Masallı: ilbəil abadlaşan, gözəlləşən diyar

 

Cənub bölgəsinin gözəl guşələrindən sayılan Masallı ölkəmizdən kənarda da tanınır. Misilsiz təbiəti sayəsində bura artıq turizm mərkəzinə çevrilir. Üstəlik, "Masallı" markalı bir sıra məhsul xarici ölkələrə də göndərilir. Son illər Masallı şəhərinin də, rayonun qəsəbə və kəndlərinin də siması xeyli dəyişib. Qonaqlar Masallıya gəlmələrindən fərəh duyur, gedəndə isə buranı xoş təəssüratlarla tərk edirlər. Şair əbəs yerə deməyib:" Masallı- nağıl misallı..." Yeri gəlmişkən, türkcənin Anadolu ləhcəsində "nağıl"a elə "masal" deyilir.

 

Bəlkə də, "Masallı" adı həmin sözdən yaranıb. Hazırda Masallıda "Masal" adlı mağazaya da rast gəlmək olar. Masallı, inzibati rayon kimi yaradılmasından 81 il ötən, "qocaman" bir yaşayış məntəqəsinin ildən-ilə gəncləşən mərkəzidir. Şəhərin giriş qapısı sayılan Seybətin dairəsindən cənub qurtaracağı olan "Qala" bazarına kimi bütün sosial-mədəni obyektlər, xidmət ticarət mərkəzləri, park xiyabanlar, asfalt yollar, yaşıllıqlar yüksək zövqlə yaradılıb. "Nur-M" MMC-nin konserv zavodu, makaron biskvit fabrikləri uğurlu fəaliyyət göstərir. "EMBAWOOD", "Fəxrəddin-K" kimi iri müəssisələrin məhsulları ölkəmizdən kənara da satılır.

Masallıda şəhər elementləri ilbəil artıb-çoxalır. Akademik Zərifə Əliyeva adına Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun filialı, Olimpiya İdman Kompleksi, göydələn binaların qatarı, təzə avtosalon, otellər, bank filialları, internet-klublar, foto-video mərkəzləri, yanacaqdoldurma məntəqələri, müasir kommunal xidmət maşınları s. bunu deməyə əsas verir.

İndi Masallının təkcə gündüzləri deyil, nurlu gecələri könülaçandır. Mən ötən səfərimdə bir axşam şəhəri piyada gəzməyə çıxdım. Yanvar soyuğu ətrafı bürüsə , gur işıqlı parklar, küçələr isti duyğular yaradırdı. Heydər Əliyev parkının, yeni yaradılmış Dövlət Bayrağı meydanının, rayon icra hakimiyyəti binasının, "Masallı" mehmanxanasının, super mini-marketlərin, küçələrdəki "salxım" çilçıraqların cilvə-cilvə işıqları şəhəri sanki rəngli koleydoskopa bənzədirdi. Təmiz havada gəzib dolaşan, kafe restoranlarda şam edən sakinlər az deyildi. Əlbəttə, bol işıq, abadlıq, çeşidli yüksək servis olan yerdə günün hansı vaxtı istəsən, gəzmək, dincəlmək mümkündür. Burada bir nəzərə çarpan xarici markalı minik avtomobillərinin çoxluğudur.

Yox, mən heç Masallıda bir bayram gününün ovqatından bəhs eləmirəm. Söhbət "istiqanlı" əyalət şəhərinin adi bir qış axşamından gedir. Təsvir etdiklərimsə əhalinin xoş güzəranına dəlalət edən mənzərələrdir.

Masallının inkişafında Dövlət Proqramının, rayonun daxili imkanlarının reallaşdırılmasının rolu böyükdür. Şəhər bələdiyyəsi abadlıq-quruculuq işlərinə töhfələrini əsirgəmir.

Viləş çayının üstündəki körpüyə çatmamış, yol dairəsinin yaxınlığında, ikimərtəbəli binada yerləşən Masallı bələdiyyəsinin sədri Azər Baxışovdur. Buna qədər o, bir çox sahələrdə çalışıb: fəhlə, əmtəəşünas, fermer təsərrüfatı rəhbəri, emal müəssisəsinin sex rəisi... Dövlət İqtisad Universitetinin qiyabi şöbəsini bitirib. On beş nəfər üzvü olan şəhər bələdiyyəsinə bacarıqla rəhbərlik edir. Bu, nəzərə alınaraq Azər Baxışova rayon bələdiyyə sədrləri şurasına da başçılıq etmək həvalə olunub. O, həm Yeni Azərbaycan Partiyasının Masallı şəhəri üzrə ərazi təşkilatının sədridir.

Azər Baxışovun dedikləri:

-On iki il əvvəl yaradılmış bələdiyyə qurumları bu gün işlərini layiqincə davam etdirirlər. 2009-cu il dekabrın 27-də keçirilən üçüncü çağırış bələdiyyə seçkilərində Masallı şəhər əhalisinin göstərdiyi etimad nəticəsində 64 namizəd arasından biz 15 nəfər bələdiyyə üzvü seçilmişik. Hazırkı bələdiyyə Digah, Dadva, Seybətin, İskəndərli şəhər bələdiyyələrinin birləşməsi nəticəsində formalaşıb. Bununla bağlı nizamnaməmiz təsdiq edildikdən sonra, ötən ilin aprelindən fəaliyyətə başlamışıq. Etimadı doğrultmağa, inamı yanıltmamağa çalışırıq.

Masallı bələdiyyəsinin strukturuna aid ərazilərdə çoxlu emal xidmət müəssisələri, təhsil səhiyyə ocaqları, mədəniyyət obyektləri, parklar, abidələr yerləşir. Bir çox yeni, mühüm ünvanlar rayonumuza yeni rəhbərlik təyin edildikdən sonra təvəllüd tapıb. Qəzənfər Ağayev fəaliyyətində quruculuq işlərinə ciddi əhəmiyyət verir. Bizdən minbir zəhmət hesabına qurulub-yaradılanların lazımınca qorunub-saxlanmasını haqlı olaraq tələb edir. Rayon rəhbərliyinin təşəbbüsü ilə ərazimizdəki bütün qanunsuz plansız tikililər, memarlıq ansamblına uyğun gəlməyən obyektlər sökülərək yeniləri ilə əvəz edilib. Hazırda əhalinin içməli su, təbii qaz elektrik enerjisinə tələbatı, demək olar ki, tam ödənilir. İslahatların uğurla başa çatması, doğma Masallımızın daha da gözəlləşməsi naminə əlimizdən gələni əsirgəmirik.

Söhbət zamanı Azər Baxışovdan onu da öyrəndim ki, vaxtilə səriştəsiz bələdiyyə işçilərinin biganəliyi üzündən struktura aid olan örüş biçənək sahələri, perspektiv inkişaf bələdiyyənin ehtiyat fondu üçün ayrılmış torpaqlar zəbt edilmişdi. Başqa sözlə, torpaqlardan təyinatı üzrə səmərəli istifadə edilməsi əvəzinə, ayrı-ayrı sahələrin şəxsi mənafelər üçün tutulmasına şərait yaradılmışdı. Bələdiyyə komissiyasının səyləri, icra hakimiyyəti hüquq-mühafizə orqanları mütəxəssislərinin köməkliyi ilə həmin sahələrin boşaldılması qanuni istifadəsi təmin edilib.

Bələdiyyənin fəaliyyətə başladığı on ayda hər gün vətəndaşların qəbulu reallaşdırılıb. Həmin müddətdə 218 vətəndaşın sorğu şikayətlərinə həssaslıqla baxılaraq, həllinə nail olunub: 156 ərizə üzrə 34 nəfərə "Qala" bazarında sahibkarlıq fəaliyyəti məqsədilə tikib istifadə etdiyi ticarət obyektinin alt ətraf torpaq sahələrinin, 92 nəfərə fərdi yaşayış evi tikmək üçün həyətyanı torpaq sahələrinin alqı-satqısı icra olunub, 24 ailəyə aztəminatlı olduğu üçün nağd pul formasında yardım göstərilib, 6 nəfərinsə adına həyətyanı torpaq sahəsi olduğuna görə müraciətləri təmin edilməyib.

Masallının bir sıra küçələrindəki evlərdə yaşayan sakinlərin müraciətinə əsasən, 200 ədəd zibil qutusu alınaraq hər beş evdən bir yerləşdirilib bələdiyyəyə məxsus texnika vasitəsilə vaxtlı-vaxtında məişət tullantılarının yığılıb daşınması təmin edilib. Yaşayış məntəqələrinin ara yollarında olan çala-çuxurların narahatlıq yaratması ilə bağlı şikayət üzrə baxış keçirilib cari təmir işləri görülüb. İskəndərli adlanan ərazidə üç küçədə, Digah ərazisində iki küçədə ara yolların çalaları çınqılla hamarlandırılıb. "Qurtuluş" küçəsində piyadaların gediş-gəlişinə maneə törədən hasarlar boyunca 1500 metrlik səki abadlaşdırılıb, asfalt çəkilib. Elşad Hüseynov küçəsində maneələr aradan qaldırılıb, xəstəxana istiqamətində hərəkət edən nəqliyyat vasitələri üçün yaranmış yol problemi həllini tapıb.

Bələdiyyə sədri ilə birgə Viləş çayı üzərində şəhid Etibar İsmayılov adına asma metal piyada körpüsünə baxmaq üçün oraya yollandıq. Sədrin dediyinə görə, 150 metr uzunluğu olan bu körpü baxımsızlıq üzündən yararsız hala düşmüşdü. Az vaxtda körpüdə yüksək səviyyədə cari təmir işləri həyata keçirilib, məhəccərlər rənglənib, aşağı hissələrdəki zibil qalaqları yığışdırılıb. Görülmüş işləri əhali razılıq hissi ilə qarşılayıb.

Masallı bələdiyyəsi ərazidə yerləşən dörd uşaq bağçasının kollektivinə köməkliyini əsirgəmir. Bu tərbiyə müəssisələrinə "Supra" markalı televizorlar hədiyyə edilib, yanacaq təminatında yardım göstərilib. Digah qəbiristanlığının işıqlandırılması, Dadvada isə talvarın tikilməsi bələdiyyənin gördüyü çoxsaylı işlərdəndir.

Onu da deyək ki, beş kiçik özünüidarə orqanı Masallı bələdiyyəsində birləşənə qədər onların DSMF- sığorta ayırmaları üzrə yaranmış 5600 manatlıq borcu əldə edilən gəlirlər hesabına tam ödənilib. Ümumilikdə ötən vaxtda müxtəlif məqsədlər üçün 50425 manat vəsait xərclənib.

Bələdiyyənin gəlirləri müxtəlif sahələri əhatə edir. Məsələn, kəndaltı kəndin perspektiv inkişaf torpaqları dənli bitkilərin becərilməsi kənd təsərrüfatının inkişafı məqsədilə əhaliyə mövsümi icarəyə verilir. Buraya həmçinin bələdiyyə əmlakının özəlləşdirilməsi, icarə haqları, torpaq vergisi, reklamların yerləşdirilməsi, yayımı sair daxildir. Gəlirlər 123,2 faiz, xərclər isə 115,1 faiz icra olunub. Masallı bələdiyyəsi yaxın gələcəkdə özü üçün ayrıca inzibati bina, həmçinin şəhərdə Bələdiyyə parkı stadion tikmək əzmindədir.

Azər Baxışovun rəhbərlik etdiyi rayon bələdiyyə sədrləri şurası da Masallının tərəqqisi naminə səmərəli fəaliyyət göstərməyə çalışır. Şura ayda bir dəfə toplaşır, cari məsələləri müzakirə edir. Təcrübə mübadilələri, hüquqi tədbirlər təşkil olunur s. Bütün bunlar nəticəsiz qalmır, bələdiyyələrin faydalı əmsalının daha da artmasına səbəb olur.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2011.- 29 yanvar.- S. 7.