Azərbaycan turizm üçün çox cəlbedici ölkəyə çevriləcək

 

2010-cu il Azərbaycanda "Ekologiya ili" kimi yaddaşlarda qaldı. Həmin ildə ölkəmizin ekoloji cəhətdən sağlamlaşdırılması istiqamətində çox əhəmiyyətli tədbirlər həyata keçirildi və biz bunun müsbət nəticələrini hiss edirik. 2011-ci ili isə cənab Prezident İlham Əliyev "Turizm ili" elan etdi. Bunu cənab İlham Əliyev yanvarın 14-də Nazirlər Kabinetində 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında bildirmişdir. Cənab Prezident demişdir: "2011-ci il başlayıb, keçən il bizdə "Ekologiya ili" elan olunmuşdu. Dediyim kimi, yaxşı nəticələr əldə edilmişdir. Təklif edirəm ki, 2011-ci ili biz "Turizm ili" elan edək".

 

Məlumdur ki, turizm hər bir ölkənin iqtisadiyyatında çox önəmli yer tutur. Azərbaycanımızın isə bu sahənin inkişaf etdirilməsi üçün geniş imkanları vardır. Ən başlıcası bundan ibarətdir ki, dövlətimiz, hörmətli Prezidentimiz tərəfindən bu sahənin tərəqqisinə böyük dəstək vardır. Ötən il "Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi bu sahənin gələcək inkişafına ciddi stimul vermişdir. 2010-cu ildə turizm sahəsində həyata keçirilən davamlı tədbirlər silsiləsi 2011-ci ildə onun inkişafını sürətləndirməyə imkan verir. Bu tədbirlərdən bir neçəsini xatırlatmaq istərdik. Azərbaycanda keçirilən IX Beynəlxalq Turizm Sərgisi və I Ümumrespublika Daxili Turizm Sərgisi ilin yaddaqalan hadisələrindən olmuşdur. Şahdağ Qış-Yay Turizm Kompleksinin birinci fazasının istifadəyə verilməsi də çox önəmli tədbirlərdən biridir. Gündə 10 min turistə xidmət etmək imkanına malik kommunal, işıq, su, qaz, yol xətlərinin çəkilməsi burada artıq həyata keçirilmişdir. Avstriya, İsveç, Türkiyə, ABŞ, İtaliya və Birləşmiş Ərəb Əmirliklərinin ən qabaqcıl şirkətləri bu kompleksin yaradılmasında iştirak edir.

Cənab Prezident müşavirədəki çıxışında bu kompleks barədə demişdir: "Şahdağ kurort mərkəzi dünya səviyyəli mərkəzə çevriləcəkdir. Dünyada hazırda mövcud olan ən qabaqcıl, ən populyar kurort yerlərindən geri qalmamalıdır və qalmayacaqdır..." Söz yox ki, Şahdağ Turizim Kompleksi Azərbaycana yeni investisiyalar gətiricək, eyni zamanda, şimal zonasında yaşayan əhalinin işlə təmin olunmasında əhəmiyyətli rol oynayacaq.

Son illər Azərbaycanda turizmin sürətlə inkişaf etməsi bu sahəyə xarici sərmayədarların marağını da artırıb. Bu baxımdan ölkəmizdə beynəlxalq mehmanxana şəbəkəsinə daxil olan hotellərin sayının artmasını xüsusi qeyd etmək gərəkdir. Ölkəmizdə beynəlxalq şəbəkə hotellərinin fəaliyyətinin əhəmiyyəti olduqca böyükdür. "Hyatt Regency - Naxçıvan" hoteli digər hotellər üçün kadr mənbəyi rolunu oynayır. Hazırda hotellərin əksəriyyətində çalışan personalın çoxu məhz bu hoteldə işləyib təcrübə toplayıb. Gəncədə fəaliyyət göstərən "Ramada Plaza" hoteli hələlik beynəlxalq şəbəkə sisteminə daxil olan yeganə hoteldir. Arzu olunandır ki, digər regionlarımızda da beynəlxalq şəbəkə sisteminə daxil olan hotellər fəaliyyət göstərsin. Bu, həmin regionlarda turizmin inkişafına kömək edər, həmçinin yüksək səviyyəli hotel personalının hazırlanması üçün şərait yaratmış olardı. Bu hotellərdə çalışan personal üçün beynəlxalq xidmət standartlarına uyğun təlim-tədris keçirilir. Bəzi işçilər xarici ölkələrdə şəbəkəyə məxsus hotellərdə təcrübə keçirlər və bu, onların bir mütəxəssis kimi yetişməsində mühüm rol oynayır. Hotelçilik üzrə müxtəlif ixtisaslara yiyələnən milli kadrlarımız dünyanın ayrı-ayrı ölkələrində hotel biznesi ilə məşğul olmaq imkanı əldə edir, bu sahədə bilik və bacarıqlarını təkmilləşdirirlər.

Yeni hotellərin tikintisi bu günlər də davam etməkdədir Cənab Prezidentin müşavirədə qeyd etdiyi kimi: "2011-ci ildə Bakıda 5 beşulduzlu mehmanxana açılacaq, hesab edirəm, yəqin ki, bu, dünyada analoqu olmayan bir hadisədir. Bir ildə bir şəhərdə 5 beşulduzlu mehmanxana açılacaq. Ancaq Bakıda dördulduzlu, üçulduzlu hotellər də tikilməkdədir. Bölgələrdə də hotelçilik ilə bağlı çox böyük işlər görülmüşdür, artıq Azərbaycanda turizmin inkişafı reallıqdır. Turizm sahəsində beynəlxalq əməkdaşlıq üçün də geniş imkanlar açılmışdır".

Bu il ölkəmiz turizm sahəsində bir sıra ölkələrlə əlaqələrini genişləndirəcək. 20-dən çox ölkə ilə turizm sahəsində əməkdaşlıq haqqında saziş layihələri hazırlanıb. Eyni zaman¸da, 2010-cu il ərzində turizm sahəsində əməkdaşıq haqqında hökumətlərarası sazişlər çərçivəsində müəyyən işlər görülüb. Belə ki, son 5 il ərzində Azərbaycan ilə Yunanıstan, Qazaxıstan, İordaniya, Fransa, Tacikistan, Misir, Litva, Mərakeş, Küveyt, Suriya və Latviya arasında turizm sahəsində əməkdaşlıq haqqında sazişlər bağlanıb. Ölkəmizin turizm imkanlarının Körfəz ölkələri, həmçinin Küveyt dövlətində tanıdılması məqsədilə Küveytin "Dnata" turizm şirkəti ilə Mədəniyyət və Turizm Nazirliyi arasında anlaşma memorandumunun imzalanması istiqamətində müvafiq işlər aparılır.

Ölkəmizin turizm potensialını beynəlxalq miqyasda təbliğ etmək üçün görülən işlər də təqdirəlayiqdir. Bu məqsədlə Vyanada, İstanbulda, Vilnüsdə, Berlində, Moskvada, Kiyevdə, Pekində, Manamada, Dubayda, Parisdə və Tokioda keçirilən nüfuzlu beynəlxalq turizm sərgilərində Azərbaycana da xüsusi yer ayrılmışdır. də bu istiqamətdə işlərin 2011-ci ildə davam etdiriləcəyi şübhəsizdir.

Əlbəttə, 2011-ci ilin "Turizm ili" elan edilməsi bu sahədə daha ciddi tədbirlərin həyata keçirilməsi ilə səciyyələnəcək. Cənab Prezidentin müşavirədə vurğuladığı kimi: "Bizim gözəl təbiətimiz var, Xəzər dənizimiz, gözəl dağlarımız, çaylarımız, meşələrimiz bizim böyük sərvətimizdir. Elə etməliyik ki, 2011-ci ildə turizmin inkişafına böyük təkan verilsin. Hesab edirəm ki, bu məqsədlə 2011-ci ilin "Turizm ili" elan olunması ədalətlidir. Elə etməliyik ki, bu barədə böyük və gözəl nailiyyətlər əldə edək".

İnanırıq ki, cənab Prezidentin turizmin inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifə 2011-ci ildə uğurla həyata keçiriləcək, bu sahədə qəbul olunmuş Dövlət Proqramı da sürətlə reallaşdırılacaq.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2011.- 29 yanvar.- S. 8.