beynəlxalq alpinizm,
qayayadırmanma və buzadırmanma təşkilatları ilə
federasiyanın əlaqələrinin daha da genişləndirilməsinə
və yarışların beynəlxalq tələblər səviyyəsində
keçirilməsinə şərait yaradacaq.
Yarışda
Azərbaycan Hava və Ekstremal İdman Növləri
Federasiyasının "Dağ hazırlığı məktəbi",
Respublika Alpinist Turist Klubu, Bakıdan "Ekosport",
"A+A", "climb-club", "Bakı Dövlət
Universiteti", Memarlıq və İnşaat Universitetinin
"Edelveys", "Qərb Universitetinin idman klubu", Azərbaycan
Turizm İnstitutunun "AMEAST", Qusardan "Salavat",
"Qusar" və "Zirvə", İsmayıllıdan
"Babadağ" klublarının 60 nəfərə
yaxın idmançısı iştirak edəcək. Hava və
Ekstremal İdman Növləri Federasiyasından
aldığımız məlumata görə 2 turdan ibarət
yarışın 29 yanvar 2011-ci il tarixində keçiriləcək
I mərhələsində idmançılar mürəkkəblik
üzrə, 30 yanvar 2011-ci il tarixində keçiriləcək
II mərhələsində isə sürət üzrə
özlərini sınayacaq.
Qeyd
edək ki, Buzadırmanma üzrə Açıq Azərbaycan
Çempionatını idarə edəcək 20 nəfərlik
hakimlər dəstəsinə keçən il Rusiyanın
Kirov şəhərində Beynəlxalq
Dağçılıq Federasiyası (UIAA) tərəfindən
keçirilən seminarlarda müvafiq UIAA hakim-aspirantı dərəcəsini
almış Yevgeniya Nəcəfova və Yaqub Əsədov tərəfindən
təlim keçirilmişdir.
Ümid
edirik ki, idmançılarımız Buzadırmanma üzrə
Açıq Azərbaycan Çempionatında müvəffəqiyyətlə
iştirak edəcəklər.
Qəzənfər QASIMOV
Xalq qəzeti.- 2011.- 29 yanvar.- S. 8.